Sevgi bəladır...

Sevgi bəladır...
16 aprel 2019
# 15:44

Həcər Paşayeva

Bibimin adı Zöhrədir. Onunla mənim aramda on bir yaş fərq var və bibim atamın ögey bacısıdır, yəni atamla bibimin anası ayrıdır. Yazıq atamın heç doğma nə bacısı, nə də qardaşı vardı. Ancaq atasından olan bacı və qardaşlarını o qədər çox sevir, elə qayğılarına qalırdı ki. İnsafən onlar da elə idilər. Atamın yanında araq içməz, siqaret çəkməz, atamı sayardılar əmilərim. Atam dədəsini özü evlənəndən sonra gedib tapmışdı. Və həm babam ailəsini saxlaya bilmədiyi üçün, həm də bibimdə asma xəstəliyi olduğu üçün atam onu lap kiçik yaşlarından doğulduğu yerdən—uzaq Qara dənizin sahilindəki o yamyaşıl şəhərdən ayırıb biz yaşadığımız isti, quru iqlimi olan yerə gətirmişdi.

Nənəmlə babam əmioğlu-əmiqızı idilər. Eşitmişdim ki, bizim tayfamız İrəvana yaxın bir yerdə, axar-baxarlı gözəl kənddə yaşayırmış. Nənəm çox sevdiyi biri ilə nişanlı imiş və nişanlısının tayfası ilə bizim tayfanın arasına qan davası düşür. Nənəmin atası nişanı qaytarır ki, daha sizinki ilə bizimki tutmaz. Bir-birini ürəkdən sevən və toylarına lap az qalan sevgililər ayrılmalı olur. Sonra erməni-müsəlman davası düşür və qaçaqaç vaxtı bizimkilər gəlib indi yaşadığımız şəhərdə məskunlaşırlar. Babam nənəmdən 3 yaş kiçikmiş və o evlənmək həddinə çatanda nənəmin razılığını almadan babama verirlər. Nənəm göz yaşını içinə axıda-axıda əmisi oğlu ilə ailə qurur, ancaq ilk sevgisini unuda bilmədiyi üçün atam anadan olandan sonra babamdan ayrılır. Bu, o vaxtlar olur ki, nənəmin atası rəhmətə gedir və onu babamda qalmağa heç kim məcbur edə bilmir. Babam isə doğma şəhərində qala bilmir, yaxın dostu ilə baş götürüb o uzaq məmləkətə - Qara dənizin sahilinə gedir. Bibimin orda doğulmasının səbəbi bu idi - tale işi.

Belə baxanda bibim dünya gözəli deyildi, yəni klassik təsəvvürlə götürsək, standartlara uyğun gözəllik yox idi onda. Qapqara, xoş baxışlı və ürəyinin içini göstərən gülümsər gözləri, ağappaq sifəti və ən əsası sanki korreksiya olunmuş kimi bantikli qəşəng dodaqları sifətində bir yerə yığışıb qəribə bir gözəllik əmələ gətirmişdi. Şipşirin gülüşü, mütənasib boy-buxunu da bura əlavə etsək onun görkəmini tamamlamış olarıq. Saçını həmişə yandan ayırar və açıq qoyardı. O bizə gələndə dördüncü sinfi rusca bitirib gəlmişdi və elə buna görə də təhsilinin qalanını bizdə rusca davam etdirdi. Orta məktəbin sonuncu sinfində oxuyanda bibimi Zöhrab adlı birinin sevdiyini dedilər. Evdə anamın bibimlə daim bu barədə xısın-xısın danışığını eşidirdim:

- Zöhrə, sevgi pis şeydi, bəladı. Sən hələ uşaqsan. Məktəbi qurtar görək, axırı noolur.

Bibim heç nə deməz, məhzun baxışlı gözlərini anama zilləyib gülümsərdi. İlk dəfə onları bir yerdə məktəbdən gələndə gördüm. Zöhrab bibimin məktəbli çantasını götürmüş, bibim də əlində çörək tutmuşdu və hər ikisi—Zöhrab da, bibim də isti çörəkdən kəsib yeyir, şirin-şirin danışıb nəyə isə gülürdülər. Məni görəndə bibim suç üstə tutulan adam kim alındı, gülməklərini və söhbətlərini kəsib bir az aralı dayandılar. Özümü birtəhər hiss elədim. Həm bibimi qısqandım bu adama, həm də onların şirin söhbətlərini kəsmələrinə səbəb olduğum özümü günahkar kimi hiss etdim. O anda nə edəcəyimi bilmədim. Eləcə başımı aşağı salıb yad adam kimi yanlarından ötüb keçdim.

Zöhrab çox qəşəng oğlandı. Biz tərəflərin adamlarına xas olmayan qara, sıx kirpiklərin dövrələdiyi yamyaşıl gözləri vardı. Dalğalı qara saçlarını geri darayar, baxışları yerə dikili gəzərdi. Ucaboy, arıq-arğaz bir oğlandı. Əsgərliyi bitirib gəlmiş, mağazada satıcı işləyirdi.

Beləcə bu haqda artıq dedi-qodular başlandı və atam bunu eşidəndə bərk qəzəbləndi:

- Bizim kərimxanlılarla bir işimiz olmaz, onlara nə qız verərik, nə də qız alarıq. Tayfaları zaydı.

Bu biri otaqda bunu eşidən bibimin yaşlı gözlərini, ümidsiz baxışlarını görmək elə əzabverici idi ki. Sonra eşitdik ki, Zöhrabın da valideynlərinin oğullarına o uzaq yerdən gəlmiş qızı almaq fikirləri yoxdu. Oğlanın anası iki ayağını bir başmağa dirəyib ki, sənə dayın qızını alacam, vəssalam, bu sevdanı unut.

Bibim orta məktəbi bitirib bir il də qaldı bizdə. İşsiz-gücsüz. Anamla pıçıldaşmaqlarından bilirdim ki, o, Zöhrabı gözləyir. Ancaq onlardan elçi gəlmədi ki, gəlmədi. Qonşuları danışırdı ki, anası məsələni qəti qoyub və bibimin onu gözləməsi əbəsdir. Bir dəfə anamla söhbətini eşitdim bibimin:

- Nə olsun ki, deyir, qoşulaq qaçaq. Onun valideynləri razı deyil. Mən orda xoşbəxt ola bilmərəm. Həm də arada qardaşım var axı.

Anladım ki, ona qoşulub qaçmağı təklif edən Zöhrabı bibim rədd edib. Bir neçə ay keçmiş - yazda Zöhrabın dayısı qızı Zərifə ilə nişanlanması xəbəri gəldi. Elə həmin ilin yayında bibim bizi tərk edib evlərinə - Qara dəniz sahilindəki o gözəl şəhərə çıxıb getdi. O gedəndən sonra hiss etdim ki, hamımız ondan ötrü darıxırıq. Onun şirin gülüşləri, qəşəng baxışları, söhbətləri üçün darıxırıq. O vaxtı fikirləşirdim, görəsən, Zöhrab bibimdən ötrü darıxmır bəs? O, bibimi necə unutdu, ona xəyanət elədi, dayısının gombul qızı ilə nişanlandı. Ancaq heç bir il keçməmiş, bir xəbər bomba kimi partladı. Zərifə Tiflisdən olan və bizim məhləyə yaxın hərbi hissədə qulluq eyləyən, tərxis olunma vaxtı çatmış bir əsgərə qoşulub qaçdı. Özü də düz Tiflisə. Zərifə deyirmiş:

- Zöhrab bir dəfə də mənim adımı düz demədi. Elə həmişə “Zöhrə” deyib çağırırdı. Qoy getsin sevdiyi qızla evlənsin. Mən niyə qaratikan kolu oldum onların arasında, bilmirəm. Hamısını bibim elədi, baş-beynimi yedi.

Bundan sonra Zöhrab məhləmizə yaxın bir yerdə mağazada işə düzəldi və elə mağazanın düz böyründə olan və qədim məbədin işçiləri üçün eyni üslubda, eyni kərpiclərlə tikilən köhnə, məbədlə yaşıd evdə yaşamağa başladı. Məbədin əzəmətli görkəmi vardı. Hündür qülləsinin üstündə leyləklər yuva qurmuşdu və hər il yazda yuvalarına qayıdanda onların dimdiklərinin şaqqıltısına küçəyə qaçar , xorla oxuyardıq:

Hacıleylək havada,

Yumurtası tavada,

Çağırın, gəlsin, ət yesin.

Başına vuraq, dərd yesin.

Məbədin tarixi, kim tərəfindən tikilməsi barədə məlumatımız yox idi. Bəziləri deyirdilər ki, bu, alban məbədidir, ancaq ermənilər əl çəkmir, tez-tez ora baş çəkir, erməni kilsəsi olmasını sübut etmək üçün dəridən-qabıqdan çıxırdılar. Məbədin giriş qapısınn hər iki yanında olan sütunlar üzərində iki kitabə vardı. Mən erməni hərflərini tanıyırdım. Amasiyadan Siranuş adlı dostum vardı. Onunla məktublaşırdım. O, ermənicə yazır, mən də məktubu aparıb məhlədə yeganə erməni ailəsinin qızı Açinə oxudurdum. O hərflərlə kitabədəki hərfləri tutuşdurur, oxşarlıq tapmırdım. Öz kiçik ağlımla ermənilərin hərəkətinə qarşı çıxırdım. Açin qarımış, çox çirkin qızdı. Bütün günü ev işləri ilə məşğul olar, evdən çölə çıxmazdı. Ancaq mən Açinin o məbədin pəncərələri qarşısında şam yandırıb ağladığını görmüşdüm. Anama deyəndə:

- Neyləsin yazıq, bəxti yoxdu. Allahlarından kömək istiyir, bəlkə, onun da qapısı açıla--dedi.

Açinin ata-anası, qardaş-bacıları məhlədə heç kimlə qaynayıb qarışmazdı. Yalnız sondan-sona doğulmuş kiçik oğulları Eyvaz məhlə uşaqları ilə oynayar, dava düşəndə də uşaqlar ona:

- Erməni köpəyoğlu, cəhənnəm ol, xaçpərəst,--deyərdilər. O da əlinə daş alıb uşaqlarla daşlaşar, cavablnda:

- Erməni köpəyoğlu sənsən, it oğlu, basurman, - deyərdi.

Məhləmizdən yuxarıda, alçaq təpənin döşündə ala-tala sucuqlar olardı. Onun yanında isə nə vaxtsa mövcud olmuş gur bulağın suyunun izləri, yatağı vardı. Sudan daim korluq çəkən o məhlənin adamları orada su mənbəyinin olub-olmamasını müəyyənləşdirmək üçün kankan çağırdılar. Kankan demişdi ki, bir vaxtlar burda çox gur bulaq olub və yəqin ki, kəhriz ilə çıxarıblar bulağı. Çünki həmin yerdən yuxarıda hündür təpəliklər idi. Kankan biz tərəfdə ən yaşlı adamı çağırmağı, bəlkə, bulağın gözünün hara olmasını bilən biri olduğunu soruşmuşdu. Arayıb, soraqlaşıb Eyvazın babası Markar kişinin ən yaşlı adam olduğunu, bəlkə, onun biləcəyini güman edib kankanın yanına aparmışdılar. Kankan ondan bulağın gözünün hara olduğunu soruşmuş, Markar da cavabında:

- Ərə, mən nə bilim, bulağın gözü hardadı? Biz bu tərəflərə gələndə burda bulaq-zad yoxuydu, - demişdi.

Onun ləhcəsindən hansı millətdən olduğunu bilən kankan usta adam imiş . Gözləyib ki, görsün, bu ayaq üstə güclə dayanan qoca harda oturub dincini alacaq. Bir azdan Markarı dincəlmək üçün oturduğu yerdən qaldırıb, elə həmin yeri qazmağa başlamışdılar. Orda böyük bir kəhrizin gözünü açmışdılar. Tunel kimi təpənin altına girən yol qaralırdı, böyük adam əyilib o yolu içəri gedə bilərdi. Tunelin içi ilə isə buz kimi gur su axmağa başladı. Markarın bulağın gözünün yerini gizlədib deməməsi o vaxtı sovet hökümətinin “xalqalar dostluğu” barədə polemikalarını gözümdən saldı, gün altında qar əriyən kimi xalqların dostluğuna inamım da əriyib yox oldu.

Bibim bizə bir də iki ildən sonra gəldi . Çox qəşəngləşmişdi. O, bizdən ötrü, ata və anamdan ötrü çox darıxırdı. Anama:

- Gərək heç getməyəydim. Orda yaman qəriblik çəkirəm. Elə hesab eliyirəm ki, qardaşım mənə ata, sən də anasan. Bura doğma evimdi mənim,--deyirdi. O, bütün işləri eynilə anam kimi görürdü. Anam kimi paltar ütüləyir, qab yuyur, kartof soyurdu. Elə bil anamın eynilə “kapirovkası” idi.

Bibim, anam və mən həmin kəhriz bulağının yanından keçən yolla avtobus dayanacağına gedəndə Zöhrab birdən qarşımızda peyda oldu. Onu görəndə bibimin nə kökə düşdüyünü təsvir etməkdə çətinlik çəkirəm. Zöhrab salam verib əhvalımızı soruşandan sonra:

- Zöhrə, səni unuda bilmirəm. Məni rədd etmə, gəl çıxaq gedək buralardan. Mən sənsiz yaşaya bilmirəm, - dedi.

- Nişanlın başqasına qoşulub qaçmasaydı, indi evli idin. O gedib, mən yada düşmüşəm. Ürəyimi qırdın. O vaxt sənə qoşulub qaçmadım, indi heç qaçmaram. Həm də ki sənin valideynlərin razı deyil, necə olar bu iş?----deyə bibim cavab verdi. Birdən bizim gözləmədiyimiz anda Zöhrab bibimin qarşısında çöküb onun dizlərini qucaqladı:

- İnad eləmə, inad eləmə, ikimizi də bədbəxt eləmə! Gəl çıxaq gedək. Məni öldürmə! - deyib hönkürdü.

Bibim onun əllərini dizlərindən açıb geri çəkildi. Anamın gözləri dolmuşdu. Mən elə təsirlənmişdim ki. Çox istəyirdim, bibim onu rədd etməsin. Eşq acısı çəkən hər iki aşiqin kənar, dəxli olmayan səbəblər və bəhanələrlə bir-birindən ayrı qalması mənə dünyanın rəhmsizliyi, taleyin qəddar oyunu kimi görünürdü. Mənə ən qəribəsi də bu gəldi ki, anamla mən bu cür təsirləndiyimiz halda, bibim heç doluxsunmadı da. Sonralar anladım ki, Zöhrabın başqası ilə nişanlanması, anasının inadını qırıb onu yola gətirməməsi bibimə o qədər pis təsir edib , onu elə yandırıb ki, bu adama qarşı ürəyini daşa döndərib.

Biz ordan uzaqlaşıb dayanacağa getdik. Zöhrab dimdik dayanıb arxamızca baxırdı. Sonralar həmişə ordan keçib gedəndə bir dəfə də olmadı ki, o shnəni--Zöhrabın bibimin qarşıslnda diz çöküb hönkürməsini xatırlamamış olum.

Bibim bir ay sonra yenə evlərinə qayıtdı. Orda işə düzəlmişdi. Biz də hər il yayı baba evinə gedir, tətili orda keçirirdik. İki il sonra öz şəhərlərində bibimə Murad adlı biri elçi düşdü və indi də babam, nənəm və əmilərim onun Murada getməsinə razı olmadılar. İnsafən Murad pis oğlan deyildi, ancaq babam elə inada düşüb :

- Bizim tayımız deyil, - deyib dururdu.

Bibim hər axşamüstü işdən gələndən sonra gürcü rəfiqəsi Eteri ilə dənizə gedər, məni də özü ilə aparardı. Orda Muradın hər gün sahilə gəlib uzaqdan bizə baxdığını görərdüm. Bibim çox gözəl üzgüçü idi. Ağappaq, işıq verən bədənini dənizə, dalğaların qoynuna atıb balıq kimi üzər, sahildən uzaqlaşar, başı suların üzərində uzaqdan güclə qaralardı. O, tufanlı dənizdə üzməyi daha çox sevirdi. Qara dəniz coşar, bibimi qoynuna alıb uzaqlara aparar və mənə elə gələrdi ki, bibimin dəniz kimi coşqun, üsyankar duyğuları dənizin şahə qalxan dalğaları ilə həmahənglik yaradar, bir-birini tamamlayardı. Bir dəfə bibim dənizin belə coşqun vaxtında sahildə qumun üstə ağzıüstə uzanb Eteri ilə söhbət eliyir, mən də dalğalar dənizə çəkiləndə ona tərəf qaçır, sahilə hücum çəkəndə geriyə sıçrayırdım. Birdən üst-üstə gələn dalğalar elə çaşdırdı ki, başım üzərindən aşıb ayağımın altından qumları yuyaraq məni birbaşa dənizə sürüklədi. Çabalayıb çıxmağa çalışsam da, daha dərinə getdim, başımı sudan çıxarıb köməyə çağırmağa da imkanım olmadı. Elə həmin anda kiminsə barmaqlarının saçıma ilişdiyini hiss etdim. Murad uzaqdan mənim boğulduğumu görüb özünü yetirmişdi. Bibim və rəfiqəsi həyəcanla mənə sarı qaçdılar. Murad bir kəlmə demədən uzaqlaşıb getdi.

Aradan bir həftə keçmiş bibim işdən evə gəlmədi. Axşamüstü ortancıl əmim Eteridən öyrəndi ki, Murad bibimi qaçırıb. Əmimin, babamın o günü düşdükləri vəziyyət indi də xatirimdədir. Əmim dostlarını çağırıb maşınla harasa getdilər. Babam isə öz otağında divanda oturub üzünü çəliyinə söykəyərək:

- Sümüyümüzü it sümüyünə caladı, - deyirdi.

Səhəri günü, böyük bibim və əmimin arvadı onu görmək üçün hazırlaşmağa başlayanda özümü öldürdüm ki, mən də getmək istiyirəm. Bibim Muradın bacısıgildə idi. Bizi görəndə böyük bibimlə qucaqlaşıb ağladı:

- Neyliyim, taleyim belə gətirib, daha mənimki bura qədərdi,--dedi.

Onun üzündə xoşbəxtlik, sevinc, bəxtəvərlik axtardım. Onu Zöhrabla gördüyüm o vaxtkı sevgi, səadət ifadə edən üzünü, gözlərini, qəşəng gülüşünü axtardım. Ancaq onların heç biri yox idi. Bibim çox sakit, həm də susqun və qəmli idi. Onların sevgisinə o anda elə heyifim gəldi ki. Tale insana nə yazıbsa, o olmalı imiş. Axı Zöhrab da bibimə qoşulub qaçmağı təklif etmişdi. Bibim onunla niyə getmədi? Qoşulub qaçmaq vardısa taleyində, elə istədiyinə gedərdi. Bunları düşünməklə kələfin ucunu itirir, bir yerə gəlib çıxa bilmirdim. Və hər dəfə də anamın sözləri düşürdü yadıma: “Sevgi bəladır”.

Onların toyundan bir həftə sonra biz evimizə qayıtdıq. Həmin ili Zöhrabın qaldığı o köhnə, qədim evin qonşuluğunda yaşayan Ziba adlı qızın ona hər gün baş çəkməsi, yemək gətirməsi, tez-tez onları bir yerdə görmələri haqda söz-söhbət yayıldı. Təəccüblü idi ki, bu qızın da adı “Z” hərfi ilə başlayırdı—Zöhrabın həyatından keçən qadınlar: Zöhrə, Zərifə, Ziba.. Bir neçə ay sonra Zibanın Zöhrabdan bir qızı oldu və Ziba qızını qoltuğuna vurub sakitcə Zöhrabın evinə gedərək onunla yaşamağa başladı.

Mən artıq böyümüşdüm. Dərsdən gələndə hər dəfə yolum Zöhrabın mağazasının qarşısından keçirdi. Məni uzaqdan görən Zöhrab mağazadan çıxır, yolun kənarında dayanır, çox sakitcə salam verirdi. Onun səsi o qədər zəif çıxırdı ki, salam verib vermədiyini kəsdirə bilmirdim. Sonra artıq bu, vərdiş halını aldı və mən ondan qorxmağa başladım. Onun saçları tamam ağarmışdı, beli azca əyilmiş, ruh kimi dolaşırdı. Sifətində yalnız qəm-kədər tökülən gözləri əvvəlki kimi canlı idi və yamyaşıl baxırdı. Mən hərdən yolumu dəyişir, dolayı, başqa yolla evimizə gəlirdim. Bir müddət sonra yenə öz yolumla gələndə həmin vəziyyət təkrar olunurdu. Öz-özümə düşünürdüm ki, bəlkə, mən bibimə oxşayıram, ona görə bu adam məni hər dəfə görəndə belə edir. Gəlib evdə güzgüyə baxırdım və üzümdə bibimə bənzər heç bir cizgi tapa bilmirdim. Onun mənə belə astaca, özünün eşidə biləcəyi tərzdə və cavabsız salam verməsini heç cür anlaya bilmədim.

Zöhrabın qızı böyüyüb məktəbə gedəndə onunla bir sinifdə oxuyan qonşumuzun qızına demişdi ki, atam ilk sevgilsinin şəklini bizim güzgünün başna vurub və atam: “ O şəkli ordan götürəni öldürərəm,- deyir.-- Heç birimiz qorxudan ona əlimizi də vura bilmərik. Hər gün gəlib oturur güzgünün qabağında və nəfəsi kəsilincə, huşu başından gedənə qədər içir”.

İllər ötdükcə Zöhrab əriyib bir dəri-bir sümük qaldı. Bir gün isə onun gecə ikən keçindiyini eşitdik. Həmin ili bizə baş çəkməyə gələn bibim məni özünə həyan kimi götürüb onun qəbri üzərinə getdi. Ağlayıb özünü öldürürdü. Onun bu dərəcədə taleyə üsyan etməsini birinci dəfə idi görürdüm:

- Canını qurtardın, qəsdən içirdin ki, tez öləsən, yaxanı qurtarasan. Heç olmasa yaşayaydın, yaşayaydın, məni bu qədər yandırmayaydın.Yenə mənə xəyanət elədin, məni atdın,--deyirdi.

Bibimin də taleyi düz gətirmədi. Onlara gedəndə servantın şüşəsindən bizə baxan o gənc, yaraşıqlı oğlanın şəklini görürdüm. Təəccüblü idi ki, onun əri bu adamın kim olmasını soruşmur və bibimə o şəkli saxlamağa icazə verirdi. Bir-birindən ayrı düşən sevgililər şəkillərini saxlaya bildilər, ancaq ən əsas şeyi - özlərini, bir-birinə qovuşmaqlarını saxlaya bilmədilər. Murad bibimlə evlənəndən iki-üç il sonra onu atıb getdi. Rusiyada, Dağıstanda, Gürcüstanda səfil həyat keçirdi. İçkiyə qurşandı, orda-burda arvad saxladı. Bibimin bir oğlu da olmuşdu. O, işləyib həm oğlunu, həm də qaynana və qaynatasını saxlayır, bağ bostanı becərirdi. İşləməkdən əlləri çat-çat, kişi əli kimi qabar olmuşdu. On il sonra əri qayıdıb gəldi, bibim onu evə buraxmadı. Ondan üç-dörd ay sonra isə kiçik əmim avtomobil qəzasına düşdü və xəstəxanada onun bir ayağını lap dibdən amputasiya etdilər. Ancaq cəmi otuz altı yaşı olan əmim sağalmadı, üç gün sonra elə xəstəxanadaca rəhmətə getdi. Onun ölümünə başı qarışanlar əmimin dəfn işləri iə məşğul olarkən ayağının hara atılması ilə maraqlanmamışdılar. Bibim bunu biləndə haray qopardı:

- Mənim qardaşım yarımçıq bədənlə dəfn olunacaq?! Onun ayağı hansı bataqlıqda çürüyəcək?—deyib özünü öldürürdü. Murad bibimin fəryadını eşidəndə dalğıc paltarı tapıb o xəstəxananın yaxınlığında üfunət iyi verən bataqlığa girdi və əmimin amputasiya olunmuş ayağını tapıb gətirdi. Əmimi ayağı ilə birlikdə dəfn etdilər. Bibim bundan sonra ərini bağışladı.

# 5517 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #