İlahə İmanova
Evə tez gələcəyimə söz versəm də, həmişə olduğu kimi, bu gün də yubanmışdım. İşlərimi yekunlaşdırdığımı sandığım son anda ləngiməli olmuşdum. Xoşbəxtlikdən, həyat yoldaşım məni anlayışla qarşılayar, heç vaxt haqlı iradlarını üzümə vurmazdı. Amma hər dəfə şirin yuxuda olan oğlumuzun yanağından əyilib öpəndə baxışlarından qaça bilməzdim, ailəmə kifayət qədər zaman ayıra bilmədiyimə görə özümü qınayardım. O isə dodaqlarından təbəssümünü əskiltməz, diqqətsizliyimi işimin məsuliyyətinə bağışlardı. Bilirdi ki, ailəmlə bərabər keçirdiyim hər an mənim üçün nə qədər dəyərlidir. Özümü həyat yoldaşı və ata kimi xoşbəxt hiss etməyim üçün onların varlığı yetərli idi.
Sönməkdə olan bayram şamları masanın çoxdan hazırlandığına sübut idi. Soyuq yeməklər də sanki üzümə baxıb dilinə bir tikə belə vurmadan yolumu gözləyən həyat yoldaşımın yerinə məni qınayırdı. Mətbəxdən otağa yayılan plovun ətri süfrə arxasına çəkirdi məni. Bayram süfrəsi arxasında toplaşmaqdan gözəl nə ola bilərdi ki!
Elə yenicə süfrəsi arxasına oturmuşdum ki, qapımız bərkdən döyüldü. Ayağa qalxmağa fürsət tapmamış oğlum bir göz qırpımında yerindən sıçrayıb:
- Əmim gəldi, - deyə özünü dəhlizə atdı.
- Hara gedirsən? - yoldaşım dəcəl oğlumun qolundan tutub saxladı.
- Ana, eşitmədin, qapı döyüldü? - balaca əlini qapıya sarı uzadıb var gücüylə anasının əlindən dartınıb çıxmağa çalışırdı.
- Eşitdim, oğlum, - həyat yoldaşım həmişəki kimi son dərəcə səbrli idi, - Sən evə keç, qapını ata özü açar.
Nənə və babalarının, həmçinin anasının ərköyün böyütdükləri beş yaşlı oğlum qarşısında məni görüncə susdu. Anasının böyrünə qısılıb sakit baxışlarıyla nə deyəcəyimi gözləyirdi sanki. Öz hökmünü yeritməyə çalışan, çox zaman da bu yolla öz istəyinə nail olan dəcəlim yalnız məndən çəkinər, mənim yanımda mümkün qədər az dəcəllik edərdi. Əslində, hər zaman oğlumla dost olmağa çalışmışam. Onun məndən qorxmasını deyil, inanıb etibar etməsini istəmişəm. Necə ki bir zamanlar atam mənim ən yaxın dostum idi...
Hədiyyəsiz qapıdan içəri girməyən diqqətli əmisinin gəlişini toy-bayram bilən balaca bu dəfə gümanında yanılmışdı.
- Qonşunun uşaqlarıdır, çox güman. Bayaqdan bütün qapılara papaq atıb qaçırlar, - deyən yoldaşım isə haqlı çıxmışdı. Balaca dəcəllər qapımıza papaq atıb qaçmışdılar. Pıçıltı və ayaq səslərindən yaxında olduqları anlaşılırdı. Əyilib papağı qaldırdım. Dəhlizlə otaq arasında dayanmış yoldaşıma nəzər salıb gülümsədim və papağı adətə uyğun olaraq, xanıma uzatdım.
Əmisinin yolunu gözləyən, amma qapı arxasında heç kəsi görməyib əvəzində yerdən qaldırdığımız papağın içinə süfrədəki şirniyyatları, çərəzləri nədən doldurduğunu anlamayan dəcəlimiz heyrətlə gah mənə, gah da anasına nəzər salırdı. Həmin an uşağın fikirlərini oxumaq çətin deyildi. Yoldaşım təbəssümlə oğlumuza nəzər salıb “Kosanın payını” mənə uzatdı.
Qapını örtüb yenidən masa arxasına oturduq. Oğlumun fikri hələ də anasının süfrədən yığışdırdığı konfetlərin yanında qalmışdı. Nəhayət, dözmədi:
- Ata!
- Ay can, - deyib oğlumun suallarına özümü hazırladım.
Nəfəs almadan bir nəfəsə verilən sualları yoldaşım kimi təbəssümlə qarşıladım.
- Gələn kim idi? Axı, heç kəs yox idi. Bəs qapını kim döymüşdü? Papaq kimin idi? Niyə anam bütün konfetləri papağın içinə yığdı?
Hüquq mühafizə orqanlarının işçisi kimi sorğu-sual etmək işimin əsas hissəsidir. Lakin etiraf edim ki, dəcəlim gün ərzində saysız-hesabsız sualları ilə bəzən, xüsusən də yorğun olduğum vaxtlarda mənim kimi təmkinli insanı belə hövsələdən çıxartmağı bacarır. Əlbəttə, bu yaşda uşaqlar daha çox məlumat əldə etməyə həvəsli olurlar. Hər şey onlara maraqlı görünür. Ona görə də balacalara anlaya biləcəkləri şəkildə hər şeyi izah etmək, həm də doğru-dürüst izah etmək lazımdır ki, bu da bir qədər çətin olur bəzən. Bəxtimdən, ata-bala biz bir-birimizi çətinlik çəkmədən anlaya bilirdik.
Oğlumu dizimin üstündə oturdub əvvəlcə ona Novruz bayramından, adət-ənənələrimizdən bir qədər danışdım. Anasının papağın içinə yığdığı bayram sovqatının da bir el adəti olduğunu, insanlar arasında bayramlaşmağın, paylaşmanın vacib olduğunu izah etməyə çalışdım. Bir az əvvəl konfetləri üçün üzülən oğlum növbəti dəfə qapı döyüləndə “Mən özüm” deyərək həvəslə anasına qoşuldu. Bir uşaq üçün bu əlbəttə, əyləncədən başqa heç nə deyildi, lakin onun gözlərindəki sevinc və təşəbbüskarlığı məni sevindirirdi.
Dizimin üstündə oturmağa vərdiş etmiş oğlum yenidən dilləndi. Düşüncəli baxışlarının arxasında, görəsən indi hansı sual var idi. Dərindən nəfəs alıb yoldaşımın üzünə baxıb başımı yellədim. O isə cavab olaraq çiyinlərini çəkib gülümsədi və məni oğlumun sualları ilə təkbətək buraxdı.
─Ata!
─Ay can! –deyib oğlumun yanağından öpdüm.
Dəcəlim uşaq saflığı ilə soruşdu:
─Ata, hamı papaq ata bilər?
─Hə,–qısa cavab verdim.
Əlini üzümə qoyub gözlərimin içinə baxdı:
─Biz də?
─Əlbəttə, oğlum, –dedim.
Oğlum dizimin üstündən sıçrayıb yerə düşdü. Əlimi tutub bərk-bərk sıxdı:
─Ata, biz də papaq ataq da! Nolar, biz də ataq!
Duruxdum. Bir uşaqdan belə təklif gözlənilən olsa da, nədənsə, həmin an çaşıb qaldım. Oğlum əlimi dartır, məni ayağa qalxmağa məcbur edirdi. Razılığa gəlmək çətin məsələ idi.
─Bax, oğlum, hava qaralıb. Bu vaxt papaq atmazlar. Gələn dəfə gedib atarıq. Yaxşı?
─Nolsun gecdir! Gedək biz də papaq ataq!
Bayram günü oğlumu inadkarlığına, dəcəlliyinə görə danlamaq istəmirdim. Hər dəfə ona əsəbləşəndə, uşağı ərköyün və dəcəl böyütdüklərini vurğulayanda anam və yoldaşım bir ağızdan deyirdilər ki, eynən atasına bənzəyib. Bir zamanlar, atam “Ata olarsan, ata qədri bilərsən” deyərkən, görünür məndən nələr çəkdiyini dilə gətirirmiş. Yalnız indi atamı anlayıram...
Fikrindən daşındıra biləcəyimə hələ də ümid edirdim:
─Qonşular yatıb. Bu vaxt, bu saatda kimin qapısını döyüb papaq ataq?
Özüm kimi tərs və inadkar oğlumu heç cür dilə tutmaq mümkün deyildi. Nə düşündüsə, gözlərimin içinə baxıb güldü. Əlini üzümə qoyub qulağıma pıçıldadığı:
─Anaya demə! Biz də anaya papaq ataq! –sözlərinə gülməmək üçün özümü topladım. Oğlumun təklifi xoşuma gəldi. Bu yaşda, özü də hüquq mühafizə orqanlarının işçisi kimi kiminsə qapısına papaq atmağı özümə yaraşdırmırdım.
Beş yaşlı uşağın nazı ilə oynayırdım. Qapımıza papaq atıb sevinə-sevinə yanıma qaçan və anasından gizlənməyə çalışan oğlumun sevinci məni uşaqlaşdırmışdı. Axırıncı dəfə nə vaxt uşaqlıq hisslərimi yaşadığımı xatırlamırdım. Indi isə oğlumla bərabər “Kosanın payını” istəyəcək qədər uşaqlaşmışdım.
***
...Məhəllə uşaqlarına qoşulub tonqal qalayar, qonşuların qapısını döyüb papaq atıb qaçardıq. Yığdığımız sovqatları isə evə aparmaqdan çəkinib elə tonqal başındaca ləzzətlə yeyərdik. Axşam düşənə, daha doğrusu, valideynlərimiz bizi evə səsləyənə qədər deyib-gülüb əylənər, şənlik edərdik. Acdığımızı hiss edəndə təkrar qonşuların qapısına papaq atıb yığdığımız qəniməti sonradan bölüşdürərdik. Bəzi qonşularımız bir neçə konfet, bir az qoz-fındıq, bəxtimiz üzümüzə güləndə isə papağımıza meyvə və şəkərbura da qoyardılar. Yox, düşünməyin ki, evdə anamız-nənəmiz şəkərbura-paxlava, yaxud digər şirniyyatlar bişirmədiyindən gözümüz kiminsə qapısında qalardı. Nədənsə papağa qoyulmuş Novruz sovqatları bizə daha dadlı gələrdi.
Yaşıdlarımızla bir yerə toplaşıb bu dəfə kimin qapısına papaq atacağımız üçün bölgü etdik. Hər kəs ona deyilmiş ünvana, mən isə qonşuluğumuza yeni köçən ailənin qapısına yönəldim. Qapını bərkdən döyüb papağımı atıb qaçdım. Bir xeyli gözlədim. Qapını açan kimsə olmadığından evdəkilərin səsi eşitmədiyini zənn etdim. Yavaşca qapıya yaxınlaşdım. Pəncədən süzülən işığı görüb,içəridən gələn səsləri eşidincə ürəkləndim. Dostlarımın yanına əliboş qayıtmağı özümə sığışdırmırdım. Əlidolu qayıdan dostlarımın mənə “fərsiz” deyib lağa qoymalarını həzm edə bilməzdim. Təkrar qapını döydüm. Sanki qurbağa gölünə daş atıldı. Evdən gələn səslər kəsildi. Qapı isə hələ də açılmırdı. Pərtliyim inadkarlığımı bir az da artırırdı. Bu qapıdan əliboş geri qayıtmaq fikrində deyildim. Yenidən qapını döydüm, bu dəfə daha bərkdən. Və qaçıb gizləndim. Bəxtim üzümə güldü. Nəhayət ki, qapı üzümə açıldı. Səbirsizliklə qapının təkrar açılmasını gözləyirdim indi. Yeni qonşularımızın papağıma nə qoyacaqlarının marağında idim. Hiss edirdim ki acmışam. Təmiz hava, bir yandan da tonqal üstündən tullanıb məhəllələri üzüaşağı-üzüyuxarı gəzib dolanmağımız məni əldən salmışdı. Özlüyümdə papağıma qoyulan qoz-fındığı, konfetləri dostlarıma verəcəyimi, təkcə şəkərburanı özümə saxlayacağımı xəyal edirdim.
Budur, qapı açıldı. Orta yaşlarında, başında örpək olan bir qadın qapını açıb ətrafa boylandı. Papağımı qapı ağzına qoyub içəri keçdi. Bir qədər gözlədim. Sonra “Onsuzda hava qaralıb, mənim kim olduğumu ayırd edə bilməz” düşünüb papağımı götürüb ildırım sürətiylə uzaqlaşdım. Bir küncə çəkilib maraqla papağın içinə nə qoyulduğunu bilmək istədim. Xəyalları dağılan uşağın üzünün ifadəsini yaxşı ki həmin an heç kəs görmədi. İki karamel idi mənim kosa payım? Çox pərt olmuşdum. Tonqal başında görüşməli idik. Dostlarımın yığdıqları bayram sovqatları ilə necə öyünəcəkləri artıq qulaqlarımda səslənirdi. Boynumu büküb iki karamellə onların qarşısına çıxmağa, onların sözlərini götürməyə çəkinirdim. Yerli-yersiz zarafatları ilə hər kəsi ələ salan, lağ etməyi xoşlayan sinif yoldaşımın üzünü isə indi heç görmək istəməzdim. Ayaqlarım getmirdi. Suyum süzülə-süzülə addımlayırdım. On bir yaşım olmasına baxmayaraq, qürurlu biri idim. Heç kəsdən də söz götürməyi xoşlamırdım.
Atam evdə olanda, özü də bayram günlərində evə çox girib çıxdığımızdan anam qapını bağlamazdı. Qapını açıb sakitcə evə girdim. Anamın mətbəxdə başı qarışıq idi. Atam isə telefonla kiminsə bayramını təbrik edirdi. Atama gülümsəyib masaya yaxınlaşdım. Hiss etdirmədən qoz-fındıqları, konfetləri ciblərimə doldurmağa başladım. Xonçadan götürdüyüm şəkərbura və paxlavanı isə tələsik köynəyimin içində gizlətdim. Baş qarışıq ikən aradan çıxmaq fikrində idim. İşin tərsliyindən anamla dəhlizdə üz-üzə gəldik.
─Hara gedirsən? Keç içəri, paltarlarını dəyiş, əllərini də yu! Hiss iyi verirsən!
Anamın əlindən dartınıb özümü qapıdan çölə atdım. Arxadan dalımca deyinən anama isə tez gələcəyimi söyləyib tonqal başına qaçdım. Dostlarım papağımın içini dolu görüb heyrətləndilər. Kimisi papağın içindən konfetləri, kimisi qoz-fındığı ovuclayıb götürürdü. Meyvə və şirniləri də dostlarımla bölüşdürüb təkcə şəkərburanı “qənimət” kimi özümə götürdüm.
Sinif yoldaşım almanı dişinə çəkərək:
─Bilsəydim təzə qonşu yaxşı pay qoyacaq, səni göndərməzdim, özüm o qapıya papaq atardım,–dedi.
Bir anlıq duruxdum. Gülən gözlərinin ifadəsinə tab gətirməyib nəzərlərimi yayındırdım. Həmin an mənə elə gəldi ki, sinif yoldaşım indicə hər şeyi olduğu kimi danışacaq, bu qədər sovqatı evdən gətirdiyimi söyləyib məni yaşıdlarımın arasında pərt edəcək. Özümü ələ alıb gülümsədim. Hər kəsi nəzərdən keçirib səsimi yüksəltdim:
─O qapı mənlikdir! Bundan sonra o qapıya həmişə özüm papaq atacam! Eşitdiz?
Yoldaşlarım sözlərimə güldü.
Həmin gün kimin nə düşündüyü, nə fikirləşdiyi marağımda deyildi. Tonqalda ətəyini yandırdığım təzə şalvarım üçün də üzülmürdüm. Hiss qoxusu verən paltarlarımı yerdən yığan anamın da danlaqları mənə təsir etmirdi. Bayram süfrəsinin bir kənarında oturub bayaq “qənimət” kimi özümə götürdüyüm şəkərburadan nəzərlərimi ayırmırdım. Çox sevdiyim şəkərbura belə boğazımdan keçmirdi indi.
─Bəlkə bir az söhbət edək, –atam əlini çiynimə toxundurub keçib divanda yanımda oturdu.
Atamla kişi-kişiyə söhbət etməyi xoşlasam da, indi onu belə, dinləyəcək halda deyildim. Bir zabitin nəzərindən yayındığımı düşünsəm də, sən demə atam hər şeyi görübmüş. Bu gün artıq ikinci dəfə pərt olurdum. Əgər əvvəlki pərtliyimə xəsis qonşum səbəbkar idisə, indi öz süfrəsindən oğurluq edən biri kimi özümə bəraət qazandırmağa sözüm yox idi. Hələ də oğluna güvənən atamın gözlərinə isə baxmağa xəcalət çəkirdim. Əlacsız qalıb hər şeyi olduğu kimi atama danışdıqdan sonra bir qədər rahatlıq hiss edirdim.
Bəlkə də həmin gün bu hadisəni də, pərtliyimi də unudar, bir daha heç vaxt xatırlamazdım,yatdığımı düşünüb qonaq otağında öz aralarında söhbət edən valideynlərimin sözlərini eşitməsəydim. Atam məhəlləmizə yeni köçən ailənin kimliyi ilə maraqlanırdı. Anamın pıçıltılı səsi hələ də qulaqlarımdadır:
─Tənha qadındır, iki qızı var. Vəziyyətləri elə də yaxşı deyil. Yoldaşı Ağdamda şəhid olub. Könüllülərdəndir. Həkim idi. Həm döyüşçü, həm də həkim kimi vuruşub, neçə insanın həyatını xilas edib. Ağdam-Şuşa istiqamətində hərəkət edərkən maşınları partladılıb. Özü və daha neçə nəfər həmin gün həlak olub.
Bütün gecəni yata bilmədim. Arxasıyca deyindiyim, xəsis adlandırdığım ailənin bəlkə də həmin gün olanı elə həmin iki karamel imiş. Gözlərim doldu. Yorğanı başıma çəkib için-için ağladım. Yataq otağımın qapısı arxasında ayaq saxlayan atam, deyəsən, səsimi eşitmişdi. Ya da söhbətlərini eşidib eşitmədiyimə əmin olmaq istəyirdi. Bilmirəm... Keçib çarpayımın kənarında oturub saçlarımı sığalladı, üzümdən öpüb dedi:
─Bilirəm ki, oyaqsan, söhbətimizi də eşitmisən...
Atamı qucaqlayıb başımı köksünə sıxdım. Demək istədiyimiz kəlmələri sükutumuzla söyləmişdik bir-birimizə. İndi əvvəlkindən daha üzgün idim. Nə yaxşı ki qaranlıq idi, atam gözlərimdəki xəcaləti görmürdü.
Atam çox mərhəmətli və səxavətli insan idi. Həmişə deyərdi ki, bayramlar öz ruzunu, sevincini başqaları ilə paylaşmaq deməkdir. Anam üçün həmin qadınla ünsiyyət yaratmaq elə də çətin olmadı. Atamın aldığı bayram çərəzlərindən, hazırladığı şirniyyatlardan xonça tutub, yeməklərdən də qonşumuz üçün pay çəkmişdi. Öz əli ilə cücərtdiyi Səməni və bayram şamlarını da unutmadı hətta. Həmin il bayram axşamı süfrə arxasında ailəmlə bərabər oturarkən, fikirlərim qonşumuzun yanında idi. Onların da belə bir bayram süfrəsi arxasında oturduğunu düşündükcə sevinir, lakin atama baxdıqca sevincim yox olurdu. Atam zabit idi. Aylarla evə gəlməyib döyüş bölgəsində olardı. Bəzən günlərlə anam ondan xəbər tutmazdı. Özlüyümdə atamın da döyüşlərdən birində həlak ola biləcəyini düşündükcə dəhşətə gəlirdim. Nə yaxşı ki sağdır, yanımızdadır, düşünüb ona sarılırdım.
Bilmirəm niyə, amma sonrakı çərşənbələrdə, bayram axşamları və bayram günlərində də qonşunun qapısına gözətçi olmuşdum. Heç kəsi həmin qapıya yaxınlaşmağa qoymur, başqa qapıya göndərirdim. Işıq süzülən pəncərəyə saatlarla baxar və fikrimdə dəfələrlə onlardan öz düşüncələrimə görə üzr istərdim. O çərşənbə gecəsi böyüdüm. Və həmin gündən sonra bir daha heç vaxt heç bir qapıya papaq atmadım...
***
─Ata,bax! –oğlum içi dolu papağını sevincək mənə uzatdı.
─Baxaq, görək, nə var içində, –uşaqlıqda olduğu kimi marağımı boğa bilmədim.
Oğlum şəkərburanı götürüb papağı mənə uzatdı:
─Şəkərbura mənim! Qalanı sənin olsun!
Dəcəlimin sözlərinə güldüm. Başını konfetlə aldadıb şəkərburanı özümə götürəcəyimi xəyal etmişdim, axı...