Kulis.az Orxan Güləliyevin "Ştefan Svayqın "Dünəninin dünyası" adlı yazısını təqdim edir.
Hansı yazısında rastlaşdığımı xatırlamasam da, Seymur Baycanın incə işarəsi ilə Ştefan Svayqın (bəzi mənbələrdə adı Stefan Sveyq kimi də yazılır) “Dünənin dünyası” kitabını oxudum. Möhtəşəm macəra oldu. Kitabdakı hər sözdən, hər cümlədən zövq aldım. Əksər cümlələrini və ya bəzi hissələrini dönə-dönə oxudum.
Dünənin dünyası mənə birinci dünya müharibəsindən öncəki, birinci dünya müharibəsi, ondan sonrakı, eləcə də, ikinci dünya müharibəsindən öncəki dövrə tarixi səyahət rolunu oynamaqla yanaşı, həmdə sadaladığım dövrlərin Avropa fikir adamlarının yaradıcılığına, həyatına, qərar və mövqelərinə, müəllifin özünün də vurğuladığı kimi doğruluq və tərəfsizlik prinsipi ilə güzgü tutdu.
Ştefan Svayqın dediyi kimi avtobioqrafiyasını yazmaq cəsarəti tapa bilməyindən ötrü bir nəslin yaşaya biləcəyi hadisələr, fəlakətlər və imtahanlardan xeyli artıq şeylərin olması, inanılmaz dərəcədə çox şeyin yaşanması lazım gəlib. Ştefan Svayq Avropanın təhlükəsiz, çiçəklənən nizam-intizamlı dünyasından sonra iki dünya müharibəsinin şahidi olub. Dəfələrlə şəhərdən-şəhərə, bir ölkədən digərinə köçmək məcburiyyətində qalmış evini və bütün var yoxunu üç dəfə alt-üst etmişlər.
Svayq dövrünün təhsil sistemindən və müəllimlərindən narazı olsa da sənətə meyl edən sinfə rast gəlməsinin bütün həyatını müəyyən etdiyini qeyd edir. Bu yerdə kitabdan kiçik bir hissəyə istinad etməyə bilmərəm:
“Müəllimlərimiz elə laqeyd olmasaydılar, böyük bir qalanın olduğu hər günortadan sonra – ayaq üstə yer tapa bilmək üçün saat üçdən başlayaraq növbəyə durmağa məcbur qalırdıq – sinfin üçdə ikisinin sirli şəkildə xəstələndiyini sezərdilər. Yetərincə diqqətli olsaydılar, latın dili qrammatikasından dərs kitabının içində Rilkenin şeirlərini saxladığımızı və riyaziyyat dəftərlərimizə müvəqqəti aldığımız kitablardan yazdığımız ən gözəl şeirləri köçürdüyümüzü anlayardılar. Darıxdırıcı məktəb saatlarını ədəbiyyata ayırmaq üçün hər gün yeni üsullardan istifadə edirdik. Müəllimlərimiz Şillerin “Saf və duyğulu şeir” adlı əsəri haqqında köhnəlmiş bilgilərini çatdırarkən biz dürüst və yaşlı müəllimizin hələ adını belə eşitmədiyi Nitsşe və Strindberqin əsərlərini partaların altında gizli-gizli oxuyurduq”.
Kitab müharibənin gətirdiyi fəlakətləri, onun insanların taleyinə, iqtisadiyyata təsirlərini çılpaqlığı ilə göz önündə canlandırır. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı fərqləri izah edir. Birinci Dünya müharibəsində dövlətlər militarisit təqsirləndirilməsini alçaq bir iftira kimi görüb qəbul etmir, bir-birlərinin üzərinə atır, əksinə mədəni millət olduğunu göstərmək üçün, bir-biri ilə yarışırdılar. 1914-18-ci il müharibəsindən Svayq II Dünya müharibəsində Almaniyanın dəhşətli bir barbarlıqla bəşəriyyəti məhv etməyə çalışmasından kədərlə söz açır.
Ştefan Svayqın müharibədən sonrakı vəziyyəti, müharibənin açdığı sağalmaz yaraları təsvir edəndə əslində müharibənin nə demək olduğunu sərgiləyir. Müharibənin davam etdiyi 4 il ərzində bir evin də tikilməməsi, əksinə olan evlərin də dağılması səbəbindən hər bir boş otağa bir ailənin yerləşməsindən, kömürün olmaması səbəbindən evlərin isidilməməsindən, kütləvi ərzaq qıtlığından, mövcüd ərzağın keyfiyyətsizliyindən, insanların köhnə-kürüş əsgər uniformalarını və çuvallardan şalvar tikib geyinməsindən, inflyasiyanın hər dəqiqə artmasından Avstriya kronunun ölməsi səbəbi ilə artıq insanların ibtidai dövrlərdə olduğu kimi əmtəə mübadiləsinə keçdiyindən, banklara qoyulan pulların heçə dönməsindən, varlıların yoxsullaşmasından, fahişəliyin artaraq adiləşməsindən ürək ağrısı ilə bəhs edir.
Bütün bu qarmaqarışıq, keşməkəşli dövrlərdə Ştefan Svayq bir anda olsun ədəbiyyatdan ayrılmır. Daim səyahətlər edir, kolleksiya toplayır, tərcümələr edir, yazır, yaradırdı. Svayq ədəbi dostlarının xarakterlərini, insanı valeh edərcəsinə təsvir edir. Hər birinin ayrı-ayrılıqda danışığını, yerişini, hərəkətlərini, gözlərinin rəngini baxışlarını, ümumiyyətlə fərqli cəhətlərini elə təsvir edir ki, insanda onlara qarşı hörmət hissi yaradır. Bu kitab heç vaxt adını belə eşitmədiyim şair, yazıçı, filosof, və musiqiçiləri tanımağıma vəsilə oldu.
Sonda ikinci dünya müharibəsində Hitlerin yəhudilərin başına gətirdiyi faciələrdən, özünün köçkün həyatı barədə qəlbinin dərinliklərindən gələn hissləri və düşüncələri qələmə alır.
P.S. Tərcüməçiyə və “Alatoran yayınları”na təşəkkür edirəm. Bundan əvvəl Ştefan Svayqın yalnız “Şahmat” əsərini oxumuşdum. Bu kitabı bitirən kimi Ştefan Svayqın “Tarixi miniatürlər” və “Novellalar” kitabını aldım.