Kölə
O ağlayırdı. Özü də lap hıçqırıqla ağlayır, tez-tez nəfəsini dərib köks ötürür, yaşıl ipək donunun üstündən keçirdiyi ağ jiletinin ətəyi ilə sulu gözlərini bərk-bərk silirdi. Amma di gəl ki, sakitləşmək bilmir, nə hıçqırıqlarının, nə də göz yaşlarının ardı-arası kəsilmirdi. Amma onu ağrıdan nə gözünün altındakı qaralar, nə dəfələrlə sınmış burnu, nə də bədənindəki şişlər və göynəmələr idi. Onların ağrısı heç bəlkə yadına da düşmürdü. Axı, o artıq illərdi bədənindəki bu xoşagəlməz izlərlə tez-tez tanış olur və uzun müddət onlara qonaqpərvərlik edirdi. Bir də ki, insan inkişaf edir, təkamül edir, yaşadığı şəraitə uyğunlaşır. Gərək ki, o da bu qəfil gələn yersiz qonaqlara öyrəşmiş olmalı idi. Düzü lap idealistlər kimi danışdım, axı onlar da inkişaf edən, uyğunlaşan insanı başlıca teorem kimi irəli sürürlər. Siz bir işə baxın, bu idealistlər öz fikirlərində o qədər dönməzdirlər ki, işgəncəyə məruz qaldıqda belə ideologiyalarına sadiq qalmaq üçün bu cür mazoxist qayda fikirləşib tapıblar. Amma vallah o, nə idealizmi bilirdi, nə də ki, mazoxistliyi. Bilmirdi ki, yeməlidir yoxsa içməli. Heç Darvini də tanımırdı. Qınamayaq, lazım deyil, yazıq hardan bilsin axı bunları? 9-cu sinfi bitirən kimi cəmiyyətin tərifləyib başına and içdiyi bəzi nümunəvi atalar kimi onun da atası qızının oxumağını yarıdan kəsib, rəhmətlik Sabirin “Bəhri təvil”ində qıza lazım olan xüsusları sadalayıb, verdi qızını “Rusyet”dən təzə gəlmiş, ağzı qızıl dişli, qarnının yekəliyindən yeriyəndə ayaqlarını güclə görən, yaşı 30-u addamış bir kişiyə ki, ağzını açıb otağı silkələyən hırıltısını və gözləri sağsağan gözü kimi parıldayan bic-bic baxışını lal uşaq görsə, az qalar dil açıb ağlasın. Məktəbdən qapıya soruşmağa gələnlərə də dedilər ki, oxutmuruq əl çəkin.
İndi şəhərin balaca tikililərdən, asfalt döşənməmiş dar yollardan, fanarsız, çirkli küçələrdən ibarət bir küncündə, divarlarını hiss qaraltmış, bir mərtəbəli balaca məhəllə evlərindən birində olan biçarə qız tək olmağından istifadə edib, hönkür-hönkür ağlayır, səsi eşidənlər də elə bilir ki, onu incidən yenə bədənindəki şiddət izlərdi. Amma biz düzünü danışaq da. Vallah, o izlər, yaralar ürəyə buraxılmış iri çaplı izlərin dərinəcən işləmiş yaraların yanında lap toya-bayrama getməlidir.
Həftə yeddi, mən səkkiz, bu ürəyi ağrılardan parça-parça olmuş yazıq qızın günü göy əskiyə bükülürdü. Bu dəfə lap haqsız yerə döyülmüşdü. Yox, daha bu dəfə bəsdir. “Yetər” deyib, bədənində ət və sümükdən ibarət olub hiss edə bilən “kim” var idisə ayağa qalxdı.
Elə ona görə də sözə birinci Ayaq başladı:
- Hörmətli, qanı bir, canı bir Yoldaşlar! Mümkünsə, bir nəfər mənə izah eləsin, görüm axı bu nə deməkdir? Mən başa düşə bilmirəm e, axı biz belə hər dəfəsində dəmirçi zindanında çırpılan poladla eyni aqibəti yaşayacaqdıqsa, day niyə ətdən, candan yaradıldıq ki? Elə dəmir olaydıq, amma heç olmasa hissimiz olmazdı da. Heç belə də şey olar!? Hər gün səhər sübh tezdən dur, ora qaç, bura qaç, o işin dalınca yüyür, bu boyda bədəni gəzdir, gecədən-gecəyə dincini al ancaq, axırda da çox sağ olun o olsun ki, rəngini eləsinlər göm-göy. Ətrafında da qalın qara naxışlı bəzəklər. Day Allah yaradırdısa elə bu cür rəngli, al-əlvan yaradaydı, işimizi bilərdik də. Hələ mən yazıq topuğu demirəm. Bir neçə ay bundan əvvəl ona elə təşəkkür elədilər ki, hələ də axsaya-axsaya qalıb. O qədər təvəzökardır ki, heç şikayətlənmir də. Bu saatdan sonra müalicəyə də ehtiyac görmür. Yoldaşlar, lap indiyə kimi olan hər şeyi qoydum bir qırağa, bu gün hələ sübh obaşdan durub, o qədər işin dalınca qaçdım ki, lap canım çıxdı. Hələ ev işi bir yana, evdən kənar işləri, bazarı, dükanı demirəm. Xülasə, o qədər qan-tər tökdüm ki, çay qoymaq yadımdan çıxdı. Daha doğrusu hazır idi e, o da, təzədən qaynamağa qoymamışdım, unutmuşdum da, o qədər işdən sonra. Nə uzun işdir ki, qaynamağa qoydunmu, uzağı 15 dəqiqəyə hazır olan şeydir. Hələ bəlkə lap tez. Gəldi evə, heç əl-üzünü də yumadı, küçənin hər çirkini yığıb gətirdiyi ayaqqabıların hərəsini bir yana tolazlayıb özünü atdı tər-təmiz divanın üstünə. Əmr elədi ki, çay ver. Qələt eləyib dedik ki, çay indi qaynayır, tezcənə hazır olacaq. Bir haray-qışqırıq saldı ki, gəl görəsən. Söyüşün, qarğışın biri bir qəpikdən. Yenə bir qələt elədik, özü də lap yalvaran tonda dedik ki, “çaydı da, bu dəqiqə hazır olacaq, adam da heç belə şeyə görə bu boyda həngamə çıxararmı!? Hirslənmə, azcana səbrli ol, otur gözlə”.
“Sən havaxtdan mənə yol göstərib, cavab qaytarmağa başlamısan” deyib pol ağacıynan mən ayağa o qədər vurdu ki, ta özü də yorulub ləm düşdü. Yenə çöldə, bayırda kiməsə acığı tutmuşdu, işi düz gətirməmişdi gəlib bizdən çıxdı hirsin. Özü də özünüz də görürsüz də, lap nahaqdan. Bu bir deyil, iki deyil. Bu dəfəkinin yanında əvvəlkilər lap əzizləmə oldu. Yox, yox, daha sakit durmaq olmaz, mən bundan sonra bu evdə heç bir hovur da dayanan deyiləm.
Əlbəttə, Ayaq nə qədər deyinsə də, danışsa da belə məsələlər yuxarıdakı ilə məsləhətsiz və icazəsiz həll olan iş deyil. Odur ki, ayaq sözün bitirən kimi, beyin yuxarıdan aşağı ona bir tərs nəzər salıb çımxırdı:
- Nə "yoldaş-yoldaş" salmısan? Ay yazıq, hələ bir de görüm axı hara gedəcəksən? Hara aparacaqsan bizi? Nədir yoxsa könlündən ata evinə qayıtmaq keçir? Onlar da sənin yolunu gözləyirlər axı!? Pəhh sən buna bax e, gör kimdən kimin üstünə şikayətə gedir, kömək gözləyir e. Bəyəm elə o vaxt oxumağını yarıdan kəsib, nə bir arzunu, istəyini soruşan, nə bir göz yaşına, yalvarışına baxan, səni səndən azı 20 yaş böyük zorbanın birinə puluna görə verən, bax elə indiki bu bədbəxtliyinin baisi həmin o qanadlarının altında gizlənməyə çalışdığın atan deyildi? Sənin atan özü də vaxtilə ananla elə bu cürə evlənmişdi də, görüb götürdüyü budur. İndi o adamdan nə umursan? Bəlkə illərin daşlaşmış düşüncəsini dəyişəcəksən? Bu nəsillərdən nəsillərə keçən qaydalar, adətlərdi. Adəti pozanlar da olur "nəslin üz qarası". Atan heç nə demək olduğunu dərk etmədiyi, hazır yerdən mənimsədiyi “Namusu” ilə canından, qanından olub bir dəfə öpüb əzizləmədiyi, həmişə artıq yük gördüyü qızı arasından hansını seçəcək ki!? Bəlkə elə bilirsən, qonum-qonşunun, ətrafdakıların “Filankəsin qızının saçın kəsib, geri yolladılar” kimi sözlərini eşitməzliyə vurub, səni bağrına basacaq, xoş gəldin eləyəcək? Nə tez yadından çıxdı, toy günü qardaşının sənə “Abır-həyanı itirib geri qayıtsan, başını kəsərəm” deyib sənə xoşbəxtlik arzulamağını!? Ora artıq sənə “Ata evi” deyil, olsa-olsa ya düşmən ocağıdır, ya da ilan yuvası. Qaxıl otur yerində, allahın verdiyi qismətdir, qismətinə qarşı çıxıb bizi də bəlaya salma! Mən bilirəm, bu sözləri sizin o boş başınıza salan işi-gücü boşboğazlıq, əllaməlik etmək olub, hər dəfə mənə qarşı çıxan Ürəkdi. Neçə dəfə demişəm axı, qulaq asmayın ona.
Beyin sakitləşən kimi bayaqdan hikkəsindən qıpqırmızı qızarıb, gömgöy göyərən Əl başladı danışmağa:
- Madam ki, ata ocağından kar gəlməz, şikayət edək ətrafdakılara, qanuna, dövlətə. Əvvəl axır bir kimsə bizə kömək edəcək, ya yox!? Bax allah haqqı, belə yaşamaq zərrəcə mümkün deyil. Ayaq bir iş görürsə, mən on iş görürəm. Bütün bu evin təmizliyi, səliqəsi-sahmanı, xörəyi, suyu, çirkli paltarları, yorğan-döşəyi, xalçası-xülasə, hamısı mənim əlimin altından keçir. Bəs bu qabardan incəliyini itirmiş dərimə zəhmətinin qarşılığında necə davranılır? Danışmaq lazımdırsa, danışım, deyim də mən də. Lap bildiyinizdən danışacam. Elə bayaq çay gecikmişdi deyə təkcə ayaqla iş bitdimi? Ayaqdan hirsini çıxandan sonra bir az oturub dincini almış, özündən güclü görəndə pişiyə dönüb yaltaqlanan, zəif, aciz görəndə qənim kəsilib, öz hünəriynən qürrələnən, puluna görə atasının da, qayınatasının da sevimlisi ərciyəzimiz zəhrimara qalmış gözün tökdüyü yaşlardan və lənətə gəlmiş ağızdan çıxan zırramalardan bezib təzədən cin atına mindi və bundan sonra guya dərs olsun deyə mənim bir tayımı, lap özü də sağ tayımı peçin üstünə tutdu. Nə qədər ağladıq, qışqırdıq, yalvardıq ürəyi rəhmə gəlmədi, fikrindən dönmədi ki, dönmədi. Adamı yandıran odur ki, biz yalvardıqca o qulaq asmamağı bir yana, bu əzab işgəncənin içində oda tutub közərtdiyi əldəki mazollara, qabarlara baxıb dişini ağardır, daha doğrusu dişinin qızıllarını parıldadıb, keçən ay barmağımdakı qızıl üzüyü də satıb yerinə taxdığı dəmirin qaynatdığı yerdən gələn yanmış ət iyini qoxlayaraq ciyərlərinə çəkir, guya daha belə şeylərin yaşanmamasıyçün yol göstərir, öyüd-nəsihət verirdi. Vallah yırtıcı heyvan dişisi bir yana heç ovuna bu əzabı vermir ki, biz heç nədən belə əzab çəkirik. İndiyə kimi olanlar bir yana, bu çay məsələsi lap adamın ürəyinin başın közərtdi. Yox, bu yolsuzluğun öhdəsindən gəlsə-gəlsə ancaq qanun gələr. Qanuna sığınaq, qoy, o kömək eləsin bizə bu cəhənnəmdən qurtulmağa.
Əl sakitləşən kimi yazıq qızcığazın beyni başlamış bu çay qiyamını yatırmaq üçün yenə özündən çıxdı:
- Adamı yandıran o peçin ocağı deyil e, adamı yandıran odur ki, öz məsuliyyətsizliyiniz ucbatından başımıza gələnləri çayın üstünə atıb, hələ də dilinizi dinc qoymursuz, bizi daha da böyük bəlalara sürükləyirsiz. Sizə yüz dəfə yox e, min dəfə demişəm ki, məndən məsləhətsiz bir şeyi heç ağlınızın ucundan da keçirtməyin. Elə qanun-qanun salmısız ki, elə bil qanun da işini gücünü atıb sizi gözləyir ki, gedəsiniz sizə kömək eləsin. Ay hay kömək elədiya! Bir məntiqlə fikirləşin də, heç doğmalarınız, yaxınlarınız, sizə kömək olmursa, yadlarmı kömək olacaq? Onu bilin ki, qanun güclünün qanunudur. Kim güclüdürsə onun sözü keçir. Kimin sözü keçirsə, ədaləti də o təyin edir. Qanun özlüyündə heçdir, söz yığınıdır, hara istəsən fırlat. Qanun oyundur, güclü oyunçular oyunu aparır da, idarə edir də, digərləri isə oyunçu yox, oyuncaqdır. Əgər güclü deyiliksə, sözümüz keçmirsə, deyin görüm sizin tərəfinizdə olmayan bir ədaləti təmin edən qanun sizə kömək edə bilərmi? Qanunun ədaləti sizin də tərəfinizdə olsaydı, nigah günü atanız sizi 15 yaşınızda evləndirəndə nigah məmurunun cibinə pul basıb qanunu susdurmazdı. İkincisi də lap tutaq ki, qanunun ədaləti sizi də müdafiə edə bilər. Deyin görüm, axı bu qanun heç kəsin müdafiə etmədiyi, hamının qarşı olduğu bir insanı necə müdafiə edəcək? Kim ona əsaslandıracaq ki, siz haqqlısınız. Sizin atanız da, qardaşınız da, qonşuda ərinizin dostu olan kişilər də, onların qapazının qorxusuyla hərəkət edən arvadları da- hamısı sizin əksinizə duracaq. Ona görə də yerinizi bilin. Burda qeyri-adi bir şey yoxdur. Həyatda hər kəsin bir rolu, vəzifəsi, yaşama səbəbi varsa bizimki də yaxşı həyat yoldaşı olub, sakit durmaq, baş aparmamaq, bizi bəsləyən ərimizin başına gecə-gündüz fırlanıb, ona bu yaxşılıqlarının qarşılığında xidmətçi olmaqdır. Həmişə belə olub da. Bu təbiətin qanunudur. Güc kimdədirsə söz sahibi də, ağa da, şah da, padşah da odur. Acizlər ya ölməlidirlər, ya da baş əyməlidirlər. Hər halda bu sarsılmaz qanunu qırmağa çalışanların da aqibəti məlum məsələdir. Mübarizə apara bilməyəcəyin meydanda nə işin var!? Yenə deyirəm əzəldən belə gəlib, belə də gedəcək. Sakitləşib bizi daha da bəlaya salmayın, oturun işinizlə məşğul olun, nə olacaqsa olacaq, qisməti dəyişdirə bilmərik. O bir yana, sən hələ de görüm səndə bu uzun dil hardan yaranıb?
Əl:
- Ürəyi dinləmişəm mən də. Düz deyirsən. Nə qədər danlasan haqqlısan. Səhv elədim yenə.
Beyin:
- Deyirəm də. Ürək yenə başlayıb köhnə nağıllara. Elə əvvəldən bilirdim yenə sizi qızışdırıb salacaq ortalığa, yaxşı ki vaxtında yetdim yenə dadınıza, yoxsa ortada qalmışdız. Siz o axmaq ürəyin heç bir mənası olmayan sözlərinə qulaq asmaqdansa bir baxın Gözə örnək götürün də. Görün necə təmkinli davranıb hər şeyə göz yumur. Elə olmaq lazımdır.
Ağlamaqdan heyi qalmayan, sanki qap-qara parçaya bürünmüş göz heç kipriyini qaldırıb baxmadı da. Bu nitqdən sonra bədənin qalan bütün üzvləri susmuşdu, çünki yaralar da artıq qaysaq bağlamağa başlamışdı. Bircə ürəyin aldığı yaralar qaysaqlanmır, daha da ağrıyırdı. Yaranın sağalması üçün qırmızı qan lazımdır, ürəkdə isə qara qanlar axırdı. Bəs bu qanın qaralığı hardan gəlirdi axı? Bədənə çökmüş qaranlıq yoxsa artıq ürəyi də zəhərləmişdi? Yox, mənə elə gəlir ki, o yeganə üzv idi ki, hələ də dirəniş göstərir, qismətiylə razılaşmaq, taleyiylə barışmaq istəmirdi. Deyirlər axı insanın beyni də qaranlıq çirkablara qərq olubsa, ümidsiz zindanlara həbs olubsa, o zaman işıqlığa gedən yeganə nicat yolu ürəyin səsini dinləməkdən keçir.
Odur ki, araya çökmüş qısa sükutdan sonra beyindən başqa bütün bədənin son çarə kimi aciz-aciz gözlərini dikdiyi ürək beyinə etiraz etdi:
- Yenə hər kəs susdu. Axı bir məntiqli səbəb deyin görüm niyə qismətimizlə barışıb mübarizə aparmamalıyıq ki? Hətta ən dinc heyvanlar da küncə sıxılanda, ölüm qorxusunu hiss edəndə aqresivləşir, hücum edir özlərini müdafiə edirlər. Biz niyə sakit dayanıb, açıq-aşkar həyatımızı cəhənnəmə çevirənlərə qarşı əlimizdən gələn mübarizəni göstərməyək? Elə budur sakit dayanmışıq deyə bunlar başımıza gəlir də. Təbiətin qaydası dediyin ona görə qayda kimi qəbul olub ki, biz vaxtında o qaydaya qarşı çıxmamışıq. Vaxtında dirənməmişik deyə bu gün bunları yaşayırıq da. Özümüz özümüzü müdafiə etməsək heç kim etməyəcək. Qorxmaqdan keçib artıq. Qorxub susmaq da onsuz bizi ölümə aparır, qorxmayıb sözümüzü deməliyik. Sözümüzü deməliyik ki, sözümüz keçsin. Sözümüzü deməliyik ki, söz sahibi olaq. Qorxu ilə yaşamaq gündə 100 dəfə ölüb dirilməkdi. Bir nəfər bunu eləməlidi. Bir nəfər çıxıb başqalarına örnək olmalı, cəsarətləndirməlidi. Keçmişimizi dəyişə bilməmişik, amma gələcəyə təsir edə bilərik. Çalışsaq xilas ola bilərik axı.
Beyin:
- Gecdir artıq qaydalara, ənənələrə qarşı çıxmaq. Biz gücsüz varlığıq, heç kim tərəfimizdə deyil. Hamıya qarşı tək başına mübarizə mümkün deyil. Gələcəyi dəyişdirmək heç mümkün deyil, qismətdə nə yazılıbsa o da olacaq. Səsini çıxardığın an ağzını yumacaqlar. Çünki güc yox, tərəf yox, atasız, anasız yetim kimi bir şeysən, həyatda tutacağın bir budaq belə yoxdu. Ancaq axmaqlar, öləcəyini bilə-bilə əcəlini yaxınlaşdırar. Oturmuşuq da gül kimi, qorxa-qorxa da olsa əsas odur yaşayırıq. Başımız üstündə dam, boğazımıza atacaq tikəmiz var. Niyə naşükürlük edib çörək gətirənə daş ataq?
Ürək yenə etiraz etdi:
- Niyə tərəfimiz yoxdur ki? O qədər bizim kimilər var ki, qorxurlar, dillənə bilmirlər, biz səsimizi çıxarsaq, onlar da çıxaracaq. Bəyəm bu həyatdı yaşayarıq? Hər dəqiqəmiz, saniyəmiz qorxudur. Əlimizdən gələni edirik, yenə də kötək yeyirik. Bir xoş söz yox, bir insan kimi davranmaq yox, işlə, əziyyət çək axırda da döyül, söyül, belə də yaşamaq olar? Lazım deyil o dam ki, zindandan fərqi yoxdur. Lazım deyil boğaza gedən o tikə ki, zəhərdən fərqi yoxdur. Çöldə ac yaşayaram, amma bilərəm ki, azadam, heç kimdən qorxum yoxdur, heç kimin qulu, nökəri deyiləm. Elə şükür deyə-deyə bıçağı özümüz vermişik əllərinə ki, kəsin boğazımızı. Susduqca məhv oluruq... İradəmiz, qürurumuz, şəxsiyyətimiz, azadlığımız əlimizdən gedir. Susduqca əksinə daha aciz, gücsüz oluruq. Güc dirənərək, mübarizəynən qazanılır. Azadlıq, söz nələrisə qurban verməklə qazanılır. Aciz, gücsüzüksə bunun səbəbi susmaqdır. Susmaq özü ölümdür, özümüzü öldürürük. Beyin, sən köhnə təfəkkürdəsən, sənin daxilinə yeridilib qorxu, sən dəyişməyincə, dəyişdirməyincə səndən sonra gələnlər də dəyişməyəcək. Bizim bütün bu bədbəxtliyimizin səbəbi nə atadır, nə anadır, nə qardaş, nə ədalət, nə qanun, nə də gözü puldan başqa heç nə görməyən cəmiyyət. Səbəbkar sənsən. Azadlığımızı sıxan da, bizi qorxuya məhkum edən də, aciz vəziyyətə salan da sən və sənin içindəki məntiqsiz acizliklərdir. Dəyişməyə başlamalıyıqsa birinci səndən başlamalıyıq. Mən yolu göstərirəm sənə. Cəsarəti verirəm. Dəyiş. Mübarizə apar. Sənə hopmuş qorxulara, öyrəşdiyin düşüncələrə qarşı döyüş. Sil onları ki, biz də ayağa qalxaq, gedək haqqımız tələb edək. Azadlığa gedən yol budur. Səndəki təfəkkürü dəyişmək! Köhnə təfəkkür bizim ən böyük düşmənimizdir. O hər kəsin beynindədir. Azad olmaq, qorxusuz yaşamaq, bərabər haqlara sahib olmaq, özümüzün indiyə kimi səbəbkar olduğu bu cəhənnəmdən qurtulmaq istəyiriksə beyinlərdən o köhnə təfəkkürü silib atacağıq. Qanun da, güc də, ədalət də, haqq da, yaşamaq da hər kəsə aid olacaq.
Ürək çox şey istəyirdi, çox şey deyirdi, insafən lap haqqına deyirdi. Amma köhnə düşüncənin yaratdığı qorxu beynin lap dərinliklərinə kimi işləmişdi. Ürək nə qədər çapalasa da, beyin qəbul etmir, qorxurdu. Qorxu onu elə əsir almışdı ki, ürəyin dediklərinə qulaq asmağa belə qorxurdu ki, bir gün çaşıb dilinə gətirər. Bədənin digər üzvləri də beyinə qarşı çıxmadılar. Onlar artıq bu acizliyi, yaşadıqları həyatı qəbullanmışdılar. Ara-sıra şikayətlənib deyinsələr belə birinci olmağa, mübarizə aparmağa heç birinin cəsarəti çatmırdı. Ürək çox çapaladı, çox dedi, çox dirəndi, çox yalvardı, heç biri ona qulaq asmadı. Bütün bunları görən, nə qədər çalışsa da çağırışlarına qulaq asılmayan ürək çarəsizlikdən o qədər qüssə elədi ki, əvvəl bütün rəngi soldu, sonra lap büzüşüb köhnə əskiyə döndü, o qədər xiffət çəkdi ki, axırda heç nə edə bilməyəcəyini görüb əlacsızlığın yaratdığı dərdə dözə bilmədi və... bu dəfə əbədi olaraq susdu.
O, ölmüşdü. Göyərmiş cansız bədəni elə evin bir küncündə qalmışdı. Bir tək həmişə bağlı olan gözləri açıq qalmışdı. Əri evə gəlib onun cansız bədənini tapanda, əhvalı yamanca korlandı. Yas mərasimi, torpaq pulu, ərindən yediyi şillə-təpiklərdi. Ölüm diaqnozu qoyan həkim də, səbəbini hansısa arxivə yazdı ki, ürəyi tutub öldü. Əlbəttə, bədəndəki izləri görən qanunçuların da gözlərinə kağız pullarla qaranlıq çökdü. Yazıqlar lap kor oldular. Hər halda kor bir adamı qınayası deyilik ki, niyə görüb deməmisən. Eh əlacsızlıq, yaman dərdsən. Dünyada heç nə sənin kimi zəhərli deyil. Güllədən, zərbədən ölməyə nə var ki. Bir an içində işlərini bitirib gedirlər, adamın heç ruhu da incimir. Amma sən lap ağacı içindən yeyib çürüdən qurd kimisən. Bütün ümidləri öldürürsən, axırda da heç kim demir ki, insanı öldürən sən olmusan. Amma əlbəttə bütün günahı sənə atmaq da olmaz. Mən o diaqnozu qoyan həkim olsaydım ölüm səbəbini intihar deyə yazardım. Bəlkə səhv yazmışam? Elədirsə siz deyin. Heç bir dirəniş göstərmədən, xilası üçün mübarizəyə cəhd etmədən könüllü şəkildə ölümünə təslim olmağın adı intihar deyildsə, bəs nədir axı?
Hüseyn Əfəndi