“İşdə məhəbbət macərası”nın sərt və cazibədar “Mımra”sını əlbəttə ki, xatırlayırsınız. Bu unudulmaz Mımranın müəllifinin Alisa Freyndlixin 79 yaşı var. Bu yaxınlarda haqqında dolanan şayiələrə özü xitam verdi: bir müddət əvvəl səs tellərindən əməliyyat olunmuşam. Alisa Brunovnanın bir açıqlamasını da bunun ardından yazmaq lazımdır: “35 yaşımdan siqaret çəkirəm, günə bir qutu...”
Kulis.Az aktrisanın rus mətbuatına verdiyi müsahibəni ixtisarla təqdim edir.
- Sizi ilk növbədə “İşdə məhəbbət macərası”ndan “Mımra” ilə xatırlamaq xətrinizə dəymir ki?
- Bir az... Məni Eldar Ryazanov “Qusar balladası”nda Şuroçka Zarovaya çəkmək istəyirdi, alınmadı. Amma “İşdə məhəbbət macərası” doğrudan da pis iş deyil.
- Sizin “İşdə məhəbbət macərası” filmindəki replikalarınız çoxu zərb məsələ çevrilib.
- Bu zərb-məsəllər Ryazanovundur. Yaxşı tamaşadan, ya da filmdən belə cümlələr “uçur” həmişə. Mənim oynadığım “Mımra”nın geyimlərini tapmaq üçün aləmi bir-birinə vurmuşdular, eynəyi isə operatorumuz təqaüdçü atasından alıb gətirmişdi. Filmin işçi adı “Rəhbər Zoluşka haqında nağıl” idi. Sonradan dəyişdilər. Filmin bütün heyəti SSRİ-nin Dövlət mükafatını aldı. Yalnız məndən başqa. Çünki mənim artıq teatrdakı xidmətlərimə görə belə mükafatım var idi.
- Alisa Brunovna nənəniz alman olub. Bəs sizin əsliniz Rusiyaya necə gəlib?
- Hələ Yekaterinanın zamanından Rusiyada məskunlaşıblar. Burada Peterburq yaxınlığında şüşə-mərmər zavodu açıblar və alman mütəxəssislər dəvət ediblər. Mənim ulu babam da Şimali Almaniyadan gəlib. Babamın əmioğlularından biri imperator sarayının bağbanı, o biri əczaçısı olub. Kürəkənim dumada deputat olanda bizim nəslin sənədlərini axtarıb tapa bilmişdi.
- Sizin sənədinizə milliyyətiniz alman kimi yazılıb?
- Mənim nənəmin bütün uşaqları “qanlarını qarışdırdılar”: atam da rus qadınla-anamla evləndi. Bibimin biri gürcüyə, o biri polyaka ərə getdi. Anam bizə sənəd alanda israr edib ki, ora milliyyətimiz rus yazılsın. Bu, müdrik qərar olub, mənim həyatımı da xilas edib. Bilirsiniz, sonra müharibə başladı, almanları təqib edib sürgünə göndərdilər.
- Siz çox balaca olarkən Leninqrad mühasirəsini yaşamısınız. İnsanları o zaman dirənməyə, birləşməyə vadar edən nə idi?
- Yaşamaq arzusu. Başqa nə ola bilərdi ki? Məsələn biz, nənəmin ruhuna dua edirik, o bizi son dərəcə intizamlı tərbiyə elədi. O qədər adam var idi ki, çörək payını alan kimi hamısını yeyirdi və sonra həftələrlə ac qalıb ölürdü. Amma bizim nənəmizin dəmir kimi iradəsi, intizamı var idi. O, yemək vaxtı barədə sərt bir rejim qurmuşdu və biz yalnız bunun sayəsində sağ qaldıq. O, hətta bizi çimizdirirdi də. Biz qar yığırdıq, onun çirkli yerlərini təmizləyirdik, sonra nənəm onu əridirdi və bizi yuyundururdu. O bizi heç vaxt buraxmadı. Sonra nənəmi (Alisa Findlixin atası alman idi) sürgün etdilər, biz anamla ikimiz qaldıq. O zaman bütün almanları “kürüyüb” təmizləyirdilər, ya Qazaxıstana, ya da Sibirə göndərirdilər. Amma nənəm elə eşalondaca öldü. Onun 68 yaşı var idi...
Mənə tez-tez deyirlər ki, kitab yazım, amma mən kitab yazmağı bacarmıram, həvəskar olmaq da istəmirəm. Mən aktrisayam, elə də qalacam.
***
- Həmkarınız Oleq Basiaşvili az qala siyasətlə yaşayır. O, sizi də belə məsələlərin müzakirəsinə cəlb edirmi?
- Həmişə. O, bu məsələdə həmişə hadisələrlə dolu və qızğın danışır. Biz qonşuluqda yaşayırıq, bəzən maşında birgə gedəndə, o ya siyasətdən, sosial mövzulardan, ya da maşından danışır.
- İndi Ukraynada baş verən hadisələrə münasibətiniz necədir?
- Bunlar müharibə görmüş bir adam kimi məni kədərləndirir. Yalnız bir fikrim var, “bircə müharibə olmasın”. Mən bundan baş çıxaracaq qədər mütəxəssis deyiləm və yalnız bu fikirlə yaşayıram.
- Sizi Kiyevə qastrola çağırsalar, gedərdiniz?
- Əlbəttə. Niyə də yox?
- Krıma da?
-Krıma da. Amma mən müstəqil deyiləm, tək gedə bilmərəm. Teatr gedirsə, onun belə imkanı varsa, bunu məqsədəuyğun hesab edirsə onda hə.
***
- Kinoaktrisa kimi ustalığına pərəstiş etdiyiniz aktrisa var idimi?
- Əlbəttə, Cülyetta Mazina. Biz “Yol” filmini ilk dəfə İtaliya kinosu festivalında gördük. O zaman mən üç il idi ki, teatrda işləyirdim. Onu görən kimi heyran oldum. O vaxtdan o mənim kumirimdir.
- Adətən aktyorlar necə yuxular görürlər?
- Mənə də tanıdığım bir neçə aktyora da eyni yuxu görürük. Məsələn, mən tez-tez görürəm ki, əynimə heç nə geyinməmişəm, amma qrim otağımın qapısını döyüb çağırırlar - “Alisa Brunovna, sizin çıxışınızdır”.
- Alisa Brunovna, iş barədə maraqlı təklifləriniz varmı?
- Yaşlı aktyorlar üçün maraqlı rollar çoxdur, amma yaşlı aktrisalar üçün yox. Demək ki, dramaturqlar kişilərə daha çox hörmətlə yanaşır, nəinki qadınlara...
- Bəlkə də ona görə ki, dramaturqlar hamısı kişidir, elə özlərindən də yazırlar...
- Ola bilər, hərçənd, Saşa Volodin kimi qadın ruhunu duyanları da var....
- Bəs özünüz kişi rolunda oynamısınız?
- Məktəb illərimdə. “On ikinci gecə”də təlxəyi, “Adamlar və ehtiraslar”da Urieli, “Qar qız”da Leli,... kiçi rolu oynayanda əsas olan kişi səsi çıxarmaq deyil. Əsas olan kişi düşüncə tərzini tutmaqdır...
- Müsahibələrinizdən birində oxumuşdum ki, sizin dietanız qəribədir-əsəb xərcləyirsiniz-elə bu kalori itirmək kimi bir şeydir...
- Həqiqətən belədi, əsəb xərcləməsən teatrda nə işin var?
- Müsahibəyə görə sağ olun.
- Buyurun. İndi sizin işiniz başlayır - mənim dözülməz xasiyyətim haqda söz-söhbətlər yayılacaq. Hələ sizinlə söhbətdə nə qədər siqaret çəkdim... Dəhşət! Həmişə beləyəm, telefon zəng çalır, bir əlim dəstəyə tərəf uzanır, o biri siqaretə. Heç bilmirəm necə.
- Hələ ki, papirosunuz sönməyib, özünüzdən soruşum- böyük aktrisa olduğunuzu bilirsiniz?
- Hardan bilim? Belə şeylər eşidəndə çaşıram: bu adamlar niyə tələsir? Qoyun ölüm, sonra tərif edərsiniz...