Divara qarşı döyüşənlər- QAN TURALININ YAZISI

Divara qarşı döyüşənlər- <span style="color:red;"> QAN TURALININ YAZISI
3 may 2017
# 10:49

Kulis.Az Qan Turalının “Divara qarşı döyüşənlər” məqaləsini təqdim edir.

N. Nərimanov yeganə romanı olan “Bahadır və Sona”da Bahadırın intihar məktubunda “uçurum dərə”ləri intihar səbəbi kimi göstərir. Bir gün “uçurum dərə”lərin məhv olacağına inamla bitən məktub əslində süni təsəlli verirdi. (Nərimanovun özü və elə oğlu da “uçurum dərələr”in qurbanı olmadımı?!)

Fatih Akının “Divara qarşı” filmi də “uçurum dərələri” insanların cəmiyyətlə mübarizəsini, eşqi, erotizmi, zorakılığı bir daha bəyaz pərdəyə gətirir.

Cahit (Birol Ünal) Almaniyada yaşayan, türkcəni pis bilən, 40 yaşında, arvadı Katerina öldükdən sonra həyata küsmüş, bardakı butulkaları yığmaqla pul qazanan, çəkdiyi ağrıları kokain və pivə ilə unutmağa çalışan insandır. Bir gün intihar məqsədi ilə maşınını divara çarpır, amma təsadüfən yüngül bir xəsarətlə sağ qalır. Xəstəxanada Sibellə (Sibel Kəkilli) tanış olur. Sibel mühafizəkar türk ailəsində yaşayan, azadlığa can atan, bunun üçün evlənməkdən başqa yol görməyən gözəl bir qızdır. O, Cahidə bütün işlərində müstəqil olmaq şərti ilə evlənmək təklif edir. Tezliklə onlar kağız üzərində evlənirlər. Lakin gözlənilmədən Cahit Sibelə aşiq olur. Sibelə görə bir almanı öldürən Cahid həbsxanaya düşür. Sibel İstanbula gedir. Cahid də həbsdən sonra onu tapmaq üçün İstanbula gəlir.

Artıq Sibel evlidir. İstanbulun köhnə otellərinin birində sevişirlər. Sibel Cahitə Mersinə-Cahitin ata yurduna getməyi vəd edir. Lakin son anda əri ilə uşağının oynamağına qulaq asır və kresloya çökür. Məğlub olur.

Məğlubiyyət təslimiyyətdən yeydir!

Bir var, savaşmaq istəyi.

Ürəyincə yaşaya bilmədiyin üçün savaşmaq ehtirası.

Dünyanı dəyişdirmə bilməyənin dünyasını dəyişmək cəhdi.

İtkilər nə qədər ağır olsa da, zəfər nə qədər uzaqda olsa da, savaş nə qədər üzücü olsa da məğlubiyyət acısının yanında bu xoşbəxtlikdir.

Fatih Akın ssenarist qələmi ilə hər iki qəhrəmanını bu cür öldürür.

Cahidi intihar cəhdindən sonra müayinə edən alman həkim “intihar yaşamamağın yeganə yolu deyil” deyir.

Sibel də Cahid də intiharları uğursuz olur, lakin onlar ölümün başqa yolunu seçirlər-onlar həyatla barışırlar.

Ailəsi Sibeldən nə istəyirdi? Ailə qadını olmasını. Sibel bu yolu seçir.

Cahid nədən qaçırdı? Didaktik insanlardan. Adət-ənənələrdən. Lakin o Mersinə qayıdır.

Səfil, amma ürəyincə olan bir ömrü o, nifrət etdiyi mühitə dəyişir.

Türkcə pis danışdığı üçün Sibelin qardaşı ondan soruşur ki, türkcəni neylədin? Cahid cavab verir: “Zibilə atdım”. Lakin o, zibilə tolazladığı türkcə danışan adamların yanına qayıdır.

İnsanın nifrət etdiyi, mübarizə apardığı şeyə qayıtması, daha doğrusu məcburi qayıdışı necə də dəhşətlidir.

Əsirlikdə olanlar hər zaman meydanda ölənlərə qibtə edib.

Fatih Akın bu filmi ilə cəmiyyətin nəhəng əjdaha olduğunu bir daha göstərir. Ondan qaça bilərsən, lakin ona qalib gələ bilməzsən.

Sibel və Cahid filmin başlarında intihara cəhd etdikləri üçün müalicə aldıqları xəstəxanada tanış olurlar.

Film isə onların ölümü ilə başa çatır.

Nə Cahid sonda maşını divara çırpır, nə də Sibel zəhər içir.

Amma doktorun dediyi kimi intihar yaşamamağın yeganə yolu deyildir.

Dünyanı dəyişdirmək mətləbi

Marks yazırdı: “İndiyənə qədər filosoflar dünyanı izah etməyə çalışırdılar, mətləb isə onu dəyişdirməkdən ibarətdir”.

Marksizm ciddi cəhdlər etsə də dünyanı dəyişdirə bilmədi.

Sıra Kamyunun fərdi qiyamına gəldi.

Doktorun Cahidə dediyi də əslində Kamyu fəlsəfəsini ifadə edir: “Dünyanı dəyişdirə bilmirsənsə öz dünyanı dəyişdir”.

Amma cəmiyyətə qapılarını bağlaya bilmərsən.

Sufilik çoxdan aktual deyil.

Əyyaş həyatı sürən Cahid cəmiyyətdən kənarlaşmağa can atır.

Türk dilini unudub.

Sevdiyi yeganə insanı, arvadı Katerinanı itirib.

Onu həyata bağlayan tellər yoxdur.

Maren onun ancaq seks portnyorudur, Cahidin içini tökəsi heç kimi qalmayıb.

Sibellə formal nigah onu insanların arasına qaytarır.

Və o, bu təmasdan məğlub ayrılır.

Öz dünyasını dəyişdirsə də kənar dünyanın təsirlərinə dözə bilmir.

O, insanlara izah edə bilmir ki, Sibellə onu azadlığa çıxartmaq üçün evlənib.


Qısqanclıq qətl törədir.

Qətl ayrılıq.

Dünyanı dəyişdirmək nə qədər çətin, öz dünyanı dəyişdirmək nə qədər asan görünsə də, əslində onları ayırmaq mümkün deyil.

Fatih Akın bir daha bunu təsdiq edir.

Fatih Akın bir daha Marksı haqlı çıxarır.

Ya öz dünyanı götürüb dünyadan aparacaqsan,

Ya da onu tullayıb insanlara qovuşacaqsan.

Uzlaşma qapısı çoxdan bağlanıb.

Cahid bunu anlayanda avtobus Mersinə çatırdı.

Sibel isə kresloya çökəndə anlamışdı.

Canavarlıq ehtirası

Hobbs yazırdı: “İnsan insanın canavarıdır”.

Fatih Akın bu fikri gözəl inkişaf etdirir.

İnsan insanın canavarı olduğu kimi cəmiyyət də insanın canavarıdır.

Və cəmiyyətlər də cəmiyyətlərin canavarıdır.

Kiplinq isə belə deyirdi: “Şərq Şərqdir, Qərb də Qərb, onlar heç bir zaman birləşməyəcəklər”.

Alman cəmiyyəti ilə türk toplumu arasında ziddiyyyətləri alman pasportu daşıyan Fatih Akın kimi baş rol ifaçısı Sibel Kekilli və Birol Ünal da yaxşı hiss ediblər və bəyaz pərdəyə gətirə biliblər.

Türklər Almaniyaya alışa bilmirlər, onlar Almaniyada ağ qarğadırlar.

Almanlar üçün də türklər anlaşılmazdır.

Türklər Hegelin Almaniyasına öyrənə bilmədikləri kimi almanlar da Mövlanənin Türkiyəsini anlaya bilmirlər.

Sibelin ailəsi Almaniyada yaşasa da türk olaraq qalır.

Sibel mühitə alışır, onlar kimi rahat və sərbəst yaşamaq istəyir, lakin o türklüyün itirib, özgələşib.

Ailəsi isə onun bu özgələşməsini fahişəlik kimi anlayır və nə qədər qəribə olsa da Sibel haqlı olan kimi onlar da haqlıdırlar.

Qısacası heç kim günahkar deyil.

Sibelin şəxsində iki toplum toqquşur.

Və Türkiyə qalib gəlir.

Türkiyə, amansız mentalitet daha iki gənci udur.

Sibelə qovuşa bilməyən Cahidin Almaniya yox Mersinə qayıtması bu qələbəni rəsmiləşdirir.

Axundovun Müsyö Jordanını xatırlayırsınızmı?

Dərviş cadu ilə Parisi partlatdığını deyir, amma Paris 1848-ci il inqilabı ilə doğrudan partlayır.

Axundov simvolik olsa da cəhalətin qələbəsini tanıyır.

Fatih Akın da soyuq reallığı simvolla təqdim edir.

Yenilmiş pəhləvanlar meydanı tərk edirlər.

2008

# 3383 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #