Toy günü gəlinin qarşısını kəsən traktorçu

Toy günü gəlinin qarşısını kəsən traktorçu
23 sentyabr 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində 1978-ci ildə ekranlaşdırılan “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxını təqdim edir.

Milli kino tariximizdə uğurlu kinoalmanaxlar çəkilib: “Cazibə qüvvəsi” (1964), “Qaraca qız” (1966), “Ömrün səhifələri” (1974), “Günlərin bir günü” (1976) və s.

“Arvadım mənim, uşaqlarım mənim” də uğurlu layihədir, və almanaxa daxil olan hər üç film o qədər aktualdır ki, sanki günümüzdə lentə alınıb. Almanaxın mövzusu, sevgi, ailə münasibətləridir. Rejissorların hər biri bu mövzuya müxtəlif rakurslardan baxış edib.

Layihənin ilk filmi "Toy" adlanır. Əhvalat kənddə baş verir. Şamil (Kazım Abdullayev) əsgərlikdən gələndən sonra öyrənir ki, sevdiyi qız (Məlahət Salmanova) sözünə xilaf çıxaraq başqasına (Hacı İsmayılov) ərə gedir. O, toy günü traktoru ilə gəlin karvanının qarşısını kəsir. Və şərti də o olur ki, bəy onunla döyüşməlidir...

Nicat Feyzullayevin bu qısametrajlı filmi kino tariximizdə əhvalatın bədii həlli baxımından ən yaxşı işlərindən biridir. Janrına görə “Toy” dramdır. Amma müəllif hadisəni dramatikləşdirmir, əhvalatı mənəviyyat dərsi keçmədən təmkinlə danışır. O, iki gəncin ailə qurmasını, yeni qohumluq münasibətlərini maddi maraqların, şöhrət hərisliyi üzərində qurulmasına daha çox ironik yanaşmaqla hekayənin mahiyyətini dəqiq göstərir.

Nicat Feyzullayev əhvalatın ovqatını, personajların niyyətini naturada səslənən musiqi və qəhrəmanların susqunluğunun növbələşməsi ilə məharətlə açır.

Ssenari müəllif İsa Hüseynov, operator Hüseyn Mehdiyevdir.

"Toy" Nicat Feyzullayevin diplom işidir.

İkinci "Bağçada rahat yer" filminin qəhrəmanı şəhərin məşhur bərbəri Məmmədəlidir (Həsən Məmmədov). O, öz peşəsinin vurğunudur. Onun müştəriləri məmurlar, məşhur adamlardır. Xaraktercə zarafatcıl, yumşaq adam olan Məmmədəlinin arvadıyla (Ofelya Məmmədzadə) münasibətləri çətindir. Onun arvadı müəllimədir, meşşan təbiətli qadındır, ərinin peşəsinə də aşağılayıcı münasibət bəsləyir...

Filmin rejissoru Ziyafət Abbasov hər şeydən əvvəl qəhrəmanının mənəvi dəyərlərini qabardır. Arvadı, böyük oğlu Məmmədəliyə etinasız yanaşsa da, o bunu faciəyə çevirmir, əksinə anlayışlı olmağa çalışır. Və onun sevgisi peşəsinə də, ailəsinə də yetir. Hətta on altı yaşlı oğlu atasından ad günüdə evdən getməsini, dostlarıyla tək qalmaq istədiyini xahiş edəndə belə o bunu anlayışla qarşılayır. Ani məyusluq yanaşsa da.

Maqsud İbrahimbəyovun əksər ssenarilərində olduğu kimi burda da qəhrəman autsayderdir.

Filmin operatoru Teyyub Axundovdur.

"Arvadım mənim, uşaqlarım mənim" komediyadır. Əhvalat kənddə yaşayan böyük bir ailə haqdadır. Ailədə 11 uşaq böyüyür. Fazil (Kamil Məhərrəmov) bostançı, Güldəstə (Gülşən Qurbanova) isə evdar qadındır. Məişət qayğılarına baxmayaraq rejissor Cəmil Fərəcov xoşbəxt ailə tablosu cızır. Günlərin birində Güldəstəyə 11 uşaq böyütdüyünə görə mükafat verilir və avtomobil hədiyyə olunur.

Toylarda müğənnilik edən qonşusu Səfər (Ramiz Əzizbəyli) Fazili tovlayır, avtomobili ona satmağı, onunla toylara getməyi məsləhət görür, daha çox pul qazana biləcəklərini deyir. Fazil daha bostançı da işləmək istəmir, ailəsini də unudur. Güldəstə minik maşınını paltaryuyan maşına dəyişir...

Müəllif mərkəzə sevgini gətirir. Məhz sevgi ailəni dağılmaqdan xilas edə bilər.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin ssenaristi Fərman Kərimzadə, operatoru Ələsgər Əlkəbərovdur.

Film 2013-cü ildə ANS televiziyasının sifarişilə "Bakıfilm" kinostudiyasında səsləndirilib.

# 3259 dəfə oxunub

Oxşar xəbərlər

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər