İrina Alfyorova azərbaycanlı tamaşaçının yaddaşında “Dartanyan və üç muşketyor” filmində Konstansiya obrazı və aktyor Aleksandr Abdulovun həyat yoldaşı kimi qalıb.
Uşaqlığı
Novosibirskdə doğulub. Özü də hüquqşünas ailəsində. Atası ilə anası Böyük Vətən Müharibəsində cəbhə boyu çiyin-çiyinə vuruşublar, elə orda da evləniblər, müharibədən sonra hər ikisi vəkil peşəsinə yiyələniblər.
İrina uşaqlıqdan özfəaliyyət kollektivində çıxışlar edirdi. Hələ balaca ikən rəfiqələrinin ona paxıllıq etdiklərini duyurdu. Rəqs edib şənlənəndə onların həsəd dolu baxışlarını üzərində hiss edirdi. Ona görə də özünə qapanır, fəal iştirakçı olmaq istəmirdi.
Rəfiqələri ona deyirdilər ki, bu cazibə ilə istənilən oğlanı ələ almaq olar, lap gündə birini. İrina isə düşünürdü ki, ona gündə biri lazım deyil, ona biri-təkrarolunmazı lazımdır, o da bir gün gələcək.
Məktəbi qurtarandan sonra İrina birbaşa Moskvaya, Kinematoqrafiya İnstitutuna sənəd verməyə yollandı.
İlk vaxtlar nə paytaxt həyatına alışa bilirdi, nə də seçdiyi peşəyə. Birinci kursu başa vuranda hətta kurs rəhbəri Dudun ona dedi ki, yaxşı qızsan, amma nə qədər gec deyil özünə başqa sənət tap, səndən aktrisa olmaz. Müəllimi ona görə bu qənaətə gəlmişdi ki, İrina etüd göstərə bilmirdi, məsələn məhəbbət səhnəsini etüdlə verə bilmirdi, çünki onu həyatda yaşamamışdı.
Daşa ilə başlanan karyera
Amma o, istedadlı idi. Müəllimini qınayırdı ki, tez bir zamanda qərar çıxartmaqla yanlışlığa yol verib. İnstitutu bitirəndə eyni vaxtda Moskvanın bir neçə teatrı onu işə dəvət etdi. Həmin vaxt İrina Alfyorovaya xoşbəxt bilet nəsib oldu – “Əzablı yollarla” bədii televiziya filmində onu Daşa roluna dəvət etdilər. Filmin rejissoru V.Ordınski onunla şərt kəsdi ki, çəkildiyi müddətdə paralel olaraq heç bir yerdə işləməyəcək. Beş il müddətində İrina yalnız Daşa olaraq yaşadı, onun həyatını oynadı.
Yalnız filmdən sonra Moskvanın “Lenkom” teatrının dəvətini qəbul etdi. Teatra ilk gəldiyi gün Alfyorovanın yaddaşında silinməz iz buraxıb.
“Səhnədə tamaşa gedirdi. Baş rolun ifaçısı dərhal diqqətimi çəkdi. Başdan-ayağa enerji dolu olduğu elə səhnədən özünü büruzə verirdi. Mənə lazım olan hər şey onda vardı-iri əllərindən adama enerji ötürəcək qədər ehtiras, güvənc yeri, dayaq. Öz gələcək ərimə elə həmin an vurulmuşdum. Kişilərdə mənim ən çox qiymətləndirdiyim təəccübləndirmək, arzularını həyata keçirə bilmək bacarığı, arzu bəxş etmək istəyidir. Onunla birgə yaşayanda arzuların tükənməsin, hər günün yeni bir başlanğıc olsun. Saşa Abdulovla elə yaşadıq”.
Bu onun dedikləridir. Mənim şəxsi araşdırmamdan üzə nələr çıxdı, indi onları yazım. İrina Alfyorova “Lenkom”a gələndə ölkədə artıq Daşa rolu ilə populyarlaşmışdı. Bolqar biznesmen Boyka Qurovla oturub-durmağından isə bir uşaq qazanmışdı, hamilə idi.
Biznesmen necə gəlmişdisə, eləcə də qayıdıb getmişdi ölkəsinə. Aleksandr Abdulov aktrisadan da populyar idi, çəkildiyi filmlər, teatrda oynadığı rollar çoxluq təşkil edirdi. Rəfiqələrini dediyi kimi öz cazibəsindən yararlanaraq axtardığı adamı- Saşanı asanlıqla ələ aldı.
Abdulov İrinaya evlənmək təklifi edəndə İrina ona “məni park boyu qucağında gəzdir, sonra cavab verim”-deyib. Abdulov belə də edib. Park boyu atmacalara əhəmiyyət vermədən onu qucağında gəzdirib. İrina həmin an dünyanın ən xoşbəxt qadını idi.
Evləniblər, sonra İrinanın qızı dünyaya gəlib. Uzun müddət heç kim bilməyib ki, qız əslində Aleksandrdan deyil, çünki onlar bunu gizlədiblər. Balaca Ksenya isə onu həqiqətən özünə ata bilib.
Bir müddət yataqxanada yaşayıblar. Sonra Y. Leonovun köməkliyi ilə onlara ev verilib.
Bir otaqlı mənzildə xoşbəxt yaşayıblar. Tezliklə hər ikisi daha da məşhurlaşıb. Birgə çəkildikləri “Sevdiklərinizdən ayrılmayın” filmi isə şöhrətlərini bir az da artırıb. İrina ilə Saşa Sovet kinosunun ən sevimli cütlüyü sayılırdı.
Teatrda isə əsasən Abdulov parlayırdı, bütün baş rollar onda idi. İrinaya isə öz ərinin kölgəsində kiçik rollar verilirdi. Aktrisanın şansı yox idi.
Kinoda İrinanın ikinci böyük rolu “ Dartanyan və üç muşketyor”da Konstansiya oldu. Rejissor Q. Xilkeviç bu rola Yevqeniya Simyonovanı çəkmək istəyirdi. Ancaq rəhbərlik Alfyorovanın çəkilməsini istədi. Səsləndirmə isə məşhur Anastasiya Vertinskaya həyata keçirdi. Rejissor demişdi ki, İrina sırf slavyan ləhcəsində danışır, kobud səs tembri var, fransız qadınının səsi elə olmur.
Film böyük populyarlıq qazandı. Ardınca “Sevdiklərinizdən ayrılmayın”dan sonra “Vasili Buslayev”, “Gecə əyləncələri” filmləri gəldi. İrinanın kinoda populyarlığı artdıqca tənqidçilər ona çox soyuqqanlı yanaşırdılar.
Sonra uzun bir fasilə... 90-cı illərdə yalnız Rusiya və Almaniyanın birgə çəkdiyi “Yermak” filmi İrina Alfyorovanın karyerasında uğur sayıla bilər.
Ayrılıq
1993-cü ildə məşhur, sevimli cütlüyün nikahı “çat verdi”. Boşanma ilə bağlı çoxlu şayiələr yayıldı. Abdulovun ailəsinə xəyanət etməsindən, düzgün həyat tərzi keçirməməyindən və İrinanı incitdiyi üçün ayrıldıqlarından danışılırdı. İrinanın isə hələ Saşa ilə evli ikən sonradan ərə getdiyi Sergey Martınovla sevişdiyi deyilirdi. Bəziləri isə onun müğənni Aleksandr Serovla “roman”ı olduğundan bəhs edirdilər.
Ayrılandan sonra İrina Bolqariyaya qızının əsl atasının yanına getdi. İki il birlikdə yaşadılar, amma vətəndən uzaqda qala bilməyən İrina yenidən Moskvaya qayıtdı. Sonralar aktyor Sergey Martınovla evləndi.
Aleksandr evi İrinaya və qızına verib çıxdı. Səhhətində yaranan problemlər ucbatından ağır əməliyyat keçirən aktyor şəhər kənarında dostlarının köməkliyi ilə ev tikdirdi. Anası və vətəndaş nikahı ilə evləndiyi keçmiş balerina Qalina ilə yaşayırdı. Beləcə 8 il keçdi. Ancaq Qalina ilə də ayrıldı. Bu ayrılığı belə izah etdi ki, münasibətlər öz zamanını “yaşadı və öldü”. Qalinaya isə sonradan Moskvada ona verilən mənzili və maşınını hədiyyə etdi.
Özü ayrılsa da Aleksandr uzun müddət ağır depressiya yaşadı. Şəxsi həyatı haqda heç vaxt danışmayan aktyor həm İrina, həm də Qalina ilə ayrılığının əsil səbəbini yalnız öz içində yaşadı və özü ilə də apardı.
Bütün bunlara rəğmən İrina ilə Saşa arasında sona qədər normal münasibətlər oldu. Bir dəfə Abdulov müsahibəsində demişdi ki, nə olur olsun, həyatında olan bütün qadınlardan daha çox İrinanı sevib və sevir.
Uzun fasilədən sonra İrina 2000-ci ildə “İtirilmiş cənnət” filminə çəkildi.
Yenə “Lenkom”da işləyir. Hələ də sübut etməyə çalışır ki, o, yalnız cazibədar qadın deyil, həm də istedadlı teatr aktrisasıdır.
2002-ci ildə İrina Alfyorova ilə Aleksandr Abdulov birlikdə “Lenkom” teatrının səhnəsində tərəf müqabili oldular. Bir kamera tamaşasında onların ifası yenə tamaşaçıları bir araya gətirdi. Tamaşanın sonunda qucaqlaşıb ağlayan cütlüyün ayrılıqdan çox pis olduqlarını tamaşaçılar hiss etdi və onlarla birgə göz yaşları axıtdılar.
2008-ci ildə Abdulov bağ evindəki mənzilində xərçəngdən dünyasını dəyişdi. Bir sirri o, özü ilə apardı. Həmin sirr bu gün bəlkə də İrina Alfyorova ilə birgə yaşayır. Açılacaq, ya yox, bunu da yalnız o bilir- İrina Alfyorova. Əslində kim kimə və nə üçün xəyanət etmişdi ki, bu da onların ayrılığına səbəb oldu?!
Onların qızı Ksenya Abdulova Moskva Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir neçə il hüquqşünas işləyib, gənc və populyar aktrisadır.
Ramilə QURBANLI
Eyni layihədən:
Yoqanın məhv elədiyi məşhur aktyor
Stalinin aktyor etdiyi Morqunov