Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir?- Reportaj

Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir?- Reportaj
19 iyul 2024
# 14:20

Kulis.az Həmid Piriyevin Azərbaycan Kinematoqrafçılar İttifaqından "müsahibəvari reportaj"ını təqdim edir.

Kulisdə işləməyimin bir ayı tamam olacaq bir neçə günə. Hələ reportaj yazmamışam. Yazım, bəlkə?

Yaxşı fikirdir.

Hardan yazım?

Gərək əvvəlcə bildiyim yerlərdən yazım.

Qoy elə birinci reportajım da olsun Azərbaycan Kinematoqrafçılar İttifaqından.

Əli İsa müəllimə zəng elədim, dedi, sabah gəl.

Əli İsa Cabbarov Kinematoqrafçılar İttifaqının katibidir. Onunla çoxdan tanışıq. 2016-cı ildə “Bağışlayın, Rənanı tanımırsınız?” hekayəm çap olunandan. O vaxtdan intensiv əlaqə saxlayırıq.

Vədələşdiyimiz vaxt fotoqrafla bir yerdə İttifaqa gedirik.

Pilləkanları çıxıb dəhlizə girən kimi açıq qapıdan İlqarı görürəm. İlqar redaktordur, aki.az saytı və İttifaqın sosial şəbəkə hesabları ona baxır.

İlqar eynəyini taxıb yazı yazır.

- İğaaar, - çağırıram.

(Rasim Qaracanın “On bir gecə. Qarabağ dekameronu” romanında personajlardan birinin adı İlqardı. Qonşularındakı qüsurlu kişi onu “İğar” çağırır. Mən də onun kimi deyirəm.)

Məni görüb gülümsəyir.

- Ay can, ürək.

Otağa girirəm. Əli İsa müəllimdi, İlqardı, Ülviyyədi. Ülviyyə Əhmədova film nümayişlərinin prodüseri və ssenari müsabiqələrinin təşkilatçısıdır.

Görüşürük. Əli İsa müəllimlə üzbəüz otururam. Yenə onun stolunun üstündəki sitat gözümə sataşır:

“Soruşma ki, Kino İttifaq səninçün nə edib. Soruş ki, sən Kino İttifaq üçün nə etmisən? Sergey Eyzenşteyn”

Eyzenşteyn belə söz deməyib, əlbəttə. Amma dəqiq deyə bilmərəm. Bəlkə də, Potyomkin zirehlisinin üstündə bu sloqan yazılmışdı?!

Ordan-burdan danışmağa başlayırıq. İlqar yavaşca durub aradan çıxır.

Düşürəm onun dalınca. O qabaqda, mən dalda gedirik montaj otağına. Kinodan hissə kəsməlidi paylaşmaq üçün.

İclas otağında kimi görsəm yaxşıdı? “Actors agency” aktyor agentliyinin təsisçisi və rəhbəri, kastinq meneceri Səbuhi Məmmədovu. Oturub kitab oxuyur. Ayaqüstü hal-əhval tuturuq, iki daşın arasında müsahibə üçün vədələşirik. Vədələşirik deyəndə ki, müsahibə verməyə razılaşır, qalır vaxtı təyin edib görüşmək.

İlqarı bir az güdəndən sonra qayıdıram Əli İsa müəllimin yanına.

Əli İsa müəllimlə Ülviyyə nazirliyə göndərmək üçün məktub hazırlayır.

- Afaq hanı? – soruşuram.

Afaq Yusifli ssenari kurslarını təşkil edir. Mən də 2020-ci ildə İttifaqın təşkil etdiyi “Qəlbdən-qələmə” ssenari kursunda iştirak etmişdim.

- Afaq Bosniya və Hersoqovinanın paytaxtı Sarayevodadı, vörkşopa qatılıb.

- Sən nəylə məşğulsan? - Ülviyyədən soruşuram.

- Bilirsən də, “Arxa cəbhənin insanları” ssenari müsabiqəsi elan etmişdik. Qısa siyahını açıqlamışıq. Qaliblər avqustun 2-si elan olunacaq. Ona hazırlaşırıq. Bir də ki, bölgələrdə film nümayişlərini davam etdiririk. “Şirvanda kino günləri” layihəsi başa çatdı. Ordakı partnyorumuz İntiqam Hacılı idi. İndi də Şəkidə keçirtmək istəyirik. Bir də ki, film nümayişlərimiz davam edir, onlarla məşğulam.

- Yorulmayasan, - deyirəm. Üzümü çevirirəm hadisələrin əsas iştirakçısına. – Əli İsa müəllim, İttifaqın fəaliyyəti ilə bağlı məlumat verin də bir az.

- Ülviyyə dedi, ssenari müsabiqəmiz qurtardı, yeni açdığımız kinoyazar saytının fəaliyyəti davam edir, Kinorejissuranın dramaturgiyası kursu gedir Oleq müəllimin rəhbərliyi ilə, ondan başqa, İntensiv rejissor kursları bitib, Rövşən İsaxla tələbələr film çəkib, o filmin təqdimatı olacaq, ssenaristlər üçün dərsliklər hazırlanır, Aleksandr Çervinskinin ssenaristlər üçün kitabını tərcümə etdirmişik, onu çapa hazırlayırıq, Oleq müəllim özü ssenaristlər üçün dərslik hazırlayıb.

Əli İsa müəllim Oleq müəllimin hazırladığı dərsliyin faylını verir baxım. Onu vərəqlədiyim vaxt Oleq Səfərəliyev özü də gəlir. Onun faylına baxdığımı görüb deyir:

- Burda təməl qaydaları yığmışam. Qaydasız alınmır. Kim ki deyir mən özümdən yazıram, səhv edir. Əvvəl çərçivəyə daxil olmaq lazımdır, sonra çərçivənin içində iş görmək. Bütün meydanların çərçivəsi var, o çərçivənin içində nə edirsən et.

Faylı bağlayıb qoyuram.

- Əli İsa müəllim, Müstəqil Kino Platforması bu yaxınlarda bəyanat yaydı. İttifaqın münasibəti necədir o bəyanata?

- İlkin Yusifin filminə (“Mən qəhrəman axtarıram” tammetrajlı sənədli film) yayım vərəqəsi verilmədi, ikinci dalğa ordan yarandı. Biz İlkin Yusifin filmini “Humay” mükafatına təqdim etmişik, özümüz mükafat vermişik və iki dəfə nümayiş etdirmişik. O filmi sənət dəyəri qənaətbəxş olan əsər hesab edirik. Amma dövlət orqanının da öz yanaşması var, biz ona şərh vermirik. Ümumilikdə isə, belə fəallıq bizi sevindirir, amma biz təmsil etdiyimiz təşkilat çərçivəsində fəaliyyət göstəririk. İttifaqın üzvü olub-olmamağından asılı olmayaraq, hamı ilə əməkdaşlığa hazırıq.

- Yəni müraciət olsa, dəstəkləyirsiniz.

- Müraciət olmayanda belə, biz özümüz çağırırıq. Bizdə ümumiyyətlə, üzvlərə üstünlük vermək siyasəti yoxdur, biz o üzvlük məsələsini unutmuşuq. Nə mükafat verəndə, film nümayiş edəndə, nə Şəkiyə istirahətə göndərəndə, nə də festival səfərlərini maliyyələşdirəndə - hər birində bizə üzv olmayanlar daha çox dəstək alır.

- Bəs Müstəqil Kino Platformasının bu bəyanatının vəziyyəti yaxşılaşdıracağına inanırsınız?

Reportajın getdikcə müsahibə havasına büründüyünü bilirəm, amma olsun da, söhbətdi edirik.

- Azərbaycanda müstəqil kino sektoru daha çox kommersiya kinoları çəkir, dövlətdən asılı olmayan kommersiya strukturlarından maliyyə alırlar və yaxud az büdcə ilə sosial dramlar çəkirlər. Tutaq ki, Emil Quliyev İctimai TV ilə əməkdaşlığa qədər müstəqil kino formatında idi, “Pərdə” trilogiyası, prokata çıxırdı. Belə deyək, müxtəlif maliyyə mənbələri olsa, müstəqil kino sektoru inkişaf edər. Maliyyə mənbələri də ona görə yoxdur ki, birincisi, iş adamları qorxurlar pul verməyə, qorxurlar ki, bu yoxlamalara səbəb olar. Mən bunu kinoforumda çıxışımda da dedim, İqtisadiyyat Nazirliyindən birmənalı siqnal almalıdırlar ki, kinoya dəstək verən iş adamlarına müsbət yanaşırıq. Məsələn, kinoteatrlara investisiya qoyulub, son on ildə on milyonlarla pul xərcləyiblər və bu məbləğ getdikcə artır. Amma istehsalatı maliyyələşdirməyə bir az qorxurlar. Müstəqil kino prodüserlərinin az olması da məsələyə mənfi təsir edir. Qırğıstanda, Gürcüstanda prodüserlər daha uğurludur, çünki onlar Avropayla işbirliyi qururlar, fondlara müraciət edib qrant alırlar. Bizdə də yavaş-yavaş bu sahədə addımlar atılır. Müxtəlif xarici festivallarda iştirak edib xırda məbləğlər udurlar. Biz özümüz də az büdcəli filmlərə maliyyə ayırırıq, həmişə də ayıracağıq. Ümumiyyətlə, istəyirik ki, mikromaliyyələşmə əsas fəaliyyətlərimizdən biri olsun. Kino agentliyi layihələrin post-prodakşınına pul ayırdı e, onlardan üçünə dava əvvəl biz pul ayırmışdıq. Bu həm də layihə seçimlərimizi düzgün etdiyimizin göstəricisidir. Müstəqil kinomuzun inkişaf etməsi üçün güclü xarizmatik müstəqil prodüserlər lazımdır. Emil Nəcəf yeni nəsil prodüserlərdəndir və onun uğuruna inanıram... Mənim təcrübəm göstərir ki, sən əgər Lenin və ya Atatürk deyilsənsə, sistem islahatlarında yox, konkret layihələrdə fokuslanmalısan. Biz də konkret layihələri dəstəkləyirik.

- Xarici festivallara gedən filmləri siz göndərirsiniz?

- Yox, rejissorlar özləri müsabiqəyə düşür, biz isə səfər xərclərini ödəyirik.

Mətbəxdə işləyən qadın gəlir, çay istəyib-istəmədiyimizi soruşur. İlqar deyir ki, Həmid keçən dəfə gələndə çayının yarısını içməmişdi. Onu qızdır gətir.

- Yaxın vaxtlarda yenə ssenari kursu olacaq?

- Olsa da, sentyabrdan tez olmayacaq, - Əli İsa müəllim deyir. – Bizim əsas “Kinosəyyah” proqramımız var. Nazirliyə ilkin müraciətimiz müsbət qarşılanmadı. Amma ümidliyik. “Kinosəyyah” proqramı sırf festivallara, işgüzar səfərlərə getmək üçün rejissorlara dəstək proqramıdır. İllik maliyyə ayrılır, rejissorlar dəvət alanda bizə müraciət edirlər, İttifaqın aidiyyatı şöbəsi araşdırır və qərar verir ki, maliyyə ayrılsın, ya yox. Bir var ki, bizdə imkan olanda maliyyələşdirək, bir də var, daimi büdcə olsun. O olsa yaxşıdır. Mənim mövqeyim belədir ki, Azərbaycan bütün nüfuzlu film festivallarında iştirak etməlidir. Müsabiqədə filmimiz olmasa belə. Prodüsseri, kinoşünası göndərməliyik iştirak etsin. Mütləq o platformalarda iştirak etməliyik. Kann, Venesiya ... – hamısında Azərbaycan deleqasiyası olmalıdır. Getsinlər, filmlərə baxsınlar, əlaqələr qursunlar. Sabah bir erməni çıxıb bizi ittiham edəndə, yerində cavabını verməlidirlər.

- Həftənin ikinci günləri pulsuz nümayişlər keçirirsiniz.

- Biz onu niyə edirik? Bunu Rüstəm İbrahimbəyov da deyib ki, zövqlü tamaşaçı kütləsinin sayı artmalıdı. Sabah yaxşı filmlər çəkilə bilər, amma tamaşaçı olmaz. Biz tamaşaçı formalaşdırırıq ki, sonra yaxşı filmləri qəbul edən tamaşaçı kütləsi olsun. Bizim baxışlara elə adamlara gəlir ki, filmə ilk dəfə zalda baxırlar. Görürlər ki, filmdən sonra əl çalırlar, müzakirə edirlər. Müzakirə mədəniyyəti də artır. Bu çox vacibdir. İndi çalışırıq coğrafiyanı genişləndirək. Cənubda kino günləri olmuşdu, Şirvanda oldu, indi çalışırıq Şəkidə olsun. Bizim adımız Azərbaycan Kinematoqrafçıları İttifaqıdır, Bakı Kinematoqrafçılar İttifaqı deyil ki. Çalışırıq regionlarda nümayəndəliklərimiz olsun, ən azı nümayəndəmiz olsun, kurslar təşkil edilsin, kinolar çəkilsin. Ümumiyyətlə, bu dövlət siyasəti olmalıdır. Qadınlarla bağlı layihələrimiz də var. Qadın ssenaristlər üçün kurs keçirtdik, qadınlara həsr olunmuş ssenari müsabiqəmiz oldu. Kinematoqrafçı qadınların təşəbbüslərini dəstəkləyirik. Qadın prodüserlərimiz çox olmalıdır. Berqmanın da prodüseri qadın olub, Trierin də, Skorsezenin də. Qadınlar kino prodüseri kimi çox effektli olurlar.

- Nəşrləriniz də var.

- Kino sahəsində dərs vəsaitləri çox azdır. Bu sahədə çalışırıq nəsə edək. Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabını çap etdirdik, bayaq hazırladığımız kitabları dedim. “Fokus” jurnalımız var. “Rakurs” bülleteni hazırlayırıq. O bülletendə il ərzində Azərbaycanda kinoya aid baş verən hadisələr toplanır. Sonra, Nəriman Əbdürrəhmanlının tərtib etdiyi dörd cildlik “Azərbaycan kino tarixi” salnaməsini çap etdirmişdik. İndi istəyirik onu bir cilddə hazırlayaq, ingiliscəyə də tərcümə etdirək. Kitab rəflərində Azərbaycan kinosu mövzulu kitablar, dərgilər artmalıdır. Mənim kinoya gəlməyimin səbəbi “Искусство кино” jurnalı olub. Kitabxanaya gedirdim, gördüm belə bir jurnal var, sonra gördüm belə bir dünya var… Artıq bizim nəşrlərə istinad edirlər. Nadir Bədəlovun kitabı böyük maraqla qarşılandı, dörd cildlik müəllimlər üçün əsl dərs vəsaitidir… Amma bizim iki əsas işimiz var: birincisi, iş adamları – potensial sərmayədarlarla kino adamlarını tanış etməkdir. İş adamlarının çoxusu bilmir ki, Azərbaycanda kino çəkilir. Onlar söhbət etməlidirlər, bir-birini tanımalıdırlar. İkincisi də, Azərbaycan kinosunu Azərbaycan ədəbiyyatı ilə tanış etmək lazımdır. Rejissorlar az kitab oxuyur. Bizim kinomuzun zəifləməyinin əsas səbəblərindən biri kinematoqrafçıların ədəbiyyatdan uzaq düşməyidir. Sovet vaxtı çəkilən ən yaxşı filmlər ədəbi əsərlər əsasında çəkilmişdi. Bütün əlaqələr itib. Rejissorlardan soruşsan, üç cavan bəstəkarımızın adını deyə bilıməyəcək. Desələr də, tanış deyillər. Tanışdılarsa da, əsərlərinə qulaq asmayıblar. Bu əlaqələri bərpa etmək lazımdır. Rəhmətlik Çingiz Rəsulzadə deyirdi ki, Azərbaycan kinosunu müzikllar xilas edəcək…

- Oleq müəllim, - deyirəm, - siz də razısınız bu fikirlə?

- Çox düz fikirdir. – Oleq müəllim deyir. – Biz indi tamaşaçıları kinoteatrlara qaytarmalıyıq. Yalnız komediyalarla yox, musiqili filmlər, musiqili komediyalar çox perspektivli istiqamətdir. Yenə və yenə işləmək lazımdır, layihə hazırlayıb təklif etmək lazımdır…

Söhbətimi Oleq Səfərəliyevlə davam etdirirəm:

- Neçə ildir İttifaqın nəzdində Kino məktəbi fəaliyyət göstərir:

- 2019-cu ildən. Ondan qabaq 2006-8-ci illərdə bir buraxılış olmuşdu. O pilot layihə kimi idi. 2019-cu ildə yenidən açıldı, indi ikinci buraxılış imtahan ərəfəsindədir.

- Sizin müdavimlərdən bu gün fəaliyyət göstərən kimlər var?

- Cavid Təvəkkül, Qorqud Cəfər, Zaur Şəfiyev, Tural Əhməd, Pünhan Həsənli, Murad Muradov 2008 məzunlarımız idi. Bərpa olunandan sonra birinci buraxılışdan da çox məşhur adlar var. Türkan Hüseyn, Nicat Dadaşov, İsmayıl İman, Elnur Paşa… Hamısı işləyir. Müxtəlif müsabiqələrdə yer tuturlar. Ülviyə Heydərova da var… Demək lazımdır ki, Mədəniyyət Universiteti peşəkar kino mütəxəssisi hazırlamaq gücündə deyil. Ən zəif yerimiz dramaturgiyadır. Dramaturgiya sahəsində həm əsas dərsliklərin tərcüməsinə ehtiyacımız var, həm də peşəkar müəllimlər olmalıdır. Bu sahədə ən məşhur dərslik Siqfildin kitabıdır. Rus dilində var, türk dilində var, monqol dilində var, Azərbaycan dilində yoxdur. Dərslikləri tərcümə etmək lazımdır. Bu o demək deyil ki, onları oxuyan hamı peşəkar olacaq, amma kitabı açanda görəcəksiniz ki, hər kitabın axırında iki yüz, üç yüz filmin siyahısı var... Avropada və Amerikada kino sənayedir, pul qoyub pul götürürlər. Təcrübə nəticəsində qayda-qanunları da tapırlar və sonradan işlərində istifadə edirlər. Ən maraqlısı da odur ki, yeni heç nə yoxdur. Hər şey əsrlər boyu yoxlanılıb. Dramaturgiyanın əsas qanunları Aristotelin “Poetika”sında əksini tapıb. 2300 ildir heç nə dəyişməyib. Nə üçün mən kursun adını Rejissoruluğun dramaturgiyası qoymuşam? Dramaturgiya zövqü, biliyi rejissorda yoxdursa, o yaxşı ssenarini zəif ssenaridən ayıra bilməyəcək. Hətta böyük dramaturqların da zəif əsəri ola bilər. Onu gərək yoxlayasan, biləsən.

- Bəs cavanların ən böyük problemi nədir sizcə?

- Kitab oxumurlar, roman qəhrəmanlarını başa düşə bilmirlər. “Səfillər”in, “Anna Karenina”nın, “Qırmızı və qara”nın nə üçün böyük roman olduğunu bilmirlər. Çünki orda çox möhtəşəm dramaturji qurum var. Onu görmək, bilmək və istifadə etmək lazımdır. Mən dramaturgiyanı öyrətməkdənsə, ədəbiyyatı öyrədirəm...

Söhbəti yekunlaşdırırıq.

Hər şeyə dörə təşəkkür edirəm. Çıxanda Əli İsa müəllim deyir:

- Arada gəl-get a.

Dalınca İlqar deyir:

- Əliboş gəlmə nəbadə.

# 2125 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #