Aktrisa: “Saçımın bir telinə belə toxunmağa qoymadılar” SÖHBƏT
24 sentyabr 2012
11:01
Xalidə Quliyeva çox yaxşı aktrisadır, hər rolda təbiidir, həyatda olduğu kimi. Onun “Nəsimi”dəki Fatiməsi , “Tütək səsi”ndəki Millisi sırf Azərbaycan qızlarının obrazıdır, özünün xarakteridir. Hər iki obrazda Xalidə xanımın özü var. Bu gün onun 60 yaşı tamam olur. Azərbaycan kino aktrisasının 60 yaşının dönəmində birlikdə həyat və sənət yoluna nəzər saldıq. Görəsən birbaşa 60-dan başlasaq Xalidə xanımı bu yaşın xofu qorxutmaz ki ? – Yox - dedi, çünki heç özümü 60 yaşda hiss etmirəm, heç kim də mənə bu yaşı vermir.
“Anam da uşaqlığım da NZS-də qaldı”
Anam Bakıdandır, atam Şuşadan, Bakıda NZS deyilən qəsəbədə yaşayırdıq, orda da orta məktəbə getmişəm. Ətrafımız hamısı rus idi, onların içində böyümüşəm. 11 yaşıma qədər orda yaşamışam. Hər yay atam bizi Şuşaya aparırdı. Babam Məşədi Rəhim Şuşada tanınmış adam olub. İsa bulağında, Daşaltında, Cıdır düzündə keçib yay tətillərim. Atam Neftayırma zavodunda işləyirdi, anam evdar qadın. Ailədə altı uşaq idik, dörd bacı, iki qardaş. Hərəsi indi bir sənətin sahibidir, incəsənətdə bir mənəm. Hamısının həvəsi var idi, amma o dövrdə bu sənətə gəlmək asan deyildi. Uşaqlıqdan fəal idim. Birinci sinifdən gimnastikaya gedirdim, məktəbdə fəaliyyət göstərən bütün dərnəklərə gedirdim. Anam bu işlərimlə fəxr edirdi, bu da mənə dəstək olurdu. Hər bazar məhəllə qadınları yığışıb hamama gedərdi, anam məni də özü ilə aparardı, həmişə də qadınlara mənim yaxşı oxumağımdan. Rəqs etməyimdən danışardı. Dərslərimdən beş alırdım, hər dəfə də anama o beşi göstərmək üçün evə qaçaraq gəlirdim. Evimizin divarları mənim aldığım fəxri diplomlarla, mükafatlarla dolu idi. Anama çox bağlı idim, onu hədsiz sevirdim. Hara gedirdi onunla gedirdim, ayrı qala bilmirdim. Mən dördüncü sinfə keçəndə biz 8-ci km qəsəbəsindən atama ev verdilər. Anam bu günü çox gözləyirdi, o qədər təzə ev əşyaları almışdı ki, hamısını yeni ev üçün saxlamışdı. Anam çox təmizkar idi, köhnə evimizdə artıq darısqallıq olduğu üçün sığışmırdıq. Biz beş uşaq idik, anam altıncıya hamilə idi. Uşaq dünyaya gələndə biz anamı itirdik. Altı körpə uşaq qaldıq anasız. Təzə doğulanı körpələr evinə verdilər. Həmin ay yeni evə anasız köçdük, uşaqlığım da, anam da o köhnə evdə qaldı. Sonralar bacımı körpələr evindən çox çətinliklə tapdım, artıq yeddi yaşı vardı.
10-cu sinifdə məktəbimizdə dram dərnəyi açıldı, mən də yazıldım. Dramın rəhbəri Hacıağa müəllim özü yazdığı pyesdə baş rolu oynadım. Tamaşanı təhvil verəndən sonra rus dili müəlliməmiz məni çağırıb dedi ki, sən aktrisa olmalısan. Elə bil bu söz mənim həyat yolumu müəyyən elədi, çünki özüm də hiss etdim ki, mənim istədiyim budur. Hələ 8-ci sinifdə oxuyanda Məmmədkamal Kazımovun dram dərnəyinə gedirdim. Orda da çox rollar oynamışdım. Sonralar Lütfi Məmmədbəyovun dərnəyinə gedəndə orda həyat yoldaşım Eldənizlə tanış oldum, artıq 17 yaşım vardı. “Qanlı toy” tamaşasında o bəyi, mən gəlini oynayırdıq.
“Həsən Seyidbəyli saçımın bir telinə belə toxunmağa qoymadı”
Həmin il atam rəhmətə getdi. Eldəniz İncəsənət İnstitutunda ikinci kursda oxuyanda mən ora qəbul olundum. Kurs rəhbərim Adil İsgəndərov oldu. Müəlliməmiz Elmira Şabanova idi. İnstituta qəbul olan il ardıcıl filmlərə dəvət olundum. Hələ kinonun nə olduğun anlamadan kinoya çəkilirdim. Adil müəllim də çəkilməyimizə razı deyildi, amma mənim çəkildiyim ilk filmə baxandan sonra demişdi ki, bu aktrisadır, buna çəkilmək olar. “Flaminqo-qızıl qaz” filmində məni Həsən Seyidbəyli görüb demişdi ki, bu qızı çağırın yanıma. Kino İttifaqının sədri idi, getdim yanına. Bəstəboy, gülərüz bir adam idi. Mənə İsa Hüseynovun “Nəsimi” ssenarisini verdi. Getdim evə, işlərimiz tez görüb başladım ssenarini oxumağa. Səhərə kimi oxuyub qurtardım, çox təsirləndim. Heç cür Nəsiminin taleyi ilə barışa bilmirdim. Səhər gəldim Həsən müəllimin yanına, soruşdu ki, hə, hansı rol xoşuna gəldi. Dedim Fatimə, dedi elə o rol sənindir. Sən onu oynayacaqsan. Altı ay kino ittifaqda məşq etdik. Hər məşqdə də obrazı yaşayırdım, çünki atam təzə rəhmətə getmişdi, hisslərim təbii idi. Uzun hörüklərim vardı, filmə çəkiləndə dedilər ki, saçları kəsilməlidir, çox qorxdum. Həsən müəllim hiss etdi ki, səsimi çıxartmasam da saçımı itirmək istəmirəm, dedi toxunmayın saçının bir telinə də. Saçlarımı bir-neçə hörük hörüb doladılar başıma, üstündən parik qoydular. Bu filmlə də kino yaradıcılığımda yaşıl işıq yandı, ardıcıl çəkildim. Ondan sonra Rasim Ocaqov “Tütək səsi”ndə Milli roluna çəkdi məni. Kino sarıdan bəxtim gətirib, çox gözəl rejissorlarla işləmişəm. Həsən müəllim mənim üçün “Xoşbəxtlik qayğıları” filmində xüsusi rol yazdı, adı da elə Xalidə idi. Ən çox sevdiyim rol “Tütək səsi”ndə Millidir, çünki o film daha milli filmdir, ruhən də mənə yaxındır. Milliyə də Fatiməyə olduğu kimi “proba”sız çəkilmişəm. Rasim İsmayılovun bir-neçə filminə çəkilmişəm, onunla da işləmək xoş idi.
“Toyumuzda Rüstəm İbrahimbəyov masabəyi oldu”
1984-cü ildə Hüseyn Mehdiyevin “Dədə palıd” filminə çəkildim. Artıq Eldənizlə evlənmişdik. Neçə illərin dostu idik, heç bir dəbdəbəli evlilik təklifi-filan olmadı, sadəcə qərar verdik ki, evlənək. Toyumuzun masabəyisi Rüstəm İbrahimbəyov idi, bütün kino sənətkarları orda idilər, Rasim Balayev Nəsimidən şeirlər deyirdi. İlkimiz qızım dünyaya gələndən sonra da kinoya çəkilirdim. 1985-ci ildə oğlum dünyaya gəldi, ondan sonra uzun müddət uşaqlara baxmaq üçün evdə oturdum. Həm də elə bir dövr gəlib çıxmışdı ki, kino da çox az çəkilirdi. Vaqif Mustafayev, Oqtay Mirqasımov çəkirdi, onların da öz aktyor ansamblı vardı.
Uşaqlar böyüdülər, bir də ilk filmə 2007-ci ildə çəkildim, “Kuklalar” filminə. Ardınca Elxan Cəfərovun Qarabağla bağlı filmində ana obrazına çəkildim. Son çəkildiyim film İran filmi olub. Orda da ana obrazı idi. Dəvət etdilər, getdim dedilər ki, çox aktrisalar sınağa çağırılıb İranlı rejissor heç kimi bəyənməyib. Rejissor məni görən kimi gülümsədi. Çox fotosessiya elədilər. Keçdim sınaqdan. Film Bakıda çəkildi. Bir həftə Tehranda çəkiliş oldu. Çox gözəl kinopavilyonları var, Bakı boydadır. “İtkin pay” adlı film idi, Zeynəb ananı oynadım. Burda da təqdimatı oldu, dünyanın hər yerində də nümayiş olunub. Rejissor deyir ki, səni İranda hamı tanıyır. Orda aktyor tez məşhurlaşır. Prokatları güclüdür, ona görə Həmin rejissor Həsənağa Nəcəfov daha bir filmə çəkdi mən - “Səkkizinci göy” filminə. Bu film Məşhəddə çəkilib, ay yarım orda çəkilişlər oldu. Bu yaxınlarda xəbər verdilər ki, filmin ardı yazılır, yenə çəkiləcəyik. Son vaxtlar Elxan Cəfərovun “Əlavə təsir” filminə çəkilmişəm. Elxan da çox yaxşı rejissordur, fədakarcasına işləyir, özünü sevməyən adamdır. Bu onun sənətə olan münasibətini göstərir.
Şükür Allaha sənətdə də az-çox nə isə demişəm, ailəm də var, birini o birinə qurban etməli olmamışam. Artıq nəvələrim var, nənəyəm. İnsan hər gün özünə sual verməlidir ki, necə yaşadım, nə elədim. İtirdiklərimə də şükür, qazandıqlarıma da. İtirdiyim elə bir şey yoxdur, zamandan başqa. 15 il kino çəkilmədi, sənət kimi kino sıfırdan başlamalı oldu. Mən bir fərdəm, həm də vətəndaşam, Qarabağımız üçün heyfslənirəm. Ən böyük arzun torpaqlarımızın qaytarılmasıdır. Məhəmməd Peyğəmbər deyir ki, nə itirdiklərinə heyfslənmə, nə də qazandıqlarına sevinmə. 60 yaşıma ailəmi aparıram, ocağımı aparıram. Adam qocalanda üşüyür axı, ocağa çox böyük ehtiyac olur. Şükür xatirələr də boldur. İstərdim bu gündən sonra daha çox filmlər çəkilsin. İki İran filmində baş rolda çəkildim. İstərdim bizdə də qadın, ana obrazları çox olsun, buna ehtiyac var. Xalqın tarixi iki şeylə yazılır, bir qan, bir də kino lenti ilə. Kino böyük təsir, təbliğ gücünə malikdir. Azərbaycan kinosunun çox müqəddəs məqamı var – mənəviyyat. Azərbaycan kinosu mənəviyyat kinosudur onu itirməyək.
Ramilə QURBANLI

2018 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024