Aktrisa Xalidə Şərifova: “Baş rejissor məni qaçırtdı”

Aktrisa Xalidə Şərifova: “Baş rejissor məni qaçırtdı”
19 sentyabr 2012
# 04:00
Onu lap çoxdan, uşaq olanda Lənkəran Teatrının televiziya ilə nümayiş olunan tamaşasında görmüşəm. Bəlkə də kiməsə təəccüblü görünəcək, amma bu aktrisa o vaxtdan yaddaşımda ilişib qalıb. İlk dəfə “Ölülər” tamaşasında gördüyüm balaca, incə Nazlını sonralar gözüm çox axtardı. Bir ara Milli Dram Teatrına gəlib-gedən gördüm, amma çox az gözə dəydi.
Bu yaxınlarda isə gördüm ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Əsl “Gərdişi-dövran” qonağı idi, ona görə də aktrisa Xalidə Şərifovanı layihəyə dəvət etdim.


Uşaq ikən

Sumqayıtda doğulmuşam, burada böyümüşəm, orta məktəbi də Sumqayıt məktəbində bitirmişəm. Atam rabitə sahəsində rəis işləyirdi, anam evdar qadın idi. Ailədə dörd bacı, bir qardaş olmuşuq. Bacılarımdan musiqi təhsili alan vardı, amma mənim kimi incəsənətə meylli olan yox idi. Orta məktəbdə məndən başqa dərs soruşmazdılar, ancaq şeir dedirdib qiymət yazırdılar. Bir dəfə özfəaliyyət dərnəyinin rəhbəri yaxşı səsi olanları dərnəyə cəlb etmək üçün məktəbimizə gəlmişdi, məni də oxutdurdular. Səsimi bəyəndi. O vaxtdan dərnəyə gedib-gəlməyə başladım. Festivallarda da iştirak edirdim. Sonra bir gün şeir deməyimi dram bölməsinin rəhbəri eşitdi və məni tamaşada rol oynamağa dəvət etdi. Özü də “Ölülər”də Nazlını. Eyni tamaşada üç dəfə oynamışam, üç ayrı dövrdə. Birinci dəfə dərnəkdə, ikinci dəfə Lənkəran Dram teatrında, axırıncı dəfə isə Milli Dram Teatrında. İkisində Nazlını, üçüncü dəfə Zeynəbi oynamışam.

Orta məktəbi bitirən kimi sənədlərimi İncəsənət İnstitutuna verdim. Evdə o qədər də mane yaratmadılar mənə, valideynlərim gördülər ki, meylim də, elə istedadım da bunu diktə edir, daha heç nə demədilər. O vaxt hər üç imtahandan əla qiymət almaq hamıya qismət olmurdu. İmtahanları verib, cavabını almağa macal tapmamış götürüb qaçırtdılar məni. Həmin o adam ki, məni özfəaliyyət dərnəyində görüb dram bölümünə Nazlı obrazını oynamağa dəvət etmişdi, sonra da götürüb qaçdı. Heç 17 yaşım tamam olmamış ailə qurmalı oldum. Həmin vaxt onu Lənkəran Teatrına baş rejissor göndəriblər, o, da məni də götürüb özü ilə aparmaq üçün bu yola əl atıb.

Məni Bakıya gəlib təhsil almağa qoymadı. Ondan olsa teatrda işləməyimə də icazə verməzdi, sadəcə hiss etdi ki, o halda mən sudan çıxarılmış balığa bənzəyirəm, boğulub ölmək üzrəyəm. Teatrda işə başlayan kimi obrazlar axdı üstümə. Kimsə deyə bilər ki, təbiidir, baş rejissorun xanımı həmin teatrda aktrisadırsa, rolu çox olacaq, amma elə deyildi, mən onun özünün hazırladığı tamaşalarda çox az oynamışam. Şirin, Katerina, Olqa kimi baş rollar oynamışam o teatrda, həmçinin “Ölülər”də Nazlı. Lənkəranın o vaxtkı raykom katibi İsa Məmmədov məni bir dəfə səhnədə görmüşdü, demişdi ki, rayonun bütün tədbirlərində bu aktrisa iştirak etsin, səhnədə olsun. Ondan sonra Lənkəranda nə qədər tədbirlər, bayramlar keçirilirdisə, hamısında aparıcı mən və Qabil Quliyev olurdu.

Ayrıldım

İşləyə-işləyə həm də oxumaq uğrunda mübarizə aparırdım. Axır ki, gəlib qiyabi şöbəyə daxil oldum, başladım oxumağa. Müəllimlərim deyirdilər ki, sən gəl əyani oxu, amma əyani oxuya bilməzdim, artıq uşaqlarım vardı, onlarla da məşğul olmalı idim. Mikayıl Mirzə, Rafiq Əliyev sənət müəllimlərim idi. O vaxt sənətə münasibət tamam başqa idi. Biz sənətə sənət kimi ciddi yanaşırdıq. İndi gənclər sənətə başqa təmənna ilə gəlirlər.

Bir gün Bəhram Osmanov dəvətlə Lənkəran teatrında “Yudif” tamaşasını hazırladı. Mənə o tamaşada baş rolu vermişdi, həmin tamaşadan sonra hiss etdim ki, mən bu işlə peşəkar şəkildə məşğul olmalıyam. Bəhramın hazırlayacağı ikinci tamaşada da mən oynamalı idim, özü demişdi ki, yeni tamaşada da sənə uyğun rol var, amma həyat yoldaşım qoymadı, dedi ki, onun uşaqları var onlarla məşğul olmalıdır.

Tale belə gətirdi ailəmdən ayrıldım, oğlumu, qızımı da götürüb köçdüm Bakıya.

Baba Rzayev çox güclü rejissordur, yaxşı insandır, amma onunla taleyimiz alınmadı, ayrı-ayrı adamlardıq. Bizim taleyimiz alınmayıbsa bu o demək deyil, o, pisdir, alınmadı sadəcə. O, indi də Lənkəran teatrında çalışır. O, rayonda yaşamaq istəyirdi, mən şəhərdə. O vaxt məni aldadıb apardı ki, cəmi bir il Lənkəranda yaşayarıq, sonra qayıdarıq paytaxta. İllər keçdi gördüm bunun fikri ömürlük orda qalmaqdır. İki uşağı da götürüb çıxdım. Uşaqlarım onda çox balaca idilər, əziyyətlərim misilsiz oldu, amma atdığım addımın arxasında durdum. Həyatda gərək heç bir çətinliyin qarşısında sınmayasan, əyilməyəsən, kiməsə boyun əyməyəsən. Bunu bir dəfə etdinsə, boynun həmişə əyri qalacaq. Dözdüm, keçdim çətinlikləri. İndi Allaha şükür oğlum məni saxlayır. İkinci dəfə ailə qurmadım, onları saxlayıb böyütdüm. Peşman deyiləm.

Lənkərandan sonra bir müddət Milli Dram Teatrında işlədim. Həsənağa Turabovun vaxtında, o, məni işə götürdü. Yaxşı rollarım da oldu, çox rejissorlarla işlədim. Sonra o teatrda çox haqsızlıqlarla üzləşdim. Çox haqsızlıqlar vardı, dözə bilmədim çıxdım ordan.

Nizaminin Afaqı ola bilmədim

Kino taleyim o qədər də gətirmədi, uşaqlara təkbaşına baxdığım üçün dəvət olunduğum filmlərin çoxundan imtina etdim. O vaxt “Nizami” filmində Afaq roluna dəvət almışdım, uşaq balaca idi çəkilişlərə gedə bilmədim. Son illər, yəni onlar böyüyəndən sonra bir-iki filmə çəkildim. “Cansıxıcı əhvalat”, “Ah, bu gözəl, gözəl dünya”. Reklamlara çox çəkilirəm. Rəsmi tədbirlərdə çıxışlar edirəm. Bu sənətlə dolanmaq olmur, çox əziyyətlər çəkmişəm. İndi məni oğlum dolandırır, çətinliklərdən çıxmışam.

Qızımı köçürmüşəm, artıq nənəyəm.

İndi Gənc Tamaşaçılar Teatrında çalışıram. Əsasən uşaq tamaşalarında oynayıram.

Həyatımdan narazı deyiləm. Bu sənətə gələndə onun arxa planını bilməmişəm. Onu bilib, qəbul edib bu sənətə gələnlər üçün hər şey rahat olur. Mən bilmədən gəlmişəm, arxa planda baş verənləri görmüşəm, amma qəbul edə bilməmişəm, ona görə mənə çətin olub. Yenə narazı deyiləm, həyatdır də, hərəyə bir tale yazılıb, mənimki də belədir. Ağlayıb-sızlamağı xoşlamıram. Doğrudur, bu sənətə gələndə hansı ideyalarla gəlmişdimsə, onlar həyata keçmədi, amma narazılıq edə bilmərəm, həyatımızı müəyyən edən özümüz deyilik.

Arzusunda olduğum rol yoxdur, hər aktrisanın arzusunda olduğu obrazları mən oynamışam. Qəhrəman qadınları oynamağı xoşlayıram, Azərbaycan qadını kimi qəhrəman, sədaqətli, mərd qadın hər millətdə tapılmaz. Həm də gözəl qadındır Azərbaycan qadını. Belə bir rol olsa yenə oynayaram.

Sənətə nə qədər can atsam da uşaqlar dünyaya gələndən, onlar mənim ümidimə qalandan sonra sənət mənim üçün keçdi ikinci plana, birinci övladlarım oldu. Ömür boyu populyarlığa, məşhurluğa can atmamışam. İndiki məşhurların əksəriyyəti sənəti ilə məşhurlaşmayıb. Mənim tamaşaçım əsasən ziyalılardır, məni tanıyırlar, qiymətləndirirlər bu da bəsimdir. Tanınmış olmaq kimi iddiam yoxdur, o da bir xəstəlikdir. Sənətimi az-çox göstərmişəm. Həyatda ən böyük qazancım isə övladlarımdır, bu yolda itkim varsa da bunu itki hesab etmirəm.
# 1941 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #