"Sümükdən çılpaq qadın yonmaq? Bu ki əxlaqsızlıqdı!"

"Sümükdən çılpaq qadın yonmaq? Bu ki əxlaqsızlıqdı!"
14 may 2013
# 11:09

Kulis.Az məşhur çex yazıçısı Karel Çapekin “Adətlərin çökməsi” hekayəsini təqdim edir.

Mağaraya girişdə sakitçilikdi. Kişilər səhər tezdən nizələrini yellədə-yellədə Blansk, ya da Reytsə maral ovuna getmişdilər; qadınlarsa həmin arada meşədə mərsin yığırdılar. Ordan onların qulaqbatırıcı söyüş səsləri gəlirdi; böyük ehtimalla uşaqlar çayda çimirdilər – bu sahibsiz uşaq-muşağa kim nəzarət edəcəkdi ki!

Qoca Yaneçeksə özünü yumşaq oktyabr gününə verə-verə mürgüləyirdi; daha doğrusu, xoruldayırdı, fit səsi verirdi, əvəzində özünü elə aparırdı ki, guya yatmayıb, öz qəbiləsinin mağarasını qoruyur və ahıl başçıya xas tərzdə hakimlik edir.

Bu arada ayı dərisini yerə sərib iti uclu daşla qaşıyan Yaneçekin arvadı, qoca qarı fikrə dalmışdı:

“Bu işi səylə görmək lazımdı, qarış-qarış, yoxsa gəlin kimi yox. Bu yelbeyin qadın necə gəldi qaşıyıb uşaqlarının yanına qaçır. Belə dərinin möhkəmliyi də olmayacaq, azacıq nəm olan kimi çürüyüb cırılacaq! Amma əgər oğlum ona bir şey demirsə, mən də işə qarışan deyiləm. Of, bu gəlin heç nəyi qoruya bilmir! Aman Tanrım, dəri cırılıb ki! Özü də kürək hissədən!”

Qarı donub qaldı: “Bunu hansı bivec eləyib, görən? Dəri tamam korlanıb! Mənimki ömründə belə eləməz, mənimki həmişə boğaza düşməyə çalışır...”

- Bizimkilər hələ gəlməyib? – gözlərini ovuşduran qoca Yaneçek ufuldadı.

- Hələ hara gəlirlər? – arvadı donquldandı.

- Oh-oh-oh, - yuxudan tam ayılmamış qoca ah çəkdi. – Cəhənnəmə gəlsinlər. Bəs arvadlar hanı?

- Qarovullarını çəkirəm? – Yaneçkova acıqla dilləndi. – Allah bilir, harda veyllənirlər.

- A-aaa, - Yaneçek baba əsnədi. – Veyllənirlər. Yox, deyək ki... Həəə! Belə-belə işlər...

Yenidən ortalığa sükut çökdü, bircə Yaneçkova hirsli cidd-cəhdlə nəm dərini qaşıyırdı.

- Bax burda söyləyirəm, - çiynini qaşıyan Yaneçek dilləndi, - görərsən, bizimkilər yenə heç nə gətirməyəcəklər. Onlar bu yeni sümük nizələrlə bir şey eləyən deyillər... Oğluma dediyim divara dəyib üstümə qayıdır: deyirəm, başa düş, elə bir möhkəm sümük yoxdu ki, ondan nizə düzəltmək olsun! Bax, sən arvadlığınla bunun cəfəngiyat olduğunu anlayırsan. Məgər sümük sümüyü dələ bilər? Bu ki gün kimi aydındı! Bax, daş ucluq başqa məsələ... Əlbəttə, daşın işi çətindi, amma əvəzində əla alət alınır! Amma məgər bunu oğlumun başına yeridə bilərəm?

- Məlum məsələdi, - qoca Yaneçkova təəssüflə təsdiqlədi. – İndi heç kəsə əmr etmək olmur.

Heç mən əmr etmirəm də! – qoca qeyzləndi. – Amma heç məsləhətə də qulaq asmırlar! Elə dünən qayanın altından qəşəng bir daş tapdım. Onu azacıq yonsan, nizə üçün əla ucluq alınar. Evə gətirib oğluma göstərirəm: “Oğul, bir buna bax, nizə üçün əla daş tapmışam” – “Ay ata, onunla əlləşən kimdi?! Mağaranızda bu zir-zibildən o qədərdi ki. Heç ağacın üstündə də qalmırlar, nəyə lazımdı ki?!” Tənbəllər! – qoca birdən partladı. – İndi heç kəs tər tökmək istəmir, məsələnin məğzi budu! Ərköyün böyüyüblər! Sümükdən nizə düzəltməyə nə var ki, amma gözünü yumub-açmamış sınır! “Nolsun ki, - oğlum deyir, - təzəsiylə əvəzləyərik!” Gör hansı dövrə gəlib çıxdıq? Köhnəsi sındı – yenisiylə əvəzlə! Ay qarı, belə də iş olar?! Bizim daş uclu nizəni illərlə işlədirdin, sınmırdı! Burda deyirəm, sürünə-sürünə qayıdacaqlar daş nizələrə! Bax elə buna görə tapdığımı qoruyuram... O isə buna zir-zibil deyir!

Qoca başçı hirsindən zəncir çeynəyirdi.

- Elə mən də deyirəm, - qarı ərini kədərli fikirlərdən uzaqlaşdırmaq istədi. – Dərilərlə də həmin şeydi. “Anacan, - gəlinim söyləyir, - onları uzun-uzadı qaşımağın nə mənası var ki? Özünüzə yazığınız gəlsin, dərini küllə hazırlamağa çalışın, heç olmasa iy verməyəcək”. Məni öyrədənə bir bax! Qoca Yaneçkova sanki burda olmayan gəlininin üstünə çımxırırmış kimi bağırdı. – Nəyin necə olduğunu özüm də bilirəm! Dədə-babadan dərini qaşıyıblar, elə gözəl dərilər alınırdı ki! Əlbəttə, əgər tənbəllik eləmirsənsə... İmkan düşən kimi işdən qaçmağa çalışırlar! Elə buna görə də ağıllarına gələni eləyirlər. Dərini küllə hazırlamaq! Sən canın, gör heç sözdü?!

- Nə deyəsən ki, - qoca əsnədi. – Adət-ənənələrimizə tüpürürlər. Deyirlər, guya daş silah əl üçün rahat deyil. Bəlkə bir az həqiqət var dediklərində, amma məgər biz rahatlıq dalınca qaçırdıq?! İndikilər ağ əllərini zədələməkdən qorxurlar. Hələ bir uşaqlarına bax. “Baba, onlardan əl çəkin, qoy oynasınlar”, - gəlin deyir. Bunların axırı hara gedəcək?

- Lap ağını çıxarıblar, - qarı ərini təsdiqlədi. – Düz sözə nə deyəsən?!

- Bu da indikilərin tərbiyəsi, - Yaneçek ibrətamiz şəkildə dilləndi. – Peşmanam ağzımı açam, oğlum ağzımdan vurur: “Atacan, bilirəm sizə başa düşmək çətindi, amma indi başqa zəmanədi...” Deyir, heç daş silahlar da son söz deyil; vaxt gələcək, adamlar tamam başqa bir şey icad eləyəcək. Cəfəngiyatdır: məgər daş, ağac, ya sümükdən bərk material var?! Sən hərçənd səfeh qarısan, amma bu da... bütün sərhədləri aşır!

Yaneçkova qarı əllərini dizinin üstünə qoydu.

- Bir qulaq as, - söylədi. – Bütün bu cəfəngiyat hardan ağıllarına gəlir?

- Deyirlər, indi bu dəbdədi, - qoca dişsiz ağzıyla donquldandı. – Bir ora bax, burdan dörd günlük məsafədə sərgərdan bir qəbilə yaşayır, deyəsən, onlar beləsini eləyirlər... Bax bizim cavanlar bütün səfehlikləri onlardan öyrənib. Sümük silah və ilaxır. Hətta onlardan bu səfeh şeyləri alırlar da! – qoca qəzəblə dilləndi. Əvəzində bizim gözəl dərilərimizi verirlər! Axı özgədən nə xeyir görmək olar ki?! Avara-uvaraya da qoşulmağın adı yoxdu! Dədə-babalarımız yaxşı öyrətmişdi, özgəni əlində silahla qarşılayıb, bir addımlığına belə buraxmamalısan. Biz belə görmüşük: onları yerindəcə öldürmək lazımdı! “Ata, sən nə danışırsan, - oğlum deyir, indi başqa münasibətlərdi, indi mal mübadiləsi gedir!” Mal mübadiləsi! Kimisə öldürüb, olanını götürsəm, bu da olar mal, əvəzində də ona heç nə verməməliyəm – mal mübadiləsi nəyə lazımdı ki? “Atacan, bu düz deyil, - axı sən hansısa insanın qəsdinə durursan, yazıq deyil?!” Bir buna bax – yazığı gəlir! Bu da sənə indikilərin dünyagörüşü! Qorxaqdırlar, vəssalam! Bir de görüm, əgər adamlar bir-birini qırmasalar, hamısı necə dolanacaq? Axı marallar da azalıb! Onlarınsa başqalarına yazığı gəlir; əvəzində adət-ənənələrə hörmət eləmirlər... Lənət şeytana! – qoca lap özündən çıxdı. – Bir də görürəm bu burnu fırtıqlı mağaranın divarına gillə öküz şəkli çəkir. Boynunun ardından vururam, o isə deyir: “Ata, eləməyin, görün bir öküz necə canlı çıxıb!” Bu lap ağ oldu! Nə vaxtdan insanlar bu cür səfeh işlərlə məşğul olurlar? İşin-gücün yoxdu, çaxmaq daşı düzəlt, yoxsa divarda öküz çəkir!

Yaneçkova qarı dodaqlarını büzdü.

- Bircə öküz olsaydı, nə dərddi...

- Daha nə?

- Heç, - qarı mızıldandı. – Deməyə də utanıram... Bilirsən, - nəhayət, ürəkləndi, - bu gün səhər... mağarada... mamont dişinin qalığını tapdım. O, çılpaq qadın şəklində yonulmuşdu. Döşü-başı, anladın?

- Qurtar görüm, - qoca dəhşətə gəldi. – Onu kim yonub ki?

Yaneçkova çiyinlərini çəkdi:

- Kim bilir?! Yəqin cavanlardan biri edib. Mən bu iyrənc şeyi oda atdım...

- Hə, dünyanın axırıdı, - baba Yaneçek güclə dilləndi. – Bu ki əxlaqsızlıqdı! Sümükdən çılpaq qadın yonmaq?! Belə şeylər bizim ağlımızın ucundan belə keçməzdi, çünki onu daşdan yona bilməzsən... Bu da bunların icadlarının sonu! Dünya dağılmamış bunlar yeniliklərindən əl çəkən deyillər! Yox, - ibtidai qoca Yaneçek öz peyğəmbəranə ilhamıyla çığırdı, - bu, uzun çəkməyəcək!

# 2939 dəfə oxunub

Müəllifin son yazıları

# # #