Dostoyevskinin hekayəsi Azərbaycan dilində

Dostoyevskinin hekayəsi Azərbaycan dilində
16 aprel 2013
# 11:41

Yaxınlarda yazıçılarımızdan biriylə (böyük rəssamla) həyatın komizmindən, hadisəni təyin etmənin, onu əsl sözə çevirmənin çətinliyindən danışırdıq. Ona söylədim ki, az qala qırx ildi “Ağıldan bəla”nı oxumuşam və yalnız bu il həmin komediyanın ən parlaq obrazlarından biri olan Molçalinin mahiyyətinə varmışam. Və bunu məhz indi söhbət elədiyim yazıçı öz satirik oçerklərindən birində Molçalini izah edərkən anlamışdım. (Nə vaxtsa Molçalin barədə söhbətə qayıdacağam, maraqlı mövzudu.)

- Bilirsiniz, - deyəsən, çoxdandı öz ideyasına dərindən heyran olan həmsöhbətim birdən dilləndi, - bilirsiniz, siz nə yazsanız, nə izah etsəniz də, öz bədii əsərlərinizdə nəyi qeyd etmək istəsəniz də, heç vaxt həqiqətə yaxın olmayacaqsınız. Nə təsvir etsəniz də, hər şey həqiqətdə olandan zəif çıxacaq. Bax, düşünürsünüz ki, əsərinizdə həyatda məlum olanların ən komik hissəsinə çatmısınız, onun ən eybəcər hissəsini tutmusunuz, - amma bu heç də belə deyil! Gerçəklik, anında buna oxşar elə səhifə açacaq ki, onu ömrünüzdə nə ağlınıza gətirə, nə də təxəyyülünüzdə canlandıra bilərdiniz!..

Bunu hələ 46-cı ildən, yazmağa başlayandan, bəlkə də daha əvvəldən bilirdim,- bu fakt dəfələrlə məni heyrətə gətirməklə yanaşı, incəsənətin bu qədər gücsüzlüyünə rəğmən faydalı olub-olmamağı şübhələrində boğub. Həqiqətən, bəlkə də ilk baxışda o qədər də parlaq olmayan həyati faktı izləyin, - və əgər sizin gücünüz çatarsa, gözləriniz varsa, orda Şekspirdə rastlaşmadığınız dərinliklə rastlaşacaqsınız. Amma məsələ də burasıdır ki, kimin gözləri və kim buna qadirdi? Axı yalnız bədii əsər yaratmaq və yazmaq üçün deyil, həm də fakta diqqət yetirmək üçün yeni zamanda rəssam olmalısan. Biri üçün həyatda baş verənlər o qədər sadə və anlaşılandı ki, üzərində düşünməyinə və ona diqqət ayırmağına belə dəymir. Əvəzində digər müşahidəçini elə həmin hadisə o qədər qayğılandırır ki, nəhayət, onları ümumiləşdirmək və sadələşdirmək, düz xətlə uzatmaq və bununla da sakitləşmək gücündə olmur (bu da tez-tez rast gəlinən haldı). Bu zaman o öz əldən düşmüş ağlını və bütün sualları söndürmək üçün başqa sadə bir yola əl atır, tətiyi gicgahına dirəyir. Əlbəttə bütün olayları çözmək əlimizdə deyil, heç vaxt onların sonuna və əvvəlinə çatan deyilik. Bizim üçün mühüm indiki tanışdı, o da elə-belə üstdən, sonla əvvəlsə - bütün bunlar hələ də insan üçün fantastikdi.

Bu arada hörmət bəslədiyim müxbirlərdən biri hələ yayda olduqca qəribə və sirri açılmamış intihar barədə xəbər vermişdi və mən elə hey bu haqda danışmaq istəyirdim. Bu intiharda hər şey, - həm içdən, həm də çöldən, - sirlidi. Bu sirri, əlbəttə ki, öz insan təbiətimə uyğun çözməyə çalışmışdım. Heç olmasa nəyinsə üzərində “dayanmaq və sakitləşmək” üçün. İntihar edən olduqca məşhur bir mühacirin iyimi dörd yaşlarında cavan bir qızıydı. O, xaricdə doğulmuşdu, damarlarından rus qanı axsa da, tərbiyəsində bu millətdən əsər-əlamət yoxuydu. Vaxtilə qəzetlərdə bu hadisə barədə üstüörtülü yazılmışdı, amma təfərrüatlar çox maraqlıydı: “O, pambığı xloroforma (yuxulatma dərmanı – red.) batırıb, onunla üzünü bağlamış və çarpayıya uzanmışdı... Və beləcə ölmüşdü. Ölümündən öncə aşağıdakı məzmunlu bir qeyd yazmışdı:

“Uzun bir səyahətə çıxıram. Əgər intihar cəhdim alınmazsa, qoy mənim zühurumu qədəh şaqqıltılarıyla bayram etsinlər. Yox, əgər müvəffəq olsam, qoy mənim öldüyümə dəqiq əmin olandan sonra basdırsınlar, yoxsa torpağın altında tabutda oyanmaq o qədər də xoşagələn hadisə deyil. Heç yaxşı çıxmaz!”

Bu iyrənc, kobud dəbdəbədə, zənnimcə, hansısa meydan oxuma, bəlkə də hiddət, qəzəb səslənir, amma nəyə? Sadəcə kobud təbiətlər özlərinə yalnız maddi, xarici səbəbdən əl qoyurlar, amma kağızda yazılanların ədasından onun bu cür səbəbinin olmamağı aydınlaşır. Bəs hirsi nəyəydi?.. Qarşıdakı həyatın sadəliyinə, mənasızlığına? Bunlar insanın yer üzündə peyda olmasını həddən artıq “səfeh” bir iş sayan, bu hadisənin mənasız təsadüfiliyinə hirslənən, yüngül səbəbin zülmüylə razılaşmayan həddən artıq məşhur hakimlər və həyatı rədd edənlərdi? Burda hadisənin “düzlüyünə” qiyam edən ruhun səsi eşidilir. Və ən əcaibi odur ki, o, heç bir şübhəsiz ölüb. Böyük ehtimalla onun qəlbində hələ uşaq vaxtından öyrədildiyi, birbaşa, sözbəsöz inandığı, suallar doğuran şüurlu şübhədən əsər-əlamət yoxuydu. Deməli, sadəcə “soyuq qaranlıq və sıxıntıdan” ölmüşdü, belə demək olarsa, heyvani və qeyri-iradi hissdən, sadəcə həyatdan bezmiş şəkildə, sanki havası çatmamışdı. Ruhu qeyri-iradi saflığın öhdəsindən gəlməmişdi və qeyri-iradi daha mürəkkəb bir şey tələb etmişdi...

Bir ay bundan öncə isə bütün Peterburq qəzetlərində xırda şriftlərlə bir intihar barədə bir neçə xırda sətir yazılmışdı: yoxsul, cavan dərzi qız özünü pəncərədən, dördüncü mərtəbədən atıb, - “çünki heç cür bir iş tapa bilməyib”. Əlavə olaraq o da yazılmışdı ki, yerə yıxılarkən əlində övliyanın şəkli vardı. Əlindəki bu şəkil – intiharda eşidilməmiş bir hüduddu! Bu necəsə həlim, müti bir intihardı. Burda, deyəsən, heç bir narazılıq və məzəmmət də gözə dəymir. “Alah istəmədi” və öldü – dua edib öldü. Bəzi şeylər barədə, üzdən nə qədər sadə görünsələr belə, uzun müddət düşünmək məcburiyyətində qalırsan, hətta xəyallarından çıxmır, elə bil sən özün günahkarsan. Bu özünü tələf edən balaca ruhcığaz istər-istəməz fikrə dalmağa məcbur edir. Elə bu ölüm hələ yayda xəbərini aldığım mühacirin qızının intiharını yadıma saldı. Necə də ayrı-ayrı varlıqlardı, elə bil müxtəlif planetlərdəndi! Necə də fərqli ölümlərdi! Görəsən, bu ruhlardan hansı daha çox yer üzündə əziyyət çəkib? Bilmirəm, bu mənasız sualım nə dərəcədə münasibdi?

# 3843 dəfə oxunub

Müəllifin son yazıları

# # #