Kulis Kənan Hacının yeni şeirini təqdim edir.
Qum saatı qadın
Xəyalında bir qadın yaradacaqsan,
o, təkcə sənin olacaq,
dovşan yuvasıtək
için qorxudan titrəməyəcək,
ölüm və ayrılıq
onun izinə düşə bilməyəcək,
o qadın qum saatı kimi
gözlərindən ürəyinə axacaq,
gözlərin cəmi bir dəfə boşalacaq;
o qadın içinə dolanda...
yaddaşında təbəssümündən başqa
heç nəyi qalmayan qadınlardan deyil o,
əlləri çinar yarpağı kimi sərin,
saçları söyüdlər kimi pərişandı,
səndən uzaqlarda bir qadın var,
o qadın xəyalındakı qadını əvəz edə bilərdi,
onun qorxuları sərhəd dirəkləritək kəsib yolunu,
sənin yaşadığın şəhərdə
Ay gecələr yuxusuz qalanların gözləridi,
kişilər xəyallarındakı qadınlarla
yatır hər gecə,
səhər açılınca darıxmaq növbəsi
sevgisiz bədənlərə yük olan çarpayılarındı,
qırışmış döşəkağı vəhşi kimi darıxmağın şəklidi,
beynindəki fikirlərin ağırlığından
əzilmiş balıncın xəyalındakı qadının
yarpaq kimi yüngül əllərinin
sığalına möhtacdı,
hər gecə sənin sərxoşluğunu yamsılayır
dağınıq çarpayın,
adyal bədəninə sarınıb kəndir kimi səni sıxır,
hanı, deyir, sənin sevgi payın...
içində darıxmağın
istifadə müddəti bitib,
istəyərdin elə qısa bir ömür yaşayasan ki,
darıxmağa macalın olmasın,
xəyalındakı qadının
həyatındakı qadına çevrilmək ehtimalı
sıfıra bərabərdisə,
sən bir də heç vaxt darıxmayacaqsan...