Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısını təqdim edir.
V yazı
5) Yaddaşa dönüş. Keçmişə, yaddaşa, xatirələrə dönüş, xatırlamalar çox vaxt həmin uzaq günün, saatın, anın ovqatı, rəngləri, işığı, zülməti, təbəssümü ilə yada düşür, aydınlaşır. Bu xatırlamalarda konkret tarix, hadisə və macara yoxdur. Xatırlanan vacib məqamın mahiyyəti və ona etik-mənəvi-əxlaqi qiymət, münasibət var. Bu mövzuda yazılmış şeirlərin birində həyatında yalnız kölgə kimi qalmış bir qadınla görüşün xatirəsinə salam verilir:
Salam,
qaranlıqda rastlaşdığım,
ədalarından çaşdığım
qadın.
Iri,
zövqsüz saatın
gündüzlər kölgə saldığı yerdə
dayanmışdım.
Kölgə qadın,
kölgə insan.
Yadındamı?
Yadındamı
əlini sıxdığım o gecənin adı?
Sarılma həvəsi,
taksi,
konyak qoxuyan insan nəfəsi.
Ömrünün kölgə heçliyi qədər boş, mahiyyətsiz bir anını xatırladan həmin qadına müraciətlə, əslində isə öz-özündən, öz “mən”indən yadına düşən həmin gecənin, anın adını soruşur. Məlum olur ki, yaddaşında ilişib qalmış o gecə beyni şərabdan dumanlanmış bir insanın həvəsi, əyləncəsi çəkisindən, səviyyəsindən başqa bir şey deyilmiş...
uşaqkən ölənlərin
fotosuna yapışan
qara retuşlu təbəssüm tək
gördüklərim solur,
yox olur.
Gördüyü, hafizəsinə köçürdüyü nə varsa hamısı get-gedə pozulmağa başlayan təbəssüm rəngindədir. Burada təbəssüm onun xatirələrinin, yaddaşının obrazı kimi təqdim olunur. Ancaq həmin təbəssümün xarakteri, məna və məzmunu daha artıq qabardılır: Böyük açılmamış, qönçə ikən solan, ölü donuq, nisgilli bir təbəssümün min bir cizgisi, çaları göz önündən keçir. Retuşlu –ifadəsinin əlavəsi isə daha konkret məna, məzmun yaradır, məlum olur ki, süni, bayağı, sonradan əlavə olunmuşqondarma təbəssüm, xoş ovqat, sevinc yox, kədər, nisgil yüklüdür. Gördükləri isə bu təbəssüm kimi acı, ağrılı xatirəyə çevrilir.
Başqa bir xatırlamada isə, “qış gələndə qapımı ölüb gedənlərim döyür”-deyir. Deməli qışda xəyala qapılıb keçmişləri anmaq, dünyasını dəyişən yaxınların ruhu ilə dərdləşmək əzabı ilə baş-başa qalır.
Mən kiməm?- deyə özünü, keçmişini, keçdiyi yolu düşünmək arzusu bəzən mümkünsüz olur. Ümumiyyətlə, Vaqifin poeziyasında “mən kiməm?” sualı “biz kimik?”-sualına bərabər şəkildə qoyulur. Çox zaman bu üsulla öz “mən”ini –bizi yaddaşsızlığımız, unutqanlığımız üçün qırmanclayır, bəzən isə yaşadığı mühiti yaddaşsızlıqda, keçmişə münasibətdə günahlandırır:
kimsə düşə bilməz yadına,
çünki bura
yaddaş quraqlığı gəlib,
başdan-başa kimsəsizlikdir bura.
1987-ci ildə yazdığı “Cəsarət-sərvətdir” məqaləsində ədəbiyyatşünas alim Y. Qarayev yazırdı: “Bircə detalı xatırlatmaq kifayətdir ki, indi vüsətli vətəndaşlıq hərəkatına çevrilən y a d d a ş h ə r ə k a t ı n a (saçma bizimdir- İ. M.) filoloq alim və yazıçılar başçılıq edir...” Y. Qarayev. Yaddaşsızlığı zəiflik, acizlik, mənəviyyatsızlıq hesab edən Vaqifin poeziyası yaddaşdan başlayır. Vaqif şeirlərində keçmişin, yaddaş tarixinin ağrılarını yaşayanda hələ yaddaşa dönüş hörmətli alimimizin dili ilə desək kütləviliyə, hərəkata çevrilməmişdir. Fərq də bundadır-Vaqif 1987-də yox, 60-cı illərdə əlinə qələm alanda özünün milli-mənəvi tarixi yaddaşı ilə üzbəüz durdu.
6) Tənhalıq və sükut. Bu poeziyada “tənhalıq və süküt” silsiləsinin tarixi ilk şeirlərdən başlayır. İnsan ağlının, zəkasının dərk edə biləcəyi ən fəlsəfi, bəşəri problem və suallar Vaqifin qəbul edib yaşadığı tənhalıq zirvəsində lirik-fəlsəfi səpgidə izah olunur. Mayası mənəvi sərbəstlikdən ibarət olan bu tənhalığın bir üzü azadlıqdırsa, o biri üzü həsrət, nisgil qarışıq elə təkliyin, tənhalıgın özüdür. Qəribə də olsa bu tənhalıqda iki insanla rastlaşırıq: Biri qərib, unudulmuş, yaxınsız, bəzən anlaşılmadığı üçün kədərlənən,
Köhnə univermağın
anbarında tozlanan
tünd yaşıl patefonlar tək,
ququşka səsi tək
Mən də
Tək
Tək
Tək
Deyib gileylənən, mənəvi dünyasını qapısı döyülməyən, “kimsə əlində açarı olmayan” evə bənzədən, “Allahsız dünyada peyğəmbər kimi” tək qalan, öləndə belə ağlayanı olmayan (“Allah məni yarı öldür, yarı saxla ağlamağa”) yalquzağa bənzəyən, (“hay verir ürəyim yalquzağın ya dərdinə, ya son məhəbbətinə”), “Əlim təklikdən yanır”-deyib haray qoparan bir adamdır, o biri isə tənhalığı Allah, azadlıq, ölüm qədər müqəddəs bir ucalığa bənzədən,
Ay qız, vallah,
aləm yalqız başdan-başa,
yalqızlığa inan yaşa...
-yalqızlıqda gözəllik arayan, belə məqamlarda özünü güclü, böyük, xoşbəxt hiss edən,
yer üzünün bütün məntiqlərinə
meydan oxuyan qələmimin təkliyini
dəyişmərəm
nə bir dövlət bayrağının kölgəsinə,
nə bir qadın səsinə,
nə övlad nəfəsinə,
nə də, Allah, sənə...
-etirafı ilə sanki “mən xoşbəxtəm, çünki tənhayam!”-nidası ilə özünə qarşı rəhm yox, qibtə hissi doğuran ikinci bir insandır.
Vaqifin “Mən”i şeirimizin tənhalıq simvoluna çevrilib. Bu əzablı, lakin müdrik, əzəmətli zirvədə o özünə daha inamlı olur və oradan həyatın və həqiqətin hər üzünü görməyi bacarır. Belə məqamlarda kədəri, dərdi ilə cəsarəti, mübarizəsi vəhdətdə olur. Lirik-pisixoloji-fəlsəfi düşüncə və duyğuların gücü ilə yazılmış tənhalıq şeirlərində Tanrı sevgisi ali məqsəd kimi qalır, bu asudəlikdə əqlini, “mən”ini məşğul edən ilahi fikirlərin daha orjinal və qeyri-adi yozumlarını tapa bilir.
Bir küçə var şəhərimdə,
sakit, qısa bir küçə...
Yetmiş addım o yana,
yetmiş addım bu yana.
Bir siqaret
o yana,
bir siqaret bu yana...
Sakit, qısa bir küçə-mənəvi tənhalıq dünyasıdır. Narahat, fikirli bir adamın özü-“mən”i ilə düşünüb-daşınması, dərdləşməsi məqamıdır.
Bu poeziyadakı tənhalıq elə bir ilahi qüvvə ilə vəhdətdədir ki, sahibini coşdurur, ilhamlandırır, ona şeirlər yazdırır, bir sözlə onu şair edir. “Allah qədər tənha günlərin insan həsrəti”nin səsinə qulaq asa-asa yazır:
bu şeiri yazmışam
qulaq asa-asa səsinə,
sənə, təkcə sənə...
Şeirlərinin birində uşaqlığını yağış altda qalmış kimsəsiz parka bənzədir. Yağış damlalarının aramsız döyəclədiyi parkın tənhalığı, “əlacsızlığı” ilə özünün arasındakı uyğunluqdan qəlbi üşüyüb. Uşaqlığına gedən yol da bu soyuqdan, soyuqluğun acısından büzüşür:
Yağışın əlinə keçmiş
bu kimsəsiz park
nə vaxtsa yaşadığım
uşaqlığa bənzəyir.
Üşüyür nəm skamya,
soyuqdan büzüşür cığır.
Bəşəri, humanist, bəzən kövrək hisslərin diktəsi ilə yazılmış, Allaha, tənhalığa həsr olunmuş şeirlər onun üçün daha müqəddəsdir. Ucada saxlamağa çalışdığı toxunulmaz hisslərinin maddi dəyərlə ölçülməsi isə şairi sarsıdır:
Bu şeirlərə də
pul verəcəklərsə
onda Allah nəyə gərəkdir,
tənhalıq nəyə?
“məni təkliyə atdılar, Tənhalıq qoşa çıxdı” misralarındakı “Tənhalıq mənəm, tənhalıq məndədir” -məntiqi sanki “haqq mənəm, haqq məndədir”-fəlsəfəsinin ekvivalentidir. Araşdırdığımız şeirlərdəki poetik “mən” tənhalıq obrazıdır. Bu tənhalığın isə zili, bəmi var, ümidlisi, ümidsizi, “rənglərə həsrət” olanı, “rəngli şəkillərlə dolu kitab”a bənzədiləni var:
Bu gecə bəlkə də
ən sinə döyməli bir gecə,
təkliyin aşura axşamı...
Burada təkliyin ürək parçalayan harayını eşidirik. Sanki ən son pilləyə qalxmış, intihar məqamında dayanmışdır. Bundan da gərgin, emosional və zil səsli mənzərələr var:
Rənglərə həsrət bir ömrün
bomboz səhrasında
dağıdılıb dörd yana qaçmış xordan qalan
bir tənha soprano səslənər,
səslənər səhra boyu, ömür uzunu...
Lirik qəhrəmanımızın ömrünün kimsəsizliyində-boz səhrasında cəmdən, çoxluqdan ayrılıb qalmış qadın fəryadı “səhra boyu, ömür uzunu” onu təqib edir. Səhra şeirin məna yükünü daşıyan, ideyanı yeni ahəngdə təqdim edən maraqlı obrazdır. Səhra sözünün mənalandırdıqda kimsəsizlik təsəvvürü aydındır. Cəmiyyətdən, kütləvilikdən, çoxluqdan uzaq səhraların boz boşluğunda yalnız qaraltı görünür. Həmin qaraltı bizim qəhrəmanımızdır. Lakin onun tənhalığında tənha qalan ikinci bir haray-soprano-tənhalığın zilidir.
Qorxma, qorxma, sakit yaşa,
baş-başa verib
kirimişik üçümüz də çoxdan bəri.
Cığır,
Zeytunların kölgəsi
və mən...
Cığıra, zeytunların kölgəsinə bənzədilən “mən” artıq bizə tanışdır. Cığır, kölgə sükutunun özünəməxsusluğu aydın görünür. Tənhalığın sükutu, bir də lal harayı var. Tənhalıqla sükut qoşa addımlayır və səssizlikdən-sanki boğula-boğula yaşamaqdan bezib, tükənən qəhrəmanımız öz “mən”inin sükutunu pozmaq istəməsə də, sükutunun rəmzi-simvolu olan sükuta qərq olmuşları-ağacı, gölməçəni, qayanı, yolu, düzü, göy üzünü dilləndirmək istəyir. Səhra sükutunun yalqızlığından məhv olmaq daha dəhşətlidir. Demə sükutun da zili varmış və bu zilə qalxanda ürək partlaya bilər. Ona görə də indiyə qədər susan nə varsa mütləq güllə kimi açılmalı, dillənməlidir:
Yox, bu lal yalqızlıqda,
bu tənhalığın səhra sükutunda
orkestr səslənməlidir bir gün,
güllə kimi açılmalıdır mütləq.
Və eşitməliyik nəhayət
indiyə qədər bizə gəlib çatmayan
ağacın, gölməçənin, yastı qayanın səsini.
Ayaqlarımız altda qalan yolların
səsi dəyməlidir qulaqlarımıza bir gün:
Eşitməliyik bu düzün,
düzün başına fırlanan göy üzünün səsini.
Vallah, insan ömründə hökmən
orkestr səslənməlidir bir gün.
Başqa bir şeirdə isə:
Bu sonsuz sükutdan fəryad qopacaq,
ölmək istəməyən mamontun səsi...
-deyə, əbədi sükutu mamont kimi nəhəngin fəryadı pozacağı ehtimal olunur. Tənhalığı dağa bənzədən müəllif onun iki üzünü-həm yetimlik, kimsəsizlik ağrısını, həm də dağ əzəmətini, dağ ucalığını açıb göstərir:
Çiyin-çiyinə vermiş
sıra dağlara baxanda,
bir dağ çiyni görməmiş
bizim Göyəzən düşür yadıma.
Gördüyüm dağlardan ən yetimi,
ən kimsəsizi.
Dayanıb yer üzündə
Tənhalıq heykəli kimi,
durub dünyayla
Əskipara kəndi arasında...
7) Öz “mən”inə münasibət və etiraf.
Vaqif söz yoluna çıxanda bu yolun əzabından, məşəqqətindən xəbərsiz deyildi. Bu yolun tarixi ağrılarını içində yaşaya-yaşaya, bəlkə özü də duymadan, dərdlərini faş etməli, beləliklə şairlik yükünün altına girməli olmuşdur. Üz tutduğu bu yolun “öz sözüylə kəsilən yalnız şair dilidir” –təhlükəsini, “şairlər saatla yox, dərdlə başlayırlar oxumağa”-əzabını, “bizim eldə şair sevmək qızların qara baxtıdır” –dərdverənliyini bilə-bilə bu yola çıxmışdır.
Misralardan ağrı, dərd tökülən şeirlərdəki ovqat bəzən müəllifin özünü də usandırır, söz üstündə nələr olduğunu xatırlayıb deyir:
Bir söz üstə
min göz olub,
bir söz üstə
min göz dolub.
Özündən, “mən”indən bəhs edən şeirlərin çoxunda Vaqif özünü bəyənmir və çox vaxt özü ilə bacarmır: arzuladığı kimi yox, olduğu kimi görünür. Yolçusu olduğu yoldan dönə bilmir və son anda taleyi ilə barışmalı olur:
Mən həmişə mən qalacağam,
mən deyən olmayacağam...
“Mən həmişə mən qalacağam” misrasındakı şəxsiyyətin böyüklüyünü, mübariz və dönməz ruhunu aydın görürük. Bu səciyyəli şeirlərdə məlum olur ki, daxilindəki şairlə insanın mübarizəsi ona necə əzab verir. Lakin üçüncü hansı bir qüvvəsə daha çox maddi aləmlə, real həyatla bağlı olan insanı ilahi, abstrakt varlıqlar aləminin sakini olan ideal şairin səviyyəsindən, tutduğu zirvədən uzaqlaşdırır. Üçüncü qüvvə Vaqifin öz “mən”idir. Həyatdakı bütün itkiləri, uğursuzluqları üçün daxilindəki şairi qınayanda belə, onun amalı, məqsədi, cəmiyyətdəki rolu qarşısında insan kimi səcdə etməli olur. Məsələn, hətta fiziki nasazlığının şairliyinə əngəl olacağından belə qorxur:
Bu ürəklə dünyadan və insanlardan
yazmaq olmaz daha.
Şair özünə münasibətdə o qədər obyektiv, təvazökar mövqedə durur ki, daxilini töküb araşdıranda razılaşmadığı, narazılıq hissi doğuran xırda nöqsanlardan belə yan keçmir, belə anlarda özü-özündən “təngə gəlir”, bezir, “yaxından özümü görməyə gözüm yoxdur daha” etirafında bulunur.
Belinski Bayronun poeziyasını təhlil edərkən yazırdı: “Bayronun poeziyası-kədərdən doğan fəryaddır, şikayətdir, lakin təkəbbürlü bir şikayətdir, elə bir şikayətdir ki, o səndən bir şey istəmir, nə isə sənə bir şey verir, yalvarmır, bəlkə rəhm edir; bu qafqaz dağlarına bağlanmış Prometeydir; bu ümumin əleyhinə üsyan qaldırmış bəşər övladıdır. O öz təkəbbürlü iftixarından yalnız öz-özünə arxalanır. Onun əsərlərindəki nəhəng qüvvə, əyilməz iftixar hissi, qüdrətli ehtiras, ümumbəşəriyyət haqqında danışarkən meydana çıxan qüdrətli ehtiras, dərdli məhəbbət, bu incə səmimiyyət, insan şəxsiyyətlərinin əziyyətlərinə tərəf çevrilmiş incəlik və mərhəmət hissi buradan doğur”. V. Belinski
Vaqif Səmədoğlunun bütün yaradıcılığı həzin bir nəğməni xatırladır. Bu nəğmədə göz yaşları, yalvarış yoxdur, kədərində isə təsəlli, ümid, məntiqi nəticə var. Onun poeziyası müasir şeirimizdə ümumi axına qoşulmayan, qulaqlarda qala biləcək ayrıca bir səsdir.
Bu sevincək rənglərin mənzərəsindən
yorulmuşam, bezikmişəm yaman.
Gözlərim taqətdən düşüb
alabəzəkliyə baxmaqdan.
Alabəzəkliyi, rənglərin “zildən oxunanları”nı sevməyən şair “günəşə qərq olanlara” həyatdan zövq alıb sevinənlərə qibtə etmir, onlara bəxtiyarlıq diləyir və yağışlı bir gündə yer üzünün bir meşəsində qoca bir vələsə söykənib tənhalıqdan zövq alacağı arzusu ilə təsəlli tapır və belə vəziyyətdə özünü yer üzündə ən xoşbəxt adam sayır. Lakin gözləri “bu sevincək rənglərin mənzərəsindən” bezikmiş, yorulmuş müəllif başqa bir şeirində özünü “rəngli şəkillərlə dolu kitab”a bənzədir:
Deməklə qurtaran deyil,
Vaqif əmi.
Ancaq
uşaqlarla dil tapırsan
içi rəngli
şəkillərlə dolu
kitablar kimi...
Belə bir təzad yaranır: əvvəlki şeirlərin birində rastlaşdığımız “rənglərə həsrət bir ömür” və sonuncu misralar-“rəngli şəkillərlə dolu kitab” -al-əlvan, rəngli, uşaqların gözünü, ruhunu oxşayan, onların ürəyini ələ alan bir aləm –müqayisəsində başqa bir şeirin aşağıdakı misraları həlledici rol oynayır və yenə “sirr”in üstü açılır.
Bir nağılam, tilsimlərdən
Qurtulsam da qaçım hara?
Bu nağılın axırını
oxumayan uşaqlara...
Başqa bir şeirində özünü küləyə bənzədir və külək olsaydım, görən yolum hara düşərdi? -deyə düşünür. Yenə özündən narazılıq, şikayət hissi ilə üzləşirik:
Özgə, yad dənizlərdə,
Lövbər sala bilmədim,
Bədənim qocalsa da
yaşa dola bilmədim.
Qocaldım, amma yaşa dolmadım-qocalmaqla yaşa dolmaq anlayışları arasında məna fərqi qabardılır. Doğrudan da əqlə, müdrikliyə, kamilliyə qovuşmaq yüksək səviyyə hesab olunur.
Digər bir şeirdə isə özünə qar aqibəti arzulayır. Məzardan da, kəfəndən də imtina edib Günəşin istisi ilə əriyib torpağa hopan qar ölümü istəyir.
Dar məzarı istəmirəm,
İstəmirəm kəfəni,
İstəyirəm yazda qartək
Günəş basdırsın məni...
8) Şeir nədir? “Şeir anlayışı bəzi səmtlərdə izah olunanda Füzulinin nəzərində təkcə “mövzun kəlam” olmayıb, sərhədlərini genişləndirir, daha əhatəli məna yükünə malik olur: belə hallarda buraya ümumiyyətlə söz, şeir, ədəbiyyat, hətta bir dərəcəyə qədər nitq, dil və elm” anlayışları daxil olur. Bir az geniş şəkildə götürdükdə, burada müəyyən mənada fəlsəfənin əsas məsələsi olan yaradılışın mahiyyəti məsələsinin özünü görürük. Bir qədər sonra görəcəyimiz kimi, şeirin mənşəyi Füzuli üçün xüsusi axtarış predmeti olmaqla yanaşı müəyyən cəbhənin müdafiəsində istinad nöqtəsidir, yəni məqsəd olmaqla yanaşı həm də vasitədir. Füzuli şeir üçün birinci əsas şərt kimi fitri istedadın zərurətini irəli sürür”.
Füzulinin şeirdən tələb etdiyi bütün prinsiplər Vaqifin poeziyasında gözlənilir. Şeir nədir? –şeir hansı xüsusiyyətləri özündə cəmləşdirir, hansı məna ağırlığını daşıyır və s. kimi sualların cavabını bu poeziyada görürük. Ancaq təhlilə cəlb edəcəyimiz şeirlərdə Vaqifin şeirə münasibəti əlbəttə, elmi-nəzəri səciyyə daşımır. Öz bədii təcrübəsində şeirin potensial imkanlarını göstərməyə müvəffəq olan şair onu Tanrının bəxş etdiyi mənəvi nemət kimi qəbul edir, onu sevir, əzizləyir, bəzən onun nazı ilə oynayır, aqibəti, gələcəyi üçün narahatlıq keçirir, bəzən isə ondan qaçmaq, uzaqlaşmaq istəyir. Bu mövzuda yazılmış şeirlərin təhlilini konkretləşdirmək üçün “şeir Vaqif Səmədoğlu üçün nədir?” –sualına cavab arayaq:
Şeir yazmaq tutub məni.
Ağlımı itirmişəm
şeir yazmaq arzusundan.
Dilimə gələn sözlərin quluyam,
ürəyimdə qalanların dəlisi.
Şair coşan ilhamını Tanrının əmri, göstərişi kimi qəbul edir, “göstəriş”lə göndərilən sözlərin qulu, dəlisi olduğunu bildirir.
Şeirə söykənib
baxmaq istəyirəm
dünya dediyimiz şeyə,
dünyadan
şeir arxasında gizləndiyim kimi...
Bu poeziyanın qüdrəti, dünyəvilik pafosu oxucunu inandırır ki, Vaqifin şeirinin ilahi məkan, ilahi mənşə bünövrəsi var. Füzuli şairlik istedadını “Allahın lütfü” hesab edirdi, Vaqif “lütf”dən, mərhəmətdən məmnun olduğu üçün dünyadan qaçanda şeirə-Tanrı mərhəmətinə sığınır, dünyaya şeirin-həmin mərhəmətin işığı, nuru ilə baxır.
Hər itkim bir şeirə dönüb,
hər sözümlə ömrümdə nəsə sönüb.
Şeir onun varlığı, ömrü, günüdür. Beyninin, əqlinin, ürəyinin gücündən, qüvvəsindən yaranan, vücudundan qəlpə-qəlpə qopan şeiri həm də ömrünün “itki”si adlandırır. Çünki daxilini işıqlandıran hər böyük kəlam, söz, poetik fikir şeirə dönüb “mən”ini tərk edəndə güman edir ki, ömrünün işığı azalır.
Nə irəli getmək istəyirəm. Nə geri.
Nə sola, nə sağa.
Dünya bəhanəymiş şeir yazmağa...
Lakin şeir yazmaq onu ram edib. Ona görə də bu ilahi məqamda sanki donub qalmaq istəyir.
Şeir yazmaq məşğuliyyət yox, təsəllidir. Müəllif inandırır ki, “kağız-qələm olmasaydı” o boyda ölümün gözü qabağında bircə gün də yaşaya bilməzdi.
Birdən isə şeirə mübtəla olmağı topa düşmək hesab edir:
İlişmişəm
şeirlərin hörümçək toruna.
Azad olub
yaşaya bilmirəm...
Amma bəlkə
mənə yaşamaq yox,
şeir yazmaq gərəkdir...
Dünyaya şeirdən baxmaqla real aləmdə insan kimi, hamı kimi yaşamaq olmur. Şad-xürrəm həyat keçirmək üçün:
Bir ümiddən, bir şeirdən
Bir də ki, Şopendən qalan
Musiqidən uzaq dolan...
-tövsiyyəsini verir. Ümidlər aldadıcı, yalan, boşluğa, yoxluğa aparır. Şopenin musiqisi dünyanı dərk etdirir. Dünyanı dərk edib yaşamaq isə həmişə əzab verib. Şeir isə ruhunu qidalandırsa da, insan kimi rahat, qayğısız yaşamağa qoymur:
Şair olan bu dünyada
Bir yer tapmayıb özünə
Nə sürüdə,
Nə yalquzaq...
“Dünya şairin əsəblərindən keçir. Şair zamanı yaşayır; an-an, saniyə-saniyə keçən vaxt şair ürəyindən axıb keçir, süzülür, ağrıdan, əzabdan təmizlənir”.
Vaqif üçün şairlik daha çox əzabdır. Çünki o, həyatın nəşəsindən, təntənə və sevincindən yox, qeyri-insanilik, mənəviyyatsızlıq burulğanının dərin qatlardakı ziddiyyətlərindən, dərddən, kədərdən yazır. Qələmə aldığı hər bir dərdin ağrısını özünün dili ilə desək “diri-diri” yaşayır:
Əl-qol yorulub,
üzülüb ürək,
beyin taqətdən düşüb,
ümidlər əl-ayaqdan
elə hey şeir, yazı yazmaqdan...
Səhər, gecə,
axşam, gündüz,
yağış, gün altda,
hər gün, hər gün,
hər gün diri-diri, aman Allah,
narkozsuz şeir yazmaqdan...
“Narkozsuz şeir yazmaq” ifadəsi elə dəqiq, yerində işlənən bir tapıntıdır ki, onu təkcə Vaqifin yaradıcılıq prosesinə deyil, diri-diri soyulan Nəsimi, yana-yana əriyən Füzuli, gülə-gülə ağlayan Sabir, susa-susa haray qoparan, hökm oxuyan Cavid, Hadi taleli bütün şairlərin yaradıcılıq ağrısına aid etmək olar.
Vaqif şeirləri üçün hərdən işıq, al-əlvan rənglər, təbəssüm arzulayır.
Bir şeir yaz mənim yerimə
gün işığı,
qafiyəm ol,
uşaq təbəssümü.
İşıqdan, səmadan, “gen dünyadan” yazanda belə qaranlıq, zülmət, dar, məhdud mühit məni üstələdi-etirafını belə açıqlayır:
Bir kor quyunun
zülmət dibinə baxa-baxa
bu gen dünyadan şeir yazmışam
və dünya dar gəlib mənə...
Onun şeirlərində azadlıq ruhu nə qədər güclü olsa belə çox vaxt onlardan narazı qalır. “Sözümün kəsəri öz dilimdə deyil” misrasında bunu aydın görürük. Öz itkiləri üçün şeirlərini qınayır, şeirlərindəki çatışmazlıqlar üçün isə özünü yamanlayır. Ona görə də belə bir qənaətə gəlir: hər ikimiz günahkarıq, kaş kimsəsiz bir yerdə üz-üzə qalaydıq, Allahın məhkəməsi qabağında ikimiz də cavab verəydik. Sonda yenə özünü günahkar sayır:
Kaş şeirlərim
üzümə duraydılar
bu kimsəsiz bağda...
Sonralar “iki cani kimi” üz-üzə qalmaq istədiyi şeirləri yaratmağa başladığı elə ilk anlardanca tək qalmaq istəyir:
Şeir yazdığım zaman
baxma gözlərimə, baxma.
Əllərimə də baxma,
sən Allah, baxma.
Sanki yad baxışlardan özünü itirəcəyindən, gözlərinin nuru, əllərinin təması ilə dünyaya gələcək şeirin şikəst doğulacağından qorxur.
Vaqif şeirlərinin taleyi üçün daha çox narahat olur. Şan-şöhrətə, ad-sana uymayan müəllif özünə-şeirinə qarşı diqqətsizliyə, nadan münasibətinə, cahil fərmanına da dözə bilmir. Düzdür, belə məqamlarda da şeirlərinin qədr-qiymətini qaldırmaq, onların himayədarı və müdafəçisi kimi çıxış etmək canfəşanlığı hiss olunmur, lakin:
şeirin gözünü
insan gözləri açır,
ana.
Qorxma yazdıqlarımdan.
Mənim şeirlərim,
kor doğulur, ana...
-kimi ağrılı, gileyli misralarla bizi sual qarşısında qoydu. Cavab isə 60-cı illərdən üzü bəri müasir Azərbaycan ədəbiyyatına aid yazılan ədəbi-tənqidi məqalələri nəzərdən keçirəndən sonra aydın oldu. Müasir şeirləri müxtəlif yönlərdən təhlil edən ədəbi-tənqidi yazılarda saysız-hesabsız imzalara rast gəldik. Tənqidçiləri məftun edən şeirlərin mövzusu isə bunlar idi: “Kommunist partiyası”, “Lenin obrazı”, “ETİ”, “Əmək qəhrəmanı”, “Böyük Sovet Vətəni”, “Oraq və çəkic” və s. Bu cür mövzulardan uzaq olduğu üçün təbii idi ki, V. Səmədoğlunun şeirləri “müasirlik duyğusu ilə yazıb-yaradan” tənqidçilərin təhlil obyektinə düşə bilməmişdir. Lakin tənqidçilərin dili ilə desək, bu “böyük” və “bəşəri” mövzulara həsr olunmuş şeirlər bu gün Vaqifin vaxtilə bir isti sözə, obyektiv qiymətə həsrət olan şeirləri qarşısında necə görünür? Həmin şeirləri yazan da, yazdırıb təriflədən də bu gün susmaq məcburiyyəti ilə üzləşib. Vaqifin vaxtilə “kimsəsiz”, “yaxınsız”, “dostsuz” deyə məzəmmət etdiyi şeirlərin isə əsl dəyəri indi-indi açılmağa, etiraf olunmağa başlayır. Ancaq görünməyən, “gözləri açılmayan” şeirlərinin aqibəti üçün müəllif necə narahat olurdu:
qocalır, aman, Allah,
qocalır bu şeirlər...
Və bir gün pillələrlə
güclə enəcək aşağı bu şeirlər
amma küçəni keçməkçin
bir kəs qolundan tutmayacaq
bu şeirlərin...
Müəllif şeirin təsirini, izini canavar izinə bənzədir. Canavar torpaqda necə iz qoyursa, gözəl şeirin keçdiyi və gedəcəyi yol da aydın və anlaşıqlı olmalıdır: “Bilinsin ki, hardan gəlib, hara gedir sözlərim”.
9) Sevgi və ayrılıq. “Məhəbbət ali hissdir, fəlsəfi, həyati məzmun daşıyır, o həmişə-hər dövrün öz fikri-mənəvi tələbləri səviyyəsində tərənnüm olunmuş, hər dövrün hissləri və düşüncələri mövqeyindən mənalandırılmışdır”. Vaqif poeziyasına məxsus yüksək poetik səviyyə onun toxunduğu bütün mövzularda eyni dərəcədə gözlənilir. Şairə çox əsirlik məhəbbət poeziyası tarixinin bu günündə yeni, orijinal söz demək, gözəlin, sevgilinin vəsfi, ayrılığın acısı, dözülməzliyi, vüsalın xoşbəxtlik anı, şirinliyi və s. standart ideya və mətləblərdən kənara çıxmaq, bu bəşəri mövzuya yeni rəng, çalar gətirmək, təbii-həyati detallarla onu zənginləşdirmək və s. bu kimi yüksək nəticələr əldə etmək müvəffəqiyyəti nəsib olub. Məsələn, onun bu qəlib şeirlərinin təbiiliyi, oxucu ruhuna yaxınlığı daha çox zarafat tərzində yazdığı şeirlərdə özünü göstərir:
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb,
Düşəcəyəm gözündən?
Şeir bu ahəngdə-yarızarafat, yarıciddi tərzdə davam edir. “Vəsiyyət”, “ağı” elementləri, cizgiləri şeirin ahəngində, sözlərin, ifadələrin məna tutumundan qabardılsa da, yenə müəllifə məxsus gözlənilməz komik dönüş şeirin kədər təəssüratına təbəssüm qığılcımı da əlavə edir:
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla...
Sevgilisinə başqa bir müraciətində məlum olur ki, öz ölümü onu qorxutmur:
Ölümdən qorxmuram, gülüm,
qorxuram
sənsiz sağ qalacağımdan.
Qorxuram yaman...
Burada şairi daha ciddi, tutqun görürük. Çünki o özündən, ölümündən yox, özündən artıq sevdiyi insanı itirəcəyindən qorxur. Bəzən isə özü onu “uzaqlaşdırır”, “yola salır”, “göndərir”. Bunun isə bir neçə səbəbi var: “bizim eldə şair sevmək qızların qara baxtıdır” -həqiqətinə söykənib birinci fərziyyəmizi irəli sürə bilərik: Vaqifin sevgisi nə qədər böyük, bütöv olsa da sanki “məndən sənə yar olmaz” xəbərdarlığını verir: “...gəlsəm, gəlişim, sevsəm, məhəbbətim yalan çıxacaq əvvəl-axır”. Çünki “Məni də başqalaşmağa qoymur anlımdakı yazılar” -qənaəti qətidir. Nisgilli şair taleyi yaşamaq onun alın yazısıdır. Bəlkə də sevgidən, sevgilidən qaçmaq olar, alın yazısından-şairliyindən isə qaça bilməz.
İkincisi, çox vaxt özü çəkdiyi sarsıntı və iztirablara sevgilisini şərik etmək istəmir, onun ayrılıq, həsrət ağrısını da dərdlərinin üstünə gəlir, lakin onu uzaqlaşdırır, suyu qurumuş kor quyuya bənzəyən ümidsiz, bəhrəsiz, səfasından çox cəfası olan taleyinə yol yoldaşı olmaq əzabını sevdiyi adama rəva görmür. Bu tale, baxt, ömür üçün yaxşı nə varsa hamısı onu tərk edib gedib, ona görə də deyir:
Odur sən də yığış, daha vaxt ötür,
Götür nəfəsini, səsini götür,
Yadından çıxmasın bir barmağın da,
Saçının rəngi də, tərs baxmağın da,
Qoyma burda qalsın dərinin ağı,
Üç-dörd dişi sınmış Qonkonq darağ,
Mən yalan deyəndə gülməyini də,
Burda qoyma bura gəlməyini də...
Görün sevgilisini necə “pay-pürüşlə” yola salır. Əslində o sevgilisindən ona qalan, yaddaşına həkk olan və həmişə onu xatırladacaq, unutdurmayacaq əlamətləri sayır: səsi, nəfəsi, barmaqları, saçının rəngi, dərisinin ağlığı, tərs baxışı, gülüşü, yaddaşından silinməyən gəlişi, bu gəlişin xoş təəssüratı və hətta, doğma xatirəyə çevrilmiş “üç-dörd dişi sınmış Qonkonq darağı”...
Üçüncüsü, elə məqamlar olur ki, onu özü üçün yad hesab edir, “sən mənim üçün artıq yoxsan!” –qəzəbi səslənir:
Bu məktubunu azı otuz dəfə oxudum...
Onu yazanda sağ idin, dipdiri idin.
İndi məzar qaranlığından ağaran
sümük yığınıdır bu məktubu yazan əlin.
Yenə bu məzmunlu başqa bir şeirdə qəzəbli suallar yağdırılır:
Qaranlıqda cırıltısından
rəngini duya bilərsənmi
açılan qapının?
Və deyə bilərsənmi
açılan qapının arxasında
ölən kim idi?
“Qapı” qəhrəmanımızın daxili dünyasının, mənəvi aləmini, tənhalığın qapısıdır. Başqa bir şeirdən “döyülməyən bir qapının rəngi, sapsarı” -məlumatını almışdıq. Ancaq bu qapının arxasında-aşiqin tənhalıq dünyasında ölən kim idi?
Xəbərin yoxdur ki,
cırıltıyla açılan
və rəngini bilmədiyin
qapı arxasında ölən
sən idin, sən...
Nəhayət bu “uzaqlaşdırmanın” əsas səbəbi:
Mənə sevib ayrılmağa
bir qadın verin.
ürəyimdə bir ayrılıq qəribsəyib,
və bu ayrılıqdan bir şeir...
Sevib ayrılmaq sevgini uzunömürlü, qiymətli, müqəddəs edir. Elə bir sevgini ayrılığın vasitəsiylə bilə-bilə müqəddəsləşdirir ki, onun haqqında yazacağı şeir təsirli, gözəl, bənzərsiz olsun. Ona görə də vüsal xəbərini eşidəndə sevinməkdənsə, qorxur, həyəcan keçirir, elə bil qoruyub saxladığı qiymətli bir şeyi onun əlindən alacaqlar:
Gəlmə, gəlişindən yaman qorxuram,
Sənsiz külək həzin, buludlar aram.
Ayrılıq mehriban, ayrılıq doğma,
Gəlmə, ayrılığın evini yıxma.
Gəlsən, ayrılığın da, kədərin də evin yıxacaqsan (“sevinclər içində təklənər kədər”). Bunları itirsən “incik şeirlərim” də məni tərk edib gedər. Mənə vüsal yox, ayrılıq gərəkdir. (“Elə bil ayrılıqdan süd əmib uşaqlığım”). Ayrılıq doğma, əziz, mərhəmdir:
Boynuma daş bağlayıb,
atın məni Ayrılıq dənizinə,
üzüb çıxacağam, batmayacağam.
Ayrılıq yolunun ən yaxşı bələdçisi mənəm! –deyir. Ayrılıq əbədidir, dünya ayrılıqla başlayıb, ayrılıqla qurtarır. Gördüyüm hər şeylə, rastlaşdığım hər insanla ayrılmaq zərurəti “belimi əyib, bu allahsız yüküylə” –deyə şikayətlənir.
Ancaq şairin ayrılığa münasibəti haqqındakı qənaətimiz elə fikir oyatmasın ki, o öz həqiqi, böyük sevgisini hər şeyə dəyişməyə hazırdır. Xeyir, əslində ayrılığa meyil də elə sevginin böyüklüyünü, ucalığını, ilahiliyini qorumaq üçündür. Sevgilisinin xatirəsi onun ruhuna qida verir, onun ürəyində həyat eşqini coşdurur, həm də kədərli, ölgün “musiqisiz” günlərin sükutunda sözsüz bir nəğmə kimi yada düşür:
Yeganə ümidim sən idin,
Sən də belə, belə düşürsən yadıma,
Həzin, yanıqlı bir nəğmə kimi...
O da sözsüz...
10) Dəlilik və dəlilər. Dünya bədii fikir tarixində dəlilik mövzusuna müxtəlif məqsədlərlə müraciət ediblər. Çox zaman isə dövrün ictimai-siyasi eyiblərini açmaq üçün qeyri-normal, gülünc görünən insan qiyafələrindən-dəlilikdən əslində vasitə kimi istifadə ediblər. V. Səmədoğlunun poetik yozumunda dəlilik mözusunun qoyuluşu yeni və düşündürücüdür. Onun qəhrəmanları sözün həqiqi mənasında dəli olmuş, havalanmış, zehni, əqli cəhətdən xəstə olan adamlardır. Hətta onların konkret adları (dəli Qabil) müşahidə olunan yaşayış tərzi, hərəkətləri və s. haqqında məlumat verilir və bütün bu görüntülərdə dəliliyə insan anlayışı fəlsəfəsinin ziddiyətli məqamları kimi baxılır. Insanın min bir qiyafəsi, görünüşü var, onlardan biri-qeyri normal hesab etdiyimiz, qəbul edə bilmədiyimiz biri də dəlilikdi. Dəlixana dünyanın ən arzu olunmaz, ürək ağrıdan, əzabverici yuvalarından biridir (əslində yuvasızlıqdır). Burada əzab çəkən dəlilərə qulluq etməyə məcbur olanların işi, sənəti də xoşagələn deyil. Hər kəs öz sənətini sevməlidir, sevdiyi sahədə çalışmalıdır. Doğrudanmı dəlilərlə işləmək, onlarla gün keçirmək kimin üçünsə zövqverici ola bilər?
Gözləndiyi, arzulandığı yerdə
heç zaman doğulub, yaşamayacaq insan
dəlixana həyətində bitmiş
o söyüd kimi...
Yuvasını seçmək ixtiyarı öz əlində olmayan söyüd-dilsiz-ağızsız, ixtiyarsız ağac belə dəlixana həyətində, buraya zorla, əl-ayağı bağlı gətirilən dəlilər kimi “məcburi”, ölgün görünür.
Ancaq təbiət gözəlləri-söyüdün də, çinarın da burada, bu həyətdə bitməsi təsadüfi deyilmiş. Sanitar tərəfindən döyülən, təhqir olunan bir qızın dərdinə, iztirablarına dözə bilməyən ağaclardan birinin aqibəti ilə tanış olaq:
Sən o qızı döyən zaman,
Açılmamış güllər soldu,
Dəlixana həyətində
Bir ağacda dəli oldu...
İnsan əli ilə döyülən insanın ağrısına hay verən təbiətin ən kiçik hissələri- “yer üzünün ən əlacsız yarpaqları” şeirdə ideya-fəlsəfi cəhətdən mənalandırılır. Əlacsız bir qızın döyülməsi mənzərəsinin dəhşətindən ağaclardan biri dəli oldu, yarpaqlar xışıldadı-yəni etiraz etdi, qızla bərabər qışqırdı, ağladı, hətta, qızı ovundurmaq üçün “dəlixana divarını öpdü çinar budaqları...” Şeirin əvvəlində isə məlum olur ki, qızın döyülməsinin səbəbi elə bu ağaclardan biri ilə əlaqəli imiş. Qız ağaca çıxdığı üçün döyülür. Ancaq qızın kobud, qaba sanitar tərəfindən qəbul olunmayan hərəkətinə müəllif belə haqq qazandırır:
O qız sənin gözlərinlə
O ağaca baxmamışdı,
O qız o gün o ağaca
Elə-belə çıxmamışdı...
O qız çılpaq çinarın da
Başında hava görmüşdü,
Allahın atıb getdiyi,
Boş qalmış yuva görmüşdü...
Dəli dediyimiz adamlar öz həmcinslərindən qaçıb ağaca, çölə, düzə, səhraya pənah aparır. Belə bir sual doğur: Bəlkə insan xislətinin eybəcərliklərindən, dözülməz ikrah, qəzəb, hirs-hikkə doğuran mənfiliklərindən zinhara gələndə insan dəli olur? Biz onlardan qorxuruq, onlar bizdən qaçır, adətən baş götürüb evdən-eşikdən gedir. Qeysə Məcnun deyirlər, səhraya üz qoyur. Səhrada dözür, insanların arasında yaşaya bilmir.
“Dəlixana binası da bir evdir. Evdir evlər içində...” –deyən şair inandırır ki, dəli olmaq, dəlilik qorxulu deyil. Çünki dəlilərin də öz dünyası var. Və bəlkə bu “dünya”ya bizim dərk etmədiyimiz dünyanın dərk olunmuş, açılmış sifətləri, həqiqi mənzərəsi məlumdur, ona görə əsl həqiqəti dərk etdiklərinə görə dözə bilmirlər?!
Həm də dəlilərdən ona görə qorxmaq lazım deyil ki, onlar biz görən səmanı, ağacı, insanları görür, biz eşidən səsləri-yarpaq xışıltısını, insan səslərini eşidir. Onların da xatirələri var, onların da gözləri yol çəkir (“Gözləri dikilib yolsuz yollara”).
Dəli gözlərində yaşarmır kədər.
Onlarda-dəlilərdə müşahidə olunan bu hal maraqlı suallar meydana çıxarır. Dəlilər kədəri göz yaşı, ağlamaq, sızlamaq səviyyəsində yaşamır. Normal adamlar dərdi göz yaşları ilə qətrə-qətrə azaldır. Dəlilər isə dərdə, faciəyə hissiz, həyacansız yanaşır. Onların duyumunda kədərlənmək ölçüsü itib. Ona görə onları qanmaz, nadan, arsız adlandırmaq düzgündürmü? Bəlkə əksinə bu adamlar həssas, incə ruhlu, ürəyiyumuşaq olduqları üçün dərdə, qəmə tab gətirə bilmədiyi üçün dəli olub, havalanıblar. Dərddən dəli olandan göz yaşı ummağa dəyərmi?
Müəllif bəzən dəlilərin halına acıyan, onları kənardan müşahidə edən adamın dili ilə danışırsa, bəzən də dəlilərin adından danışır:
Sıraya düzüb sayırlar
Sanitarlar bizi səhər.
Dünyanı gəzə bilirik
Qapıdan hasara qədər.
Bu mənzərə təkcə dəli taleyinin yaşadığı həyat tərzi çərçivəsinə aid olmur. Bu mühiti səsi, azadlığı alınmış, “nəzarət”də yaşayan normal insana da şamil etmək olar. “Burda gərək lal olasan, danışmasan söyülməzsən” – misrasındakı məkanı- “burda” –ünvanını axtaranda bir qapıya, yalnız dəlixanaya gedib çıxmırsan. Dəlixana həyatından bəhs edən şeirlərdən birinin aşağıdakı misraları sübut edir ki, “burda” adlandırılan həmin yerin sakinləri təkcə dəlilər deyil:
Yaddaşıma tövbə demişəm burda.
***
Burda xatirəyə iynə vururlar.
***
Burda bilsələr ki, yaddaşım vardır
Atamın adı da yetməz dadıma...
11) Ümidin iki üzü. Vaqifin ilk şeirlərindən dünyaya ömrün qürub çağında dayanmış ahıl, dünyanın hər üzünü görmüş adam qənaəti, nəzəri, ümidi ilə baxıb. Bu ümidin isə iki üzü olub. Birincidə həyat eşqi, yaşamaq ehtirası, dözüm, mətanət, inam möhkəmliyi var. Bu üzdə hətta sönmüş, məhv olmuş arzu, ümidin dirçələcəyi inamını da görürük:
Hansısa sönmüş umudlarım,
Hansısa yanmış arzularım,
Yenidən doğulacaq o gün.
Belə ümidlü anlarda hələ yaşanmamış, gözlənilən səhərlərin təsəllisi ilə ömrün bezdirici, ölgün gecə xofu aradan götürülür. (“Çox qorxma gecələrdən, üzə gələn səhər var...”) Bu səhərlərin birində bəxtinin mütləq açılacağı ümidinin nikbin, pafoslu bəyanı Vaqif poeziyasının ideya-fəlsəfi xarakteri üçün hətta bir az qəribə görünür:
Bilmirəm, mən ölüm.
Ancaq açılacaq baxtım,
hökmən açılacaq
özü də bəlkəsiz...
Bəzən yaşamaq, yazıb-yaratmaq, sevmək ehtirasının aşıb-daşdığını da görürük:
Yer üzündə hələ neçə oxunmamış nəğmə,
yer üzündə neçə yazılmamış şeir,
yer üzündə
neçə dəfə deyiləcək “sevirəm” sözü
varmış, qalıbmış , Allah!
İkinci üzdə isə birincinin tam əksi olan, daha artıq məntiqi və real nəticələrlə əsaslandırılan mühakimələrlə qarşılaşırıq.
Şeirlərin birində arzusunu kor doğulub yuvasında yatıb qalan quşa bənzədir. Arzusu kor, ümidlərinin isə “keçmişə boylanmaqdan gözlərinə ağ gəlib”. Bu sayaq ömrü hansı yola yönəltmək olar?
Belə gündə
bağlı qapılara gedib dirənir
yer üzünün bütün yolları...
Belə ölgünlükdə isə nə bahar çiçəklərinə baxmaq, nə də onlardan nəğmə demək olmaz. “Ömür çarmıxa çəkilib ümidlərin divarında” –ömrü ölümə təslim etməyən ümiddir. Ancaq heç bir yola aparıb çıxarmayan, “nimdaş paltar” kimi bədənindən çıxarıb əli ilə yerə atdığı ümidləri, inamları özü üçün ölmüş hesab edir. Onların yoxluğuna dözə bilməyən qəhramanımız intihar qapısına əl uzatmalı olur:
Yediyim ehsan payıdır
Arzu, ümid yasında.
Əl uzadıb dayanıram
İntihar qapısında...
Vaqif Səmədoğlu 1965-cı ildə, 26 yaşında ikən “Şəffaf balıq” poemasını yazdı...
1999
Ardı var