“Tənqid yoxdur” deyən yazıçılar niyə haqlıdır?

“Tənqid yoxdur” deyən yazıçılar niyə haqlıdır?
23 iyun 2016
# 12:30

2015-ci ilin ədəbi tənqidi Qürbət Mirzəzadənin təqdimatında...

“Ədəbiyyat qəzeti”ndə Qürbət Mirzəzadənin məruzəsinin mətnini oxuyandan sonra adama elə gəlir ki, elə yazıçılar haqlı şikayət edirmiş, bizdə ədəbi tənqid yoxdur...

Məsələ ondadır ki, Q. Mirzəzadə ədəbi tənqidin varlığından və fəaliyyətindən elə şəkildə məruzə edib, son nəticədə məlum olub ki, haqqında danışdığı fəaliyyət növü əslində yox kimi bir boşluq içərisindədir...

Mövzu mənim üçün çox maraqlı idi. Ona görə yox ki, bəzi müəlliflər kimi adımın neçə yerdə və hansı epitetlərlə çəkilməsini izləyəcəm (Bu məqamda müəllifə təşəkkür edirəm ki, mənim imzama da hörmət edərək bir neçə məqamda səsləndirib). Ona görə maraqlı idi ki, söhbət ədəbiyyatşünaslıq elminin bugünkü ədəbi prosesimiz üçün daha lazımlı sahəsindən - ədəbi tənqiddən gedirdi. Bütün ədəbi proseslərdə canlı orqanizm kimi hərəkətdə olan, təsirlilik effekti, söz haqqında söz demək nüfuzu ilə ədəbiyyatdan öndə dayanmağa çalışan ədəbi tənqid bu akademik hesabatda “ölü sahə” kimi sönük və məzmunsuz məruzə mətninin obyektinə çevrilmişdir. Və daha pisi odur ki, məruzəçi 2015-ci il ədəbi tənqidinin yeni təmayüllər və tendensiyalarla əvvəlki illərdən, sözün müsbət mənasında, fəaliyyət fərqinin fərqində belə olmayıb.

Ənənəvi statistik hesabat prinsiplərinə sadiq qalaraq ədəbi mətbuat manşetləri və annotasiyalar əsasında hazırlanan məruzədə ədəbi tənqidin elmi-nəzəri konseptuallığından, müasir ədəbi proseslə hansı şəkildə yaradıcılıq sazişinə girməsindən, əvvəlki illərdən fərqli yeni üslubi istiqamət yaradıcılığından və s. bu kimi ədəbi tənqidə aid olan digər mühüm məsələlərdən söz açılmır. Adlar, adlar, adlar...

Əlbəttə, adlar çəkilməlidir, ancaq şəxslərə və mövqelərə deyil, məruzə mövzusunun ideyasına xidmət edirsə...

“Belə bir baxış bucağından yanaşanda ötən ilki ədəbi tənqidin səviyyəsini, real imkanlarını ayrı-ayrı monoqrafik səpkidə qələmə alınan kitablar (?-İ.M), məqalələrdən ibarət toplular, qəzet və jurnal səhifələrində dərc olunan yazılar yetərincə görüntüyə gətirir. Bu sırada ədəbiyyatın ən mühüm yaradıcılıq problemlərini, konkret ədəbi fakt və nümunələrini müzakirəyə çıxaran dəyirmi masaları, virtual şəbəkələrə və internet saytlarına çıxarılan çoxsaylı resurs və materialların sağlam mövqedən(?-İ.M) çıxış edilən hissələrini də əlavə etsək, yola salınan ilin ədəbi tənqidinin inkişaf dinamikasının dəqiq konturlarını müəyyənləşdirmiş olarıq”.

“Monoqrafik səpkidə qələmə alınan kitab” necə olur? – sualının üstündən keçərək “virtual şəbəkələrə və internet saytlarına çıxarılan çoxsaylı resurs və materialların sağlam mövqedən(?-İ.M) çıxış edilən hissələri” haqqında düşünək. Çünki Qürbət müəllim deyir ki, “yola salınan ilin ədəbi tənqidinin inkişaf dinamikasının dəqiq konturlarını müəyyənləşdirmək” üçün bu “sağlam mövqeli materiallar”a diqqət yönəltmək lazımdır... Fəqət, oxusanız görəcəksiniz ki, məruzəçi bir az sonra (hətta, dərhal sonra) bu “ədəbi tənqidin inkişaf dinamikasının konturu məsələsindəki sağlam mövqe” prinsipini unudur və o bucaqdan da keçir digər baxış bucağına.

İlin əlamətdar hadisələri sırasında M.A.Dadaşzadə və Y.Qarayevin yubileyləri ilə bağlı nəşrlərin adını çəkir, haqqında məlumat verir və qəfildən yenə “monoqrafik səpkili kitab” təkrar yada düşür: “ədəbi tənqidin axtarış meyllərini nişan verən təşəbbüslərdən biri də ayrı-ayrı monoqrafik səpkidə qələmə alınan kitabların, məqalələrdən ibarət topluların işıq üzü görməsidir. Şübhəsiz ki, bu, ədəbi tənqidin mövzu və problem dairəsi, janr əlvanlığı barədə də kifayət qədər fikir söyləməyə əsas verir”.

Oxumağa davam edirik. Amma nə bizi də maraqlandıran “ədəbi tənqidin mövzu və problem dairəsi”, nə də onun “əlvan janrları” haqqında bir bilgi əldə edə bilirik. Çünki məruzəçi bu haqqında “fikir söyləyəcəyi” məsələnin üstündən sürətlə keçib qayıdır nəşrlərə. (Yaxşı ki tənqidçilər çətinliklə də olsa kitablarını nəşr etdirir. Yoxsa məruzəçilər nədən danışardılar?)

Vaqif Yusiflinin “Bu Elçin İsgəndərzadədir” və Tehran Əlişanoğlunun “Müstəqillik körpüsündən keçənlər” kitabının da annotasiyasını xatırladandan sonra Tehran müəllimin haqqında belə bir qəribə fikir söyləyir: “Müəllifin ədəbi fakt və hadisələrə, sənətkar mövqeyinə, tənqidçi-ədəbiyyatşünas fərdiyyətinə məhz bir tənqidçi kimi yanaşma sərgiləməsi diqqəti cəlb edən mühüm xüsusiyyətlərdəndir”. Təbii ki, ümumi, şablon ifadə və cümlə maketini kənara qoyuruq və “tənqidçi kimi yanaşma sərgiləmək” məsələsinə dönürük. Ədəbi tənqidlə bağlı məruzədə tənqidçi T.Əlişanoğlu haqqında danışılırsa, “tənqidçi kimi yanaşma sərgiləmək” niyə “diqqəti cəlb edən mühüm xüsusiyyət” olsun? Tehran Əlişanoğlundan tənqidçi kimi danışmır müəllif?

N.Şəmsizadənin “Əgər onlar olmasaydı” kitabına növbə çatır və müəllif deyir: “Əli İldırımoğlu, Hüseynbala Mirələmov, Əlibala Hacızadə və Natavan Dəmirçioğlu kimi müəllif (yəqin “müxtəlif”- olmalıdır-İ.M.) nəsillərin və nəsr təmayüllərinin təmsilçiləri olan qələm sahiblərinin sənət dünyasına xas olan məqamlara geniş yer ayrılır. Əlbəttə bu portret məqalələrin və yubiley yazılarının böyük əksəriyyətinin zəngin fakt və müşahidələr əsasında qələmə alındığını xüsusi olaraq qeyd etmək lazımdır. Ancaq bu yazılar içərisində yazıçının yaradıcılıq aləmini, onun həyat həqiqətləri ilə əlaqə və münasibətini tam aça bilməyən nümunələrə də təsadüf edilir”.

Bu cür “gah-gah”lardan (tərif və irad ) sonra məruzəçi gedir “Azərbaycan” jurnalının 2015 ci il, 6-cı sayında nəşr olunan “Müasir ədəbi tənqid: problemlər, mülahizələr” adlı dəyirmi masa söhbətinə və orda uzun müddət ləngiyir. Məruzənin təxminən səkkizdə iki hissəsi bu dəyirmi masada olan söhbətin mahiyyətindən çox təsvirinə həsr olunur. Həmin dəyirmi masa söhbətinin məzmunu ilə əvvəldən tanış olan ədəbiyyat adamları üçün təkrarçılıq, vaxtı fövtə vermək idi. Amma Q. Mirzəzadə istəyirdi ki, öz məruzəsinin “kəskin” ahəngini məhz bu söhbətin və məhz Ə.Cahangirin fikirlərinin üzərində hökmləşdirsin. Ona görə də həmin masada qeyri-adi nəsə axtarır və tapır: “Qeyri-adisi və təəccüblüsü odur ki, İlqar Fəhmi və Elnarə Akimova istisna olmaqla, dəyirmi masa iştirakçılarının demək olar ki, heç biri müəllifə (Ə.Cahangirə-İ.M.) mövzudan uzaqlaşma haqqında replika şəklində də olsa reaksiya vermir. Ancaq unutmaq olmaz ki, tənqid mühakimədə elmi-nəzəri səviyyə ilə yanaşı, tənqidçidə obyektiv yanaşma da, cəsarət də vacib şərtlərdəndir”.

Bəli...unutmaq olmaz! Amma unudulur...Bəzən hətta tənqid üçün lazım olan məruzəçinin də qeyd etdiyi bu üç şərtin (elmi-nəzəri səviyyə, obyektivlik və cəsarət) üçü də unudulur... Elə bu məruzədə olduğu kimi...

Qürbət Mirzəzəadə “Ədəbiyyat qəzeti” ilə “Azərbaycan” jurnalını qarşılaşdırır: “Azərbaycan” jurnalından fərqli olaraq “Ədəbiyyat qəzeti” ədəbi tənqid haqqında daha çox tənqidçilərin düşüncələrini dərc etdirməyi məqsədəuyğun hesab edir”. Halbuki bir az sonra, məruzənin müəyyən məqamına çatanda “Azərbaycan” jurnalının ədəbi tənqid fəaliyyəti və xidməti daha çox faktlarla əsaslandırılır. Ancaq bizim üçün eyni dərəcədə doğma olan hər iki mətbu orqanı qarşılaşdırmaq yox, onların hər ikisinin tənqidin inkişafındakı məqsədyönlü fəaliyyət konsepsiyasını açmaq maraqlı olardı. Və bu, məruzəçi demiş, daha obyektiv görünərdi. O da maraqlıdır ki, “Ədəbiyat qəzeti”nin tənqid fəaliyyətindən danışanda yenə də N.Şəmsizadəyə qayıdır. Halbuki, “Ədəbiyyat qəzeti”ndə tənqidin obrazı, siması daha çox qadın tənqidçilərlə yanaşı Rüstəm Kamal tənqidçiliyinin spesifikası ilə səciyyələnir. Söhbət 2015-ci ilin ədəbi tənqidindən və bu sahədəki yeniliklərdən, orijinallıqlardan gedirdisə, R.Kamalın tənqidi fəaliyyəti üzərində xüsusilə dayanmaq lazım idi...

Məruzədəki fraqmentallıqlar, pərakəndəliklər, sistemsiz və başı-ayağı bilinməyən əlaqəsiz mülahizələr oxucunu yorduğu kimi, aydındır ki, dinləyicini də əsas mövzuya diqqətdən yayındırıb.

Müəllif ən azından haqqında bəhs etdiyi tənqidçinin fəaliyyətindən sistemli və konkret baxış nöqteyi-nəzərindən danışmalı idi. Məsələn, V.Yusifli haqqında məruzənin müxtəlif yerlərində qəflətən yadına düşürmüş kimi söz açır. Bir dəfə kitabı ilə bağlı, bir dəfə hansısa məqaləsi ilə bağlı, bir dəfə hansısa yazıçı haqqında yazdığı resenziyası ilə bağlı və s. digər tənqidçiləri də belə adda-budda, replikavarı xarakterizələrlə... Ona görə də nə ilin, nə ayın, nə də bütövlükdə Azərbaycan ədəbiyyatının ədəbi tənqidi haqqında heç bir konkret səciyyələndirmə əldə olunmur... Jurnallar və qəzetlər haqqında da belə pərakəndə məlumat verilir. Məsələn, “Ulduz”jurnalında ədəbi tənqidin vəziyyəti ilə bağlı bir neçə cümləlik məlumatdan ötüb keçir digər ədəbi orqanlara, sonra yenə qayıdır hansısa imza ilə bağlı yenidən “Ulduz”da ədəbi tənqid mövzusuna... özü də ilin ədəbi tənqidi ümumiləşmiş konsepsiyalar əsasında hazırlanmalı olduğu halda bu ədəbi orqanlar çox zaman sayları, nömrələri ilə təhlil edilir. Və daha çox adlarla, imzalarla...

Bu jurnallar, qəzetlər və adlar, imzalar bütövlükdə ədəbi tənqidin hansı problematik məsələləri üzərində işləyib? Hansı ədəbiyyat hadisəsini tapıb meydana çıxarıb? Hansı ədəbi tənqid üslubları formalaşıb? Bu formalaşmalarda ədəbiyyatın ümumi inkişafı ilə əlaqə qənaətbəxşdirmi? Və s.

Məruzə başdan-başa kiminsə kiminsə haqqında yazdıqları məqalə və kitabların adı ilə bəzənib. Mən vaxtı alıb məqalələrin və əsərlərin adlarını saymıram. Bir neçəsinə diqqət edin: V.Yusifli V.Nuru haqqında; G.Qarayeva Anar haqqında; A.Bağırlı H.Şəfaqət haqqında; A.Xəlilova V.Yusifli haqqında; N.Cəfərov Hidayət haqqında; C.Məmmədli A.Tahirli haqqında; S.Şərifova B.Nəbiyev, K.Talıbzadə, Y.Qarayev haqqında və s. Məruzə bu “haqqındalar” siyahısı ilə davam edir. Tənqidin ümumi mənzərəsi və yaradıcı tənqidi qüvvələr haqqında təsəvvür belə yarada bilməyən məruzəçi hətta “yazıçı tənqidi” məsələsinə də göz atır: “İlin yazıçı tənqidinə xarakterik nümunə kimi Qəşəm Nəcəfzadənin müxtəlif dövri nəşrlərdə ayrı-ayrı qələm sahibləri haqqında dərc etdirdiyi yazılarını göstərmək olar”...

Beləcə Azərbaycan ədəbiyyatının bir illik tənqid fəaliyyəti müəmmalı şəkildə heçə endirilir... Özü də mötəbər bir tribunada...

“Ədəbiyyat qəzeti”

# 1145 dəfə oxunub

Müəllifin son yazıları

# # #