Günay adlı inəyimiz

Günay adlı inəyimiz
27 fevral 2019
# 12:51

İnqilab Quliyev

Mən insanlardan çox, onların hansısa bir cizgisindən ötrü darıxıram. Düşünürəm ki, bu, hər kəs üçün belədir. Sadəcə, bunun fərqində deyilik. Yaxud da darıxdığımız o şeyin həmin adamda olduğunu hesab edirik. Bizə elə gəlir ki, o adam başdan-ayağa o xüsusiyyətdən ibarətdir.

Məsələn, mən anamdan çox, anamın yeməkləri üçün darıxıram; atamdan çox, onunla yeyib-içməkdən ötrü darıxıram. Nənəmin nəyi üçün darıxdığımı hələ tapa bilməmişəm, amma əminəm ki, onun da özü üçün darıxmıram. Mütləq, nəsə başqa bir şey var.

Kənddəki həyətimiz üçün darıxırdım. Digər yandan da düşünürdüm ki, mən bu həyətin nəyi üçünsə darıxıram, özü üçün deyil. Amma nəyi üçün?! Tapa bilmirdim. Keçənlərdə kəşf etdim.

Mal-qaranın, qoyun-quzunun saxlanıldığı yerə dam deyirik, siz nə deyirsiniz bilmirəm. O dam üçün darıxdığımı hiss etdim. O damdan gələn zımrıq iyi, peyin qoxusu…

Hər axşam naxırdan gələn inəklərin dama girər-girməz öz yerlərinə tərəf yerimələri. Diqqətlə yaxınlaşıb bir ucu yaxınlıqda yerə basdırılmış paza bağlı olan ipin digər ucunu inəklərin ön ayaqlarından birinə bağlamağımız. Qoyunların gəlişi. Damın qapısından içəridəki balaları ilə mələşərək danışmaqları. Ardından qoyunları quzuların yanına buraxardıq. Əmərdilər. Sonra quzuları qoyunlardan ayırmaq üçün "çıxa-çıxa-çıxa" deyib, əlimizi əlimizə vurardıq. Quzular başa düşürlərmiş kimi bütün günü gözlədikləri o dad dolu döşdən ayrılıb öz "otaqlarına" gedirdilər. Elə bilirdim ki, "çıxa" sözü quzuların dilində "ayrılın" deməkdir. Qoyunların dilində bu söz "kıs-kıs-kıs" idi. Bəzən sürünün qabağına çıxar və evə tərəf dönən yol ayırıcında sürünün ortasında durub "kıs-kıs-kıs" deyərdik, ardından sürünün içindən o yol ayırıcından dönməli olan qoyunlar bir-bir ayrılıb dönərdilər.

İnəklərin, qoyunların, hətta quzuların, danaların da öz adları var idi. "Ceyran" adlı bir inəyimizi xatırlayıram. Heç unutmaram. Çox gözəl, sakit, dinc inək idi və ailədə hamı ən çox onu istəyirdi. Bir də unudulmayan Günay adlı inəyimiz olubmuş, haqqında hey bəhs edilərdi. Mənim ağlım kəsənə qədər onu kəsilməyə vermişdilər. Adətən, inəklərin adları görünüşlərinə görə, qoyunların adları isə xarakterlərinə görə təyin edilirdi. Məsələn, bir qoyunumuz var idi. İşi-gücü ağaca dırmaşmaq idi. Ağac görən kimi ön ayaqlarını qaldırıb qoyar ağacın gövdəsinə, başlayardı yarpaqlarını yeməyə. Daim ayağı havada gəzdiyi üçün ona "kenquru" adı vermişdik. Bir qoca qoyunumuz var idi. Ölənə kimi əkiz, üçüz bala verdi. Çox əclaf idi, amma. Həmişə, sürünü caydırıb bostana, taxıla, tarlaya salırdı. Amma kimsə bir şey edə bilmirdi, döyülməyəcəyinin fərqində idi. Çünki daima boğaz olurdu. İlə 5 bala verirdi. Ona görə də xətri əziz idi, sambalı var idi. Eyni ilə oğlan övlad doğan kral xanımının bir anda hörmətə, izzətə, rəğbətə sahib olması kimi…

Böyüdüb-böyüdüb satırdıq. Əslində, bu, biz insanların üzərində də icra edilir. Hamımız satılmaq üçün, daha doğrusu pul əldə etmək üçün, ya da hər hansı xeyir güdüldüyü üçün böyüdülürük. Mən, həmişə, valideynlərin övladlarının yaxşı yerə gəlmələrini istəməklərinin altında valideyn mənfəəti görmüşəm. Bəlkə də bu, mənim keyfiyyətsizliyimdəndir, amma düşünürəm ki, valideynlər övladlarını qocaldıqlarında onlara kimsə baxsın deyə böyüdürlər; özləri kasıb həyat sürüblər, övladları varlı olub onlara dada bilmədikləri dadları daddırsınlar deyə oxudurlar. Bilmirəm, bəlkə də səhvəm, amma bəlkə də belədir.

Hə... Qoyun-quzudan, mal-qaradan danışırdım. Hamısı bir şəxs kimi idilər. Həyətimizin darıxdığım tərəfi o şəxslərin qoxuları ilə dolu olan dam imiş, sən demə...

# 3271 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #