İmtahanda az bal yığan şagirdin intiharında günahkar kimdir?

İmtahanda az bal yığan şagirdin intiharında günahkar kimdir?
20 aprel 2023
# 15:30

Kulis.az İlkin Özün “DİM abituriyentlərdən nə istəyir?” adlı yeni yazısını təqdim edir.

Uğursuzluq – sadəcə hər şeyi yenidən başlamaq üçün verilən imkandır, amma bu dəfə daha müdrikcəsinə.

Henri Ford

İndicə qarşıma dəhşətli bir xəbər çıxdı. Bakıda 17 yaşlı abituriyent buraxılış imtahanından zəif nəticə göstərdiyi üçün özünü 15-ci mərtəbədən yerə atıb, elə hadisə yerindəcə keçinib.

Vallah, belə situasiyalarla qarşılaşanda adam bilmir nə desin, fikirlərin necə ifadə etsin. Çox faciəvi hadisədir. Bizim istəyimiz də belə xoşagəlməz hadisələrin bir daha təkrarlanmamasıdır.

Ona görə də, gəlin, bu hadisələrin baş vermə səbəblərini aydınlaşdırmağa çalışaq.

Sözün açığı, mən bu arzuolunmaz hadisələrə səbəb kimi iki əsas arqument gətirə bilərəm:

Birincisi və ən başlıcası valideyn səhlənkarlığı və məsuliyyətsizliyi, ikincisi və ən əsası isə, DİM və Təhsil Nazirliyinin yeritdiyi prinsipial siyasətdir.

Əvvəlcə birinci səbəbə diqqət yetirək:

Hazırda valideynlər övladlarının ali məktəbə qəbul olmasını o qədər çox arzu edirlər ki, sanki bu baş tutmasa, dünyanın sonu gələcək, qiyamət qopacaq. Başa düşmürəm, nədir axı bu universitet sevdası? Əvvəla, mən də ali məktəb oxuyuram, lakin, heç də halımdan məmnun deyiləm. Vallah, Azərbaycanda ali məktəb oxumaqdansa, özünə indidən gün ağlayıb, bir peşənin dalıyca getmək daha məqsədəuyğundur. Belə baxanda, lap iki-üç universitet bitir, iş tapmadıqdan sonra, nə faydası var? Ölkədə diplomu olub bazarda meyvə-tərəvəz satan insanların sayı hədsiz dərəcədə çoxdur, bu da heç.

Dərd orasındadır, valideynlərin əksəriyyəti uşaqlarının ali məktəbə qəbul olmasını, onların gələcəklərini düşündükləri üçün etmirlər. Niyə edirlər, mən deyim. Deməli, bizim İbtidai İcma dövründən üzü bu tərəfə “mentalitet” adlı mənasız, bizdən başqa heç yerdə istifadə edilməyən, riayət olunmayan bəzi yazılmamış qanunlarımız var. Hansı ki, həmin “konistitusiya”ya əsasən sənin oğlun imtahandan aşağı nəticə göstəribsə, o yüz faiz avaradır, tərbiyəsizdir, xuliqandır. Övladın imtahanda az bal toplayıbsa, sənin qonum-qonşu içinə çıxmağa üzün olmamalıdır. Yoxsa çayxanada domino oynadığın yerdə Allahyar əmi soruşanda ki, “Bala, sənin oğlun vardı, nağayırdı o, girə bildi İnisduta?”, cavabında “yox e, sürüşdürdü”- desən, camaatın içində qızarıb, xəcalətindən yerin dibinə girərsən. Hamı fikirləşəcək ki, oğlun avaradır, tərbiyəsizdir, xuliqandır. Hara gəldi də yayacaqlar bunu. “Bildin də, qardaş, filankəsin uşağı girmədi İnistuda” – söhbəti bütün məhəllə camaatı, qohum-əqrəba arasında müzakirəyə çıxarılacaq.

Mən başa düşmürəm, azərbaycanlıları niyə öz həyatlarından çox başqalarınkı maraqlandırır? Və başqalarının şəxsi həyatına burun soxmağa necə vaxt tapırlar?

Hə, harda qalmışdım. Valideynlər birmənalı olaraq övladlarının yüksək nəticə göstərməsini, diplom almasını onları düşündükləri üçün yox, camaatın içində rüsvay olmaqdan qorxduqları üçün istəyirlər!

Həm də valideynlər övladlarını öz eqolarına qurban verirlər. Bir növ uşaqlarını, kobud da çıxsa, deməliyəm ki, “yarış itinə” çevirirlər. Hə, məhz yarış itinə.

“Filankəsin oğlu universitetə girdi, sən də girməlisən!”

“Filankəsin qızı bu qədər bal yığdı, sən onu keçməlisən”

Uşağa təzyiq göstərir, psixoloji təsir edirlər. Beləcə uşaqlar valideynlərinin eqo yarışının qurbanına çevrilirlər.

Hətta oğluna, “İmtahanda aşağı bal toplasan, ged özünü öldür!” – deyən, valideynlər də olur.

Adam nə qədər debil, nə qədər axmaq olsun ki, belə sözü öz doğmasına desin? Hamının uşağı var, hər kəs də onların yaxşılığını istəyir. Amma bu hərəkətin heç yeri yoxdur, lazımsızdır, mənasızdır! Bu, onların gələcəyini düşünmək yox, bir-başa məhv etməkdir, puç etməkdir.

Unutmayaq, uğurlu övladı hər kəs sevər, əsas məsələ uğur qazana bilməyəni sevmək, dəstək olmaqdır. Bu baxımdan valideynlər və müəllimlər hər şeydən əvvəl, imtahanqabağı abituriyentləri psixoloji cəhətdən hazırlamağı əsas tutmalıdırlar. Onlara, imtahanda zəif nəticə göstərməklə, əslində, hələ hər şeyin bitmədiyi gerçəyini aşılamalıdırlar.

Keçək məsələnin ikinci tərəfinə. 2008-ci ildən etibarən Azərbaycanda ilk dəfə müasir təhsil proqramı əsasında “kurikulum” sistemi tətbiq olunmağa başlandı. Bu isə sevindirici bir hal sayılırdı, çünki bizim təhsilimiz bu sistemə keçid etməklə bir-başa “Avropa” standartlarına cavab verməli idi.

Nə başınızı ağrıdım, kurikulum sistemi ilə orta məktəbi bitirib, imtahan verən siniflərin əksəriyyəti bədbəxt oldular. Sən demə, kurikulum bizim təhsil sistemi üçün yad bir anlayış imiş.

Acınacaqlı vəziyyətdəyik, çünki hazırda orta məktəblərdə verilən təhsillə heç ali məktəbin qapısının ağzına belə çatmaq olmaz. Niyə? Çünki yeganə ölkəyik ki, bizdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi heç cürə bir-biri ilə yola getmirlər. Biri başqa havanı çalır, digəri fərqli melodiyaları ifa edir. Yazıq abituriyent də bilmir hansı havaya oynasın ki, Allaha xoş getsin?

Bir nəfər də ürək eləyib demir ki, ölkədəki i abituriyentlərin bədbəxt olmasının digər bir səbəbkarı da Dövlət İmtahan Mərkəzinin sədri çox hörmətli Məleykə xanım Abbaszadədir.

Mən hələ abituriyent vaxtlarından bu günə kimi cavabını tapa bilmədiyim bir məsələ ətrafında indi də düşünməkdəyəm. Fikrimi belə izah etməyə çalışım, yəqin, mənə haqq qazandırarsınız:

“Nəzərimizdə iki abituriyent tutaq və onların bu il imtahan verəcəklərini fərz edək. Biri can qoyur, hər gün məktəbə gedir, orta məktəb müəllimlərindən dərs alır, məktəb dərslikləri əsasında hazırlaşır. Gedir qəbulda maksimum 350-400 bal toplayır. Digəri isə 11 il ərzində məktəb üzü görmür, sadəcə orada adı gedir. Atasının da imkanı yaxşıdır deyə onu ən prestijli kurslara qoyur, ən sanballı müəllimlər dərs deyir ona, DİM-in vəsaitlərindən faydalanır və s. O isə gedir qəbulda ümumi 600-650 bal toplayır. Onda belə bir nəticə çıxır ki, orta məktəblər bizim üçün mənasız, gərəksizdır. Elə kim istəsə, bir-iki il normal repetitor yanına, kursa-filan gedib ali məktəbə qəbul ola bilirsə, onda orta məktəblər nəyimizə lazımdır?” - Siz Allah, biri bunu izah etsin. Biz də rahatlayaq, DİM də, elə Təhsil Nazirliyi də.

Məncə, ölkədə gedən kütləvi savadsızlıq, işsizlik və ən əsası intihar hallarının qarşısını almaqdan ötrü DİM və Təhsil Nazirliyi artıq barışmalıdır. Tutaq ki, Təhsil Nazirliyi dərslik çıxarırsa, DİM də bir zəhmət, imtahanları ona uyğun tərtib etsin.

Xülasə, ölkədə oxumaq, təhsil almaq istəyən gənclərin sonunun belə bədbəxtçiliklə nəticələnməsini istəmiriksə, qeyd etdiyim məsələlərə daha ciddi yanaşmalıyıq ki, sonradan peşman olmayaq. Çünki sonrakı peşmançılıq fayda vermir.

# 4093 dəfə oxunub

Müəllifin son yazıları

# # #