Agentliyin rəhbəri: "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə

Agentliyin rəhbəri:  "Rusların ssenarisini dəyişdirdik" - Müsahibə
23 sentyabr 2024
# 09:00

Kulis.az Actors Agency aktyor agentliyinin təsisçisi və rəhbəri Səbuhi Məmmədov ilə Həmid Piriyevin müsahibəsini təqdim edir.

- Azərbaycanda birinci aktyor agentliyini sən açmısan ya əvvəl var idi?

- Yox, məndən öncə olmayıb. Acors Agency 2013-cü ildə Avropa şirkətinin törəmə şirkəti kimi yaranıb, baş ofis Latviyada idi. Bir müddət elə işlədik, 2020-ci ildən isə Azerbaican Actors Agency - Azərbaycan Aktyorlar Agentliyi adı ilə Azərbaycanda qeydiyyatdan keçdik. Ümumilikdə, 2013-cü ildən məqsədimiz Azərbaycan aktyorlarının yaxın xaricdə təbliğini, tanıdılmasını, təmsil olunmasını, filmlərə çəkilməsini təmin etmək olub. Onu da eləmişik. İlk işimiz elə yaradıldığı 2013-cü ildə Xorvatiyada reklam çəkilişi oldu. Sonra Türkiyə ilə olub, Rusiyada bir çox layihələrdə işləmişik. Həm kino, serial, həm də böyük büedcəli reklam çarxları. Hələ də bu formatda davam edrik, xarici şirkətlərlə əməkdaşlıq edirik.

- Şirkətin fəaliyyət istiqaməti sırf xaricə hesablanıb?

- Yox, ölkədaxili işlərimiz də var. Yarandığı ildən agentliyin aktyor layihəsi oldu. Azərbaycanda aktyor menecmentini tətbiq etmək üçün konkret olaraq bir aktyorla başladıq. Belə deyək, sıfırdan deyildi, universitet oxuyurdu. Biz onun ətrafında menecmenti başladıq, uğurla davam etdirdik, səkkiz il həmin aktrisa ilə işlədik.
Dəniz Tacəddin aktyor agentliyimizin ilk məhsulu sayılır. Biz onun həm menecmentini aparmışıq, həm də aktyor sənətinə aid olan bacarıqlarının inkişaf etməsi üçün yön vermişik. Bizdə aktyorluq kursu olmayıb, heç nəzərimizdə də yoxdu. Başqa-başqa aktyorların kursları var, amma biz kurs aparmırıq. Müəyyən layihələrimiz oldu, treninqlər keçirdik, ustad dərsləri oldu. Biz hansısa aktyorla işləyiriksə, o məşhurdu, məşhur deyil – fərqi yoxdu, onun menecmentini aparırıq və ona aktyorluğa lazım olan bacarıqlarını təkmilləşdirməsi üçün yön veririk. Hər hansı bir rejissorla işə, burda və ya xaricdə masterklasslara göndəririk, ondan əlavə, aktyora vacib olan elmlər var, psixologiya, analitika, məntiq, insan münasibətləri, xarici dil, idman və s. Görünüşündən tutmuş, düşüncə tərzinin, dünyagörüşünün formalaşması, hamısı onun içindədir.

Əlbəttə, biz əvvəlcə aktyorları seçirik. Ola bilər universiteti təzə qurtarıb, hər hansısa istedadı var, fitri istedadı demirəm, yəni qabiliyyəti başqalarından fərqlənir. Təbii ki, biz kommersiya şirkəti olduğumuz üçün aktyorları yönəltməliyik ki, standartlara cavab versin. Dünya kinosunda müəyyən standartlar var. Aktyor üzə çıxanda, o, müəyyən standartlara uyğun olmalıdı. Dediyim kimi, Dəniz Tacəddin bizim ilk aktrisamız idi, hazırda tanınır, filmlərə dəvət alır. Bizdə ilk olaraq üç illik müqavilə bağlanır, təbii ki, maliyyə tərəfi də burda əsasdır, əvvəlcə yatırım edirik ki, sonra gəlir götürə bilək. Üç il bir aktyorun üstündə iş gedir. Eləsi olur ki, üç il ərzində ondan heç pul qazanmırıq, ancaq yatırım edirik.

- Yəni agentliyin əsas məqsədi pul qazanmaq yox, aktyor yetişdirməkdir.

- Təbii, təbii. Və yetişən aktyorları brendə çevirməkdir. Deyə bilərsiniz ki, filan aktyor axı tanınır, onu necə brendə çevirəcəksiniz? Məqsəd bu deyil. Məqsəd dünya kinosuna inteqrasiyasnı daha da gücləndirməkdir. Baxın, bu dünyada da belədir. Sadə tamaşaçı məşhur rejissoru da tanımır çox vaxt, amma aktyoru tanıyır. Çünki simadı o. Məqsədimiz Azərbaycan aktyorlarının dünya kinosuna sima olaraq tanınmasını təmin etməkdir. Hər insan bir ölkənin nümayəndəsidir və o, öz ölkəsinin mədəniyyətini, siyasi xəttini, ideologiyasını təmsil edir. Bu çox vacibdir. Biz buna çox önəm veririk. Xaricə gedən aktyorlarla getməmişdən qabaq söhbətlər aparırıq, özünüz də bilirsiniz, əsasən, Rusiyayla işləyirik. Orda kino və serial sahəsində erməni lobbisi çox güclüdür. Ona görə siyasi tərəfdən də maarifləndiririk. Aktyorlar emosional adamlardır, hamısı da vətənpərvərdir.

Düzdü, hələ belə neqativ şeylə rastlaşmamışıq, nə müharibədən əvvəl, nə sonra olmayıb ki, kimsə onlara söz atsın. Müharibədən sonra üç proyektimiz olub Rusiyayla. Dediyim kimi, belə hal olmayıb, amma hər halda, buna da hazırlaşırıq, aktyorları hazır göndəririk. Birdən nəsə olsa, söz və ya sual olsa, lap qəsdən olmasın, vəziyyət barədə məlumatlı olsunlar. Çünki həmin anda dövlətin təmsilçiləri həmin aktyorlardır.

- Yanlış bir addım dövlətin nüfuzuna xələl gətirə bilər.

- Bəli. Vətən naminə bir sözü həddindən artıq emosional qaydada demək ziyan gətirə bilər. Onun o tərəfinə də nəzarət edirik, yönəldirik. Yenə də deyirəm, xaricdə işləyəndə biz birinci növbədə Azərbaycan dövlətini təmsil edirik. İkinci olaraq sima gəlir. Yəni, aktyor. Ümumiyyətlə, hər peşədə şəxsiyyət vacibdi. Bir şey deyim, bunu reklam etməmişik, çünki ehtiyac görməmişik. Yeri gəldi deyə danışıram. 2019-ci ildə Rusiyanın bir proyekti var idi, tarixi serial. Azərbaycandan o serialın baş və əsas rollarından birinə Xalq artisti Pərviz Məmmədrzayev və Kamran Ağabalayev təsdiq olundu. Ssenari gəldi, oxuduq, müəyyən şeylər var idi ki, onlarla qəti razılaşmadıq. Orda erməni knyazının qızı alban knyazı Cəlal paşanın qızı kimi təqdim olunurdu. Məkan kimi də Qarabağ göstərilirdi. Biz komanda olaraq etiraz etdik, Azərbaycan Mədəniyyət Nazirliyinə də məlumat verdik ki, belə bir sabotaj xarakterli proyekt hazırlanır. Prodüserlərlə danışıqlar apardıq. Biz rus prodüserlə danışırdıq, sonra öyrəndik ki, Rusiyada məşhur olan erməni prodüser Ruben Dişdişyan da öz kompaniyası ilə proyektdədir. Mən onlara başa saldım, tarixi faktlar, xəritələr göndərdim.

- Razılaşdılar?

- Dedilər ki, bu sırf tarixi xarakterli deyil, uydurmadır, xəyal məhsuludur. Dedim, fərqi yoxdur, sizin uydurma kimi yazdığınız ssenari sabah hardasa real fakt kimi qəbul oluna bilər və ilk növbədə Azərbaycan vətəndaşı kimi mən və mənim aktyorlarım buna etiraz edirik, çünki bu tarixi faktlara söykənmir, təhrif edilir. On beş-iyirmi gün arası debat getdi, telefon zəngləri, danışıqlar-filan. Axırda başqa bir prodüser zəng etdi, dedi ki, hər iki prodüser etirazınızı qəbul edir. Ssenari dəyişdirildi, həm məkan, həm dialoqlar, ümumiyyətlə, o hissə tam dəyişdirildi. Sonra dəyişdirilmiş ssenarini göndərdilər, təsdiqlədik və aktyorlar gedib çəkidli. Şükür ki, bunun öhdəsindən gələ bildik.

- O serial yayınlanıb?

- Bəli. “Yeniçəri” adlı serialdır. Rusiya-Ukrayna müharibəsi başlayanda yayınlandığı üçün böyük ajiotajı da olmadı. Bizdə də elə bir imkan olmadı hansısa verilişə çağırsınlar, danışaq. Yeri gəlmişkən, bunu da deyim. Bizim kanalların əksəri aktyorların xaricdəki fəaliyyətini işıqlandırmır, bu fəaliyyət kölgədə qalır, amma mənə belə gəlir ki, bu gün Azərbaycan kinosunu aktyor təmsil edir. Mənə belə gəlir ki, buna bir az önəm versələr, diqqət yetirsələr, işıqlandırsalar, dövlət səviyyəsində də görərlər, daha məlumatlı olarlar. Təbii ki, məlumatları var, amma xalqımız da bilər ki, biz boş oturmamışıq, əlimizdən gələni edirik. Biz anında reaksiya verməyə hazırıq, buna görə danışdım bunu. Aktyorlarımızı da çox bəyəndilər. Hazırda da doqquz aktyorumuz bizim xətlə tarixi serialda çəkilir. Adı “Qovulmuşlar”dır. Aprel ayından çəkilişlər başlayıb. Oktyabrda isə Bakı çəkilişləri olacaq.

- Azərbaycanla bağlıdır?

- Yox. Amma məkan olaraq çəkilişlər brda da aparılacaq. İstanbulu Bakıda çəkəcəklər. Hadisələr Rusiyada və Türkiyədə, keçən əsrin 20-ci illərində cərəyan edir.

- Seçim necə aparılır?

- Bir az qeyri-təvazökarlıq ola bilər, amma deməyəndə də olmur. Aktyorlarla Amerikadakı iş sistemiylə çalışan ilk kastinq direktoruyam. O sistem Amerikadan bütün dünyaya yayılıb. 2000-in əvvəllərindən bu günəcən həmin sistem davam edir. Düzgün kastinq, düzgün seçim serialın, filmin keyfiyyətinə birbaşa təsir edir. Skorseze bir dəfə müsabəsində demişdi ki, hər bir filmin uğurunun 70%-i düzgün aktyor seçimindən asılıdır. Bu gün tamaşaçılardan çox tənqid eşidirik. Rejissorlar da deyir ki, tamaşaçının başı çıxmır. Tamaşaçının birinin başı çıxmaz, ikisinin başı çıxmaz. Biz onsuz da kütlə üçün çəkirik, istər film, istər serial. Sənət mövqeyindən sənət adamları qiymət verir, tənqidini edir, fikrini bildirir. Amma tamaşaçı filmə, seriala baxıb inanmaq istəyir. Əgər hansısa aktyor seçim prosesindən keçməyibsə, gözləntini doğrultmayacaq. Heç əmoğlu-dayoğlu məsələsi də deyil, sadəcə, filan aktyor məşhurdur, onu çəkək – səhv yanaşmadır. Kastinq nə üçündü? Bir rolun son mərhələsinə minimum üç aktyor çatır. Son mərhələ artıq videoçəkilişdir. Filmin müəyyən bir epizodu seçilir, çəkilib göndərilir. Nəticədə, o üç nəfərin arasından ən uyğun gələni seçilir.

- Seçilməyənlər həvəsdən düşmür ki, sonra?

- O demək deyil ki, o birilər istedadsızdır, yox. Həmin personajın psixotepinə, xarakterinə hansı aktyor uyğun gəlirsə, o seçilir. Hər bir rejissor, ssenarist əvvəlcədən beynində psixotip yaradır. Tipaj olaraq hansı uyğundursa, onu seçir. Çünki hər aktyor ilk növbədə filmdə tipajdır, aktyorluq ondan sonra gəlir. Təəssüf ki, Azərbaycanda seçim prosesi tam bu səviyyədə deyil. İyirmi ildi bu davam edir. Kino sənayesindən danışırıq. Amma kino sənayesinin yaranmasında insan faktoru çox vacibdir. Aktyor simadır, yenə deyirəm, titrlər sonda gedir, biz filmin digər heyətinin adını sonda görürük, ilkin olaraq böyük tamaşaçı, hətta tənqidçilər də aktyoru görür. Posterlərdə də aktyorun şəkli vurulur.

- Məsələn, Türkiyədə bu sistem oturuşub artıq.

- Bir dəfə Türkiyə ilə ortaq layihə işləyirdik. Türkiyədə prodüserlər dedi ki, biz burda serialı aktyorlara görə satırıq. Ana kast məşhur aktyorlardan ibarət olur. Yan kast, ikinci plan rollara gənclərdən də üzdə olanlar cəlb olunur. İstedad, uyğunluq da öz yerində. Çünki Türkiyə tamaşaçısı seriala, filmə o aktyorlara görə baxır. Hər bir aktyorun öz tamaşaçı kütləsi var. Mən bizim aktyorları Türkiyə kinosuna çıxartmağa çalışırdım. Mənə başa saldılar ki, biz sizin aktyorları kənardan müdaxilə və ya istedadsız hesab etmirik. Çox güclü aktyor potensialı var sizdə. Sadəcə, tanıtıma görə çəkə bilmirik. Əlbəttə, başa düşürəm, bu prodüser üçün böyük riskdir. Bunun maliyyə tərəfini demirəm hələ. Aktyorun yol xərci, orda qalmağı, yeməyi, qonorardan əlavə gündəlik xərcliyi – Azərbaycandan başqa hər yerdə belədi, aktyora bunlardan əlavə həm də gündəlik cibxərcliyi verirlər. Bizdə də sovet vaxtı olub bu, indi yoxdu. Hamı büdcəyə dirənir ki, büdcə azdı, pul yoxdu. Kinonun inkişafını istəyiriksə, pul qoymalıyıq. Normal pul olmasa, normal nəticə olmayacaq. Biz pulu tamaşaçıdan qazanırıq, əgər pul qazanmaq istəyiriksə, əvvəlcə normal sərmayə qoymalıyıq. Demirəm, Hollivuddakı kimi, Türkiyədəki kimi edək. Öz imkanlarımıza görə. Bu gün ilk növbədə aktyorun, daha sonra bütün işçi heyətin qonorarının az olması filmin keyfiyyətinə, səviyyəsinə birbaşa təsir edir. Çünki insan faktoru var burda. Çox istərdim ki, kastinq rejissorlarımız bunu nəzərə alsınlar.

- Kastinq direktorunun vəzifəsi nədir?

- Kastinq direktoru ilkin qaralamanı aparır, son üç nəfəri rejissora təqdim edir. Təbii ki, rejissorun verdiyi təlimat əsasında, ssenariyə uyğun. Bizdə yanlış fikir formalaşıb ki, əgər kastinq direktor varsa, istədiyini təsdiqləyəcək. Yox, kastinq direktorun işi bu deyil. Onun işi uyğun üç aktyoru seçib rejissora verməkdir, rejissor özü birini seçəcək. Bizdə bu sistem formalaşsa, tətbiq olunsa, mənə belə gəlir, keyfiyyətə təsir edəcək.

- İl ərzində iyirmi film çəkilirsə, neçə rejissor kastinqlə işləyir?

- Çox azı. Söhbət məndən getmir. Misalçün, Baku Media Mərkəzinin Tağıyev haqqında çəkdiyi filmdə kastinqi Reyhan Cəfərova aparırdı. Bescast şirkəti var, daha çox reklam biznesindədirlər, amma son illər film sektorunda da işləyirlər. Elxan Cəfərovun 20 yanvar haqqında çəkdiyi filmdə Səbinə xanım işləmişdi. 44 günlük müharibədən bəhs edən filmdə də Səbinə xanımdır. Vaqif Mustafayevin “Molla Nəsrəddin” filmində Yana Nikitina işləyir. Amma görürsünüz, biz bunları barmaqla sayırıq. Serialların, demək olar ki, heç birində kastinq direktoru vəzifəsi yoxdu, bunu ikinci rejissor yerinə yetirir. Bu sovet kino sistemindən qalan vəziyyətdir. Qeyd edim ki, ikinci rejissor qərargah rəisidir. O dövrdə də ikinci rejissor mövqesində olan aktyorlarla işləyirdi. Fərqi yoxdur, dörd nəfər aktyor çəkilir ya əlli. Rejissor məkanlara gedib baxmalıdır operatorla, rəssamla işləməlidir, geyim rəssamıyla, rekvizitlərlə işləməlidir. Üstəlik, aktyorları da yükləyirlər ona. Oturur, qırx-əlli aktyoru dəvət edib onlarla tanış olur. Bu prosesin özü də düzgün deyil. Hamı Oskar almaq istəyir. Düzdü, Oskarı sənət ödülü hesab etmirəm, amma o meyardır. Kastinq mədəniyyəti də ordan gəlir. Adamlar bilirdilər ki, keyfiyyətli iş almaq üçün düzgün aktyorlar seçilməlidir. Kastinq direktor elə aktyorlarla işləyən rejissor deməkdir.

- Bəzi xarici telekanallarda belə kastinq direktorlar var.

- Əlbəttə. Məsələn, Rusiyada. Bizdə son illər film, serial istehsalını İctimai kanal uğurla aparır, amma orda da kastinq direktor yoxdur. Kastinq direktor olsa, rejissor ondan vəzifəsini tələb edəcək və nəticədə, işin keyfiyyəti artacaq. Sizi əmin edirəm. Keyfiyyət də o deyil ki, çəkdim, on nəfər tanışım təriflədi. Nəticə filmin xarici bazarda satışıdır. Biz doxsanıncı illərdə Türkiyəyə qastrola gedirdik. Kinoları Yeşilçam səviyyəsindəydi, serial sektoru inkişaf etməmişdi, teatrları belə Azərbaycan teatrından zəif idi. Biz o dövrdə elə güclü idik. Bəli, bizim böyük bir problemimiz var idi, şükür ki, artıq həll olunub, dördüncü ildir biz qələbəmizə sevinirik. Ordu Prezidentin rəhbərliyi ilə öz işini gördü, biz də öz işimizi görməliyik. Bunu biz ancaq dövlətdən gözləməməliyik. Fərd kimi, vətəndaş kimi qabağımıza məqsəd qoyub ona çatmalıyıq, ondan sonra kimlərdənsə nəsə tələb edə bilərik ki, bizi təmin edin. Təminatın verilməsi üçün nəticə lazımdır. Nəticə üçünsə birlik olmaq, bir-birini anlamaq lazımdır. O demək deyil ki, on nəfər yığıldıq, kino çəkdik. Məqsəd olmalıdır ki, biz Azərbaycan kinosunu, serialını xaricdə satmalıyıq. Bu gün Türkiyə bunu çox uğurla edirsə, biz niyə etməyək? Biz həm peşəkarlıq, həm də maliyyə tərəfdən Türkiyədən zəif deyilik. Sadəcə, maliyyə gələn yerlə bu peşənin adamları arasında bir boşluq yaranıb, o bağları bərpa eləmək lazımdır.

- Bəs qonorar necədir?

- Aktyorların ən böyük etirazı qonorarla bağlıdır. 1998-ci ildə kino haqqında qərar qəbul edilib, həm iş saatı, həm də qonorarla bağlı məsələlər orda əksini tapıb. Amma o vaxtdan qanunda dəyişiklik aparılmayıb. O boşluqlar doldurulmasa, yeni variantda kino qanunu təsdiq olunmasa, bundan əziyyət çəkəcəyik. Amma dünyada bütün hər şeyi dövlətdən asılı hesab etmirlər. Müəyyən kommersiya qurumları var ki, bu məsələni onlar tənzimləyir. Bizdə, təəssüf ki, konkret elə bir struktur yoxdur. Biz agentlik olaraq öz aktyorlarımıza cavabdehik. Prodüserlə ümumi danışıqlar əsasında aktyorlarımıza daha məhsuldar şərtlər, iş şəraiti yaratmağa çalışırıq. Hər iki tərəfin də razılığı olur. Ümumi razılığa gəlirik. Amma sizə deyim ki, bizdəki qonorar azlığı böyük maneədir.

- Aktyorlar məcbur olub çəkilirlər ki, təki iş olsun.

- Aktyorun işi kinoya çəkilməkdi də. Ola bilər, teatrda daimi işi var, amma əlavə pul heç kimə ağırlıq etmir. Pulun vaxtında verilməməsi problemi çıxır ortaya, aktyorlar var bunu ictimaiyyətə bildirir, eləsi var demir, fikirləşir ki, danışaram, sonra məni başqa filmə çəkməzlər. Amma mənə belə gəlir ki, bütün problemlərin müzakirə olunması, aidiyyatı adamlara birbaşa deyilməsi ancaq inkişafa aparar. Müəyyən qiymət hədləri qoyulmalıdır. Bu adamın statusundan da asılı ola bilər, iş təcrübəsindən də. Və iş saatı dəqiq olmalıdır. Rusiyada çəkilən uşaqlar var da, nahar fasiləsiylə birlikdə on iki saatlıq iş günü hesablanır. O demək deyil ki, bütün on iki saatı çəkilirlər, bu rejimdir. Müəyyən edilmiş rejimdən on beş dəqiqə artıq qalırsansa, əlavə qonorar hesablanır. Bizdəki əsas problemlərdən biri də qida problemidir. Demirik ki, banket açmalısan, amma aktyora çox da baha olmayan, keyfiyyətli və kalorili yemək vermək lazımdır.

- Səncə, kino sektorunun inkişafı üçün ən vacib addımlardan biri hansı olmalıdır?

- Mütləq kino instutu açılmalıdır. Keçən il kinoforumda sual da verdim ki, Azərbaycanda kino institutu haçan açılacaq? ADMİU-da kino və dram aktyorluğu fakültəsi var. Amma orda kinodan danışılmır. Aktyorlar konkret olaraq teatra hazırlanır. Və ordan tələbə çıxıb gəlir kino sektoruna, sudan çıxmış balıq kimi, nəfəs ala bilmir. Kamera önündə bilmir özünü necə aparsın. Özbəkistanda VQİK-in filialı açıldı. Ümid edirəm ki, bizdə də belə bir institut, universitet açılar. Vacib deyil haranınsa filialı olsun, özümüz yaradaq. Amma olması vacibdir. Kino bir az spesifik sahədir. Aktyor, montajçı, səs rejissoru fakültələri olmalıdır. Konkret ssenartist fakültəsi olmalıdır. Təkcə ekran dramaturgiyası keçilməməlidi. Ekran dramaturgiyası klipə də aid ola bilər, televiziya tamaşasına da aid ola bilər. Dünya ölkələri niyə kino instutu yaradır? İnandırım ki, peşəni oxumuş kadrlar gəldikcə yenilənmə olacaq və bu dəyişikliklər bizdə kino sənayesinin tam yaranmasına və uğurla inkişaf etməsinə təkan verəcək.

Fotolar: Rüfət Mustafayev

# 1668 dəfə oxunub

Müəllifin son yazıları

# # #