"Qoy bura tökdüyün zibil, ölənlərinin ehsanı olsun!" - Həmid Herisçinin yeni şeirləri

"Qoy bura tökdüyün zibil, ölənlərinin ehsanı olsun!" - Həmid Herisçinin yeni şeirləri
30 aprel 2026
# 13:58

Bu gün tanınmış şair, yazıçı Həmid Herisçinin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun yeni şeirlərini təqdim edir.


DANTE VƏ VERGİLİ

(Elmir Mirzəyevə)

Qoy, bura tökdüyün zibil,
Ölənlərinin ehsanı olsun!
Köhnə Bakı divarlarina,
mövzuya uyğun,
hərifləri azca solqun
bu amansız, anasız
Qraffiti həkk edilmışdi,
Haqq edilmışdi,
Sanki Mərkəzi Bankın hesablarıni xakerlər yarmışdı,
xak etmişdi,
Sanki rəhmətlik Bakının meyidi yuyulmuşdu, pak edilmışdi,
Elə bil internətdə də təq edilmişdi,
mövzuya uyğun,
"Qoy bura tökdüyün zibil,
ölənlərinin ehsanı olsun!"
Qoy, kosmosdan da görünsün,
Oxunsun,
bu dua, bu ovsun!
Qoy hamı bu mətnin gözəlliyinə vurulsun,
"Koroğlu" operasındakı
-"Şərab doldurun, şərab doldurun!!!"
ariyası,
ən azı yarısı,
bu qraffitiyə aid olsun...
hamını susdursun,
bu ovsun!
Eh Elmir, Elmir,
Dostum,
Şəhərin, Bakının dırnaqları arasında kir kimi qalmış kücələrdə,
Sən Dante, mən Vergiliy yox, Vergili oldum...
Bu qraffitini birnəfəsə
hissə, hissə
oxudum...
Qorxdum...
Nəhayət ki, öz kölgəmı soyundum!!!
Kimə lazım idi mənim bu köhnə kambinzonum?
Bu dostluqda oyun başlamadı, yox...
bitdi oyun.
Sən Dante,
mən Vergili oldum.
Mövzuya uyğun!
Sən bir gün “Bizim Cəbiş müəllim” filmini də,
Bax bu cür söydün, soydun, soyundurdun,
Dedin bu kimya müəllimi
Kimyagərdi,
Doktor Frankinşteyndi,
Bizim milli Epşteyndi,
Şagirdlərinin piyindəndi
Onun
Çamadanından çıxarıb payladığı sabun...
Sən bunu deyuncə, tam dəyışdi o filmdəki məzmun
Mövzuya uyğun.
Dedin: Hətta dükan taxçalarındakı ən yeni şampun...
Dedin...və udqundun, susdun.
Mövzuya uyğun.
Dostum,
Qoy təzə taxma dışlərim
Çənəmdə tam oturuşsun,
"Qoy bura tökdüyün zibil
ölənlərinin ehsanı olsun"
Cümləmə, həsəd aparacaq Səməd Vurğun!

YOLDAN, ORDAN TELEQRAM

Bakı şəhər prokurorluğundakı bizim uzaq bir qohum,
Ölü səhralardan, Afrikadan əsən
Gilavar, ölümcül səmum,
Bir amerikalı yevanqelist medium,
Vikipediyada oxudugum
Bir məqalə,
Qara şəhərdə Nobelə məxsus indi xaraba
“Villa petrolium”
Məzara axan qum
Yuxularıma girən mərhum
Dostum
Ceyhun
Deyir:
Hələ sağsan?
Çünki...
Çünki
Hələ də uşaqsan...

Acsan,
Səhər-səhər evdən çıxansan...
Unutma, aptekdən dərman da almalısan.


AXTAR ÖZÜNÜ EPŞTEYNİN X FAYLLARINDA

Həyat düşəndə çətinə,
həm də muğamat ahənginə,
Girəndə Hollivud süjetinə,
İlişəndə,
kilidlənəndə
indiki kimi
Hörmüz boğazı girəcəyində...
baş qəhrəman əyləşəndə sonbala Mersedesinə,
Yetişəndə tam zülmət bir tinə...
Kəlmeyi-şəhadətin səslənsə
öz-özünə.
Şalvarının cırığı qəfil girsə gözünə,
Arzuların ölsə, uzansa tam düzünə...
Əvvəl
Axtar özünü, öz üzünü,
İtmiş əbəs ömrünü, öz ölümünü,
Cəllad kötüyünü.
"Güllələnmə təxirə salınır" filmində.
Orda sən də varsan...
Apellyasiya şikayəti yazırsan
Stalinin özünə.
Sonra
Epşteynin X fayllarında,
Zəmanəmizin bu modern "Min bir gecə nağıllarında"
Üzləşdim qəfil öz adımla!
Orda mən dünya gözəli bir qadınla,
Deyəsən, Katerina adında,
Keyfdəydim Karib adalarında!
Sonra
Axtar, özünü taparsan Akutaqavanın "Rasyomon darvazası", Rasyomon adası, Robinzon adasında,
Həyatın ən böyük xata-bəlasında,
Raskolnikovun qanlı baltasında,
"Azercell"in son telefon balansında
Sənin də adın var!!!
Öz cəsədini qəfil görəcəksən hələ
Xocalı qurbanları sırasında.
Bir qədim Misir papirusunda
Sənin barəndə də yazıblar.
Axtar.
Axtar.
Axtar.

SEKOND HAND DÜKANINDA

«For sale: baby shoes, never worn»
Xəz dərili
Çox fərli, dizaynı çox fərqli
bir gödəkçə aldım,
amerikalıdan,
Sekond-hend, ikinci əl dükanından,
Qoxuladım,
iy gəlmirdi
dərin qoltuğundan...
Həm də yorğunluğumdan.
Bir də o dükanda,
andıra qalmış malların,
Köhnə musiqi vallarının,
Tozlu samovarların sırasında,
Uzun siyahısında
Allah eləməmiş
Bir cüt uşaq ayaqqabısı gördüm.
Geyilməmiş.

Elə bil ağacda göy alçaydı
hələ yetişməmiş...
Öz dilində mənə deyirdi:

You speak English?
Finiş xəttiydi bu,
Tam finiş...
Burda cəld öz yerindən qalxıb,
elektron gitaraya,
Uzaqlarda itən gecə qatarına,
Pencəyinin nəşəli astarına
Özünü çatdırmalıydı
Ağdamlı Rəmiş!!!
Orda həyat,
Ağır həvəngdəstəylə hələ
tam əzilməmiş.
Əzrayıl o mənzərəni, mənzili hələ tam kirayələməmiş...
Gitaranı köksünə hələ sıxmamış Rəmiş
O çəkmələri ata-ana əzizləmiş, iylərmiş,
Öpərmiş...
Deyərmiş - "Firəngiz"...
Tam səssiz.
Uşaq çəkmələri satılır
Geyilməmiş...
Ernest Heminquey, vaxtilə,
cəmi bu iki sətirlə,
Allah eləməmiş
Həyatın faniliyini, bir saniyəsini göstərərmiş.
Elə bil o, bu çəkmələri geymiş...
Ağacların tərbiyəsini pozan
küləklərə qoşulub
1936-cı ilə, İspaniyaya, Kilimancaro dağına, Afrikaya, ədəbiyyata doğru getmiş...
Ürəyində
həmişə deyərmiş:
«For sale: baby shoes, never worn»
NO COMMENT.
ŞƏRHSİZ.


***

Bu ölkədə,
bəlkə də,
arvadların yazdığı cadu duası,
restoranlardakı kələm, yarpaq dolması,
"Qarabağ" futbolçularının
diz yarası,
Şəki halvası,
hətta Qafqaz Müsəlmanları İdarəsində
mollaların yaşıl çalması,
"Qapaz.info" xəbər agentliyinin ikiəlli qapazı,
Ayfonun dişlənmiş alması,
Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərin
son tranşı
eyni qaydayla
qatlanır, bağlanır, sarınır,
bükülür...
Gözlərimizin yaşı tökülsə də,
Böyrəklərimizin daşı
tökülmür!!!

# 910 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər