Əttökən, əsəb verən yerli seriallar

Əttökən, əsəb verən yerli seriallar
29 aprel 2019
# 13:38

Yadıma gəlir, ilk baxdığımız serial “Varlılar da ağlayır” idi. Serialın qəhrəmanı Marianna o qədər məşhur oldu ki, hətta üstündən uzun illər keçəndən sonra da “tolkuçka”dakı alverçilər “Mariannanın corabları” deyə mallarını reklam edirdilər.

Sonra Türkiyə serialları dəbdə oldu. İlk seriallar çox keyfiyyətli olmasa da, tədricən serial bazarında öz yerini tapdı. İndi Türkiyə “Öylə bir keçər zaman ki”, “Param-parça”, “İstanbullu gəlin”, “Çukur” kimi keyfiyyətli serialların çəkildiyi məkandır.

Bir də dedilər ki, yerli serialların çəkilişlərinə başlayıblar. Əvvəl ciddi qəbul etmədik. Amma sonra bir-iki serialın, xüsusilə “Pərvanələrin rəqsi” və “Vicdan haqqı”nı izləyəndən sonra yerli seriallarda da ciddi dönüş ola biləcəyinə ümid etməyə başladıq. Amma seriallar çoxaldıqca, xətalar daha çox üzə çıxır. Düşünürsən ki, ya iş candərdi görülür, ya da bacardıqları elə bu qədərdir.

Seriallarda əcaib işlər baş verir. Məsələn, bir bölümdə çəkilənlər o biri bölümdə yaddan çıxır. Ssenarini bir neçə adamın yazması normaldır, amma ssenaristlər bir-biriləriylə əlaqəli işləyirlər. Bizim serialları izləyəndə isə belə təəssürat yaranır ki, ssenarini bir-biriylə əlaqə yaratmaq zəhmətinə qatlaşmayan ssenaristlər yazır.

Ya da baş rolun ifaçısı birdən yoxa çıxır. “Ana və poçtalyon” şeirindəki kimi “ondan xəbər gəlməyir, xəbər gəlir öləndən”. Hamıdan xəbər gəlir, bircə baş rolun ifaçısından başqa. Sonra sözarası deyirlər ki, uzaq bir yerdə dünyasını dəyişib. Heç nə olmamış kimi serial davam edir. Sonra lap axırda məlum olur ki, baş rolun ifaçısı ölməyib, sağ-salamatdır, özü də hardasa uzaqlarda öz sevgilisini gözləyir. Bilmirsən bu xəbərə sevinəsən ya ağlayasan.

Çox güman ki, aktyorla rejissorun sözləri çəp gəlir və aktyor serialdan uzaqlaşdırılır. Tamaşaçının nə düşünüb-düşünmədiyi isə nəzərə alınmır. Əsas odur, rejissorun eqosu təmin olunsun.

Serialların birində baş rolun ifaçısı keçmiş ədəbiyyat müəllimidir. İndi ticarətlə məşğul olur, qaz vurub qazan doldurur. Ədəbiyyat müəlliminin sənətinə uyğun nitqi olar, hər halda bu kişi uzun illər ədəbiyyatdan dərs deyib. Hər halda ləhcəylə bağlı qüsurları olsa da onları düzəltməyə çalışar. Bu qəhrəmanımızsa elə bil ömründə ədəbiyyat dərsliyini açmayıb.

Və bunu təbiilik kimi qələmə verirlər. Özü də rejissor müsahibələrində fərəhlə deyir ki, aktyor ədəbi dildə çox gözəl danışır, amma təbii çıxsın deyə, qərara aldıq ki, öz ləhcəsiylə danışsın.

Serialın axırlarına yaxın rejissorun yadına düşür ki, axı baş qəhrəman ədəbiyyat müəllimidir. Tez-tələsik ona bir təmtəraqlı şeir əzbərlətdirib kadrların birinə yerləşdirirlər. Aktyorumuz masa arxasında baxışlarını uzaqlara dikib uzun bir şeir söyləyir, hətta elə sevincək olur ki, həmin şeir söyləyən hissəni montaj edib Youtube-a yerləşdirir.

Ya da götürək məşhur bir əsəri əcaib formada təqdim edən serialı. Çəkiliş heyəti məşhur əsərin adından istifadə edib istədiyini edir. Əsərdən əsər-əlamət qalmır. Əgər səviyyəli şəkildə təqdim etsələr, birtəhər razılaşmaq olar. Amma ssenari zəif, aktyorların 80 faizi isə yarıtmaz. Yenə “təbiiliyə” üstünlük veriblər, ali təhsilli müsbət qəhrəmanın dilindən “alə” kəlməsi düşmür, özü də sevdiyi qadına dəvə nalbəndə baxan kimi baxır.

Rejissor da qürurla deyir ki, mənim serialımdakı obrazlar əsərdəkindən daha dolğundur. Bu qədərini deyə bilmək üçün gərək həqiqətən bir çox keyfiyyətlərdən məhrum olmuş olasan.

Özlərini sığortalamaq üçün belə səbəb göstərirlər ki, bizim büdcəmiz azdır. Bu arqument deyil. Tamaşaçıya dəxli yoxdur, serialın büdcəsi hansı səviyyədədir. O, səviyyəli bir iş gözləyir. Büdcə azdır deyə, tamaşaçının əsəbləriylə oynamaq lazımdır?

Belə bir serial var; gənc oğlan özündən böyük qadına aşiq olur. Cütlük artıq bir dam altında yaşayır, eyni evi bölüşür. Günlərin birində qadına rəfiqəsi zəng vurur.

- Mən səninlə danışmalıyam. Sən mütləq bizə gəlməlisən.

Qeyd edim ki, gecə saatlarıdır.

- Olmaz ki telefonda deyəsən?

- Yox, yox, sən mütləq bizə gəlməlisən.. - rəfiqə elə təkid edir ki, elə bil onları “FBR” təqib edir, xəbəri telefonda desə qorxunc şeylər olacaq.

Qadın “işin ciddiliyini” anlayıb razılaşır, gənc sevgilisinə deyir:

- İcazə ver, rəfiqəmgilə gedim.

Adətən uşaq böyüklərdən bu tərzdə icazə alır. “Əgər etiraz etmirsənsə, gedərdim” , ya da “bəlkə məni rəfiqəmgilə aparasan” kimi ifadələrdən istifadə olunsaydı, daha uyğun olardı, primitiv görünməzdi və s.

Gənc oğlan reaksiya verməyə macal tapmamış qadın əlavə edir:

- Ya da ki özün maşınla apar.

Oğlan ikinci variantla razılaşır. Gedirlər qadının rəfiqəsigilə. Rəfiqəsi xəbər alır:

- Sevgilinlə gəldin?

Qadın yenə səsinin qalın yerinə salıb:

- Aaa gecənin bu vaxtı tək buraxsın məni?!

Guya bayaqdan təkbaşına gəlmək istəyən bu deyildi.

Serial film kimi dərin anlamlı olmadığına görə personajlar özlərini müəyyən davranış tərzləriylə bəlli edirlər. Müsbət ya mənfi obraz olduqları ilk bölümdən anlaşılır. Bu qadının kobud danışıq tərzi mənfi obraza uyğun gəlir.

- Bu qadın mənfi obrazdır? - deyə yanımdakı yoldaşdan soruşuram.

- Yox müsbət obraz, - cavabını alanda çox təəccübləndim. Bu qadın daha çox aravuran, intriqan, meşşan təbiətli birinə uyğun gəlir. Bəlkə də elə zənn edirlər ki, təbilik necə gəldi davranmaq, kobud formada danışmaqdır.

Qayıdaq seriala. Nəhayət, qadının rəfiqəsi sirri açır.

- Bəs ərin gəlib çıxıb.

Bu xəbəri eşitmək üçün guya gecənin bir aləmi o boyda yol gəlmək lazım imiş!

Nə yaxşı ki elə ordaca bölüm başa çatır, tamaşaçı da rahat nəfəs alır.

Biz də bir hovur dincimizi alıb keçək digər seriala.

Həkimlə xəstənin dialoqu:

Həkim: - Narahat olmayın, sizdə qorxulu heç nə yoxdur, analizlər təmiz çıxıb.

Xəstə sevinir.

Həkim: - Bir neçə yüngül dərman yazacağam sizə, istəyirsiz heç onları da içməyin.

Xəstə çaş-baş qalır: - Bəlkə içim?

Həkim: - Əgər ürəyiniz rahat olacaqsa için.

Həkim ya dərman yazar, ya da yazmaz. Əgər dərman yazacaqsa, bu, xəstənin onu qəbul etməsi üçündür. Necə ola bilər ki xəstənin ürəyi istəsə onu içə bilər, istəməsə yox?

Deyəcəksiniz ki, bu serialdır, ciddi bir şey gözləməyə dəyməz. Əgər serialdırsa, onu cəfəngiyyatla yola vermək lazımdır? Hətta serialda da öyrədici, tərbiyəvi nəsə olmalıdır.

“Cocuqlar duymasın” serialı niyə uzun illərdir sevilir, baxılır? Çünki hər bölümündə cəmiyyətə bir mesaj verir. Öyrədir, maarifləndirir. Onu da nəzərə alın ki, bu serial komediya janrındadır. Bizim komediya janrında olan seriallardan nəinki nəsə öyrənirsən, heç gülə də bilmirsən. Hətta əksinə, insan elə məyus olur ki, hönkür-hönkür ağlamaq istəyir.

Ağlamalı situasiyalar isə əksinə gülüş doğurur.

Ən önəmlisi isə məyus oluruq. Məsələn əvvəllər yerli ayaqqabı alıb iki gündən sonra dabanının laxladığını görəndə necə məyus olurduq? Ya da yapışqanlı, eybəcər yerli gəlinciklər uşaqlarımızı necə məyus edirdi? Bu və digər məyusluqlar insanlarımızda yerli olan mallara qarşı necə allergiya yaradırdı?

Yerli seriallar da eləcə...

# 5153 dəfə oxunub

Müəllifin son yazıları

# # #