Şahbaz Xuduoğlu: "Onlayın satışın effektindən danışmaq dəlilikdir" - Pandemiya söhbəti

Şahbaz Xuduoğlu: "Onlayın satışın effektindən danışmaq dəlilikdir" - Pandemiya söhbəti
21 dekabr 2020
# 16:35

Mədəniyyət və ədəbiyyat dünyasına pandemiya necə təsir edir? Koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlər hansı nəticələr meydana çıxaracaq? Kulis.az bu suallara cavab tapmaq üçün yeni layihəyə start verir. "Pandemiya söhbəti" adlı layihədə mədəniyyət və ədəbiyyat dünyasının tanınmış simaları ilə qısa müsahibələr təqdim edəcəyik. İlk qonağımız “Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğludur.

- Şahbaz bəy artıq bir ildir ki, dünyada pandemiyanın yaratdığı bir durğunluq var. Bu durğunluğun daha çox təsirləndiyi sahələrdən biri də nəşriyyat və kitab evləridir. Pandemiya Azərbaycanda nəşriyyatların və kitab evlərinin işlərinə necə təsir etdi?

- Əslində ingilislər bu prosesə “lockdavn” deyirlər. Yəni, çökmək. Biz buna "evdə qal" deyirik. Bu proses insanlara yalnız mənəvi zərbə deyil. Düşünün ki, daim özünə nəzarət etməlisən, çalışmalısan ki, sən həm yoluxucuya, həm də yoluxdurucuya çevrilməyəsən. Məsafə qorumalısan, insanlarla ünsiyyətdən qaçmalısan və s. Bu, həm də böyük bir maddi ziyandır. Pandemiya bir böhrandır. Bu böhrandan yalnız mənəvi gücü sarsılmaz olanlar, həm də fərqli iş sərgiləməyi bacaranlar keçə bilirlər. Pandemiya iqtisadi düzəni dəyişir. Hətta geopolitik dəyişikliklərə səbəb olur. Təbii ki, bu baxımdan nəşriyyat sahəsinə, kitab evlərinə də təsirsiz ötüşmür. Məsələn, pandemiya səbəbindən bu il üçün çapı nəzərdə tutulan bəzi kitapları növbəti ilə keçirdik.

- Mövcud vəziyyətlə əlaqəli onlayn kitab satışına daha çox üstünlük verilir. Onlayn satışların naşirlərin və kitab evlərinin iş prosesinə mənfi və müsbət təsirləri nədir?

- Müsbət təsirdən danışa bilmərik. Çünki biz təbii inkişaf nəticəsində onlayn satış mərhələsinə gəlib çıxmadıq. Sanki bir zəlzələ baş verdi və sağ qalmaq üçün müxtəlif üsullardan istifadə etməyə başladıq. Onlardan biri də onlayn satışdır. İnternetin Azərbaycan variantında onlayın satışın effektindən danışmaq sadəcə dəlilikdir. Onlayn satış inkişaf edir, amma bu əvvəlki bazarın yerini tutmur.

- Vəziyyətin kitab yayımı sektorunda və satış bazarında uzunmüddətli təsiri qalacaqmı?

- Əgər kənardan dəstək olmasa, dövlət pandemiyadan zərər çəkən təşkilatlara, o cümlədən naşirlərə dəstək verməsə, bərpa prosesi uzun çəkəcək. Bizim adət etdiyimiz bazar artıq yoxdur. Oxucu dairəsi xeyli daralıb. İnsanlar daha ciddi sınaqlarla üz-üzədir. Bu mənada əvvəlki gücümüzü bərpa etmək üçün çox zaman tələb olunacaq.

- Əvvəl xəstəliyə o qədər də inanmırdıq, amma indi yaxından tanıdğımız insanlar bu xəstəliyə yoluxur, dünyasını dəyişir.

- Pandemiya bitməyib. O, davam edir. Sadəcə ikinci fazaya keçib. Məncə birinci dövr daha kəskin dövr idi. Covid 19-a yoluxan adam çox böyük çətinliklə onu adladır, ya da ona məğlub olurdu. Və covid sürünün axsağına yapışırdı. Ən yaşlı insanlarımıza hücum edirdi. İndi ikinci dalğadakı covid bir az fərqlidir. Bir anlığa vulkanı təsəvvür edin. O, ilkin püskürəndə çox dağıdıcı olur, sonra isə ətrafa şaxələnir, səpələnir və ilkin öldürücü gücü itir. Covid də belədir. Yayıldıqca, ətrafına səpələndikcə yoluxdurduqlarının sayı çox olsa da, ölüdürücü gücü azalır. Bu mənada covidə hər adam yoluxa bilər. Hətta özü bilmədən də.

- Siz də yoluxdunuz. Necə keçirdiniz prosesi. Qorxularınız oldumu?

- Mən də yoluxmuşdum və artıq sağalmışam. İşimin başındayam. Hər hansı bir qorxu sənə çatana qədərdir. İçində qorxu yoxdursa, sabitlik varsa, sənə heç bir xəstəlik qalib gələ bilməz. Necə ki, sənə heç bir heyvan da qəfil hücum edə bilmir.

# 4490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #