Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən...  – Toy müğənnilərinin karantin faciəsi

Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən...  – Toy müğənnilərinin karantin faciəsi
14 yanvar 2021
# 12:10

Koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da səhnə sənətlərinə ciddi zərbə vurdu. Xüsusilə də həyat şəraitini toylardan gələn gəlirlə təmin edən toy müğənniləri üçün vəziyyət lap qəlizdir.

Toy müğənniləri keçən ilin mart ayından bəri toy səhnəsinə həsrət qalıblar. Məlum məsələdir ki, Azərbaycanda müğənnilər albom satışlarından, rəqəmsal platformalardan gəlir əldə edə bilmirlər. Konsertdən pul qazanmaqdan isə ümumiyyətlə söhbət gedə bilməz. Yəni, vəziyyət belə olduğu zaman musiqidən sırf sənətsal anlamda ciddi gəlir əldə etmək bizim ölkəmizdə mümkün deyil. Odur ki, əksər müğənnilər zamanında sənəti toy səhnələrinə qurban verdilər. Bu gün də sosial şəbəkələrdə giley-güzar dolu ismarış göndərənlər də əsasən onlardır.

Musiqi savadı olan, təhsil görən, vaxtında bütün enerjisini və diqqətini toya yönəltməyib sənəti inkişaf etdirən sənətçilər musiqi məktəblərində, mədəniyyət evlərində çalışdıqları üçün bu gün onların vəziyyəti toy müğənniləri ilə müqayisədə çox da acınacaqlı deyil. Həm də toy müğənnilərindən fərqli olaraq o kateqoriyada olan mqğənnilər özlərini ifrat dəb-dəbəli həyata öyrəşdirməyiblər. İki kitab oxuyub, üç filmə baxıblar, həyatı daha effektiv tərəfdən anlayırlar.

Bu günlərdə bəstəkar-müğənni Elza Seyidcahan mövcud vəziyyətə çox yerində bir şərh verdi. O, dedi:

“Vaxtında sənəti pula satdılar, indi də acından ölürlər”.

Bir qədər sərt səslənsə də, haqlıdır Elza. Ayın 30 günü toy oxuyan, repertuarlarının 80 faizi bəsit mahnılarından ibarət olan müğənnilərin mövcud vəziyyətdən çıxış yolu yoxdur. Zamanında yazdırdıqları “çörək mahnıları” bu gün onlara heç nə qazandırmır. Pandemiyadan əvvəl populyar olan həmin müğənnilər bu gün meydanlarda yoxdur.

Pandemiya əsl ulduzun, əsl sənətkarın kim olduğunu göstərdi. 2020-ci il müğənnilər üçün bir ələk rolunu oynadı. Pandemiya, ardınca da müharibə gündəmi elə zəbt etdi ki, müğənnilərin fotosessiyaları, şəxsi dedi-qoduları ilə gündəmə gəlmək yolunu da bağlanmış oldu.

Müğənnilərin bəziləri İnstaqramda reklamla nəsə qazanmağa çalışırlar. Məsələn, Xatirə İslamı İstaqram səhifəsində hansısa firmanın qazan dəstləri, geyim, yaxud kosmetik vasitələrini reklam edən görürük. Meyxana deyən Samirə şubalarını satışa çıxarıb, taksi sürücüsü kimi fəaliyyət göstərir. Evini, bağını satışa çıxaranları da var. Başqa çıxış yolları da yoxdur. Ortada sənət yox, ciddi yaradıcılıq yox.

Fikir verdinizsə, toy müğənnilərinin tez-bazar yazdırıb lentə aldıqları vətənpərvərlik mahnıları da insanların diqqətini cəlb etmədi. Bir neçə il ərzində ildırım sürətilə əldə etdikləri populyarlığı bir neçə ay ərzində itirdilər. Həm gəlir, həm populyarlıq itkisi onları xeyli aqressivləşdirdi. Günaşırı İnstaqram səhifələrində yayımladıqları videolarda hara və kimə gəldi hücum edirlər. Maddi sıxıntının yaratdığı əsəb pozuntusunun qarşısını heç nə ilə ala bilmirlər.

Karantin başlayandan bir neçə ay sonra müğənni Elnarənin İstagram səhhifəsində həkimləri təhqir edən paylaşımını gördük. Düzdür, sonra peşman olub paylaşımını silib üzürxahlıq etdi, amma hər halda həmin ərəfədə sinir partlayışı yaşadığını görmüş olduq.

Nadir Qafarzadə də psixoloji böhranda olduğunu paylaşım və açıqlamalarında büruzə verir. Toyların yoxluğuna uzun müddət dözə bilməyən Mətanət İsgəndərli artıq neçənci dəfədir karantin qaydalarını pozub gizli məclislərə qatıldığı üçün cərimələnir.

Ona görə də əsl müğənninin musiqi təhsili olmalıdır. Bu gün iki tələbə hazırlayıb öz dolanışığını təmin edə bilərdi.

Vaxtında bunlara zaman ayırmayan müğənnilərin indiki halda bu qədər şikayət və narazılıq etmələrinin mənası yoxdur. İllərdir toylarda yüksək məbləğdə pul alan savadsız, ciddi sənətə dəxli olmayan toy müğənnilərinin səbirlə oturub yenidən toyların başlanmasını gözləməkdən başqa çarəsi yoxdur.

# 15386 dəfə oxunub

Müəllifin son yazıları

# # #