Öz bağından nar dərən zabit nəyin cavabını verdi?

Öz bağından nar dərən zabit nəyin cavabını verdi?
7 oktyabr 2020
# 12:49

Mən doğulduğum torpaqdan ayrılanda 5 yaşım vardı. O torpaqlarda yadıma düşəndə əzabdan qovurulduğum xatirələrim yoxdur. Həyatının böyük hissəsini bu şəhərdə keçirən bir çox qarabağlı kimi mən də vətəni ancaq böyüklərimin yaddaşındakı xatirələrdə gəzmişəm.

Balaca olanda babamın məclislərdə Ağdamla, Qarabağla bağlı sağlıq deyəndə ağlamasının, qəhərdən sözlərin boğazında düyünlənməsinin tez-tez şahidi olurdum. Böyüyəndə anladım ki, o göz yaşları təkcə torpaqlar üçün, ev-eşik üçün tökülmürdü. Həm də xatirələrini ağlayırdı babam.

Axşam sosial şəbəkədə Cəbrayıl rayonundan olan zabitin Horovlu kəndindəki həyətlərini tapıb 27 il sonra öz bağının meyvəsini dərməsinin əks olunduğu foto çıxdı qarşıma. İşğaldan azad etdiyin torpağa ayaq basmaq necə bir duyğudur, bilmirəm, amma fotodan aşıb-daşan sevinci bütün iliklərimə qədər hiss etdim.

Viran qalan, daş-daş, ev-ev sökülən kənddə - dağıntılar arasında insanın öz küçəsini, evini tapa bilməsinin təəccübü ilə vuruşuram axşamdan bəri.

Bu, necə bir hissdir, necə yaddaşdır?

Bir dəfə yazıçı-jurnalist Rəşad Məcid söhbət zamanı belə bir söz dedi: “İnsan yaddaşı hadisələrin olduğu məkanlara gedəndə təzələnir”.

Kökünü o torpaqların dərinliklərinə buraxıb gələn 34 yaşlı mayor öz bağından meyvə dərərkən çəkilən fotoda 7 yaşlı uşaq simasında idi. Doğulduğu ev, oynadığı həyət xarabalığa çevrilsə də yenidən orda olmağın sevincini uşaq məsumluğu ilə yaşayır.

Bu, həm də xoşbəxtliyin rəsmidir. Kim bilir bəlkə də viran qalan kəndinə ayağını basan ilk gün dizlərini yerə atıb hönkür-hönkür ağlayıb. O narı dərə bilmək üçün nəfəsini dərmədən günlərlə döyüşüb.

Bu gün o, həm də əsir düşən xatirələrinin xilaskarıdır. 27 il gecikən sevincin banisidir. Bir az gec oldu, amma olsun.

Salam Sarvan deyir:

Böyüyün yerişi ləng olur bir az
Sevinc gecikirsə demək böyükdür

Bu mənzərə həm də mənə eşitdiyim bir əhvalatı xatırlatdı. Aprel döyüşlərində qəhrəmancasına şəhid olan “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov ermənilərlə əsir dəyişdirdiyi zaman erməni hərbiçisi ona bir alma atıb, deyib, “Al, sizin bağınızdandır”. Doğulduğu kənd işğal altında qalan Raquf Orucov almanı geri atıb “Əziyyət çəkmə, özüm gedib dərirəm” desə də, mənim üçün o istehza qüvvəsindən düşməmişdi.

Öz bağından nar dərən zabitimiz Raquf Orucov kimi igidə tənə ilə deyilən o tikanlı sözün cavabını verdi!

# 4646 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #