Kişinin kölgəsində qalmış Azərbaycan qadını

Fəridə

Fəridə

10 may 2022
# 15:00

Kulis.az Fəridənin Şamxal Həsənovun “Səs və ya Qırmızı” romanı haqqında yazdığı “Şəffaf sükut...” essesini təqdim edir.

“Yol bəzilərini xoşbəxliyə, bəzilərini xəyal qırıqlığına, kimlərisə yanılmalara, bəzilərini də dəliliyə aparır.

Bəzi yollar təhlükədir.

Bəziləri ilğımdır.

Bəziləri yol kimi görünən təhlükəli nevrozlardır.

Bütün həqiqi yollar cəsarət tələb edir: cəmiyyətin reaksiyalarına dayana bilmək cəsarəti, ictimai-sosial qayda-qanunlara qarşı gələ bilmək, özünü olduğun kimi görə bilmək və ən əsası, risk ala bilmək cəsarəti”.

Çarlz T.Tart

Əsəri oxumağa başlayıram və ilk fəsildəki Prustvari cümlələr əvvəlcə məndə “qıcıq” yaradır. Redaktorun gözündən oğurlanmış, ya da müəllifin təkidilə olduğu kimi saxlanılmış bəzi abzaslardakı köndələn, kəlləmayalaq cümlələrin romana qarşı qərəz yaratmaq üzrə olduğunu anlayıram.

“Vicdanlı oxucu” olaraq ikinci fəsli də oxumaq niyyətindəyəm. Müəllifə (əslində, özümə) bir şans da vermək istəyirəm.

Və qəfildən “aysberq”lə üz-üzə dayandığımı hiss edirəm...

Paraplegiyadan (və ya, onurğa beyni iflici) əziyyət çəkən Ramiz illərdir ki, yataq xəstəsidir və klinikada bir palatada “yaşayır”. Beynində dayanmaq bilməyən “səslər” və “rənglər” ona əziyyət verir, dayanmadan yazmaq istəyir, unutmağa yoxsa xatırlamağa çalışır – buna heç özü də qərar verə bilmir.

Ramizin monoloqları o qədər “ağır” (qaramat yox ha, məhz ağır), o qədər sürətli, rəngarəng və səs-küylüdür ki, oxuduqca elə bilirəm müəllif ciddi-cəhdlə şüur haqqındakı vulqar materializm nəzəriyyəsini haqlı çıxartmağa çalışır.

Şiddətli qorxu, stress, psixi böhran və ya qorxunun təhriki ilə oyanıq şüurla yuxu halı bir-birinə qarışır, insan (Ramiz) oyanıqlıqla yuxu halının arasında - “senzura”nın sərhəddində dəyişilmiş şüur vəziyyətinə düşür. Şüurun intensivliyi pozulur, “partlayışlar” baş verir.

Dəyişilmiş şüur vəziyyətində çoxölçülü reallığa daxil olan insan (Ramiz) yaranan obrazlarla ayrılmaz şəkildə birləşir. Şüurun rasional vəziyyətinə qayıtdıqdan sonra isə təəssuratların çoxu unudulur.

İnsan nə qədər çalışsa da, heç nə xatırlaya bilmir. Səsə və rəngə bürünmüş, yoxa çıxmış, unudulmuş və ya xatırlanmaq üzrə olanlar...

Dəyişilmiş şüur vəziyyətində yaranan qavrayış dəyişikliyi nəticəsində rənglər və səslərin intensivliyi dəyişir, sinesteziyalar yaranır – ya səslər rəng kimi görünür, ya da, rənglər səs kimi.

Duyğular təhrif olunur. Bu vəziyyətə düşmüş insan ( Ramiz) hansısa mübhəm, gizli, önəmli bir sirri açmaq üzrə olduğuna inanır.

Adi şüur vəziyyətinə qayıtdıqda isə ya o “sirrin” nə olduğunu xatırlamır, ya da, onu bayağı hesab edir.

Dəyişilmiş şüur vəziyyəti tək qorxu, stres, psixi böhran və ya medikamentoz müalicənin yan təsiri kimi meydana çıxmır. İnsan yaradıcı prosesin müəyyən məqamlarında da bu vəziyyətə düşə bilir ....

Zaman hissiyatı pozulur: zaman ya dayanır, ya sürətlənir, ya da, ləngiyir.

Reallıq və ya özünü idarəetmə üzərində hakimiyyətin itirilməsi əndişəsi yaranır.

Düşüncə və qavrayışlara qeyri-adilik, yüksək dəyər yüklənir.

“İfadə edə bilmirəm” duyğusu yaranır.

“Hər şeyin doğru zamanda və düzgün sırayla söylənməli olduğunu, heç nəyin gözdən qaçırılmaması gərəkliliyini düşünmək...

Bunları düşünə-düşünə yoruldum, halbuki, yazmağa can atacağım, hələlik kəşf etmədiyim nə qədər səslər var. Səbirsizliklə həmin çətin günün bitməsini gözləyirdilər. “Həmin gün” yazdım, amma bəlkə, heç o gün deyildi.

Deyəsən, lazımsız yerə ağlımı qurcalamağa başlayıram. Doğrusu, nəsə uydurmaq deyil məqsədim. Səssizliyin içində yalnız qalmaq, artıb-azalan, insanı çaş-baş salan bağırsaq yellərimin fərqinə vararaq, onları saymaqla, günün orta statistikasını çıxartmaqla baş qatmaq istəmirəm. Qərar verdim, bunu heç vaxt etməyəcəm” (Ramiz).

Səhifələr bir-bir çevrilir, roman davam edir və içinə düşdüyüm şüur axınından zövq alıram.

Düzü, içimdə müəllifə xoş həsəd hissi də yaranır. Deyəsən, ilk dəfədir bu qədər “mütaliəli”, “hazırlıqlı”, “çoxbilmiş” və daim oxucudan bir addım öndə olmağı bacaran yerli müəlliflə rastlaşıram.

Mütaliə prosesi zövqlü bir “kölgə-addım” oyununa çevrilir, müəllif bütün hallarda məndən ən azı bir səhifə irəlidədir. Kölgə kimi... Onu “ayaqlaya” bilməmək hərdən əsəblərimə toxunur.

Yeri gəlmişkən, məhz bu cəhətinə görə müəllifi fransız ədiblərinə bənzədirəm (axı, onlar həmişə öz əsərlərindən daha ağıllıdırlar)...

Əsər boyu bircə dəfə adı çəkilən Zeybə doğrudan da mövcud idi, ya Ramizin şüuraltından süzülən hansısa xəyali sevgiliydi?

Cinayət yaşanmışdımı?

Ramizin “səslər”, “rənglər” və “ağrılar” arasında - beynində qurduğu vicdan məhkəməsi ( ədalət yox, vicdan) şüuraltının “zibili” idi? – Bütün bu suallara doğru cavabı yəgin ki, müəllifdən başqası verə bilməyəcək. Ona görə də özümü bu suallarla yormaq fikrində deyiləm...

Fəsillər arasında məni narahhat edən ən “real” səs Səmanın səsi olur. Bütün cəhdlərinə (Salman Rüşdünü tanıması, Rembrandtdan danışması, orijinal “Chanel”i ) rəğmən orta statistik, kompleksli, çürük köhnəliyə bağlı, patriarxal dəyərlərin əzdiyi, kişinin “kölgəsində qalmış” Azərbaycan qadını...

Oğlunun atasına oxşamasını istəməyən, oğlunun özü olmasını arzulayan, əslində, oğlundan Ramizdən yarada bilmədiyi fiquru yaratmaq fikrində olan adi ana – oğluna gözəl bir qız da tapır hələ evləndirmək üçün.

Səmanın monoqloqları bir yana, Məryəmin gənc, “pürüzsüz” görünüşünü içdən-içə və qəbullanmadan qısqanmağı, güzgünün qarşısında soyunub öz bədənini “təftiş etməyi”, hətta bir ara ehtiraslanmaq fikrinə düşüb əlini “ora” uzatmaq istəməsi o qədər dolğun, təbii təsvir edilir ki, bu hissələri məhz bir qadın yazıb fikrinə qapılıram. Buna inandırır məni.

Bir neçə monoloqdanbir rastlaşdığımız hekayələr – “mən Bayquşam”, “mən qoyunam”, “Kalendarhane məscidinin itiyəm”, “mən Vicdanam” – budur, “güzgü” neyronlar iş başındadırlar.

Əvvəlki fəsillərin birində empatiyadan bəhs edən İdrisin bunu hansı məqsədlə istifadə edəcəyi mənə maraqlı gəlmişdi.

Ayaqları bağlı uzadılıb kəsiləcəyini gözləyən qoyunun monoloqunda Səmanı – tipik şərq qadınını, çənəsini çirkli əllərinin (ön ayaqlarının) üstünə qoyub uzanan, hamının ikrahla baxdığı, məscidə girməsi qadağan edilsə də, arabir oğrun-oğrun içəri girib gəzişən, sərinləyən itin monoloqunda Ramizi, qaranlıqda oturub danışan nadir cinsli bayquşun monoloqunda isə İdrisi görürəm...

Bir neçə fəsildə sanki qəsdən adı çəkilən Rembrandtı düşünürəm.

Niyə o? Tabloları bir-bir gözümün önündən keçir...

“Səfil oğulun qayıdışı”, “Gecə qaravulçusu”, “İbrahimin qurban verilməsi”, “Zinakar oğul Tavernada”, və “Müqəddəs ailə”...

Romanın hər bir hissəsinə bu tablolardan birinin adını vermək olur. Təsadüfdürmü? Cavab verməyə çətinlik çəkirəm.

Ümumiyyətlə, bu romanı Rembrandtın “Gecə qaravulçusu” tablosuna bənzədirəm. (Tablo uzun illər sonra araşdırmaçılar tərəfindən incələnir və məlum olur ki, rəssam, əslində, bu tabloda günəşli günü təsvir edib, amma boyaların həddən artıq tündləşib, qaralması ucbatından tabloda gecə olduğu təəssuratı yaranır və o illərlə “Gecə qaravulçusu” adlandırılır, o adla tanınır).

“Səs” vicdan idisə, “qırmızı” nə idi? – Təhlükə, qadağa, ehtiras?

Prust təəssüratları ilə başladığım romandan Milan Kundera qənaəti ilə ayrılıram. Kim nə deyir desin, müəllif özü nə düşünür düşünsün, məncə, o, Kunderanın ruh əkizidir.

Fikrimdə romançılıq tariximizi eşələyirəm. Bu romanla müqaisə etməyə, tutuşdurmağa mətn tapa bilmirəm. Düşünürəm ki, “Səs və ya Qırmızı” roman tariximizdə öz yerini tutmalı ( tutacaq) mətndir.

Yəqin ki, Əkrəm Əylislini “dünya səviyəli yazıçı” hesab edənlər, “struktur”, “estetika”, “qeyri-səmimi dil” kimi gülməli şablonlara sığınan tənqidçilər haçansa susqunluqlarını pozub danışmaq fikrinə düşsələr bu mətndə bir xeyli “minuslar” tapa bilərlər. Guya dünya şöhrətli hansı ədibin əsərlərində qüsur yoxdur ki?

Son səhifələrə çatanda mütləq yazı yazacağımı düşünürəm. Hər detal haqda ayrıca danışmaq, Edip kompleksindən girib, “Yaşam başqa yerdə”- dən çıxmaq, patriarxal cəmiyyətdə qadın səsi ilə davam edib, beynindəki cəhənnəmdə özünə məhkəmə qurmuş uğursuz yazara kölgə olmaq istəyəcək qədər həm sevgi, həm ikrah duyan, özünü onun gözüylə görmək istəyən, empatiya duyğusunun az qala özü olmaqdan çıxartdığı oğulun çarəsizliyi, yadlaşması, Kafkanın “Çevrilməsi”nə qədər hər yerə uzanmaq istəyirəm, amma qorxuram ki, təəssuratlarım bədii təhlildən çox psixoanalitik məqaləyə çevrilər...

Roman haqda yazılmış bütün məqalələri bir-bir tapıb oxuyuram, heç biri məni qane etmir. Heç kim o Bayquşu görə bilməyib.

Vüsal Aydının məqaləsində rast gəldiyim bir fikirlə razılaşmıram: “bu roman şüur axını texnikasında yazılmayıb, heç kimin şüuru belə bəzəkli, bədii axmır” deyir.

Vüsal bəy önəmli bir detalı gözardı edir – romanda Ramiz dəyişilmiş şüur vəziyyətində yox, normal şüur halına qayıdandan sonra “danışır”. Qaranlıqdakı təəssuratları, xatirələri, sirrləri eşələyir. Üstəlik, Ramizin yazıçılıq arzularını, xəyallarını da nəzərə alsaq, düşünürəm ki, bu cür bədii, bəzəkli monoloqlar olduqca məntiqli, ağlabatandır.

Gecə saat üçə qalır. Bayırda şimşək çaxır. Kitabı bitirib yatağın baş tərəfindəki stulun üstünə qoyuram. Gecə lampasını söndürürəm. Göz qapaqlarım ağırlaşır. Səslər pıçıldaşa-pıçıldaşa beynimdən uzaqlaşır: “Mən Bayquşam”... “Mən Vicdanam”... “Cetonia Aurata mənəm”...

Gözlərim yumularkən şimşəyin işıqlandırdığı pəncərədə sanki bir cümlə görürəm: “Mən nəyəmsə, o olacağam”...

Beynimin içinə şəffaf bir sükut lövbər salır. Yuxuya keçmək üzrəyəm. Kaş, yuxuda həmin bayquşu görəm... Ürək formalı üzünü ovcuma alıb pıçıldamaq istərdim: mən səni gördüm...

Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi

# 4377 dəfə oxunub

Müəllifin son yazıları

# # #