Boşanmaların səbəbi evlilikdir!

Boşanmaların səbəbi evlilikdir!
25 noyabr 2024
# 15:00

Bu gün BMT-nin qadın zorakılığı ilə beynəlxalq mübarizə günüdür.

Kulis.az bu münasibətlə Fəridənin "Boşanmaların səbəbi evlilikdir" köşəsini təqdim edir.


Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb.

Bu, rəsmi rəqəmdir. Statistika Komitəsinin yaydığı məlumatdır. Xəbəri ötən həftə vermişik.

Rəqəmlərə baxanda adam dəhşətə gəlir, hə? Demək olar ki, boşanmaların sayı nikahların yarısı qədərdir. Yəni, evlənən hər iki cütlükdən biri boşanıb.

Hələ nəzərə alsaq ki, bu rəsmi rəqəmlərdir, nikahsız evlənib boşananlar haqqında məlumat yoxdur, onda lap adamın nitqi batır.

Bəs boşanmaların səbəbi nədir?

Boşanma nəticədirsə, səbəb evlənməkdir – bu qədər bəsit bir cavab var.

İnsan evlənməsə, boşanmaz, elədir? Məntiqli deyil?

Əgər bu gün cəmiyyəti boşanma sayının çoxluğu narahat edirsə, problem məhz evlənməkdə axtarılmalıdır.

Hə, toy, çıkkıdı-nanay. Səbəb budur. Bizdə evlilik yoxdur, bizdəkilər hamısı evlənməkdi.

Bizdə camaatı ancaq toyaqədərki proses və toy maraqlandırır. Toy olur, yeyib-içib şənlənir, pul salıb, pul götürüb hesabı bağlayırlar, vəssalam.

Toydan sonra bizə bircə bakirəlik, zifaf gecəsi maraqlı ola bilər ki, onu da yüngülvarı arvad məclisi ilə həll edib, sonra da yeni evliləri atırıq bir-birinin ümidinə ki, “di, davay, yeyin biri-birinizi”.

Toya qədər küsə-barışa, yaxşı-yaman gəlib çatmış cütlük bir evin altında bir-birini tanımaq prosesinə başlayır və məlum olur ki, “vay, aman, bu, mən deyən deyilmiş”.

Evlilik, ailə həyatı haqqında təsəvvürləri evdəki “deyingən ana, aqressiv ata” fiquru və türk seriallarından ibarət olan qızlarla, anaları tərəfindən “paşam nə eylərsə, gözəl eylər” prinsipiylə böyüdülmüş oğlanlar həyatın reallıqları qarşısında aciz qalırlar.

İndi gözlərinizi yumun, qulaqlarınızı bərk-bərk tutun, sizə dəhşətli bir həqiqət deyəcəm: bu gün gənclərə, cütlüklərə evlənməmişdən əvvəl ikicə ay birlikdə yaşamaq imkanı verilsə, əmin olun ki, bu cütlüklərin doxsan faizdən çoxu birlikdə yaşamağa başlayandan, bir-birinin məişətdəki, həyatdakı əsl üzünü görəndən, bir-birinin (və özlərinin) bədənini tanıyandan, evlilik həyatının, əslində, nə qədər bəsit, həm də çətin olduğunu dərk edəndən sonra fikirlərini dəyişərlər.

Aboouuuuu. Xalalar “nerviləndi”, dayılar söyüş üçün əlavə mənbə axtarışına çıxdılar indi.

Nə danışıram mən? Birlikdə yaşamaq nədir?

Namısdı aylə həyatı” nəzəriyyələriniz özünü doğrultmur axı, ay xalalar, ay dayılar, nə edək, nətər eləyək?

Bu gün orta statistik bir ailənin övladı gəlib desə ki, “mənə beş min manat pul tapın, xaricə oxumağa gedirəm”, evdə qırğın düşər. Pul nə gəzir? Hara gedirsən?

Amma evlilik yaşı çatıbsa, ikicə günə o pul gəzə-gəzə gəlir çıxır hardansa.

Facebookda hər gün bu mövzuda, ən azı, bir status görmək olar: qız xaricə oxumağa getmək istəyir, ailəsi razı deyil. Xüsusən də, ana.

Birdən gedər, qayıtmaz. Gözdən uzaq, yad yer. Qız uşağı. Ondansa ərə verək, gözümüzün qabağında olsun.

Bizim ailələrimiz bizə onlardan uzaqdakı xoşbəxtliyi bağışlaya bilmirlər. Amma gözlərinin önündə bədbəxt olmağımıza qol qaldırıb oynaya-oynaya, düşmən bağrı çatlada-çatlada razılaşırlar.

Keçmiş dövrdə su yolunda, çörək yolunda tanrılara insan qurban vermək adəti də, əminəm ki, məhz qadınların “başının altından çıxıb”.

Yağış yağmır? Hmmm. Nağayraq? Aparaq Züleyxanı bulud tanrısına qurban verək, yağış yağdırsın”, - vallah, hansısa kişi min il düşünsə, ağlına belə “qurdlu” fikir gəlməzee.

Bu danılmaz faktdır ki, bizdə bu gün bütün bu evləndirmə-boşandırma işlərinə xalalar baxır. Kişilər, sadəcə, alətdir. Hər işi nizamlayan, tənzimləyən, düzüb-qoşan arvadlardır. (Qəsdən “qadın” yox, “arvad” yazıram).

Qadınlı-kişili biz də bunların qurbanları oluruq. Oğlanın “başını bişirib”, qızın da “başını bəzəyib” evləndirirlər. Sonrası nə olar, olar.

Bəs sonra?

Heç nə. Ailə-məişət zorakılığı, davalar, problemlər, boşanmalar, travmalı, autizmli uşaqlar, qadın qətlləri, “türmə, qazamat, ay brat-ay brat”...

Xəbərə baxıram. Statistika Komitəsinin verdiyi bu məlumat yuvarlaq, yumru rəqəm kimi monitorun ortasında dayanıb. Amma mən orda 15964 qızla, eyni sayda oğlanın faciəsini görürəm.

Üstəlik, sayını bilmədiyimiz körpələr, uşaqlar da var hələ.

Sayını bilmədiyimiz talelər. Gələcəyimiz.

Yarımçıq, gözüyaşlı, bir qarnı ac-bir qarnı tox, sevgisiz, travmalı gələcək...

# 2568 dəfə oxunub

Müəllifin son yazıları

# # #