Astronom: "Planetlər insan həyatına təsir edə bilməz" - Müsahibə

Nazim Həsənov

Nazim Həsənov

26 oktyabr 2022
# 09:00

Kulis.az coğrafiyaçı, astronom Nazim Həsənovla müsahibəni təqdim edir.

– Nazim bəy, əvvəlcə özünüzü təqdim edin...

– Nazim Həsənov. “Astronomiya” səhifəsinin adminiyəm. İxtisasca coğrafiyaçıyam. Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirmişəm. Uşaqlıqdan astronomiya və arxeologiyaya böyük həvəsim var.

– Necə oldu ki, belə bir səhifə yaratmaq fikrinə düşdünüz?

– Mən azərbaycan səhifələrindən əvvəl xarici səhifələrlə əməkdaşlıq edirdim, paylaşımlar edirdim. Sadəcə olaraq xarici dilə tərcümə bir az çətin olduğu üçün özümüzün də belə bir səhifəmiz olsun istədim.

– Səhifəniz neçə ildir fəaliyyət göstərir?

– Bu səhifə 2013-cü ildən yaranıb. Səhifəni izləyirdim və satın almaq fikrim vardı. Amma səhifəni həmin vaxt mənə satmadılar. Mən bu səhifəni 2018-ci ildə satın ala bildim. Həmin vaxt səhifə altı ay idi ki, işləmirdi, fasilə vermişdi.

Bu səhifə azərbaycanda ilk astronomiya səhifəsi idi. Sıfırdan səhifə yaradıb izləyici yığa bilmək asan olmadığı üçün on iki min izləyicisi olan bu səhifəni alıb yenidən dizayn etmək istədim.

– Necə düşünürsünüz, insanlarda bu sahəyə maraq varmı?

– Təəssüflə qeyd edirəm ki, 2010-cu ildən astronomiya fənni orta məktəblərdə tədris proqramından çıxarılıb. Bir neçə dəfə təkliflər göndərilsə də, hələ də bu fənn tədris proqramına yenidən daxil edilmir.

Buna baxmayaraq, bu sahəyə marağı olanlar çoxdur. Məsələn, bizim komandamızın üzvlərindən biri – Əlinəsib səkkizinci sinif şagirdidir. Şəmkirdən olan redaktorumuz Çinarə Abbaslı 22 yaşlı fizika müəlliməsidir.

– Bəs bu səhifənin fəaliyyət məqsədi nədir?

– Məqsədimiz maarifləndirməkdir. Biz komanda olaraq – mən, Vüsal, Əlinəsib, Samir və Əli – bildiyimiz, öyrəndiyimiz şeyləri başqalarıyla da bölüşmək istəyirik.

Bu məndə bir növ hobbidir. Uşaqlıqda kosmonavt olmaq istəyirdim. Amma kosmonavt olmaq elə də asan iş deyil. Belə deyək, gücüm buna çatır, mən də belə bir səhifə ilə, paylaşımlarla fəaliyyət göstərmək fikrinə düşdüm.

Bizim fəaliyyətimiz təkcə paylaşımlarla məhdudlaşmır. Bizim elmi turlarımız, seminarlarımız, müşahidə gecələrimiz olur.

– Müşahidə gecələri haqda bir az danışardınız.

– Müşahidə gecələri şəhərin müxtəlif yerlərində, adətən, insanların gur olduğu yerlərdə, məsələn, parklarda baş tutur. Vaxt, yer və müddət haqqında səhifədə əvvəlcədən elan yerləşdirilir. Insanlar toplaşır.

– Say, yer məhdudiyyətiniz varmı?

– Heç bir məhdudiyyət yoxdur. Istənilən sayda insan qoşula bilər. Yaş fərqi də yoxdur və ödənişsizdir.

Teleskopları, fotoaparatları quraşdırıb müşahidəyə başlayırıq. Hərdən elə olur ki, yoldan keçən, ya parka istirahətə gələn insalardan da bizə qoşulanlar olur.

– Bəs bu eventlər və ya avadanlıqları almaq üçün hansısa maliyyə dəstəyiniz varmı?

– Bu bizim ən yaralı yerimizdir. Təəssüf ki, heç bir maaliyyə dəstəyimiz yoxdur və bütün fəaliyyətimiz öz şəxsi büdcəmiz hesabına maliyyələşir.

Məsələn, Şamaxı astofizika rəsədxanasına və ya Azərbaycanın hansısa bölgəsinə etdiyimiz elmi turlar zamanı bileti pulla satsaq da, yemək, qalmaq üçün yer, çadırlar – bunlar hamısı öz hesabımıza maaliyyələşir.

Ümumiyyətlə, bizə indiyə qədər müəyyən şeylərdə dəstək olan yeganə şəxs “Tusi Bohm Planetrium”un direktoru Famil Mustafadır.

Müşahidə gecələrinin təşkilində astrofotoqraf Ələkbər Əliyev də bizə dəstək olur.

– Elmi seminarlar təşkil etdiyinizi dedinuz, bu seminarlar harda baş tutur?

– Adətən, məktəblərə və ya liseylərə dəvət edirlər. Seminarlarımız daha çox “Tusi Bohm Planetrium”da olur.

– Bəs, gələcək planlarınız nələrdir?

– Biz istəyirik ki, konkret bir təşkilat kimi fəaliyyət göstərə bilək. Rəsmi qurum kimi. Kosmologiya-astronomiya təşkilatı, elmi müəssisə kimi faydalı bir mərkəz olmaq istərdik.
Planlarımız çoxdur. Bu sahədə işlər gedir. Çox istərdik ki, bu sahənin məşhurlarını xaricdən ölkəmizə dəvət edək, onlarla görüşlər, seminarlar təşkil edək. Sadəcə, maddi problemlər ucbatından hələ ki, bunlar gerçəkləşməmiş qalıb.

– Mən də bu sahə ilə maraqlanıram, boş vaxtlarda oxumağı, araşdırmağı sevirəm. Amma əksər mənbələrdə, platformalarda məlumatlar xeyli qəliz dildə olur. Məsələn, siz hansısa səhifələrdə, xarici mənbələrdə rastlaşdığınız məlumatları öz səhifənizdə yerləşdirərkən onları bir qədər sadələşdirmək ehtiyacı hiss edirsinizmi?

– Bəli, mən də paylaşım edərkən çalışıram ki, həmin məlumatı maksimum sadə dildə, kütlənin oxuyub başa düşəcəyi şəkildə yazım. Astronomiya fizikaya bağlı sahə olduğu üçün bəzən, həqiqətən də, məlumatlar xeyli qəliz olur və sadələşdirmək ehtiyacı yaranır.
Mən paylaşımlara bir az da bədiilik qatmağı sevirəm. Hətta hazırda “Kosmos – xəyal və həqiqətlər” adlı belə bir kitab üzərində işləyirəm. Oxunaqlı olması üçün çalışıram ki, kitab yarıbədii, yarıelmi dildə olsun.

– Bəs səhifədə insanların reaksiyası necədir? Sizcə, insanlarda istədiyiniz marağı yarada bilirsinizmi?

– Pis deyil. Tez-tez təşəkkür mesajları, şərhləri alırıq. Aktivlik yaxşıdır. Amma bəzən şərhlərdə bu məlumatları cəfəngiyat adlandıranlar da olur.

– Dindarlarla hansısa münaqişə yaşamısınız?

– Hə, dindar kəsim bu şeylərdə bir az radikal yanaşma göstərir, amma indiyə qədər elə ciddi bir problem yaşamamışıq. Bəzən şərhlərdə xoşagəlməz şeylər, təhqir yazanlar olur.

Etik olmayan şeyləri sadəcə silirik.

Əlbəttə, bu məlumatlar müzakirəyə açıqdır, şərhlərdə hamı sağlam müzakirə apara bilər, amma etika çərçivəsindən çıxan şeyləri silməyə məcburuq.

– Qalaktikamızda bütün planetlərin adı yunan, roma mifalogiyasındakı tanrıların adıyla adlanır. Təkcə yer planetinin adı hansısa tanrının adıyla adlanmayıb. Sizcə, bunun səbəbi nə ola bilər?

– Bəli, elədir. Amma bilirsiniz ki, astronomiya şərq aləmində inkişaf edib, bütün planetlər kəşf edilərkən adları ərəbcə olub. Sonradan Avropalılar bu adları dəyişdirib. Orta əsrlərdən sonra Avropada böyük elmi inqilablar baş verir, müsəlman şərqi isə sanki geriyə gedir.

Hazırda da bu sahə Avropada geniş inkişaf edib amma son zamanlar Çin, BƏƏ və Hindistan kimi ölkələr də güclü kosmik inkişaf yolundadırlar.

–Bu yaxınlarda qarşıma bir məqalə çıxmışdı. Kosmosun ətrindən parfüm hazırlanıb və qiyməti o qədər də fantastik deyildi...

– Hə, kosmosun ətri o qədər də arzuolunan deyil. Yanmış qızarmış ət, barıt qoxusuna oxşadığını deyirlər. Bu parfüm həvəs, maraq üçün yaradılmış bir şeydir. Suvenir kimi alıb saxlamaq olar, hər halda.

– Son illər gündəmdə olan məsələrdən biri kosmik turizmdir. Bir kosmonavtın kosmosa hazırlanması, göndərilməsi olduqca bahalı, çətin prosesdir.

Bəs, turizm məsələri necə olacaq? Bütün bu proseslər sürətləndirilmiş, tezləşdirilmiş fazaya keçirdilib kosmosa insan-turist göndərmək qorxulu, bahalı iş deyilmi? Bunları necə tənzimləməyi düşünürlər?

– Kosmonavt yetişdirmək, yəqin ki, ən çətin prosesdir. Bütün psixi, fiziki və elmi göstəricilərə cavab verən sertifikatları aldıqdan sonra onlar hələ ehtiyata göndərilir. İllərlə gözləmə rejimində olan kosmonavtlar var.

Amma kosmik turizm məqsədilə maksimum 3-6 ay ərzində hazırlıq prosesi yekunlaşa bilər. Əsas tələb fiziki sağlamlıqdır. Kosmik turizm gələcəyin ən perspektivli sahəsidir. Artıq bir çox özəl şirkətlər biznes məqsdəilə bura qoşulub. Qiymətlər də getdikcə aşağı düşür. Hardasa 250 min dollara bilet almaq mümkündür. Gələcəkdə bu qiymət daha aşağı olacaq.

Son illərə qədər 8 ya 9 nəfər kosmik turist var idi. Onlar 35 milyon dollar ödəmişdilər. Gördüyünüz kimi, qiymətlər əhəmiyyətli dərəcədə enir...


– Son illərdə sosial media bir növ zibilliyə çevrilib. Saytların, səhifələrin aktivliyini saxlamaq məqsədilə, kim harda nə gördü – sensasiyalı bir xəbər, bir məlumat o dəqiqə götürüb paylaşır, dəqiqliyi təsdiqlənməmiş, “fake” faktlar yayılır. Bəs siz səhifənizdə bu şeyləri necə tənzimləyirsiniz, buna xüsusi diqqət edirsinizmi?

– Biz, adətən, “fake” məlumatdan qaçırıq, bütün məlumatları əvvəlcə araşdırıb, dəqiqləşdiririk. Yerli mətbuatdan, demək olar ki, heç nə götürüb paylaşmırıq.

Amma instagramda bir çox səhifələr var ki, onlar bizim məlumatları kopyalayıb öz adlarıyla paylaşırlar, istinad göstərmirlər.
Belə şeylər də adama təsir edir. Məlumatı, şəkilləri olduğu kimi kopyalayıb öz səhifələrində yerləşdirirlər. Bəzən özlərinə irad bildirsək də, xeyri olmur.

Biz məlumat məqsədli bir paylaşım hazırlayarkən bəzən o mətnə iki-üç saat sərf edirik. Xarici mənbələrdən götürüb tərcümə edirik, araşdırırıq, dəqiqləşdiririk, uyğun şəkil axtarırıq, öz yanaşmalarımızı əlavə edirik.

– Bizdə bədii ədəbiyyata müəyyən qədər maraq olsa da, elmi ədəbiyyat oxuyanların sayı daha azdır. Siz bu sahə ilə maraqlanan insanlara oxumaq üçün hansısa elmi kitabı məsləhət görə bilərsiniz? Yəqin ki, Azərbaycan dilində bu sahəyə aid kitab tapmaq müşkül məsələdir...

– Bizim dilə tərcümə edilmiş bir neçə kitab var. Məsələn, “Kosmos” kitabını məsləhət görə bilərəm. Türk dilində daha çox kitab tapmaq olar.

Amma bu kitabların əksəriyyəti olduqca yorucudur. Məlumatlar beyni yorur. Buna görə də mən özüm bu mövzuda bir kitab yazmaq fikrinə düşdüm və çalışıram ki, kitab yorucu olmasın, oxunaqlı olsun. Və bu məqsədlə bədiilikdən də istifadə etməli olduğum qərarına gəldim.

– Nazim bəy, son illər dünyada gedən proseslərə, kosmik sənaye, kosmik inkişaf, tədqiqatlar və s. kimi şeylərə Azərbaycan nə kimi tövhələr verə bilir?

– Müəyən addımlar atılır. Gələn il Beynəlxalq Astronomiya Konfransı Azərbaycanda təşkil olunacaq. Bu özü elə kifayət qədər böyük bir hadisədir.

Bunun Azərbaycanda astronomiya sahəsi üçün ciddi bir təkan olacağına ümid edirik.

Kosmik sənayeni inkişaf etdirmək, kosmonavt yetişdimək kimi işlər olduqca bahalı proseslərdir. Türkiyə kimi bir ölkədə kosmik sənaye yox dərəcəsindədir. Onlarda hələ indi-indi kosmik proqramlar hazırlanır.

Çoxmilyardlı vəsait tələb edən sahədir və bu sahədə gəlir demək olar ki, yox dərəcəsindədir. Dünyada iki yüzdən artıq ölkə var, amma cəmi iyirmiyə yaxın ölkə sırf kosmik araşdırmalar, kosmik sahə ilə məşğul olmaqdadır.

Nazim bəy, istərdim ki, son illərdə dəbə düşən astroloqlar, ulduz xəritəsini şərh etməklə “fala baxan” şəxslərə də münasibət bildirəsiniz...

– Ümumiyyətlə, astrologiya elm deyil, cəfəngiyatdır. Bəzən, hansısa verilişlərdən təklif gəlir, mənə də müraciət edirlər ki, çıxıb bu haqda danışım. Astrologiya elm deyil, bu şeyləri efirə çıxartmaq, təbliğ etmək də düzgün deyil.

Günəşdə və ya Aydakı qabarma və ya çəkilmələrin insana təsiri ola bilər, amma bu təsirlər fiziki təsirlər ola bilər. Maqnit dalğaları həssas insanlara hansısa mənfi təsir göstərə bilir, kimsə özünü pis hiss edə bilər, təzyiq qalxması kimi şeylər baş verə bilər.

Amma ulduzun, ayın insan həyatına, onların dediyi kimi insan taleyinə heç bir təsiri ola bilməz, bunlar hamısı uydurma şeylərdir, bir növ psixoloji təsir vasitəsidir.

Təəssüf ki, bu şeylərə inanan bir xeyli insan var. Bunun hamısı da cahiliyin səbəb olduğu şeylərdir.

– Bəs bu halların qarşısını almaq üçün nə etməliyik? Bu kimin məsuliyyətindədir?

– Məncə, hər şeyin təməli ailədən gəlir. Ailələr təhsilli olanda, valideynlər savadlı olanda uşaqları da doğru istiqamətləndirə bilir. Ailə uşaqlara təhsil sahəsində yardımçı olmalıdır. Onlarda maraq yaratmalıdır.

Məsələn, son dövrlərdə teleskop alan insanların sayı artıb. Bu sadə teleskopları nisbətən ucuz qiymətə əldə etmək olur. Daha çox qız uşaqları üçün hədiyyə məqsədilə sifariş edirlər.

Məncə, bunlar ürəkaçan şeylərdir. Uşaqlarda erkən yaşda elmə maraq yaratmaq ciddi addımdır.


# 2287 dəfə oxunub

Müəllifin son yazıları

# # #