Kulis.az Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.
ağac necə unudursa köhnə yarpaqlarını
eləcə unudulur hamı...
***
necə anlatsam,
nə cür anlatsam,
nə təhər anlatsam, bilmirəm.
dilləmi,
əlləmi,
gözləmi
ya susmaqlamı.
sussam,
əlim susacaq,
dilim susacaq,
gözlərim susacaq...
danışmağa heç nəyim olmayacaq.
aaaaaa...a,
mən nə qədər sus yeriyəm ?
hər yerimdən susuram üzdə,
amma...
içimdə
əlim də bağırır,
dilim də,
gözlərim də...
gözlərimi eşidirsiniz?
***
balıqlar uça bilirdi,
ağaclar qaça bilirdi,
gecələr aça bilirdi,
dünya qəmdən əvvəl idi.
hələ yara yamamırdım,
varı-yoxu unamırdım,
tellərimi sanamırdım,
hələ dəndən əvvəl idi.
külək əsəndən sonraydı,
ağlım kəsəndən sonraydı,
nəsə... o səndən sonraydı,
nəsə məndən əvvəl idi.
***
üşüyəndə...
bilmirsən hansı əllərini qızdırasan,
qaçanda...
bilmirsən hansı ayaqlarla yüyürəsən,
baxanda....
gözlərin aldadır səni,
bilmirsən hansı gözünlə baxırsan
ya...
bəlkə də bu sən deyilsən,
düşünürsən…
sonra da içində o məşum ahhhh:
- bütün yerlərimdə yoxam.
gülmədiyin gülüşlər qonar dodaqlarına,
baxmadığın baxışlar enər gözlərinə.
sən özünü getmədiyin yerlərdə görərsən
hər gecə uyuduğunda.
uyumaq deyərsən də...
amma uyumazsan.
səhəri dirigözlü açarsan.
və...
yenə də
içində olmadığın günlər keçər ömründən...
***
bir də baxırsan ki,
gün də rənginə düşmür,
hava da rənginə düşmür,
sən də öz rənginə düşmürsən.
bilmirsən də...
nəyin rənginə düşürsən,
ya rənginə düşən nə.
bax onda...
hər şeyi rəngsiz düşünürsən.
bir də baxırsan ki,
gözünün quruduğu yerdən,
səsin nəm çəkir.
barmaqlarının ucunda
üşüyən təmaslar
dəm çəkir,
qəm çəkir.
durub qaranlıqların üstünə yüyürürsən
doğman kimi,
sanki qaranlıqlara səni qan çəkir.
və ağ qaraya,
getmək gəlməyə,
danışmaq susmağa,
insan insana bölünür.
bir də baxırsan,
elə gözəlsən ki,
səni heç kim görmür.
***
heç bilirsən səndən sonra nə qədər,
qəm ayları,
kəm ayları başladı?
neçə-neçə,
çeşid-çeşid,
növbənöv
sənsizliyin sən ayları başladı.
sonra belə ürəyimin tellərin
bir-bir qırdı ağrılar,
elə qırdı,
içimdəki qırıqların
sızım-sızım,
cızım-cızım
ninniləri, nanayları başladı.
çətirimin altında yağış yağdı selləmə,
elə yağdı,
belə yağdı,
çilə çəkdi gözlərim.
solğunluqda,
qırğınlıqda
bir ağlağan gülə çəkdi gözlərim.
heç bilmədim necə çəkdi,
niyə çəkdi gözlərim,
ki, sonra da bir ömürün
nəm ayları başladı.
sonra da ki...
hər gün gecə seansında,
divarda - xatirəmin kinoları başladı.
***
heç sən də bilmədin
bu dərd dediyin
ömrünə-gününə
nə sayaq gəlir.
bu qəm üşüməsi
şaxtadan betər,
İlahi, qəmlərdən nə soyuq gəlir.
Qatar yolları da bağlanıb daha,
o kəndə getməyə,
bir su yolu var,
o da ki, anamın gözündən keçir.
Mən gedim, deyəndə,
o su yoluyla
ortası deşilmiş bir qayıq gəlir.
Gecələr deyirəm, xəbəriniz yox,
yuxular gözümə
həp oyaq gəlir.
***
siz də görürsünüzmü o boşluğu...
bəzən adam boyda,
bəzən gəlincik boyda,
bəzən də pul boyda.
ciblərimin ağzı günədi hələ...
əllərim qızına bilmir o gündə.
amma gün boyda boşluq yandırır ciblərimi,
mən boyda boşluq sındırır ümidlərimi.
nədi ki, ümidlərim,
nədi ki?
bir uçuş,
bir qaçış,
bir görüş,
bəlkə də bir gülüşşş... eee...
və hələ varaqlardakı boşluğu demirəm...
bir şeir boşluğu qədər
varaqlar göz ağardır əllərimə.
barmaqlarımın ucundan sivişib gedir
yazmadığım şeirlər.
siz də görürsünüzmü o boşluğu...
kədər nimdaş şalına bürünüb oturub orda.
***
bu yağışda
qaçıb,
qaçıb
bir çətirin altında gizlənirəm.
nə işdisə
mən islanıram
çətir islanmır.
bu soyuqda
qaçıb
qaçıb
uşaqlıqda
gizlənirəm.
mən üşüyürəm,
uşaqlığım gülür.
bu yalnızlıqda
qaçıb
qaçıb
təkliyimdə gizlənirəm.
baxıram ki,
yenə,
yenə,
yenə
hamı orda.
***
əllərimin qürbətindən əsir gecə küləyi...
gözlərimin qürbətinə qərib yağır yağışlar.
bilmirəm ki,
bu yağışda necə keçir təkliyim,
necə keçir səssizliyim,
axı necə keçir ki...
hər tərəfdən ürəyimə gəlib yağır yağışlar.
gəlib dəyir ürəyimdə bir yerlər var oraya...
heç özüm də bilmirəm ki, nə yerlərdi o yerlər,
nə göylərdi o göylər.
amma onu bilirəm ki,
bir yerlərdə unudulub doğmalıq,
o doğmalar indi olub ögeylər.
və nədir ki, tel-tel olur misralar,
sətirlərə dən düşür.
varla-yoxun arasına cızıq çəkir qələm də,
bir cızqıdan iki tale, iki ömür tən düşür.
nə işdi ki, yarpaqların arasından öləziyən işıqlar,
haçan gəlib gözlərimə düşürsə,
o işığın əsməsindən gözlərimə nəm düşür.
bənövşənin bəndinə bax, bəndinə,
gör ey kimin qollarına kim düşür.
saçlarımın bəyazından əsir gecə küləyi...
küləkləyir, küləkləyir gecələr.
addımlarım nəsə yazır asfalta,
addımımı hərf-hərf
höccələyir küçələr.
yaş divara söykənirəm...
divarların filmindən,
dil çıxarıb,
göz süzdürüb,
bir balaca qız düşür.
elə bu vaxt
kimsə çəkir şəklimi,
şəkil yenə boz düşür,
və şəkildə bu qadının yerinə,
iki damla söz düşür.
***
atam qəfildən öldü.
anam çay süzmüşdü
pürrəngi.
əli havada qaldı,
heç çaya çatmadı.
çay buğlanırdı,
atam ölürdü.
gözləri axdı,
armudu stəkandan
sürüşdü, düşdü.
atamın gözləri düşdü harasa.
sonra
atamın üzünə pürrəngi
ipək atdılar.
yanvar ayıydı...
mən bir küncdə,
atam ortalıqda,
atamın çayı stolun üstündəydi.
baxdım ki, atamın çayı üşüyür.