Onda Ziba uşaqdı, onda Sona uşaqdı, onda hər kəs uşaqdı...

Onda Ziba uşaqdı, onda Sona uşaqdı, onda hər kəs uşaqdı...
5 dekabr 2016
# 09:00

Kulis.Az Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

bir gün yalnızlığın quru yerindən,

mənə yaşamağa bir ada yolla.

***

səni gün ağlada, bulud ağlada,
sonra da bir islaq umud ağlada,
səni etmədiyin sübut ağlada-
deyə bilməyəsən, mən etməmişəm.

barmağın altında tətik olasan,
qəfil açılmağa ütük olasan,
hamının gözündə itik olasan-
deyə bilməyəsən, mən itməmişəm.

uzaqdan keçəsən, gendən gedəsən,
qona bilmədiyin gündən gedəsən,
gedəndə biləsən, kimdən gedəsən-
sonra deməyəsən, mən getməmişəm.

***

yaşaya bildiyim vaxt idi, vaxtlar,
tutub saxlayırdı məni budaqlar,
onda qollarını qırdı uşaqlar-
qollarım qırıldı palıd, ay palıd.

quşları vurdular dən gəzən yerdə,
bir günə çıxmadıq, gün gəzən yerdə,
sən gəzə bilməzsən mən gəzən yerdə-
mən üzə bilmərəm balıq, ay balıq.

gözümlə buluda naxış qoyurdum,
navalça qoyurdum, çıxış qoyurdum,
dəyişib adımı yağış qoyurdum-
mənim anam idin bulud, ay bulud!

***

çətin olur sonrası, hər şeydən çətin olur

elə çətin olur ki... əlllərinin gecələr iç-içə ağlaması.

islaq baxışlarının payız yolu çəkməyi,

gecə küçələrində, küçə gecələrində

gözlərinin o yolla uc-uca ağlaması.

hələ xatirələrin o dəli cocuğunun

gəlib, gəlib güzgüdə heç-heçə ağlaması.


çətin olur sonrası... lap gülmək çətin olur.

bilmədiyin şeyləri yap bilmək çətin olur,

itirdiyin nə varsa, ötürdüyün nə varsa-

getməklərindən sonra həpp... gəlmək çətin olur.


elə ağrılı olur... payız sızıltıları, xəzəl giziltiləri.

ayağının altında ovum-ovum ovulan yarpaq xışıltıları, yarpaq pıçıltıları.

heç bilirsən necədi yarpaqların kədəri... ağacların yaşılsız, yarpaqlarsız qədəriiii.


sonra yenə yaz gəlir, ağaclar sancı-sancı yarpaqlayırlar belə,

düyməliyirlər belə, çiçəkləyirlər belə.

yuvalarda lümbəlüt, yuvalarda əmətcə sarıdimdik balalar

qanadlıyırlar belə, lələkləyirlər belə.


heç bilirsən nə deyir yarpaqlar ağaclara,

deyirlər ki, bizləri verməyin küləklərə, verməyin payızlara.

yerimizi deməyin, deməyin ayazlara.


çətin olur sonrası...eh sonrası, sonrası-

gözlədiyin nə varsa gəlməyəndə də gəlmir.

boş yerlər boş yuva tək boş qalır xatirəndə,

sarıdimdik balalar uçub, uçub gedirlər-

yuvalar da, yerlər də dolmayanda da dolmur.

bir ayrılıq gülü var, əl yaylığında bitir,

gözlərinin yaşıyla ha sulayırsan sula… solmayanda da solmur...

elə könlündən keçir, keçir nələrsə olsun,

bu nələrsə, nələrsə...olmayanda da olmur.

bir də, bir də, bir də kiiiiiiiiiiiiiiiiiiiiii

bir də yaşıla çalmır yarpaqların sarısı,

çətin olur, çox çətin sonrası eeeee…sonrası!


***

bu veyil xəyallara dalmağı da unutdum
daha xəyal qurmuram, xəyallarda olmuram.
o vaxtdan adresimə xəyallar da yazılmır,
ta...
o vaxtdan bu vaxta xəyallarda qalmıram.

bir köhnə küçə adı kədərimin adresi-
Bakı küçələrinin ən buludlu,
ən nimdaş, islaq, nəm tərəfində.
xəyalların yerində xatirələr üşüyür,
indi bütün yerlərin yomyox, mən tərəfində.

xəyalların yerində xatirələr olandan,
bu küçə də, bu yol da uzanıb boşa çıxır.
hər bahar qışa çıxır, hər fəsil qışa çıxır...
süzülüb yaşa çıxır yaylığımın ucu da...

yaylığımın ucunda gözyaşım düyün düşür, kirpiklərim dolaşır.
və hər gün...hər gün belə yola həsrət bulaşır,
günə həsrət bulaşır, yerə həsrət bulaşır...

yenə həsrət qarışır şeirdən gecələrə,
şeirdən küçələrə, şeirdən hecalara, hecadan acılara...

və Bakının bu qədim xəyalsız küçəsində,
bir tumsatan Zibadı, bir quşbaz Ələsgərdi.
bir də Sona, bir də qəm....hər kəs dərdli, hər kəs şən.

və bayaqdan gülürəm, gülürəm ki, o damdan xəyal uçurdardım mən...
onda Ziba uşaqdı, onda Sona uşaqdı, onda hər kəs uşaqdı...

mən də elə o vaxtdan...
nə qədər, gör nə qədər xəyallar uçurtmuşam,
arzular köçürtmüşəm uşaqlıqdan, gənclikdən.

və o vaxtdan bu vaxta...hələ uçurdulası,
hələ köçürdüləsi xatirədən o qədər qatar durur, köç durur,
yaşamla aramızda yaşam boyda heç durur.
bizim köhnə məhlədə uçuq xəyallarım tək…Ələsgər quş uçurdur!

gerçəklər elə acı, acılar elə gerçək...
yaşamaq belə zorsa, yaşam kimin suçudur, yaşam kimin suçudur!

yaşam suç olan vaxtdan, yaşam puç olan vaxtdan xəyallarda olmuram.
xəyallar xatirəyə dönəndən bəri...mən də xəyallarda qalmıram.

o vaxtdan adresimə xəyallar da yazılmır.

***

mən küləklə gedirəm,

mən yağışla gəlirəm.

təpələrdə yolumu gözləyən o cocuğa,

deyirəm ki, hər dəfə yorğun qayıtmağım var,

çox yorğunam yenə də,

eh... bağışla, gəlirəm.

ah...bağışla gəlirəm.


bu görkəmdə deyəsən payızın da, qışın da

lap xoşuna gəlirəm.


axır vaxtlar elə bil hekayələr qarışıb,

bu boydana ömürün qəhrəmanı deyiləm.

bir küləyin telində,

bir yağışın əlində

yol itirən veyiləm.


qarışdırmışam tamam adımı, ünvanımı...

təxmini yaşamağım,

təxmini gümanım var.

mənim bu yer üzündə

ancaq, ancaq və ancaq

göy üzünə getməyə azacıq zamanım var.


ya hekayə şeiriyəm, ya şeir hekayəsi...

bir xışma xəyal kimi bir sətirlik yazıyam.

kədər məni oxudu,

həsrət məni oxudu...

bir sevda oxumadı.

ancaq şeir qoxudu əllərim, barmaqlarım...

məndən roman çıxmadı,

məndən roman çıxmadı.


bir romanlıq olmadı getməyim, gəlməyim də...

amma o qədər roman oxudum həyatımda.

məni tərk elədikcə sevda da,

ayrılıq da...

anladım, anladım ki, bu kədərli siluet

bir yarpaq yuxusymuş,

bir payız qoxusuymuş...

mən beləcə qoxu tək yoxuydum həyatımda.


mən küləklə gedirəm,

mən yağışla gəlirəm...

kənd yolunda yolumu gözləyir uşaqlığım-

deyirəm ki, yenə də

ahhh...bağışla gəlirəm.

ehhh...boşuna gəlirəm.


***

gün doğanda günləməyə günlərim gəlib,

günlərimi dənləməyə dənlərim gəlib,

hərdən elə ağlamalı dəmlərim gəlib,

ağlamışam bu gərdişdən həp küsə-küsə.

bir yaşamı vurub, bölüb, yola çıxmışam,

ayazlarda qardan düşüb, qora çıxmışam,

hər tərəfdə yarıuçuq gora çıxmışam,

bir sevdanı basdırmışam təp təzə-təzə.

innən belə olanlar da yadımda qalmır,

bir ad sevdim, uyuşmağı adımda qalmır,

o keçi qız bu yaralı qadında qalmır,

elə keçir ürəyimdən, yap əzə-əzə.

gözüm tutan nə istədim, yanımdan ötdü,

uşaqlığım bir çarşaflı xanımdan ötdü,

ömür gəlib, qırış atan alnımdan ötdü,

elə bil ki, yüz il keçdi lap kəsə-kəsə.

doğmadan da doğma kimi özgələr oldu,

bir baxanda, titrədiyim cizgilər oldu,

təkliyimi bölüşdüyüm güzgülər oldu,

sonra da ki, nəsə oldu,

ehhhhh...nəsə-nəsə.

***

sonradan...
sonradan əlim qurudu,
gözüm çiçəklədi,
güllədi, Allah!
bir gün gün olmadı,
günüm olmadı,
bir gün gün içində
illədi, Allah!

bəs hələ...bildiyim
və bilmədiyim
o qədər,
o qədər bilməklər qaldı.
getməklər,
itməklər,
ötməklər oldu.
gör neçə,
gör neçə gəlməklər qaldı.

sonradan...
hər şeyin paxırı çıxdı,
umudlar bir qıza qəhmər çıxmadı.
madar bir sevdanın yanğınlarına,
buludlar o ki, var gözyaşı sıxdı,
amma ki,
bir ovuc su da sıxmadı.

bəs hələ...görmədim
və görmədiyim
o qədər görməli görməklər qaldı.
hələ sağalmayan qırıq qanadlar,
tökülən lələklər
və lələklərdən
bir ömür,
bir yaşam hörməklər qaldı.

sonradan...
sonradan nə isə oldu.
mən heç bilmədim də,
anlamadım da.
axı nə oldu ki,
bəs nə oldu ki...
gözümün yaşları lillədi, Allah!
mən ki, söz bilmirdim,
amma sonradan
bir söz yandırandan barmaqlarımı,
içimdə bir şeir küllədi, Allah!

# 1594 dəfə oxunub

Müəllifin son yazıları

# # #