Necə ola bilər ki, bir adam bu cür bərbad yazsın - Heminqueyin Paris xatirələri

Necə ola bilər ki, bir adam bu cür bərbad yazsın - <span style="color:red;">Heminqueyin Paris xatirələri
25 fevral 2019
# 14:36

Əgər sənə gənclik çağında Parisdə yaşamaq xoşbəxtliyi nəsib olubsa, onda ömrünün sonrakı illərində hara gedirsən get, Paris səninlə qalacaq, çünki Paris, sanki səyyar bir şənlikdir.

Ernest Heminquey

Bir dosta yazılanlardan, 1950

Silvia Biçin kitabxanasını tapdığım gündən bəri mən Turgenevin bütün əsərlərini, Qoqolun ingiliscə çap olunan kitablarını, Tolstoyun Konstans Qarnet tərəfindən tərcümə edilmiş əsərlərini və Çexovun ingiliscəyə çevrilmiş hekayələrini oxumuşdum. Hələ biz Parisə gəlməzdən əvvəl, Torontoda olduğum vaxt mənə demişdilər ki, Kəserin Mensfildin qısa hekayələri çox gözəldir; hətta demişdilər ki, o, çox böyük hekayə ustasıdır, amma Çexovdan sonra onu oxumaq sanki, qarımış bir qızın ehtiyatla uydurduğu saxta nağıllara qulaq asmaq kimi bir şey idi. Səriştəli və bilikli bir həkim, eyni zamanda da gözəl və sadə bir yazıçı olan Çexovun hekayələri ilə müqayisə etdikdə Mensfildin hekayələri mənə bu cür təsir bağışlayırdı. Mensfild, sanki spirti çox az olan və kefləndirməyən pivə kimi idi. Bu cür pivədəndisə, su içmək daha yaxşı olardı. Amma Çexovun su ilə yeganə bənzərliyi aydın və duru olmağı idi. Onun elə hekayələri var idi ki, onlara ancaq publisistik yazı demək olardı. Lakin eyni zamanda möhtəşəm hekayələri də az deyildi.

Dostoyevskidə bəzi şeylər inandırıcı idi, bəziləri yox. İnandırıcı olan şeylər isə elə həqiqi idi ki, oxuduqca onlar sənə təsir edib səni dəyişməyə başlayırdı. Turgenevdə müxtəlif mənzərələrə, uzun-uzadı yollara, Tolstoyda qoşunların hərəkətinə, geniş meydanlara, zabitlərə, insanlara, savaşlara tamaşa edib onlara şahid olduğun kimi Dostoyevskidə də insan zəifliyinə, dəliliyə, xeyir və şər qarşıdurmasına, qumarbazlıq xəstəliyinə şahid olurdun. Tolstoyu oxuduqdan sonra, Stefen Kreynin müharibə haqqında yazdıqları, real həyatda heç vaxt müharibə görməyən və kitablardan, tarix dərsliklərindən oxuduqlarını xəyalında məharətlə canlandırıb yazan xəstə bir oğlan uşağının cızmaqarasına bənzəyirdi. O, sanki bir vaxtlar mənim də babamgilin evində gördüyüm Bredi tərəfindən çəkilmiş müharibə şəkillərinə baxıb ordan gördüklərini yazmışdı. Stendalın “Parmadakı Kartezian monastırı” romanını oxuyana qədər mən müharibə səhnələrinin Tolstoydakı kimi təsvirinə rast gəlməmişdim. Lakin Stendalın bu əsərində Voterlo vaqiəsi mükəmməl təsvir edilmişdi və bir çox yerləri cansıxıcı olan bu romanda həmin hissə, əsərin çox nadir və qiymətli bir parçası kimi görünürdü. Bu cür əsərlərin səni apardığı yeni dünyaya daxil olmaq – nə qədər kasıb olursansa ol – sanki böyük xəzinəyə sahiblənmək kimi bir şey idi. Yaxşı yaşamaq və yaxşı işləməyin, üstəlik də oxumaq üçün vaxt tapa bilməyin mümkün olduğu Paris kimi şəhərdə, belə bir dünyanı kəşf etmək, həqiqətən də, o xəzinəyə yiyələnmək demək idi. Və bu, elə bir xəzinə idi ki, sən harasa səyahət etdiyin vaxt da onu özünlə apara bilərdin. Avstriyanın Vorarlberq ərazisində yüksək vadilərdə yerləşən Şkrunz əyalətini tapana qədər İsveçrə və İtaliya dağlarında qaldığımız vaxtlar yanımızda həmişə kitablar var idi. Ona görə də kəşf etdiyin yeni dünyaya istədiyin vaxt ayaq basa bilərdin. Yüksəklikdə yerləşən Taub otelində qalarkən əgər gün ərzində qarlı meşələrlə, buzlaqlarla əhatə olunan bir dünyada yaşayırdınsa, insanların öz qış problemlərini həll etməyə çalışdığı bir həyatla üz-üzə idinsə, axşamlar sən rus yazıçılarının sənə bəxş etdiyi başqa bir dünyaya gedirdin. İlk vaxtlar sənə bu dünyanı rus yazıçıları, daha sonra isə başqa yazıçılar verirdilər. Amma o sirli dünyaya məni aparanlar uzun müddət rus yazıçıları oldu.

Yadıma gəlir ki, bir dəfə Ezra ilə Araqo bulvarında tennis oynadıqdan sonra evə qayıdarkən o, məni içki içmək üçün emalatxanasına dəvət etdi və mən həmin gün Ezradan Dostoyevski barəsində nə düşündüyünü soruşdum.

– Hem, düzünü desəm, mən bu “russiyyalıları” heç vaxt oxumamışam, – Ezra cavab verdi.

O, mənim sualıma birbaşa cavab vermişdi. Ezra, demək olar ki, həmişə bu cür cavab verərdi. Amma bu sözündən sonra mən özümü çox pis hiss eləmişdim. Çünki qarşımda dayanan adam mənim çox istədiyim və tənqidçi kimi o vaxt fikirlərinə ən çox inandığım biri idi. O, ədəbiyyatda “doğru söz seçimi” prinsiplərinə əsaslanırdı və o, həm də, yazarkən sifətlərə aldanmamalı olduğumu mənə öyrədən adam idi. (Sonralar mən bir çox situasiyalarda sifətlər kimi bəzi insanlara da bel bağlamamalı olduğumu öyrənmişdim). Və indi mən elə bir yazıçı haqqında onun fikrini öyrənmək istəyirdim ki, bu yazıçı, demək olar ki, heç vaxt “doğru söz seçimi” prinsipinə əməl etməmişdi, amma, bununla belə, bəzi məqamlarda öz obrazlarını əvvəllər, bəlkə də, heç kəsin edə bilmədiyi tərzdə canlandırmağa da nail olmuşdu.

– Çalış, fransızlardan möhkəm yapışasan, – Ezra mənə dedi, – onlardan öyrənəcəyin çox şeylər var.

– Bilirəm, – mən cavab verdim, – hamıdan öyrənəcəyim çox şeylər var.

Həmin gün emalatxananı tərk etdikdən sonra, taxta zavoduna aparan küçə ilə irəliləyirdim. Mən gah bir tərəfi hündür görsənən küçəyə göz gəzdirir, gah da baxışlarımı küçənin sonunda çılpaq ağacların göründüyü açıq əraziyə tuşlayırdım. Bu çılpaq ağacların arxasından, Sen Miçel Bulvarında yerləşən Bullier rəqs salonunun uzaqdakı fasadı görünürdü. Qapını açıb həyətə daxil oldum və təzəcə kəsilmiş taxtaların qarşısından keçərək tenis raketkasını pilləkənin yanındakı qutusuna qoydum. Bu pilləkən, evin ən yuxarı mərtəbəsinə aparırdı. Üzümü pilləkən yuxarı tutub çağırmağa başladım, amma, deyəsən, evdə heç kəs yox idi.

– Xanım çölə çıxıb, xidmətçi və uşaq da onunla gediblər, – taxta zavodunun sahibəsi dedi. O, çox qəliz xasiyyəti olan, həddən artıq kök bir qadın idi. Saçları mis rənginə çalırdı. Verdiyi xəbərdən sonra ona təşəkkürümü bildirdim.

– Cavan bir oğlan sizi görmək üçün bura gəlmişdi, – o “müsyö” sözü əvəzinə “jeunne homme”[1] ifadəsini işlətdi, – Dedi ki, Lilas kafesində olacaq.

– Çox sağ olun, – mən dedim, – Əgər xanım gəlsə, zəhmət olmasa, deyərsiniz ki, Lilasdayam.

– O, öz dostları ilə gedib, – qadın cavab verdi. Daha sonra tünd qırmızı rəngli xələtinin ətəklərini yığıb hündürdaban ayaqqabıları ilə öz otağına tərəf yol aldı və astanadan içəri girib qapını bağlamadan yoxa çıxdı. Mən divarlarında ləkələr görsənən hündür və ağ evlərin arasından keçərək küçə ilə aşağı düşdüm. Küçənin sonunda geniş və günəşli yola döndükdən sonra Lilasa tərəf üz tutdum. Bir az sonra içinə zolaq-zolaq gün işığının dolduğu Lilas kafesinə girdim.

Orda tanıdığım heç kəs yox idi. Çölə çıxıb səki tərəfə gəldim və bu vaxt Even Şipmenin məni gözlədiyini gördüm. O, gözəl şair idi. Atlar, yazarlıq və rəssamlıq onun maraqlandığı və bələd olduğu sahələr idi. Məni görərkən ayağa qalxdı və mən onun hündür boyunu, arıq bədənini, solğun üzünü gördüm. Ağ rəngli köynəyi çirkli idi, köynəyin boyunluğu köhnəlikdən yeyilmişdi, qalstukunu diqqət və səliqə ilə bağlamışdı, boz rəngli kostyumu köhnə və əzik idi, barmaqlarındakı ləkələr saçından da qara idi, dırnaqlarının çirki də asanca gözə çarpırdı. Üzündə isə sevgi dolu, amma qeyri-məmnun bir təbəssüm var idi və çürümüş dişlərini gizlətməkdən ötrü o, bu təbəssümünü də möhkəm-möhkəm sıxıb saxlamağa çalışırdı.

– Səni görmək necə də xoşdur, Hem, – o dedi.

– Necəsən, Even? – deyə soruşdum.

– Bir az kefsizəm, – o cavab verdi, – Amma təzəlikcə “Mazeppa”nı oxuyub qurtarmışam. Sən necəsən?

– Ümid edirəm ki, yaxşıyam, – mən cavab verdim, – Sən gələndə mən Ezra ilə tennis oynayırdım.

– Ezra yaxşıdırmı?

– Hə, Ezra, çox yaxşıdır.

– Çox gözəl. Bilirsən, Hem, mənə elə gəlir, sənin yaşadığın yerdəki o sahibənin məndən heç xoşu gəlmir. İcazə vermədi ki, səni yuxarıda gözləyim.

– Onunla danışaram, – mən dedim.

– Ehtiyac yoxdur, başını ağrıtma. Mən həmişə burda gözləyə bilərəm. Günəşli havada burda oturmaq gözəldir, elə deyilmi?

– Artıq payız gəlib, – mən dedim, – amma, məncə, sən əynini nazik geyinmisən.

– Yox, belə yaxşıdır. Bircə axşamlar soyuq olur, – Even dedi, – Bir azdan paltomu da geyinəcəm.

– Heç olmasa, paltonun yerini bilirsən?

– Yox. Amma əminəm ki, hardasa etibarlı bir yerdədir.

– Hardan bilirsən?

– Çünki şeirlərimi də onun içinə qoymuşam, – o dodaqlarını möhkəmcə dişlərinin üstünə sıxmağa çalışaraq ürəkdən güldü, – Xahiş edirəm, Hem, gəl viski içək.

– Yaxşı.

– Jan, – Even ayağa qalxıb ofisiantı çağırdı, – zəhmət olmasa, iki viski.

Bir az sonra Jan viski şüşəsini, stəkanları, iki onfranklıq nəlbəkini və suçəkən borunu gətirdi. O, heç bir ölçü vasitəsindən istifadə etmədən stəkanlara dörddə-üçü dolana qədər viski süzdü. Jan, Evenin xətrini çox istəyirdi. Çünki Even hər dəfə Janın istirahət günündə onlara gedir və Port de Orleanzın arxasında, Montroqda yerləşən bağında onunla birlikdə işləyir, işlərinə kömək edirdi.

– Yaxşı, çox süzmə, – Even çoxdan burda işləyən hündürboy ofisianta dedi.

– Məgər iki viski deməmişdiniz? – ofisiant soruşdu.

Biz viskinin üstünə su əlavə elədik.

– Birinci qurtumu ehtiyatla iç, Hem, – Even dedi, – Qaydasında içsək, bizi xeyli müddət tutacaq.

– Niyə özünə yaxşı baxmırsan, Even?

– Yox, özümə lap yaxşı baxıram. Nəysə, gəl başqa şeylər haqqında danışaq.

Kafenin çölündə, səkiyə yaxın olan hissədə bizdən başqa heç kəs oturmamışdı və indi içdiyimiz viski getdikcə bədənimizi qızışdırırdı. Amma mən payız soyuğundan qorunmaq üçün Evenlə müqayisədə əynimi daha qalın eləmişdim. Altdan nazik bir sviter, daha sonra köynək, onun üstündənsə Fransız dənizçiləri kimi mavi rəngli yun sviter geyinmişdim.

– Son zamanlar Dostoyevski haqqında fikirləşirəm, – mən dedim, – necə ola bilər ki, bir adam bu cür bərbad, son dərəcə bərbad yazsın, amma onun yazdıqları sənə dərindən təsir eləsin?

– Özü də bu, tərcüməçinin günahı deyil, – Even dedi, – Çünki Tolstoyu da o xanım çevirib, amma Tolstoyda bu qüsurlar hiss edilmir.

– Hə, düzdür. Mən Konstans Qarnetin[2] tərcüməsi çıxana qədər, “Hərb və sülhü”oxumağa çox cəhd eləsəm də, alınmamışdı.

– Amma deyirlər, bu tərcümədə də bəzi düzəlişlərə ehtiyac var, – Even dedi, – Rus dilini bilməsəm də, əminəm ki, düz deyirlər. O tərcümənin də üstündə işləmək lazımdır. Bütün bunlara baxmayaraq o, çox möhtəşəm əsərdir. Məncə, dünya ədəbiyyatının ən güclü romanıdır. Və onu yorulmadan təkrar-təkrar oxuya bilərsən.

– Elədir, – mən dedim, – Amma Dostoyevskini təkrar oxumaq olmur. Şkrunza səyahət eləyəndə “Cinayət və cəza”dan başqa əlimdə heç bir kitabım yox idi. Və oxumağa heç nəyim olmasa da, “Cinayət və cəza”nı təzədən oxuya bilmədim. Trollopun Tauçnitz nəşriyyatında çıxmış kitablarını tapana qədər bir az Avstriya qəzetləri ilə başımı qatdım, bir az alman dili ilə məşğul oldum, amma “Cinayət və cəzanı” təkrar oxuya bilmədim ki, bilmədim.

– Allah Tauçnitzi hifz eləsin, – Even dedi.

Viski artıq öz yandırıcı təsirini itirirdi və indi üstünə su əlavə elədikcə sanki daha sərt və qatı olurdu.

– Dostoyevski zaydır, Hem, – Even dedi, – O, zay qəhrəmanlar, bir də müqəddəs insan obrazları yaratmaqda mahirdir. Bu müqəddəs insan obrazları isə mükəmməldir. Bəlkə də, onu təzədən oxuya bilmədiyimiz üçün utanmalıyıq.

– Mən “Karamazov”u təzədən oxumağa çalışacam. Görünür, qüsur məndədir.

– Oxuya bilərsən, amma hamısını yox. Ancaq bir hissəsini, ya da, deyək ki, böyük bir qismini. Çünki bir az sonra əsər yenə də səni əsəbiləşdirməyə başlayacaq. Nə qədər böyük əsər olsa da, belə olacaq.

– Onda bəxtimiz kəsib ki, heç olmasa birinci dəfə oxuya bilmişik. Bəlkə də, nə vaxtsa daha yaxşı tərcüməsi çıxar.

– Bəlkə də. Amma bu ümid səni şirnikləndirib aldatmasın.

– Yox, aldatmaz. Elə eləyəcəm ki, özüm də hiss etmədən yavaş-yavaş oxuyub bitirim. Oxuduqca, səhifələri çevirdikcə işim daha da asanlaşacaq.

– Mən səni Janın verdiyi bu viski ilə dəstəkləyirəm, – Even dedi.

– Amma belə eləsən, Janın başını bəlaya salarsan.

– Janın başı onsuz da bəladadır.

– Niyə? – deyə soruşdum.

– Çünki kafenin müdiriyyəti dəyişiləcək, – Even dedi, – Təzə müdiriyyət daha imkanlı müştərilər yığmaq fikrindədir. Ona görə də fikirləşirlər ki, burda Amerika barı yaratsınlar. Ofisiantlar xüsusi ağ geyimdə olacaqlar. Üstəgəl, ola bilsin ki, bığlarını da qırxmalı oldular.

– Andre ilə Janı buna məcbur edə bilməzlər.

– Kaş məcbur edə bilməzdilər, amma edəcəklər.

– Jan bütün ömrü boyu bığ saxlayıb. Onun bığı əsl süvari bığıdır. Bilirsən də, o, süvari alayında xidmət eləyib.

– Hə, amma artıq həmin bığı qırxmalı olacaq.

Mən viskinin sonuncu qurtumunu içdim.

– Yenə gətirim, Müsyö? – Jan soruşdu, – Viski verimmi, Müsyö Şipmen?

Onun aşağı sallanmış şəlpə bığı arıq və mehriban üzünün ayrılmaz bir hissəsi kimi görünürdü. Keçəl başı isə, bir tərəfdən o biri tərəfə daradığı tellərin altında parıldayırdı.

– Məncə, belə eləmə, Jan, – mən dedim, – risk etməyə dəyməz.

– Artıq risklik bir şey qalmayıb, – o, asta səslə bizə dedi, – İndi burda əməlli-başlı qarışıqlıq yaranıb. Çoxları işi atıb gedir.

Daha sonra o, uca səslə “oldu, cənablar” deyib, kafeyə girdi və çox keçməmiş bir şüşə viski, iki yekə stəkan, kənarları qızılla haşiyələnmiş iki onfranklık nəlbəki və bir şüşə qazlı su gətirdi.

– Ehtiyac yoxdur, Jan, – mən dedim.

O, stəkanları nəlbəkiyə qoyub onları, demək olar ki, ağzına qədər viskiylə doldurdu, qalanını isə özüylə birgə kafeyə apardı. Even və mən qazlı su şüşəsindən stəkanlarımıza bir az su əlavə etdik.

– Yaxşı ki, Dostoyevski, Janı tanımayıb, – Even dedi, – Yoxsa içməkdən ölərdi.

– İndi bunları neyləyəcəyik?

– İçəcəyik, – Even dedi, – Bu da bir etiraz formasıdır, özü də birbaşa etiraz.

Növbəti bazar ertəsi günü səhər-səhər işləməkdən ötrü Lilasa gedəndə Andre mənə mal əti ekstraktı və suyun qarışığından ibarət olan bovril içkisi gətirdi. O, balacaboy, sarışın bir oğlan idi və cod tüklü bığını qırxdığı üçün indi dodağı, keşişlərdəki kimi çılpaq qalmışdı. O, amerikan barmenləri sayaq ağ rəngli pencək geyinmişdi.

– Bəs Jan hardadır?

– Jan bu gün olmayacaq. Sabah gələcək.

– Əhvali-ruhiyyəsi nə yerdədir?

– Bu vəziyyətlə barışmaq onun üçün çox çətin oldu. Bütün müharibə boyunca o, ağır süvari alayında vuruşmuşdu. İki medalı da var: “Müharibə Xaçı” və “Hərb Medalı”.

– Müharibədə ağır yara aldığını bilmirdim.

– Yox, yox. Düzdür, yaralandığı da olub, amma bu “Hərb Medalı” onun üçün verilməyib. Bu medal, qəhrəmanlığına görə verilib.

– Özünə deyərsən, deyərsən ki, onu soruşurdum.

– Oldu, deyərəm, – Andre cavab verdi, – Ümid eləyirəm, tez bir zamanda bu vəziyyətlə barışa biləcək.

– Cənab Şipmenin də salamlarını ona çatdırarsan.

– Cənab Şipmen onun yanındadır, – Andre cavab verdi, – bağda bir yerdə işləyirlər.

Tərcümə: Təvəkgül Zeynallı

[1]Fransızca “gənc oğlan” deməkdir.

[2]Rus ədəbiyyatının ən məşhur əsərlərini ingilis dilinə çevirən tərcüməçi.

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #