"Yaxşı ki onları xilas elədilər!" - Nəriman Həsənzadə ilə görüşdən reportaj

"Yaxşı ki onları xilas elədilər!" - Nəriman Həsənzadə ilə görüşdən reportaj
13 avqust 2024
# 14:37

Kulis.az Xalq şairi Nəriman Həsənzadə ilə görüşdən Eminquey Akifin hazırladığı reportajı təqdim edir.

İnsan yaşının ahıl çağında nostalji hisslər ötürən köhnə-qədimi bir əşyaya çevrilir. Gəlirlər, baxırlar, gedirlər...

Müsahibəni bitirib tez-tələsik studiyadan qaçdıq, doluşduq maşına. Yolboyu APA-nın müxbiri Aytən Sakitqızı Ulucaydan Nəriman Həsənzadəyə verəcəyi suallarla bağlı məsləhət alır, sürücü Əli ləngiməmək üçün əlindən gələni edir, mən isə operatorla, fotoqrafla sıxlaşa-sıxlaşa reportajıma necə başlayacağımı düşünürəm.

"Nəriman Həsənzadənin nərdivan ömrü..."

Yox, onun ömrü nərdivana bənzəmir.

"Araya düşən görüş..."

Bu da olmadı, görüş araya düşməyib, iki gün əvvəl xəbərimiz olub.

"Bizi xatirələrə endirən şair..."

Aha, bu, bax bu!

Nəriman Həsənzadə yaşının elə çağındadır ki, o bizi ancaq və ancaq xatirələrə endirə bilər. Mən xatirələrimi danışmağa başlasam, beş-on gün, o xatirələrini danışmağa başlasa, azı bir-iki ay çəkər. Doxsan üç il yaşamaq, özü də ilin-günün bu vaxtında, asan məsələ deyil. Və bu doxsan üç illik xatirə sandığını ha açıb-töksən də bir görüşə sığmayacaq.

Salonda saya biləcəyim qədər adam var. Çoxusu da gənclərdir. Nəriman Həsənzadə onların qarşısında oturub Aytən Sakitqızına müsahibə verir. Çox adamı tanımadığımız bu görüşdə tanıdığımız Şəhriyar Del Gerani, Nadir Yalçın, Orxan Saffari kimi hələ ömrünün Nəriman Həsənzadə hesabı ilə üçdə bir hissəsini yaşamış gənc söz adamları var.

Qocaman şair müsahibəsini verib qurtarandan sonra Nadir Yalçın görüşü açıq elan edir. Deyir ki, biz kirayə qaldığımız evdən köçəndə beş kitab götürmüşdüm özümlə. Onlardan biri də Nəriman Həsənzadənin şeir kitabı olmuşdu. Kiril əlifbası bilmirdim, məhz bu şeirləri oxumaq üçün babama demişdim ki, mənə kiril əlifbasını öyrətsin. Uşaq vaxtı kitabını oxuduğu şairin görüşündə aparıcı olmaqdan məmnun olan Nadir Yalçın sözü şairə verir, şair görüşə gələnləri salamlayır, sonra isə Nadir Nəriman Həsənzadənin xatirələrini dilləndirməyi üçün sual verir.

Şair danışır ki, 1957-ci ildə Moskvanın Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan gənc şairlərdən Xəlil Rza, İbrahim Kəbirli və bir də özü Bakıya gəlirmişlər. Yolda öyrənirlər ki, Nazim Hikmət də bu qatarla Moskvadan Bakıya gedir. Dərhal Beynəlxalq vaqonda onun yanına keçirlər. Özlərini Nazimə təqdim etdikdə şair çox sevinir və onların arasında səmimi söhbət başlayır.

Nazim onlara deyir:

- Öz şeirlərinizdən mənə oxuyun. Kimin şeiri xoşuma gəlsə, Bakıda onun evinə qonaq gedəcəyəm.

Gənc şairlər qurtarandan sonra Nazim Nəriman Həsənzadənin şeirini daha çox xoşladığını dedikdə, şair İbrahim Kəbirli dərhal dillənir:

- Nazim müəllim, Nərimanın evi yoxdur. Onda necə olacaq?

- Nasıl? Evsiz də insan olurmu?

Şair deyir ki, Kəbirlinin bu sözü ona xoş gəlməyib. Düşünüb ki, öz evi olmasa da, qohum-əqrəbadan kiminsə evinə qonaq edər Nazimi.

Nazim Hikmətə bu məsələni ancaq Bakı Sovetinin sədrinin həll edəcəyini deyirlər.

Ağamirzə Əhmədova xəbər verilir. Nazim Hikmətin bu vaqonda Bakıya getdiyini bilən, onunla tanış olmağa bir bəhanə axtaran Ağamirzə Əhmədov buna görə sevincək yerindən qalxıb, onun kupesinə keçir. Uzun söhbətdən sonra Nazim mətləbini deyir. Nəriman Həsənzadəyə ev verilməsini istəyir.

Sonra Nazim üzünü Nəriman Həsənzadəyə tərəf tutaraq deyir:

- İndi arxayın ola bilərsən. Şəhərin meri dedimi, demək, hər şey qaydasında olacaq.

İki gündən sonra yazıçıların plenumunda Nərimanı görən kimi əlini uzaqdan yelləyib “nə oldu?” deyə soruşur, Nəriman isə uzaqdan “hələ ki yox” mənasında ona əl yelləyir. Təbii ki az müddət keçir, Nərimana ev verirlər.

Şairin bu xatirəsi indi bizdən düz 67 il uzaqdır. İndi xatirələri dünyasını dəyişmiş insanlarla dolu olan Nəriman Həsənzadəni dinləmək həm də Nazim Hikmətə toxunmaq, onun səsini eşitmək kimidir. Şair danışıb qurtarandan sonra oxucularından biri ona portretini hədiyyə edir.

Orxan Saffariyə deyirəm:

- Deyirəm, qəribədir e. Bir dənə o portretə bax. İnsan cavan olanda rəssam sənin portretinin üstündə daha çox işləyir, saçlarını sərhədlərindən içərini qara rənglə doldurur, amma qocalanda... Fikir ver, sadəcə, cizgiləri var, saçın içi bomboşdu, ağappaqdı, ağappaq, bomboş.

Orxan:

- Saçı ağdı da, ona görə...

Fəlsəfəmi boşa çıxaran Orxandan uzaqlaşın siqaret çəkməyə çıxıram. Şəhriyar da tüstülənir. Qəfil deyir:

- Kəbirlinin sözünə bax da, Nərimanın evi yoxdu. Adamı heç belə pərt eləyərlər?

- Həəə, heç olmasa, yaxşı ki Nazim boşa verməyib söhbəti. Adama ev verdirib.

Biz tüstülənən vaxt içəridə cavan qız idi, tar-kaman müşayiəti ilə mahnı oxuyurdu. Onlar oxumağa başlayan vaxt Nəriman Həsənzadə yönünü onlara sarı eləmişdi. Demişdi ki, elə şey olar, siz sağımda oxuyasınız, mən də camaata baxım. Qəfil Şəhriyara Nadir Yalçından mesaj gəldi. Yazıbmış ki mahnı qurtarır, çıxış edəcəksən, gəl.

İçəri qayıdırıq. Şəhriyar çıxışına belə başlayır:

“Nəriman Həsənzadənin yaradıcılığı ilə səkkizinci sinifdən tanışam. O vaxt onun şeirlərini oxuyanda dedim ki, bax, bu mənim şairimdi. Deyirlər, bir şair əgər özündən sonrakı beşinci nəsilə qədər gedib çatırsa, oxunursa, sevilirsə, o əsl şairdir. İndi buradakı gənclər bax həmin beşinci nəsil gənclərdir. Gəliblər ki sevdikləri, oxuduqları şairi görsünlər. Nəriman Həsənzadənin şeiriyyatında ən xoşuma gələn şey ironiyadır. Bayaq dostlarla da bu barədə danışırdım. Hamı elə bilir ki, Füzuli qəm şairidir, ancaq eşqdən yazıb. Xeyr! Füzuli başdan-ayağa ironiyadır. Leyliyə, Məcnuna, təbiətə, dünyaya”.

Ardınca Şəhriyar şairin ən sevdiyi şeirini deyir:

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

Baxın, dediyim ironiya da məhz elə bu sonuncu misradadır. Şairə can sağlığı arzu edirəm, minnətdaram.

Nəriman Həsənzadə Şəhriyarı buraxmır. Qonaqlara üz tutub deyir:

- Olar ki mən Şəhriyar haqqında danışım? Mən eşidəndə ki iki gənc İrana gedib, orada şeir oxuyublar və buna görə də tutulublar, mat qaldım. Necə ola bilər belə bir şey? Yaxşı ki onları xilas elədilər. Mehriban xanım bu uşaqları xilas elədi. O gün də eşitdim ki, İranda bir nəfəri türk olduğuna görə həbs ediblər. Vallah, bu farsların başı xarabdı. Bunlar erməni kimi şeydirlər (qonaqlar gülür). Şəhriyar, Şəhriyarı tək qoyma! Dəyərlisən! Sənin atan da dəyərli adamdır.

Sonra Nadir Yalçın şairdən şeirlərindən birini deməsini istəyir. Şair ən məşhur şeiri olan “Nərdivan” şeirini demək istəyir. Amma mikrofon onu hövsələdən çıxarır.

- Bu mikrofon da ki... bayaqdan mən qaçıram, o gəlib girir ağzıma. Mən qaçıram, o gəlir.

Qıraqdan kimsə deyir:

- Şair, səsiniz eşidilməyəcək axı. Ona görə yaxın qoyuruq.

Şair deyir:

- Eşidərlər əşşi...

Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...

Şairi oxucuları ilə baş-başa qoyub görüş yerindən uzaqlaşırıq. İnsan yaşının ahıl çağında nostalji hisslər ötürən köhnə-qədimi bir əşyaya çevrilir. Gəlirlər, baxırlar, gedirlər. Biz də gəldik, baxdıq, gedirik...

Kim ömrünün hansı pilləsində yıxılacaq, bilmirik, amma hələ ki ömür şairlərlə birgə çay içməyə vəfa edir.

Fotolar: Rüfət Mustafayev

# 1384 dəfə oxunub

Müəllifin son yazıları

# # #