Allaha inanmaq ehtiyacı necə yarandı?

Allaha inanmaq ehtiyacı necə yarandı?
20 sentyabr 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Yüksələnim" adlı köşəsini təqdim edir.


Xeyli min il əvvəl gecələrin birində darıxa-darıxa səmanı seyr edən adam barmağını səmaya sarı uzadıb gördüyü işıqları bir-birinə birləşdirdi, onlar arasında xəyali bir xətt çəkdi və oğluna dedi:

- Xətləri görürsən?

- Yox.

- Ver əlini.

Oğlunun işarə barmağını göyə qaldıran ata səmadakı işıqları birləşdirdi və oğlundan bir daha soruşdu:

- Xətləri gördün?

- Hə, indi gördüm.

- Nəyə oxşayır?

- Balığa.

Bəli, bir ata və oğul göyə barmaq elədi, beləcə, bürc yarandı.


“Əgər sən bürclərə inanırsansa, deməli, bürclərə inanırsan”.

Gərək ki belədir, bürclər haqqında bir nəfər də olsun müdrik, filosof, rəhbər, döyüşçü, yazıçı və sairə bircə cümlə, bircə söz belə deməyib. O səbəb dünyada ilk aforizmi elə indicə mən yazdım. Özünüzü nə ustadım Ağamirzədə, nə də məndə nöqsan tapmağdan ötrü yormayın. Əslində, həyat bu cür sadə həqiqətlərdən ibarətdir.

Bu cür sadə həqiqətlərdən biri də bəni-Adəmin bineyi-qədimdən inanca, inanmağa ehtiyac duymağıdır. Zaman dövr elədikcə, bəşər inancını öz əyninə biçməyə başlayıb. Yoxsa ki biri inəyə, biri daşa, biri oda, biri də Allaha sitayiş etməzdi.

O daşın, o inəyin, o odun arxasından boylanıb dünyaya baxanda, bir də görürsən ki, o daşa, o inəyə, o oda, o Allaha inanların başqa bir inancı da var. Onlar həm də bürclərə inanırlar. İnanırlar ki, insanın taleyi doğulduğu aydan, gündən, ildən asılıdır. İnanırlar ki, insanın taleyini planetlər idarə edir. İnanırlar ki, planetlər bu gün “iş görüşü”nə getmə deyirsə, deməli, getməməlidirlər. İnanırlar ki, planetlər sabah uzaq səfərə çıxmağın xeyir gətirməyəcəyindən xəbər verirsə, demək ki, sabah dağ qoynunda yeyib-içmək məsləhət deyil.

Onlar sevdikləri xanımı, bəyi bürclərə görə seçirlər. Əgər planetlər deyirsə ki, əkizlər bürcü oğlaq bürcü ilə yola getməz, əkizlər bürcü olan bir xanım oğlaq bürcündən olan bir bəydən uzaq qaçacaq. Veneraya and olsun, bəzəksiz yazıram. “Sən oğlaq bürcüsən, bizimki alınmaz” – deyib neçə-neçə xanım otuz beş yaşına çatanda ayılıb ki, hələ də subaydır.

Təsəvvür edirsiniz? Masa ətrafında üç adam oturub. Onlardan biri digərinə “sən əkizlər bürcüsən, hərdəmxəyalsan” deyir, əkizlər bürcü olan o biri də qayıdır ki, “sən də balıqsan, tutmaq olmur, sürüşüb qaçırsan” və qırğın düşür. Ya da bürcü şir olan kişi bürcü qız olan dostu ilə məzələnir: “Nədir, ə, qız bürcü?”. Bu ölkədə xoruz, dovşan ilindən olan kişilər nə qədər qeyri-ciddi qarşılanırsa, mırt tutulursa, qız bürcündən olan kişilərlə bir o qədər mırt tutulur. Qız bürcündən olan kişi də dilinin altında Merkuri planetini söyür.

Bu bürc məsələsi şəxsən mənim özümdən də yan keçməyib. Hələ subay vaxtlarımda TV-lərin birində bir verilişin qonağı idim. Həmin gün, həmin verilişdə xəbərim olmuşdu ki, hətta sevgi və nikah astroloqu belə var. Cərulla adlı bir kişi idi. Onunla dialoqumuz həmin vaxtlar sosial şəbəkədə trend olmuşdu.

Cərulla kişi soruşmuşdu ki, 94-sən, 82? Demişdim, 94. Soruşmuşdu ki, evlisən, ya subay? Demişdim, subayam. Cərulla kişi coşmuşdu, nə coşmuşdu. Qayıtmışdı ki, niyə subaysan? Sən 23 yaşında evlənməlisən, 24 yaşında da özün ağılda övladın olmalıdır. Mən bilirəm ki, sənin kimi əkizlər bürcü olanların 75 faizi evlənəndən sonra atasını, anasını həyat yoldaşına satır, elə bununla da məğlub durumuna düşürlər. Sən evlənəndə mənim sözümə, bax, bu reseptə (əlindəki kağızları göstərirdi) bax evlən ki, mən deyən günə düşməyəsən. Əkizlər bürcüsən, get, gözünü qırp, yeddi gün içində əkizlər bürcü al, qonşudan olsun, eybi yoxdur, ancaq onun daxili dünyası ilə sənin daxili dünyan bir-birini tamamlayacaq, ancaq 94, 98, 2000-ci ilin xanımı olsa, bu, hind məhəbbəti olacaq.

Əlbət ki, Cərulla kişinin bu üsyankar çıxışını gülüşlə qarşılamış və onun mənə verdiyi resepti evə aparmış, üstünə günəbaxan tumlarının qabıqlarını yığmış və zibilqabına tullamışdım. Cərulla kişi isə həmin veriliş şəbəkədə trend olandan sonra üfüqlərini genişləndirmiş və canlı yayımlar açaraq insanlara sevgi və nikah astroloqu kimi məsləhətlər verməyə başlamışdı. Sevgi və nikah astroloqu.

Olmuş hadisədir, qəzetlərin biri bürclərdən proqnoz yazan münəccimlə iş birliyini dayandırır. Münəccim qiymətini qaldırır, bu da qəzet rəhbərinə sərf etmir. "Neyləyim, necə eləyim?" - vurnuxan baş redaktor qəfil qərar verir. Açır keçən ilin bu günü üçün olan bürc proqnozlarını, buğa haqqında yazılanları qoça, balıq haqqında yazılanları dolçaya... - yerdəyişmə edir və yeni proqnoz kimi qəzetə verir. Vəssalam! Kim hardan biləcəkdi ki, bu yeni proqnoz deyil? Gedib Merkuridən, Veneradan soruşmayacaqdılar ki?!

Yəni, belə bir şeydir bürc və proqnozları. Veneraya and olsun, ətim tökülür belə adamları görəndə. Bir vaxtlar, İlham Mirzəyev var idi, TV-lərdən birində veriliş aparırdı, maraqlı müsahibələri var idi, verilişin sonunda isə bürclərdən proqnoz verirdi. İndinin özündə də canlı yayımlarında bu işlə məşğuldur. Onun bu bürc söhbətlərinin əttökənliyini ondan əvvəl təqdim etdiyi müsahibələr ört-basdır edirdi.

İndi isə bizim bu TV, əşşi, day bildiniz də, “Space” TV özü üçün ikinci İlham Mirzəyev yaradıb. Adı Mirxaliddir. Yalan deyirəmsə, Mars mənə qənim olsun, bu bəy İlham Mirzəyevə həm görünüşü ilə, həm də danışığı ilə elə oxşayır ki, veriliş rastıma çıxanda elə bilirəm, 2005-ci ildir, 11 yaşım var, bu danışacaq, məni xalçanın üstündə uzandığım yerdə yuxu tutacaq, sonra atam qucağına alıb aparıb çarpayıma qoyub üstümü örtəcək. Belə bir kədərli hissdir, ağrılı xatirələrimin tozunu silkələyən zaddır bu bəyi görmək, eşitmək.

Amma 2024-cü ildəyik və məncə, bizə bir İlham Mirzəyev bəsdir. Yoxsa ki, adam birbaşa TV-dən qayıda ki, bu gün tərəzi bürcləri duzlu xiyar yeməsinlər, böyrəklərindəki daş tərpənə bilər, vallah, bu artıq başqa mərhələdir. Görünür, planetlər də çox duyğusallaşıblar, bizə ana qayğısı ilə yanaşmağı öyrəniblər. Belimizə o məşhur sarı adyalı bağlatmağı da öyrənsələr, vəssalam!

Uzun sözün qısası, yaşadığı planetə olmazın zülmlər edib sonra da “Yer də cızığından çıxıb” deyən bəni-Adəm planetin, nəinki planetin, hətta bütün planetlərin ondan asılı olduğunu düşünmək əvəzinə, öz taleyinin, ömrünün, bəxtinin ulduzlardan və planetlərdən asılı olduğunu düşünür.

Milyon il qabaq sönmüş ulduzdan mədət umur. Fala inanmaq, seyidlərə iman gətirmək nə qədər cahillikdirsə, bu da bir o qədər cahillikdir. Min illər əvvəlin cahilliyini neolaşdırmaqdır, dekonstruksiya etməkdir. Başqa heç nə.

Yaşayışını bu cür cahillik üzərində quran adamları ciddi qəbul etmirəm və bu yazımla bildirmək istəyirəm ki, əgər planetlərin öz başlarına əlac olsaydı, Günəşin ətrafında fır-fır fırlanmazdılar (bu cümlədən sonra “leyleyley” mahnsını da eşitməyiniz ehtimaldır).

Salam-aleykum, Allah sizi qorusun!

Əgər sabah bəd xəbərim çıxsa, bilin ki, hamısı Merkurinin işidir.

Proqnoz vermişdi ki, bu gün işə getmək səhhətiniz üçün təhlükəlidir.

Yaxşı olar ki, müdirdən icazə götürüb bu günü doğmalarınızla keçirəsiniz.

# 2034 dəfə oxunub

Müəllifin son yazıları

# # #