Uşaq ədəbiyyatı nəşrlərinin çağdaş vəziyyəti

Uşaq ədəbiyyatı nəşrlərinin çağdaş vəziyyəti
10 avqust 2016
# 15:56

Sovet hökuməti dövründə “Azərbaycan pioneri” qəzetini, “Göyərçin” və “Pioner” jurnallarını mütaliə edir, bu nəşrlərin təsiri altında formalaşırdıq. Lakin keçid dövrünün başlaması, o cümlədən əlifba dəyişikliyinin baş verməsi nəticəsində uşaq nəşrləri sahəsində uzunmüddətli boşluq yarandı. Yalnız ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra mənzərə dəyişdi. Rəngarəng dizaynı, maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb edən uşaq nəşrləri fəaliyyətə başladı. Üç cilddə “Azərbaycan uşaq ədəbiyyatı antologiyası” (“Öndər nəşriyyatı”, 2005 (tərtibçi: Qara Namazov, redaktor: Teymur Əhmədov) nəşr olunub istifadəyə verildi. Bu cildlərdə uşaq ədəbiyyatının yaranma, təşəkkül tarixi, təcrübəsi və çağdaşlığı müəyyən qədər əksini tapdı. Qeyd etmək vacibdir ki, 2014-cü ildə “Uşaq ədəbiyyatı antologiyası” nəşr olunmuşdu. Kitabın məsləhətçisi mərhum ədəbiyyatşünas Arif Əmrahoğlu, tərtibçi, redaktor və ön söz müəllifi isə AYB-nin Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadədir. Şeir, nəsr, dramaturgiya, həmçinin ədəbi tənqid bölmələrinin yer aldığı antologiyada çağdaş yazarların əsərləri ilə tanış olmaq imkanımız oldu və buradakı mətnlərdə uşaq psixologiyasının, dil amilinin, düşüncə aydınlığının nəzərə alınma səviyyəsi qaneedici təsir bağışladı.

Bizdə uşaq ədəbiyyatının vəziyyəti ardıcıl təhlil və tədqiq obyektinə çevrilməmişdir. Ədəbi tənqid belə kiçiklər üçün yazılmış əsərləri bəzən sükutla qarşılamışdır. Yalnız ötən illər ardıcıl olaraq AMEA Ədəbiyyat İnstitutunun keçirdiyi “İlin ədəbi yekunları” müşavirəsində müxtəlif janrlarda məruzələr edərkən uşaq ədəbiyyatının problemlərinə də toxunmuş, bu sahənin məsələlərini aktuallandırmışdıq. 2015-ci ildə isə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “Uşaq ədəbiyyatının müasir durumu və vəziyyəti” mövzusunda təşkil olunan yaradıcılıq müşavirəsi problemə siqlətli nüfuz üçün mütərəqqi addım idi. Uzun illərin susqunluğundan sonra böyük bir sahənin problemləri mötəbər tribunada aktuallanırdı. Düzdür, Azərbaycan Yazıçılar Birliyi uşaq ədəbiyyatı məsələlərini daim işıqlandırmış, bu sahənin problemləri ilə bağlı müxtəlif vaxtlarda məruzələr dinlənilmiş, diskussiyalar təşkil olunmuşdu. Mətbuatda, ayrı-ayrı saytlarda uşaq ədəbiyyatı problemlərini qabardan da əsasən AYB-də çalışan qələm sahibləri, əsasən, Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə (son çap olunmuş “Səhifələr” yazısı problemə geniş nəzər yetirməsi ilə seçilirdi), eyni zamanda bu sahənin püxtə, peşəkar müəllifləri (Zahid Xəlil, A.Qəhrəman, R.Yusifoğlu və b.) olmuşlar. Buna baxmayaraq, akademik qurum problemin daha ciddi məcrada aktuallanmasını şərtləndirmiş oldu.

Öncə ondan başlayaq ki, uşaq ədəbiyyatı ilə bağlı hansı tədqiqata, problemə peşəkar elmi-nəzəri yanaşma sərgiləyən əsərə istinad edə bilərik? Araşdırma zamanı Füzuli Əsgərovun 2009-cu ildə çap olunan “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” (Bakı, ADPU) kitabı diqqətimizi çəkdi. Kitabda milli uşaq ədəbiyyatımızın təşəkkülü və maarifçilik dövrü inkişafından başlayaraq sovet dövrü uşaq ədəbiyyatı nümunələri, həmin dövrün daxilində təşəkkül tapmış 1960-80-ci illər ədəbi prosesinin yeni problematika və ideya istiqamətləri, eləcə də müstəqillik dönəmində mövcud milli uşaq ədəbiyyatın nümunələri daha səriştəli, daha əhatəli yanaşmanın predmetinə çevrilmişdi.

İndi isə gələk uşaq ədəbiyyatı ilə bağlı bədii nəşrlərə. Son beş ildə İlyas Tapdığın “Seçilmiş əsərləri”nin iki cildliyi, Xanımana Əlibəylinin “Seçilmiş əsərləri”nin iki cildliyi, şair Zahid Xəlilin 2008-2009-cu illərdə 6 cilddən ibarət “Seçilmiş əsərləri”, Məstan Günərin 2003-cü ildə “Seçilmiş əsərləri”nin iki cildliyi, şair Oqtay Rzanın 2008-2009-cu illərdə “Baldan şirin balalar” və “Uşaq təbəssümü” adlı iki şeir kitabı, Ələmdar Quluzadənin son beş ildə “Boxca”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ətirşah ətri” kitabları, Rafiq Yusifoğlunun üç şeir, dörd nəsr, ali məktəblər üçün iki dərslik və yeddi tərcümə kitabı, uşaq ədəbiyyatı ilə bağlı bir neçə prablamatik məqalələri, Gülzar İbrahimovanın 30-dan çox kitabı, Eyvaz Zeynalovun 2007-ci ildə “Qırmızı almalar”, 2010-cu ildə isə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” kitabları, habelə Qəşəm Nəcəfzadə, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Vaqif Bəhmənli, Sərvaz Hüseynoğlu, Mənzər Niyarlı və bir çox başqa müəlliflərin kitabları çap olunub.

“Göyərçin”, “Göy qurşağı”, “Yuva”, “Elli”, “Bala dili”, “Boya”, “Bahar”, “Arzu” “Herba Flora”, “Günəş”, “Sehrli dünya”, “Ailəm” jurnalları, həmçinin “Savalan”, “Şəkər villası”, “Tonqal”, “Tumurcuq” qəzetləri uşaq əsərləri dərc edir. Rafiq Yusifoğlunun rəhbərliyi ilə 55 yaşlı “Göyərçin” jurnalı bu gün də funksionallığını davam etdirməkdədir. Amma hansı fərqlə? Vaxtı ilə 270 min sayla cıxan “Göyərçin” jurnalının indi kəmiyyət sayı 2-3 mindir.

İlk baxışda uşaq ədəbiyyatı nəşrləri ilə bağlı vəziyyət kəmiyyət baxımından qənaətbəxşdir. Buyur, qarşına növbənöv kitablar: dünya ədəbiyyatı nümunələri, nağıllar, şeirlər kitabı düzəcəklər. Və təbii ki, uşaqdan öncə özündə onlarla tanışlıq sevdası baş qaldıracaq. İlk olaraq əlimizi uşaqlarımıza vaxtaşırı məktəbdən verilən “Günəş” jurnalına uzadırıq və vərəqləyirik. Nə də olsa, 1927-ci ildən çap olunur, müəyyən tarixi təcrübəyə malikdir. Lakin elə nümunələrlə rastlaşırıq ki, həmin tarixi təcrübənin öz sözünü demədiyinə sadəcə, təəssüflənmək qalır. Əvvəla, jurnalda çap olunan əksər şeirlər mənasız söz yığını təsiri bağışlayır, sırf qafiyəpərdazlıq nümunəsi olan, uşaq təhkiyəsinin şirinliyindən uzaq bu şeirlərdə cılız vətənpərvərlik, bəsir yumor hissi dominantlıq təşkil edir. Bəzən bu şeirlərin ümumiyyətlə, uşaq jurnalına yol açmasına heyrət etməli oluruq. Məsələn, “Günəş” jurnalının 2014, N-1 sayında Sərxan Əhmədli adlı müəllifin “Dörd yolun ayrıcında” adlı belə bir şeiri verilib:

Bəzən olub, azmışam

Kasıblar arasında.

Qələmimin ucunda

Bir oçerk də yazmışam

“Dörd yolun ayrıcında”.

Bu oçerki bir naşı

Cibimdən oğurlayıb.

Aparıb bir qəzetdə

Özün “müəllif” sayıb.

Bəyəm redaktor qağam

Dəsti-xəttimi bilmir?

Niyə onu götürüb,

Dəqiq öyrənmək üçün

Mənim yanıma gəlmir?!

Nə qədər çalışsam da, şeirdə uşaqlara aid kiçicik bir işarə tapa bilmədim. Şeir müəllifi sanki çoxdan yanıqlı olduğu nüansı nəzmə çəkərək onun haradasa çapına nail olmağa çalışıb və təəssüf ki, tarixi təcrübəyə malik “Günəş” öz səhifələrinə ona məmnuniyyətlə yer ayırıb. Bu şeirə də, həmin müəllifin epataj səciyyə daşıyan, uşaq dünyasına aid olmayan “Ehtiras növbəsində” şeirinə də:

Düz bir ildi Eşşəyin

Əli Atdan üzülüb.

Ehtiras “növbəsinə”

Tülkü-çaqqal düzülüb.

Çağdaş uşaq nəşrlərinin əksəriyyətini vərəqləyərkən kommersiya tələblərinin öndə getdiyinin şahidi oluruq: yaz getsin, sat getsin, aldat getsin. Peşəkar müəlliflərlə işləmək istəyi nəzərə çarpmır, uşaq ədəbiyyatı bazarında daha çox profan qələmin at oynatdığı üzə çıxır.

Nəşriyyatların tez-tez nağıllar, nağıl kitabları çap eləməyi təqdirəlayiq haldır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Ona görə bu məsələdə daha həssas olmamız gərəkdir. Bu gün çox aktuallanan məsələ müasir nağıl qəhrəmanının yaranmaması məsələsidir. Hətta iki il əvvəl azadlıq saytının “oxu zalı” belə bir fikri başlığa da çıxarmışdi: “Uşağı Cırtdanla aldatmaq olmur. Yeni qəhrəmanlar yaranmalıdır”. Bugünkü uşaq ədəbiyyatının ən böyük problemini də elə bu yanaşmada axtarmaq lazımdır. Uşaq ədəbiyyatından danışanlar, sanki, uşağı aldatmağın yolunu axtarırlar. Nağıllarda uşaq sadəcə, özünü tapmalıdır, öz fantaziyasını, xəyallarını, öz dünyasını görməlidir. Bu mənada, Əşrəf Hacıyevin “Nağıl evi” nəşriyyatında 2002-ci ildə “Bir qız, bir oğlan, bir də ovçu Qurban” adlı kitabında yer alan nağılları müəllif məsuliyyətinin ən gözəl nümunəsi saya bilərik. Kitabda yer alan nağıllar həm dilinin şirinliyinə, təhkiyə mədəniyyətinə, həm də uşaq psixologiyasının ən incə xüsusiyyətlətinin nəzərə alınması, onlara həssaslıqla yanaşılması baxımından uğurlu təsir bağışlayır. Hər nağıl mətninə uyğun şəkillərin yer aldığı bu kitabın mütaliəsi sonucda bizi uşaq aləminin rəngarəngliyinə səyahətə aparır. Yaxud “Altun Kitab” nəşriyyatında Rafiq İsmayılovun tərtibçiliyi və redaktorluğu ilə “Məişət nağılları” (2011), “Şərq-Qərb” nəşriyyatında “Dünya nağılları” seriyasından olan “Daşdəmirin nağılı”, “Göyçək Fatma” (2011) kitabları çap olunub. Kitablar səliqəli, rəvan dildə, uşaqların anlayacağı səviyyədə hazırlanıb. Təəssüf ki, bu cür nümunələrin adlarını o qədər də səxavətlə sadalaya bilmirik. Bəzən məzmunu sönük olan əsərlərə zəngin tərtibat verildiyi halda, mündəricəsi maraqlı olan kitablar illüstrasiyadan məhrum edilir, hətta şriftlərin seçilməsində də diqqətsizliyə yol verilir. Bu baxımdan, bir məsələyə də diqqət çəkməyə dəyər. Mövzu ilə əlaqədar uşaq ədəbiyyatı kitabxanasında, müxtəlif kitab satışı obyektlərində oldum. Nəzər yetirdiyimiz nəşriyyat işlərinin hər birində müəyyən çatışmazlıqlarla qarşılaşdıq. Birində dediyimiz kimi, rəssamlarla işləmə istəyi görmədik, digərində daha çox klassik ədəbiyyata üstünlük verildiyini sezdik, bir qisminin isə əsasən, dünya ədəbiyyatı seriyasından kitablar nəşr etməklə məşğul olduğu məlum oldu.

Bu gün konkret olaraq sırf uşaq ədəbiyyatı nəşrləri ilə məşğul olan nəşriyyat fəaliyyət göstərməsə də, demək olar ki, bütün nəşriyyatlar uşaq ədəbiyyatı nəşr edir. “Şərq-Qərb”, “Təhsil”, “Altun-kitab”, “Bərəkət”, “Qanun”, “Hədəf”, “Üç alma” və s., və i. Amma bir çox nəşriyyatlarda imza qıtlığı var, müəlliflərlə işləmə çabası hiss olunmur. Məsələn, uşaq ədəbiyyatının təbliği yönündə sistemli iş aparan “Təhsil” nəşriyyatında (2009-dan 2013-də qədər burada 80 adda kitab hazırlanıb) bu missiya daha çox Sevinc Nuruqızının imzasına önəm verməsi ilə məhdudlaşıb. Yalnız 2010-cu ildə Aygün Bünyadzadənin üç dildə çap olunan nağıl kitablarını istisna etsək, 2009-cu ildə “Təhsil” nəşriyyatında, 2011-13-cü illər arasında isə “Aspoliqraf” nəşriyyatında görünən imza yalnız Sevinc Nuruqızıdır. Həm də bir neçə istiqamətlərdə: həm tərcümə, klassikadan sadələrdirmə, fərdi nağıl, hekayə yazmaq prosesi, qəhrəmanların tanıdılması yönündə çalışmalar və s., və.i. Bu, əlbəttə, böyük ədəbi fədakarlıq nümunəsidir. Eyni zamanda nümunələrin hamısı ilə olmasa da, müəyyən qismi ilə tanışlıq bizdə məmnunluq yaratdı, mətnlərdəki müəllif məsuliyyətini dəyərləndirməmək insafsızlıq olardı. Amma nədən imza rəngarəngliyi yoxdur, yaxşı tərcüməçilər, uşaq əsərləri müəllifləri nəşriyyatlara cəlb olunmur? Təəssüf ki, məsələyə qeyri-ciddi yanaşmanı ciddi tədris ocaqlarında da görürük. BDU-nun uşaq ədəbiyyatı dərsliyində müasir dövr uşaq ədəbiyyatı Gülzar İbrahimova, onun yaradıcılığı ilə xarakterizə olunur. Məgər çağdaş uşaq ədəbiyyatı bir nəfərinmi ümidinə qalıb? Mən bayaq bir çox müəlliflərin adlarını çəkdim. Məsələ onda deyil ki, onlardan bir qismi artıq həyatda yoxdur (M.Günər, X.Əlibəyli, A.Qəhrəman), bir qismi məsələn, İ.Tapdıq, Z.Xəlil kimi, ömrünün ahıllıq kürsüsündə əyləşib meydanı cavanlara həvalə edib. Qalan digər imzaların meydana qoyduğu mətnləri görməzdən gəlmək olarmı? Müasir uşaq ədəbiyyatının ümumi mənzərəsindən danışırıqsa bunu sistemli şəkildə həyata keçirməliyik. Problemə qalınca, bizdə peşəkar uşaq əsərləri yazan müəlliflər çoxdur, sadəcə nəşriyyatların bu əməkdaşlarla işləmə, onları əməkdaşlığa cəlb etmə çabası, həvəsi, niyyəti zəifdi. Profili sırf uşaq ədəbiyyatı olmayan “Tutu” nəşriyyatı, “Altun” nəşriyyatı (direktor Rafiq ismayılov), “Qanun” nəşriyyatı (direktor Şahbaz Xuduoğlu) işlərini ancaq tərcümə üzərində qurublar. “Qanun” nəşrlər evində əsasən, dünya ədəbiyyatı seriyasından müxtəlif əsərlər doğma dilimizə çevrilərək uşaqların anlayacağı qədər sadələşdirilərək çap olunur. Müxtəlif yaş səviyyələrinə uyğun sınaq kitabları, maarifləndirici kitablar, boya jurnalları nəfis tərtibatla təqdim olunur. Əlbəttə, bədii-estetik zövqün formalaşması üçün dünya uşaq ədəbiyyatından seçmələrin tərcüməsi, onun uşaq nəşrlərində çapı çox vacib və önəmli bir məsələdir. Eyni zamanda biz milli ədəbiyyat nümunələrimizi tərcümə edib digər xalqların dilinə çevirməliyik. Əcnəbi əsər mütaliə vərdişi yaratmaq, uşağın dünyagörüşünün genişlənməsi üçün vacib amildir, amma bu nağılların hər biri müəllifinin mənsub olduğu ölkənin genetik kodlarını, mifik şifrələrini daşıyır. Milli sabahımızın yad təsirlərə qapılmalardan qorumaq istəyiriksə, o zaman özümüzün yazdığı mətnlərə ehtiyac var.

“Hədəf” nəşrlər evində “İNCİ” uşaq ədəbiyyatı silsiləsindən məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar və hekayələr hazırlanaraq uşaqların istifadəsinə verilib. Burada xarici ölkə ədəbiyyatının nümunələrinin sadələşdirilmiş variantları nəşr olunsa da (məsələn, E.Seton-Tompson. “Heyvanlar haqqında hekayələr“, “Dünya xalqlarının nağılları” və s.), başlıca dəyərin daha çox həm də klassik əsərlərin (Qasım bəy Zakir. “Hekayələr və təmsillər”, Nizami Gəncəvi. “Xəmsə”sinə sadil olan bütün əsərləri”, S.Ə.Şirvaninin “Rəbiül-ətfal” dərsliyi əsasında hazırlanmış “Uşaqların Baharı”- nağıl kitabı), dastanların (“Tariximizi tanıyaq, tanıdaq”, “Dədə Qorqud”, “Bamsı Beyrək boyu”, “Oğuz elinin igidləri”) sadələşdirilərək balacalara təqdim olunma çabasında hiss elədik. Bu müqtədir addımı önəmsəyərək bircə məqama toxunmağı vacib bilirəm. Təəssüf ki, bu nəşrlərdə də klassika və dastan nümunələri heç də həmişə sadə və rəvan bir dildə təqdim olunmur, daha çox kiçik ixtisar təsiri bağışlayır, bu baxımdan, dastandakı ideyaların uşağa ötürülməsi prosesi baş tutmur, güclü təəssürat oyatmadığından onun estetik duyumuna təsirsiz ötüşür.

Bu gün problem yalnız uşaq ədəbiyyatı ilə bağlı məsələ deyil. Ortaya çıxan bir uğurlu əsər, maraqlı nağıl qəhrəmanı uğurlu bir cizgi filminin araya-ərsəyə gəlməsinə rəvac verir. Yaxşı cizgi filminin, uşaq kinosunun araya-ərsəyə gəlməsi üçün yaxşı ədəbiyyat faktı, material lazımdır. Yaxud yaxşı materialın ərsəyə gəlməsi işin yarısıdı, onun təbliğatına, daha geniş auditoriyaya yol açması üçün yaxşı rejissor işinə ehtiyac var, başqa ölkənin ədəbiyyatına nüfuz edirik, bəhrələniriksə, yaxşı dublyaj, peşəkar çəkiliş lazımdır. Həm də həssaslığımız. Başqa ölkə ədəbiyyatından kimi, hansı əsərə müraciətimizin, onu uşaqlara ötürməyimizin çox böyük əhəmiyyəti var. V.Hüqonun “Səfillər” kimi mürəkkəb süjetə malik şedevrinin əsasında cizgi filmi hazırlanıb. Peşəkar ssenari, canlı təsvir, uğurlu dublyaj prosesi... Məgər milli ədəbiyyatımızda bu cür cizgi filmlərinin çəkilməsinə material verən əsərlər yox dərəcəsindədirmi?! Axı bu o qədər də çətin məsələ deyil. Hər halda böyüklərə nisbətən, uşaqların qəlbini fəth etmək daha asandır. Bunun üçün ilk növbədə, uşaqlarla ünsiyyətdə olmaq lazımdır, onların dilini, qavrama səviyyələrini, maraq dairələrini öyrənmək, prixologiyalarına bələd olmaq gərəkdir. Bu günün uşağı on il əvvəlin uşağı deyil, heç beş il əvvəlin uşağı da deyil. Hər şey gözlərimız üçündə sürətlə dəyişir. Texnogen sivilizasiyanın pik həddində yaşayırıq. Bu gün uşaqlarımız gözünü açıb özünü kompüter, mobil telefon əhatəsində görür, onlarla çevrələnir, düşüncəsi, fəaliyyəti, maraqları bu istiqamətə yönəlmiş olur. İndi fantastik əsərlər sahəsində boşluqlar var. Halbuki, “bu gün uşaqlara fantastik ədəbiyyatın yaranması daha çox lazımdır. Texnika, internet əsrində, bütün əl çatmayan arzuların reallığa çevrildiyi bir əsrdə yaşayırıq və uşaqlar da bütün bu hadisələrin içərisində formalaşır, tərbiyələnir” (A.Qəhrəman). Bu mənada, “Sehrli dünya” jurnalında Gülzar İbrahimovanın zamanın nəbzini tutmağa çalışaraq daim kompüter aləminə səyahətdən bəhs edən mövzulara köklənməsi, Reyhan Yusifqızının “Yaşıl gözlü qız” kitabında kosmik fəza elementlərinə, kainatın sirrlərinə marağı önə çəkməsi çağdaşlıq baxımından təqdirəlayiq haldır.

Uşaq ədəbiyyatının təqdim və təbliğ olunması yönündə müəyyən reklam səciyyəsi daşıyan saytlar istisna olunmaqla, sırf elektron nəşr kimi bir neçəsinin fəaliyyətdə olduğunu görürük: balalar-az.com; bebe.az; sehrli dünya.com, e-eye.az və mercan.az saytları. Balalar-az.com saytı daha çox klassikaya müraciəti ilə diqqət çəkir. Belə ki, müxtəlif növ və janrlarda materialları ehtiva edən bu saytda klassik ədiblərimizin – C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, M.Ə.Sabirin və başqalarının, o cümlədən tapmaca, bayatı, nəğmələr janrında müxtəlif seçilmiş nümunələrin səliqəli tədqimatı ilə qarşılaşırıq. Təbii ki, bu klassiklər heç vaxt ölməyəcək gözəl nümunələr yaradıblar. Amma ədəbiyyat burada bitmir və XX əsrin əvvəllərində yaranmiş ədəbiyyatla XXI əsrin uşağını böyütmək, formalaşdırmaq mümkün deyil. Amma neyləməli, görünür, günün təcrübəsi yetərincə olmayanda irsə bağlılıq qaçılmaz olur. Həm də elə bununla günün təcrübəsinə çevrilir. Digər saytlar daha çox müasir və yeni yazılmış nümunələrin yerləşməsinə yer ayırır. Bu yöndə isə təbii ki, həmişə peşəkarlığı qorumaq mümkün olmasa da çağdaşlığın dövriyyədə olması baxımından müqtədir addım kimi dəyərləndirilməlidir.

Təkliflər:

1. İlk növbədə, bütün digər məsələlərdə olduğu kimi, uşaq ədəbiyatı nəşrləri mexanizminin tənzimlənməsi üçün dövlət nəzarəti olmalı, bu sahə ciddi yanaşmanın predmetinə çevrilməlidir.

2. Nəşriyyatlar idxal etdikləri məhsula kommersiya maraqları səviyyəsindən yox, gələcəyimiz üçün atılan müqtədir addımın bir nümunəsi kimi baxmalıdır. Bunun üçün: a) ciddi, peşəkar uşaq ədəbiyyatı nümunələri yaradanlarla əməkdaşlıq eləməli; b) uşaqlardakı obrazlı yaddaşın möhkəmlənməsinə xidmət edən rəssamlıq işlərinə önəm verməli, mətnlə rəsm işlərinin harmonik tamlığı bərpa olunmalıdır. V.Q.Belinski yazırdı ki, “Uşaq nəticələr, sübutlar və məntiqi ardıcıllıq tələb etmir. Onun üçün obrazlar, rənglər və səslər lazımdır”. Kitabdan alınan təəssürat nə qədər güclü, təsirli olursa, uşaq yaddaşında, poetik və estetik duyumunda, həyatı dərkində bir o qədər rol oynayır.

3. Ciddi ədəbi nümunələr daim təbliğ olunmalı, çevrilib başqa ölkələrə yayımlanmaqla bahəm, həm də alternativ olaraq uğurlu ssenari mətnlərində yaşamını, funksionallığını davam etdirməlidir. Uşaq dünyası, bu dünyanın rəngləri, onları doğru-dürüst insan kimi yetişməsini şərtləndirən amillər televiziya verilişlərinin ana xəttini təşkil etməli, xüsusilə dilin təmizliyinin, şirinliyinin qorunmasına prinsipiallıqla yanaşılmalıdır.

4. Televiziya ilə birgə əməkdaşlığa yol olmalıdır, maraqlı uşaq filmləri çəkilib təqdim olunmalıdır. Uşaqlarımız hələ də “Sehrli xalat”, “Bir qalanın sirri” və “Qaraca qız” filmlərindəki uşağı seyr edirlər. İnternet əsrinin bütün əlçatmazlığı dəf edən qabiliyyəti qarşısında “Sehrli xalat” öz gücünü itirməyibmi? Bəs yeni dövrün qəhrəmanı kimdir? Olsun, lap cırtdan da olsun, amma yeni əsr uşağını cəlb edəcək səviyyədə. Biz cırtdanı bü günün çağdaşlığına proyeksiyalasaq o, uşaqlar üçün yenə də maraqlı olacaq. Məsələ macərəların kasadlığında, süjetlərin bəsitliyindədir.

5. Yazılan mətnlərdə, çəkilən cizgi filmlərində mətnə milli, ideya baxımından sağlam düşüncənin hopmasına diqqət edilməlidir. Yalnız bu halda, yad təsirlərdən qoruna, əndişələrimizi yenə bilərik.

Zənnimcə, bu təklifləri realizə etmək o qədər də çətin deyil. Burada sadəcə, yaradıcı şəxslə bahəm dövlət marağının, sifarişinin tandemi olmalıdır. Bir də hər şeyin mayasında dayanan: işə can yanğısı, ədəbi və milli təəssübkeşliyimiz... Bir uğurlu uşaq layihəmiz, bir layiqli uşaq verilişimiz onların sabahına istiqamətlənən əhəmiyyətli addımdır. Addım atmaq isə heç vaxt gec sayılmaz...

“Ədəbiyyat qəzeti”

# 7623 dəfə oxunub

Müəllifin son yazıları

# # #