Kulis.az Əlif Cahangirin şeirlərini təqdim edir.
Zaman axınının buz kimi donmağını,
Nəfsimin iradəmə qalxıb yer verəcəyi günü gözləyirəm.
Od üstündə qaynamış isti suya bənzəyən şəhvətimi kimsəsiz bir otağa kilidləmək,
Qocalıb əldən düşmüş səbrimin məzarını qazmaq istəyirəm.
Uşaqlığımın əlindən tutub parklarda gəzintiyə aparmaq,
Özümü ruhuma uyğun tərbiyəylə böyütmək istəyirəm.
Kaprizlərimi,
Vitrindəki oyuncaqlardan ötrü ağlamağımı görmək,
Qazandakı ən böyük ətin, mənim olmasını istəyirəm.
Ondan ötrü ağlamaq,
Anamdan küsmək,
Stolda əyləşməmək,
Oğrun-oğrun kiminsə mənim küskünlüyümü, könlümü alacağın gözləyirəm.
Anamın hərdən gözaltı baxışlarını,
Boğazında ilişib qalan tikələri...
Udqunduğunu, hıçqırıqlarını eşitmək,
Uşaqlığımın kimə aid olduğunu bilmək istəyirəm.
* * *
Bir gün hər şeyimi qoyub otaqda
Qapını örtəcəm, çıxıb gedəcəm.
Cırıb pərdələri pəncərələrdən,
O ki var, ürəkdən gülüb gedəcəm.
Götürüb bir qutu siqaretimi
Bir dənə yandırıb çəkib gedəcəm.
Qapının ağzında zəncir boynuna
Asılmış iti də qoyub gedəcəm
Qoy hürsün arxamca
Küssün, incisin.
Lap alaqapını çırpıb gedəcəm.
Çırpacam nə ki var, gücüm-qüvvətim.
Çiynimə atdığım qara pencəyin
Tozunu çırpacam, geyib gedəcəm.
Bir cığır açacam həyat yolumda
Başımı götürüb lap uzaqlara
Gedəcəm insanlar olmayan yerə
Yalanlar, böhtanlar olmayan yerə
Yeni bir həyata köçüb gedəcəm.
Siləcəm keçmişdən mötərizələri
Yazacam bir insan həyat yolunu
Keçmişə bir nöqtə qoyub gedəcəm.
Mikayıl Müşviqə nəzirə
Yenə o dərs olaydı.
Yenə birinci sinif.
Tutaydım ya atamın
Ya anamın əlindən.
Gedəydim o məktəbə.
Uşaqlıq çağlarını
qaytaraydım geriyə.
Hər gün bir yeni hərf.
Hər gün bir yeni sima.
Danışaydıq, güləydik.
Uşaqlarla əl-ələ
Tutub evə gələydik.
Narın yağış yağaydı.
İslanardıq yağışın
damlaları altında.
İlin ən gözəl fəsli
Yazın oğlan çağında.
Arzuya bax, İlahi!
Həyat qısa, ömür az.
Zaman bizi gözləmir.
İnsanlar böyüdükcə
Uşaqlaşmaq istəyir.
Yenə o dərs olaydı,
Yenə o soyuq otaq.
Qəlbimizdə bir həvəs.
Saatlar getmir əbəs.
Baxışlar daha məsum.
Ruhumuz daha incə.
Hər uşaq ayrılıqda
Təzə açmış bir qönçə.
Arzular daha təmiz,
İstəklər daha safdı.
Bu yaz, bir başqa yazdı.
Ata ana qayğısı
məktəbdə daha azdı.
Darıxaydım evimizin
İsti havası üçün.
Anamın bişirdiyi
yarpaq dolması üçün.
Yenə o zəng çalaydı.
On bir illik bu yolun
sonunda zəngin səsi
Qəlbimizi yaraydı.
Gözlərimiz həsrətlə
Otaqlara baxaydı.
Partaların üstündən
üstəgəllər pozular,
Yeni adlar gələydi.
Hər nəyimiz vardısa,
Birincilər alaydı.
Qısqanardıq bir anlıq.
Barışardıq o anda.
Çünki bu bir reallıq.
Yenə müəllimələr
Kövrəlib sızlayaydı.
Qapıda boynubükük
Əlində süpürgəsi.
Xala da ağlayaydı.
Süpürgəni yamanca
bərk-bərk qucaqlayaydı.
Yenə o dərs olaydı.
Yenə sevdiyim o qız.
Hər gün gördüyüm o qız.
11 ildə bir dəfə
Əlindən tutmadığım.
Qəlbimi açmadığım.
Səsi belə gələndə
Qızarıb utandığım.
Heç olmasa bir onun
Üzünü görmək üçün,
Yenə o dərs olaydı.
* * *
İnsan yaranandan bəri hey,
dava dalaşdı,
yenə vaxt ötdü,
zaman keçdi,
bu işlər də baxırsan ki, elə
həddini aşdı.
İnanırsan, güvənirsən,
elə hey, çox düşünürsən
və görürsən ki,
ürəkdən ona qardaş dediyin,
çox inanıb qəlbinə
sirdaş dediyin,
üzünə olur ağ,
Bu işin bir tərəfi,
indi də gəl bir balaca
qurdalayaq hər tərəfi.
Qazanıb şöhrəti, amma
itiriblər şərəfi.
Kimə lazımdı
bu gün vicdanı-əxlaq?!
Günü-gündən cəmiyyətdə
çoxalır nakişi yaltaq ki,
gedirsən bazara,
satıcı dəyər-dəyməzinə
nisyə verir yağ,
biri bozbaş, biri quymaq
yeyir, amma bu adam
bilməyir doymaq.
boyu hündür, özü alçaq.
Danışım mən sizə indi
ölüsün basdıranından,
dirisin tutduranından,
anasın satdıranından,
çatıb həşdat yaşına
Banqladeşdə üzünü
dartdıranından,
yalanın çatdıranınnan,
kişi cinsinnən olub
gündə qaşın aldıranından,
nə bilim day belə
məclis aparıb,
sora da beş, üç qoparandan, gətirəndən, aparandan,
bir işə girmək üçün ,
üzünə 50 min oxuyandan ki,
sora da torbasını
tikmədən öncə toxuyannan.
A qədeş... incimə mənnən,
hələ mən danışmıram
milləti yıxmış,
günü-günnən bahalaşmış,
zaman ötdükcə yoluxmuş,
QURANın da qadağa
qoyduğu bir andıra qalmış
bu sələmnən
yaxa qurtarmaq üçün
neyləyəsən bəs?!
Girəsən banklara bir-bir,
açasan qunbaranı,
partladasan pulxananı.
Görüb örnək gətirirlər
bizə Avropanı,
Vallah xalam oğlu,
nə deyim mən..?
Belə dövran yaranıbdır
ta əzəldən,
yaşadıqca görüb izhar
elədim fikri qəzəldən,
Atalar yaxşı deyibdir,
küsər hər bir kəs
özü umduğu yerdən.
Balalar siz qoruyun,
qoymayın insanlığınız,
vicdanınız getməsin əldən!!!