Kulis.az Əli Çağlanın güneyli yazar Məhəmməd Çalğın ilə müsahibəsini təqdim edir.
- Son günlərdə özünüzü necə hiss edirsiniz?
- Desəm yaxşıyam, eşidin, inanmayın! Amma yaxşı olmağa çalışıram. Halbuki, şərqdə yaxşı olmaq ağıla sığmayan bir söhbətdir. (Dodağına təbəssüm qonur.)
- Bu günlər yeni bir kitabınızı çap etməyi düşünürsünüzmü?
- “Otaq 37” adlı şeir kitabım Bosniyada çap olundu, indi isə bir başqa şeir kitabımı işləyirəm. Yaxın zamanda da hər ikisini Azərbaycanda çap etdirməyi düşünürəm.
- Ədəbiyyat cəmiyyətə hansı xeyirləri verməlidir?
- Biz ədəbiyyatdan iqtisadiyyat gözləməməliyik. Ədəbiyyatın cəmiyyətə verdiyi xeyirlər iqtisadiyyatdan qat-qat üstün ola bilər. Ədəbiyyat özünü hər an "update" edə bilsə, müasir insanlar ilə birlikdə hərəkətə səbəb ola bilsə, o zaman ədəbiyyat humanitar elmlərin bütün budaqlarına öz təsirini buraxa bilər və biz gəlişmiş bir millət ilə üzbəüz ola bilərik, onda ədəbiyyatın cəmiyyətə verdiyi xeyirlər hər kəsə aşkar edilər.
- Daha açığı, ədəbiyyatımıza vurulan zərbələrin çox ağır olduğunu deməliyəm. Sizcə bu zərbələri ədəbiyyatımızın tarixçəsindən silmək üçün ilk növbədə nə etməliyik?
- Biz ədəbiyyatı ilk öncə ədəbiyyat mafiyalarının əlindən qurtarmalıyıq. Çünki həqiqətən qara millət ədəbiyyatın hansı durumda olduğunu bilmir və bu istedadsız və savadsız ədəbiyyat monopoliyaları öz şəxsi mənafelərini və saxta məqamlarını qorumaq üçün ədəbiyyatın gəlişməsinə mane olurlar. İkincisi isə, biz yeni müxatiblər istehsal edib yaratmalıyıq.
- Haradasa “Şeir kimdir?” adlı kitabı yazdığınızı, o kitabda yeni metodların olduğunu dediyinizi eşitmişdim. Sadəcə kitabın adı qədər informasiyamız vardır. Kitab haqda daha geniş danışa bilərsinizmi?
- Bəli. O kitab, çox məhdud halda Türkiyədə çap olundu. Sonra belə qərara gəldim ki, o kitabı diskussiya halında bir kitab kimi yuxarı tirajda, Azərbaycanda çapa yetirək. Təəssüf edirəm ki, hələlik o kitabdan yola çıxıb, qarşımda oturub mənim ilə diskussiya yarada bilən ədəbiyyatçını tapa bilməmişəm. Bütün ədəbiyyatçılar və fəlsəfəçilər tarix boyu “Şeir nədir?” deyiblər. Min illərdir şeir haqqında minlərlə nəzəriyyələr verilib; biz ilk olaraq “Şeir kimdir?” metodunu ərsəyə gətirdik. Bütün klassik ədəbiyyatı oxuduğunuzda, hər dünya şöhrətli bir şairin iki-üç ədəd onu dünya səviyyəsində tanıtdıran şeirinə baxanda görürsünüz ki, o iki-üç şeirdə həqiqətən “Şeir kimdir?” və digər şeirlərdə “Şeir nədir?” ilə üzbəüz olursunuz. Nəsiminin “Sığmazam” adlı şeirində danışan mərkəzi-motiv insandır. Mövlanənin “Ney” adlı şeirində, danışan mərkəzi-motiv canlı neydir. Silviya Platın “Ayna” şeirində danışan mərkəzi-motiv canlı aynadır və bir çox önəmli şairlərdən örnək gətirmək olar ki, orda şeirin kim olduğunu oxucu özü açıq-aydın görə bilir.
- Bu metodlar şeirdən əlavə nəsrdə də paralel mövzuda dayanır, yoxsa müqayisəlidir?
- Bu günün ağ şeirində olan texnikalar tamamilə nəsrdə də istifadə olunur. Örnək üçün; Bertolt Brextin 1960-cı illərdə teatrda yaratdığı fasilə texnikası necə bir şeiri nicat verə bilirsə, bir o qədər də nəsri nicat verə bilər və memarlıq incəsənətində olan installation texnikası şeiri nə qədər şirinlədirsə, nəsri də o qədər şirinlədə bilər və ya sinemada olan ekspressionizm texnikası şeirin bir, ya iki epizodunu necə işıqlandırırsa, nəsrə də həmin təsiri buraxa bilər. Beləliklə, demək olar ki, ədəbiyyat 20 faiz ədəbiyyatın qulluğundadır, 80 faizi isə bütün humanitar elmlərin qulluğundadır.
- Sizin şeir yazdığınızı, illərdir şeir ilə məşğul olduğunuzu bilirik. Roman, ya hekayə necə, yazmaq istərdinizmi?
- Mən çox qorxaq və ehtiyatlı bir insanam! Ona görə suyu da piləyə-piləyə içirəm. Mənim beynimdə nə demək önəmli deyil, necə demək çox önəmlidir, çünki heç kimin yeni sözü yoxdur. Əgər yeni bir forma kəşf edə bilsəm, 100 faiz roman yazmağa başlayaram. Bəlkə də, bu işi görəcəyəm. Mən hər nədən çox roman oxumaqdan ləzzət alıram. Şeirlərimdə olan fərqli iş və özünəməxsus formaları romana borcluyam. Əgər hekayə, ya roman yazmamışamsa, kimsəni təqlid etmək və yamsılamaq istəməmişəm, hər hansı bir yazı orijinal dil və orijinal struktura malik ola bilməsə, o yazı əsər adlana bilməz. O yazı həm ədəbiyyata böyük bir xəyanət sayılır, həm də toplumun şüurunu təhqir edir.
- Klassik ədəbiyyatda saray şairlərinin yazdığı əsərlərin çoxu improvizatorluq ilə yaranıbdır. İndi də əsər elədir, yoxsa ilk öncədən planı tökülmüş elmə, təfəkkürə malikdir?
- Ədəbiyyat tarix boyu şahanə məhsul olubdur, bu danılmazdır və ədəbiyyatçıların əksəriyyəti saray şairi, ya da saray yazarı olubdur. Amma tarix boyu Nəsimi kimi istisna ədəbiyyatçılar da olubdur, əgər bütün saray şairləri şeir yazıbdırsa, Nəsimi həqiqətən şər yazıbdır. Elə bir şər yazıb ki, bir çox xeyirlərə səbəb olubdur. Şər olmasa, həyatda xeyir yarana bilməz. Yağış, qar, tufan, isti, soyuq, bunlar təbiətin şərləridir, bu şərlər, insanın özünə ev adında bir xeyir yaratmağına səbəb olubdur. Ədəbiyyatdan söhbət gedəndə əksəriyyətin gözünün önündə İmadəddin Nəsimi, Fyodor Dostoyevski, Frans Kafka və barmaq sayı qədər olan belə ədəbi şəxsiyyətlər canlanır, nə olsun ki, milyonla roman, ya şeir kitabları dünyada nəşr edilir.
- Son illərdə “Mən qadınların tərəfindəyəm” adlı şeir kitabınız Türkiyə ilə Azərbaycanda çap olundu, biz bunun geniş halda oxucu auditoriyası qazandığının şahidi olduq. Amma əsas məsələ kitabın çapından sonra yarandı, kitabı daha populyar halda qarşılayıb oxuyan müxatiblərin çoxu da feminist düşüncəyə malik adamlar idi. Siz qadınların tərəfində olaraq, qadın ədəbiyyatçıları necə görürsünüz?
- “Mən qadınların tərəfindəyəm” adlı şeir kitabım həm çox uğurlu kitab idi, həm də çox uğursuz! Uğurlu səbəbi bu idi ki, biz qadınlara inanmışdıq və inanmışdıq ki, yer kürəsini qadınlar sakitləşdirə biləcəkdir. Uğursuz tərəfi belə oldu ki, o kitabın səs saldığı an İranda qadınların etiraz etdikləri günlərlə üst-üstə düşdü və mən həftələrlə sorğu-sual altında qaldım və bir il boyu öz evimdə dustaq olaraq bütün media vasitələrindən yasaqlandım. Son yüz ildə dünya ədəbiyyatını seyr edəndə bir həqiqət ilə qarşılaşırıq: o həqiqət də budur ki, qadınlar istər şeirdə və istər romanda ədəbiyyat dünyasına malik olubdurlar və bu qadınların son yüz ildə əsarətdən qurtarmasını göstərərək güclü düşüncələrini də dünyaya sübut edir.
- Həmin qadınlardan örnək gətirə bilərsinizmi?
- Bəli. İranda Füruğ Fərruxzad, Polşada Vislava Şimborska, Olqa Tokarçuk, Amerikada Silviya Plat, Luiza Qlük, Macarıstanda Aqota Kristof kimi ədəbiyyatçılar olubdur. Örnək olaraq; Şimborska şeirə çox fərqli baxışdan baxaraq şeirin bu saxtakar şeir monopoliyalarının əlində giriftar olduğunu sübuta yetiribdir.
- Söhbətimizi qurtarmadan öncə bilmək istəyərdim ki, özünüzü “Məhəmməd Çalğın” imzası ilə hansı səviyyədə gördüyünüzü, gələcəkdə harada olduğunuzu düşünürsünüz?
- Çox talesiz bir məkanda və zamanda doğulduğuma inanıram. Gələcəyə də inanıram. Mənim harada olduğumu gələcək özü tərəziyə qoyub meyarlandıracaqdır. Amma Azərbaycan ağ şeirində həmişə orijinal bir formaya malik olmağa çalışmışam. Şeirdə çox fərqli bir yolların olduğuna inanıram, o yola çata bilməsəm də, o yolun olduğuna əminəm və özümü o yola çatdırmaq üçün həddən artıq çalışıram. Bu gün dünyada şeirin öldüyü və ya ölümə yaxınlaşdığını bir çoxları qeyd edir. Halbuki şairlərdə hərəkət yoxdur, hamı ya keçmişi, ya da bir-birilərini yamsılayırlar. Şeirdə bir yeni qapı var; o qapı açılarsa yenə şeir öz səltənətinə davam edə biləcəkdir. Mən o qapının və o yolun olduğuna inanıram. Çata bilməsəm də, o qapının bir gün açılacağını düşünürəm.
- Vaxt ayırıb müsahibəyə qatıldığınız üçün sizdən təşəkkür edirəm.
- Mən də sizə və Kulis.az saytında çalışan həmkarlarınıza minnətdarlığımı bildirirəm.
Məhəmməd Çalğının “Otaq 37” adlı şeirini əziz oxucularımıza təqdim edirik:
OTAQ 37
- Dön divara...
- Adın nədir?
- Anam adımı Məhəmməd qoymuşdu peyğəmbər olam, maləsəf, şair oldum, alicənab.
- Çalğın nə deməkdir?
- Gecələr uzaqlardan yer kürəsinə göz vuran ulduzdur Çalğın.
Gündüzlər günəşi əridən buzdur Çalğın
Çalğın qu quşu deməkdir, dənizin ortasında ölümə meydan oxuyur axşamüstü.
Çalğın aşiqdir, alicənab, aşiq deməkdir.
17 yaşımda məhəlləmizde Ruqiyyə adında bir qıza vuruldum,
Saçları qaranlığı reklam edirdi günün günorta çağı.
Gözləri bir cüt şəvə muncuq, kəsərdən salırdı bədnəzərləri,
Əlləri, əllərində xəyanət virusu var idi zalım qızının.
Yapışıb dayısı oğluna Tehrana yayıldı
Heç üstünü vurmadım.
Ardınca su səpdim xoşbəxt olsun...
Yetər bu qədər, yetər.
Ooooooof...
Qadının suç olduğunu
Unutmuşdum, bağışlayarsan, alicənab.
- Səlim Babullaoğlu kimdir?
- Səlim müqəddəsdir, alicənab, Səlim pirdir,
İnsan kimi insandır, şair kimi şairdir.
- Xəyal Rza, İntiqam Yaşar, bunlar kimdir?
- Biri qardaşımdır, alicənab, biri sırdaşım.
- Qənirə Paşayevə ilə nə əlaqən var?
- Qənirə?...
Oturubsan Milli Məclisin göy səndəlində əlində siyasət qələmi
Və mən anamın dizlərinə söykənmişəm evdə, əlimdə şeir qələmi.
Bu iki qələmi barışdırmaq üçün
Hansı məhkəmənin qarşısında and içməliyəm?
Keçən il özümü qoruyurdum pandemiya adında şeirdən
Bu il özümü yaxalamışam ki, şeir kimdir?
Gəl!
Səni siyasət adında deyingən qocaltmadan
Və məni, şeir bundan artıq ucaltmadan gəl.
Bizim bu qədər yazıq olduğumuzu sənə kim söyləyibdir?
Atam da siyasətçi deyildir
Amma Angela Merkelə vurulmuşdu.
Bunu, hər axşamçağı televiziyada siyasət xəbərlərini izləməsindən düşünürdüm.
Yumşaq olduğuma əl aparıbsan, bilirəm.
Mənim su olduğuma and iç, qorxma,
Əynindəki paltarların içi dolu balıqdır.
Uçuşlarını Səlcuq Bayraqdara göndər,
Görsün...
Elə uçuşlar da var ki,
Uçanları yenidən tikir...
Təşərliyindən astanada durub üstümə gərnəşmə, möhtəşəm senator,
Mən, qanadlarını torpağa sərmiş bir quşam.
Qapını ört lütfən
Üşüyürəm
Qəni...
- Kəs səsini axmaq adam, sən bir feministsən.
- Xeyr, deyiləm.
Mən qadınların tərəfindəyəm.
Qadınların gözlərindəki aynalar danışanda
Bütün kəlmələr susur.
Eşqin məhzərində kim danışa bilər? Kim?
- Bağlayın bunun gözlərini.
Şaraq, şaq-şaq,
Taraq, taq-taq
- Yaşasın qadınlar.
Ta-ta-taq, taraq.
Yaşasın qadın...
Qadın...
Qad...
Qa...
Qa...
Qaaaa...