Kulis.az “Hekayə müzakirəsi” layihəsində Sərdar Aminin “Pah” hekayəsi haqqında yazarların fikirlərini təqdim edim.
Rasim Qaraca
"Pah" Sərdardan oxuduğum ilk bədii mətn olduğu üçün, təkcə bu hekayəyə əsasən onun yazıçı kimi yaxşı potensialı olduğunu deyə bilərəm. Bu cür narrativə bizim ədəbiyyatda nadir rast gəlinir. Heç kimsənin görə bilmədiyini görə bilir. Məncə, bu əsasdır. Poetikası daha narındır. Əminəm ki, onu başa düşməyəcəklər.
Düzdür, bu hekayə doyurucu deyil, "göbəyə yığılan pambıq" kimi elementlər bol olmalıydı məncə, amma əksini görürük, yazıçı öz tapıntısına həddindən çox aludə olub, hiss olunur ki, bu mirvarilərdən onda çox deyil, lakin bir azacıq zəhmətlə bu əksiklik aradan qaldırıla bilərdi. Yaxşı redaktor yardımıyla Sərdar çox yaxşı şeylər yaza bilər. Əlavə edim ki, dili qüsurludur, çox steril təsiri bağışlayır, sanki tərcümə əsəri oxuyursan. Zahiri parıltıya, qlamura meylli olduğu hiss olunur, bundan qaçmalıdır.
Şərif Ağayar
Gəlin, nəzəri söhbətləri şünaslara saxlayaq, mənsə Sərdar haqda heç kimin demədiyi sözü deyim. Onunla iş yoldaşı olmuşam. Yadda saxlayın, gündəlik iş rejimində işləyən iki qələm adamı qədər heç kim biri-birinin gücünü bilməz. Bəzən normativ xirtdəyinə dirənir və sən möcüzə göstərib onun üstündən tullanmalı olursan. Bu məqamda ağ saçla qara saç bəlli olur. Sərdar bu möcüzəni göstərə bilir. Çünki mətnin nəğməsini eşidir. Kar adamlar o saat “Pah!” deyəcəklər. Desinlər. Sərdarın xanım qəhrəmanı da belə deyir. Hətta bu sözü hekayəsinə başlıq da verib. Çünki vecinə deyil deyilənlər. Mən də beləyəm. Kar adamlarla söhbətim tutmur. Mənə görə, mətni eşitmək ədəbiyyatın Hira mağarasına çıxmaqdır. Əsas eşitməkdir, qalanı düzələcək. Eşidə bilirsənsə, bütün günü göbəyinin Mariana çökəkliyində eşələnsən də, səsin daima ucalardan gələcək.
Aqşin Yenisey
Bu, bir az eksperimental hekayədir. Sanki, pritça ilə hekayənin sintezidir. Əvvəli və sonu olmayan əsərlərdən hesab etmək olar. Bu cür əsərlərin məqsədi ovqatı ifadə etmək olduğundan onları oxuyanda gərək oxucu da öz oxu vərdişlərindən imtina etsin. Yoxsa mətnlə ünsiyyətə girə bilməyəcək.
Bu yaxınlarda Nicat Məmmədovun da belə bir mətnini oxudum. Nicatın yazdığında nəinki bütün mətn, hətta ayrı-ayrı cümlələr belə ayrı-ayrı ovqatı ifadə edirdi. Bu cür mətnlər adətən müəllifin iradəsinin şüurun ərköyünlüyünə tabe olduğu anlarda yaranır. Şüur iradəni üstələyəndə müəllif "ölür". Sərdarın bu hekayəsi də "ölü" müəllifin hekayəsidir. Şüur özbaşınalığıdır.
Samirə Əşrəf
Bu yaxınlarda Kulis.az-ın “ilin hekayəsi” müsabiqəsinə gələn bir neçə hekayə oxudum. İdeya, süjet yaxşı olsa da, müəlliflərdə məhz yazıçı nəfəsinin çatışmadığını dərhal hiss etdim. Bir hekayəyə başlamaq nə qədər çətin olsa da, onu bitirmək bir o qədər çətindir. Sərdar Amin məhz mətnə başlamasını da, bitirməsini də çox yaxşı bilən yazıçıdır. Onun hekayələrində oturuşmuş, yerini tutmuş, təmkinli nasir nəfəsi var. Üstəlik Sərdar Amin bu nəfəsi ciddi cəhdlə qoruyub saxlamağı, qədərində işlətməyi, hesablamağı bacara bilən tək-tük qələm adamlarındandır. “Pah” hekayəsində süjet nə qədər sadə, əhvalat məişət müstəvisində olsa da, hekayənin alt qatında qəhrəmanın şəxsi istəkləri, həvəsi və arzuları boy verir. Pambıq topasına aid etdiklərinə müəllif həm də otuz beşi yeni tamam olmuş qəhrəmanın ömrünün təsvirini təqdim edir.
“Dostun sitəmlisi, dağ boyda dalğaların yosun qoxan yamacı, hələ də gülləri sevən yeganə məməli – qadın, piratların torpaq sevgisi, kitabxanadan çıxan cütlüklər, yasəmən mövsümü, döyülmüş qıza oxşayan Bakı səhərləri, bu günə qədər gördüyünüz ən təsirli səhnə, Pamukun “Bəyaz qala”sı, hürməyə bəhanə tapan canavarlar, yəni itlər, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət və ağlınıza gəlməyən bütün ikinci növ təyini söz birləşmələri”.
Xüsusilə bu təsvirin içərisində şair dostumuz Alikin şeirlərinə bənzəyən bu cümlə – “döyülmüş qıza oxşayan Bakı səhərləri” necə də amansız, kövrək və kədərlidir. Əminəm ki, Sərdar hər səhər əlində yenicə közlədiyi siqaretlə eyvandan “döyülmüş qızı” izləyəndə, həssas müşahidələri ilə içinə gələcəkdə yazacağı hekayələrin, romanların damcılarını da tökür. “Pah” hekayəsi həm də ötən illərə, xəstəliklərə, viruslara, gələnlərə gedənlərə, xüsusilə bir yazıçı ömründən sızıltı ilə, üzə bozara-bozara keçən 2022-ci ilə ciddi ironiyadır. Hə, bir də qadınlara...
İlham Əziz
Sərdarın nəsri ölkənin bütün nasirlərinin mətnindən seçilir. Onun estetikasının soyuq, rəngsiz bir o qədər də ağır havası var. Bu hekayə də struktur, estetika baxımından əcibdir. Hekayəni oxuyanda nəsə ağır hadisə baş verəcəyinə köklənirsən, amma heç nə baş vermir.
Yazıçı həyatın özünün adi gedişatında depressiv axını yarada bilir. Bizi o axına salır, sona qədər tərk etməyə qoymur. Faniliyin ən dərindəki kədəri “göbək çuxurunda” təsvir etmək, anlatmaq ustalıq əlamətidir. Bu mətn adam batandan sonra göldəki sakitlik kimi kədərlidir. Yazıçının özünə verdiyi əzab, bu əzabdan aldığı impuls mətnin ağuşunda zər dənəcikləri kimi bərq vurur.
Sərdarı oxumaq məni xoşbəxt edir.
Mirmehdi Ağaoğlu
Göbək pambığı məsələsi mənim yadıma Sərdarın yaxın dostu, mənim də əzizim mərhum İkinci Mahmudu saldı. Deyəsən, onun nə vaxtsa göbək pambığı ilə bağlı bir statusunu oxumuşdum. Həyatımızda ilk baxışda əhəmiyyətsiz kimi görünən elə xırda detallar var ki, adətən onlar barədə heç kəsə danışmarıq və buna görə də bizdə elə təəssürat yaranar ki, həmən iş bu dünyada təkcə bizim başımıza gəlir, başqa adamlarda olmur, amma danışanda, indiki məqamda yazanda görürsən hamının başına gələn məsələ imiş...
Dırmıq kimi həyatımızdan ancaq sərt daşları, kəsəkləri yığıb nəsrə gətirməyə adət etdiyimizdən göbək pambığı kimi bu “yumşaq”, “dırmıq”a ilişməyən, ilk baxışda əhəmiyyətsiz məsələlərin hekayədə işlənməsi gözəldir. Sərdarın hekayəsində bu cür dırmıqlanıb nəsrə gələn həyati, diləgətirilməz başqa cəsarətli detallar da var. Yəni hekayə üçün mövzu çox da uzaqda deyil, gündəlik həyatımızda, evimizdə, adi yaşantımızda gizlənib. Sadəcə yazmaq üçün bir az cəsarət lazımdır. İlk baxışda soyuq, adi, “hadisəsiz” görünən bu hekayə əslində daha çox bu xüsusiyyəti ilə mənim xoşuma gəldi. Oxuyursan və xeyli müddət ovqatı səni tərk etmir.
Cavid Ramazanov
Elə bil müəllif bekar olub, deyib, oturum bir yazı guppuldadım. Özünə xüsusi əziyyət verməyib, bir-iki əndrabadi təsvir, vəssalam, mətn hazırdır!
"Divana yayxanıb göbəyimə yığılan pambığı barmağımın ucuyla yumruladım". Elə bu cümlə kimi mətn alınıb. Hələ bir bunu oturub müzakirə etməyimizi istəyirsiz. Əgər varsa, allah, Azərbaycan ədəbiyyatına kömək olsun. Deyəcək, başqa söz yoxdur.
Orxan Həsəni
Əvvəla onu deyim ki, Sərdar Aminin hekayəsi mənə 2023-cu il haqqında olduqca ülvi hislər bağışladı. Bu hekayə 2023-cü ilə inam aşıladı, onun yaxasından tutub silkələdi və çiyninə yağan qar yığını yerə tökdü. İlin ilk nəfəsini "Pah" hekayəsi ilə duydum.
Bu hekayədə hər şeyin gözəl olması, müharibələrin bitməsi, uşaqların ölməməsi, yumurtaların ideal qaynama vaxtının tapılması, adamların işə vaxtında çatması, manatlıq taksilərin orta oturacağının yoxa çıxması, heç kimi orta oturacaqda oturmağa məcbur qalmaması, metro vaqonlarının qapılarının tezliklə qapanmaması, qatarla səyahətlərin sayının çoxalması, sərhədlərin açılması, küçə itlərinin uşaqlara gülümsəməsi, Skandinav filmlərindən "ölüm", Emil Quliyevdən "qadın xəyanəti" mövzusunun bitməsi, Marsda İsa bulağının tapılması və s. kimi idealist arzuların işığı yanıb-söndü. Mənə bir zamanlar çox sevdiyim Edqar Keretin hekayələrini xatırladan "Pah"ın dərininə yendikcə şeir estetikasını asanca duymaq olur. "Pah" Azərbaycan nəsri üçün ənənəvi deyil.
Hekayə olduqca poetikdi. Sərdar yuxulu həyatın tüklü sinəsinə dağılan möhtəşəm detalları nəqqaş ustalığıyla tutur, ədəbi materialın tərkib hissəsinə çevrir. Bu hekayəyə ancaq sevinirəm. "Ancaq bu ağrı o qədər qardaşdı ki, otuz beş yaşımda onu hələ də hiss eləməyim pisimə gəldi". Kiçik detallardan, adi duyğulardan, ədəbiyyatdan zövq alan ürəklər üçün bu hekayə çox doludur.