Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Orxan Saffarinin “Əjdər” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Aqşin Yenisey
Bu hekayə mənə rus yazıçısı Sergey Dovlatovun və alman yazıçısı Henrix Böllün qısa hekayələrini xatırlatdı. Cümlələrdən daha çox fraqmentlərlə yazılan, dilin deyil, nitqin imkanlarından gen-bol yararlananan hekayələri. Deyim ki, Azərbaycan nəsrdə bu tip hekayə elə də çox deyil. Hekayədə hadisənin bütününü, xronologiyasını deyil, ayrı-ayrı detallarını, fraqmentlərini yazmaq, amma fikri, təsviri bütöv çatdırmaq ciddi təcrübə və istedad tələb edir. Bu hekayədən görünən odur ki, müəllifdə o istedad var, təcrübə isə zamanla qazanılan bir şeydir. Tələm-tələsik qazanılan təcrübə tez unudulur.
Şəhriyar Del Gerani
“Hekayə nəsrin ən çətin formasıdır desək, yanılmarıq. Özüm düz-əməlli bir hekayə yaza bilməsəm də, yaxşı hekayələri tanıya bilirəm. Yəni özümü peşəkar oxucu hesab edirəm. Odur ki, peşəkar bir oxucu kimi deyək: Orxan nəsrin ən çətin forması olan hekayənin öhdəsindən asanlıqla gələ bilir. Düzü, bilmirəm bu gənc yaşda harda öyrənib belə incəlikləri, bədii priyomları, gedişləri. Əlbəttə, istedad bir çox çətin məsələləri həll edir. Hekayədə hədəflər bəllidir, problem var və hədəflər dəqiq nişan alınıb, problem taleyin ixtiyarına buraxılıb. Müharibənin fəsadları haqqında bundan daha dəqiq nə yazmaq olar ki? Çağdaş danışıq dilinə qarışıq sadə və anlaşıqlı təhkiyə hekayənin ən uğurlu tərəfidir. Daha ətraflı kitabını oxuyandan sonra yazacam. Orxanı təbrik edir, yeni-yeni mətnlər gözləyirəm. Eşqlər!”
Cavanşir Yusifli
Orxanın “Əjdər” hekayəsi oxunaqlıdır, “mənzərələrin” obyektivə alınması “yaxından və uzaqdan” prinsipinə əsaslanır. Kiçik hekayə mətni olayla zəngindir. Bu hadisələr sanki qarşımızda, böyür-başımızda cərəyan edir və birdən hər şey təsəvvürümüzün son məqamına qədər uzaqlaşır, təsəvvür az qala pozulur, yəni, bəzi cəhətlər, sadəcə, boşluq yaradır.
Bəzi mətnaltı işarələr (işartılar – oğrunun əllərindən olması) hekayənin müxtəlif məqamlarında assosiativ keçidlər yaradır, Həmin məqamlarda müəllifin metaforik ifadələri yan-yana düzməsi də yerindədir, acı zarafatlar dərd və kədərlə yaşamağa könül vermək anlamına gəlir. Bu baxımdan hekayənin təkrar işlənməsi, mühüm detalların mətnə daxil edilməsi faydalı ola bilər. Bu isə müəllifin seçiminə aid bir məsələdir. Əsas qüsur nədir? Və bu təkcə “Əjdər”ə yox, hekayələrimizin əksərinə aid edilə bilər.
Fikrimizcə, hekayədə hadisələr yox, onların perspektivi təsvir edilməlidir. “Əjdər”də bu perspektiv zəifdir. Perspektiv (assosiativ keçidlərdə-!) yaranan kimi müəllif tələsir, sözü deyib qaçır. Oxuda bir şeyi də hiss etdim: hekayəçi hər an sanki fürsət gəzib mətnə şeir misraları daxil etmək istəyir, amma bacarmır. Halbuki buna məncə, ehtiyac da yoxdu.
Maral Yaqubova
“Əjdər” hekayəsinin Əjdəri də, onun keçmişdə “paddelnik”i, bugünkü “əli ayağı olmağa can atan dostu” (hekayənin təhkiyəçisi) da submədəni qrupu təmsil edir. Sosioloji, antropoloji, kultoroloji nəsnələri və detalları, dəyərlər sistemi, davranış tipləri, jarqonları, xüsusilə kriminial vərdişləri və illeqal nitq “aksesuarları” ilə birlikdə. Təhkiyəçi bir şəkildə və birdən-birə (mətn bu barədə susmağı tərcih edir, əslində nə baş verdiyini mətn ya deməlidir, ya da təsvir etməyimizə imkan yaratmalıdır) submədəni zonasını, onun atributlarından imtina etməklə tərk edir, şıltaqlıq kimi görməyimizi istədiyi oğurluq təcrübəsini bitirir, biraz keçir, anlayırıq ki, əslində geridə qoyduğu nə varsa hamısını nostalji duyğularla “iydə ağacının qoxusun”da qoruyur. Əjdər isə qaldığı “dünya”nın “zirvələrini fəth edir”, kriminal və illeqal vərdişlərini daha da dərinləşdirir. Və müharibə bu iki dostu yenidən birləşdirir: mədəni “niqodnu” ilə submədəni “qəhrəman”ın qarşı-qarşıya gəldiyi karikatura tablosu yaranır.
Qonşusu Vətənin telefonunu “fırladan”ın, Mərziyyə nənənin “oğrusu” nun haqqının halal edildiyi, mədəni “nıqodnu”ların fonunda dəyər qazandığı yeni bir psixo-sosial və travmatik ortam formalaşır. Bu ortamda torpağın 20 faizi ilə bədənin 80 faizi bir-birilə müqayisə edilə bilir, Əjdərin atası oğlunun şəhid olmasını arzulayır. Və Əjdərin dostu bu ortamda ona əl-ayaq olmağa can atır, çarəsizliyinə çarə axtarır, özünü günahkar hiss edir. Gülüşün gülləyə, zarafatın qəlpəyə döndüyü travmatik gərginlikdə çox fərqli qərarlar verir, dostuna yeni bir dünya yaratmaq, ən azı vəd etməklə deyil, onun keçmişdəki “əl-ayağı olmaq”la, yada düşməyən damarını yadına salmaqla köməklik etməyə can atır. Anlaşılandır, müharibənin psixoloji “kontuziyası” insan iradəsini dəlib keçir, düşüncə geri planda qalır, insan xislətinin zəif, gücsüz tərəfləri bir anda üzə çıxır, kütləvi psixoz yaşanmağa başlayır.
Hekayənin bütün potensial enerjisi (mətndə görünən və görünməyən tərəfləri ilə birgə bura qədər bərpa edilə bilən, yuxarıda sadalananlar) bu məqamda sönür, yoxa çıxır. Əjdərə tapılan çarə estetik qatda mənalana bilmir, sənətin müstəvisində anlamsızlığı ilə ortada qalır. Yaşadığı müddətdə hər şey haqqında hər şeyi yazmağa can atmış Jak Derridanın bir müsahibəsində (“Narkotiklərin ritorikası”) dediyi fikir yada düşür: bu (“narkotik maddə”) təkcə söz deyil axı, həm də konseptdir, qavramdır.
Əjdər hekayəsinin estetik qatında anlamsız (sadəcə atributik detal kimi istifadə olunur), missiyasız, təyinatsız qalan bu sözün ideoloji qatda yaratdığı spekulyativlik biraz peşəkar oxucunu tədirginliyə salır, sadə oxucunun dünyasında isə “uşaq vaxtı futbol oynayanda oyununa buraxdığımız oğlan, müharibədə ayaqlarını itirdi” cümləsindəki duyğusal yükün təzyiqi altında ani parıltı effekti verə bilir. Belə deyək, müəllif özü də bilmədən, nəzərdə tutmadan “Vaskanın Əfqanski”ni kütləvi psixozun qaranlıq dünyasında qlamurlaşdırmış kimi olur. Əjdər öz dəyərini müasir videoblogerlərin “narkotaleli”ləri sosial şəbəkələrdə mikrofon uzadıb danışdırmasına şərait yaradan ikrahedici sövq və zövqün içində qazanmalı olur. Çünki, Əjdərə hekayə boyunca biçilən tale sosial-mədəni-psixoloji dərinliklərdə deyil, emosional səthilikdə və dağınıqlıqda sorğuya çəkilir.
Orxan Həsəni
Vətənə qayıdış motivi ədəbiyyatda ən çox işlənən mövzulardan biridir. Homerin məşhur dastanında Odissey müstəsna qəhrəmanlıqlar göstərərək ağlının və qüvvətinin işığı ilə özünü həyat yoldaşı Penolopenin qollarına atır. Beləcə dastan öz məntiqi sonunu doğurur. Lakin şübhəsiz ki, müharibəyə gedənlə, müharibədən qayıdan eyni adam olmur. İnsanın insanı yediyi o vəhşi aləm - müharibə övladlarını daxilən və xaricən tanınmaz hala salır. O aləmdən heç kim sağ qayıtmır. Bu mənada mənim üçün müharibədən qayıdan adamla qoyub getdiyi mühit, sosium arasında sıxılan yeni drammatik düyünlər daha maraqlıdır, nəinki qəhrəmanın döyüş yolu və müstəsna qəhrəmanlıqları.
Çox sevdiyim İtalo Kalvinonun "İkiyə bölünmüş vikont" əsəri ilə Orxan Saffarinin "Əjdər" hekayəsini asanlıqla müqayisə edə bilərik. Hər iki əsər bizə müharibədən qayıdan qazinin hekayəsini danışır. Kalvinonun əsərində müharibədən qayıdan qazi bədənini yarı hissəsini top atəşi nəticəsində itirib. Onun itirdiyi hissəsi sən demə fiziki olaraq bədənin "yaxşılığını" özü ilə aparıb və ondan geri yalnız "pislik" qalıb. Qəhrəman hər şeyi ikiyə bölməklə öhəm öz pisliyini məkanda genişləndirmək, həm də özünü əməlləri ilə tamamlamaq, bütövləşdirmək istəyir. Kalvino bu drammatik bünövrə üzərində əsərini ustalıqla inşa edir.
Orxan Saffarin "Əjdər" hekayəsi müharibədən iki qolunu, bir ayağını, müəllifin təsvir etdiyi kimi bədəninin 80 fazini itirən qəhrəmandan bəhs edir. Vətənin 20 faizini azad eləmək üçün insanın 80 faizini itirməsi də incə bir işarə kimi hekayədən keçir. Lakin onun qurduğu drammatik bünövrənin üzərində inşa etmək istədiyi ev uğursuzluqla nəticələnir. Bu tip əsərlərin təibəti müəllifdən soyuqanlı olmağı, təhkiyəni təmkinli nəql etməyi tələb edir. Emosiyalara yuvarlanmaq nəticə etibarı ilə qurduğun torun dağılmasına səbəb olacaq. Orxan Saffari gözəl qurulmuş drammatik bünövrənin üzərində ev tikmək yerinə, ağlamağı seçir, emosiyalara yuvarlanır, hətta bəzən axar-baxarlı dilini işə salmaqla sanki faciəni böyüklüyünü oxucuya yedirtmək istəyir. Təcrübəli oxucular isə bunu asanca duyub hədəfdən yayınırlar. Faciəni danışmaq yox, sadəcə göstərmək lazımdır. İkinci tərəfdən mövzu və janr arasında da üzvi əlaqə zəif alınmışdı. Hesab edirəm, bu mövzu necəsə daha iri həcmli janr tələb edir.
Orxan Cuvarlı
Orxan Saffarinin "Əjdər" hekayəsini underqraund mətn kimi qiymətləndirmək lazımdır. Hekayə Bakının arxa küçələrini, Bayılın qaranlıq tinlərini gözümüzün önündə canlandırır. Mətndə dil pintiliyini, kobud ifadələri bəzi xüsuslarda müəllifə keçmək olar. Bu hekayədə də obrazların daxili aləminin açılması, oxucunun məkan təsəvvürlərinin aydınlaşması, mətnin konturlarının cızılması baxımından təhkiyənin kələ-kötürlüyünü anlayışla qarşılamaq zəruridir. Düşünürəm ki, müəllif həm Əjdər, həm də hadisələri nəql edən obrazı dolğun işləyib, hər iki gəncin həyatını tünd boyalarla təsvir edə bilib. Mətn boyu hər iki dost müharibənin amansız iztirablarını, ağrı-acısını ən ağır formada canında duyur, keçmiş həyatlarına xiffətlə, təəssüflə boylanırlar.
Qələm dostuma uğurlar arzu edirəm!
Təvəkgül Boysunar
Orxan Saffarinin bu mətnini “kulis”in hekayə müsabiqəsi zamanı oxumuşdum və çox zövq almışdım. Fikrimi lap sadə və birbaşa desəm, bu hekayə o müsabiqədə birinci yerə layiq görülən hekayədən daha yaxşı hekayə idi. Lakin nəinki birincilik, heç iyirmiliyə də düşə bilmədi. Çox təəccüblüdür. Yəqin, Saffarinin bu hekayəsində ekstralinqvistik infraqırmızı bədii həll və kulminativ metoforik kompozitiv və s. kimi şeylər çatışmırmış. Hekayə haqqında ayrıca yazı yazmışam deyə, fikirlərim hələlik bundan ibarətdir.