Kulis.az dünya şöhrətli yazıçı Milan Kunderanın yazısını təqdim edir. Xatırladaq ki, o, iki gün əvvəl 94 yaşında vəfat etdi.
Romançıdan başqa bir şey deyiləm...
Son illərdə Nobel mükafatının ən real iddiaçılarından biri olan Milan Kundera dünyadan köçdü...
1929-cu ildə Çexoslovakiyada doğulub. O, əvvəlcə musiqiyə maraq göstərib, sonra Praqada ədəbiyyat, estetika, rejissorluq və ssenariçilik təhsili alıb, 1952-ci ildən dünya ədəbiyyatını tədris edib. 1968-ci ildə “Praqa baharı” hərəkatını müdafiə etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb, əsərləri qadağan edilib. Fransaya mühacirət edən Kundera müəllim kimi çalışıb, ədəbi yaradıcılıqla məşğul olub. O, 1979-cu ildə Çexoslovakiya vətəndaşlığından çıxarılıb. 1981-ci ildən Fransa vətəndaşı idi.
***
Dediyin sözlərin hakimi deyilsən...
Müsahibə mətbuatda dərc olunmuş formada müsahibin söylədiklərinin əslinə yaxın surətindən başqa bir şey deyil. Bir dəfə müsahibələrimin birində mənim adımdan yalan, səhv sözlər yazılmışdı, bununla da kifayətlənməyib mənə aid olmayan fikirlər sözlərim kimi köçürülmüşdü. Buna etirazımı bildirdim. Aldığım cavab belə oldu: “İqtibas edilən sözləriniz jurnalistin əlindədir”. Çox sadə bir məsələni anlamışdım; sözləri jurnalist tərəfindən alınan yazıçı artıq dediklərinin hakimi deyil; o, söylədiyi sözlər üzərindəki “yazıçılıq haqqı”nı itirir. Təbii ki, belə şey qəbul edilə bilməz. Bununla yanaşı, məsələnin sadə və sizin də ağlınıza batacaq həlli var; sizinlə görüşdük, uzun-uzadı danışdıq, ikimizin də marağını çəkən mövzular üzərində dayandıq, siz suallar verdiniz, mən cavab verdim, axırına da “müəllif hüququ” sözlərini əlavə etdik. Belə olsa, hər şey məqbul, hər şey qaydaya uyğundur.
Romanın keçmişinə dair
Dörd böyük romançı var: Kafka, Brox, Müzil və Qombroviç. Prustdan sonra roman tarixində daha sanballı romançı görə bilmirəm. Bu adları tanımadan müasir roman barədə çox şeylər aydın ola bilməz. Qısaca, həmin yazıçılar modernistdirlər, yəni ehtirasla yeni formalar axtarışındadırlar. Eyni zamanda da avanqard ideologiyalardan (yenilik etməyə, inqilaba olan inam və s.) uzaq durublar. Beləliklə də bu, onların sənət və roman tarixinə başqa gözlə baxmalarına imkan verib. Həmin yazıçılar kökündən dəyişməyin zərurətindən bəhs etmirdilər, romanın formal imkanlarının tükəndiyi barədə düşünmürdülər, əksinə, bu imkanları köklü şəkildə genişləndirmək istəyirdilər.
Burada, romanın keçmişiylə bağlı başqa bir əlaqə də qurmaq mümkündür. Həmin yazıçılar “ənənə”yə yuxarıdan aşağı baxmırlar, onların yalnız başqa cür ənənə prinsipləri var - hamısı XIX əsrin əvvəlindəki romanların pərəstişkardır. Mən o dövrü roman tarixində ilk “dövrlərarası”, həmin yazıçıları Mərkəzi Avropanın sanballı romancıları arasında “ulduz toplusu” adlandırıram. Həmin dövr və o dövrün estetikası XIX əsrdə az qala unudulub, qaranlıqda qalıb. Bu ilk dövrlərarasına olan xəyanət (həmin xətt Rable, Servantes, Stern və Didroda olduqca qabarıq görünür) “romantik təfəkkür” adlandırdığım məsələnin rolunu azaldır. “Romantik təfəkkür” ifadəsini səhv başa düşməyin, burada, əslində, romanın fəlsəfəyə tabe edilməsi, fikirlərin roman vasitəsilə ifadə olunması mənasını verən qurama “fəlsəfi roman” barədə söz açmıram. “Romantik təfəkkür” Sartrdır. Hətta Kamüdür. “Vəba”dır. Bu əxlaqi roman, demək olar, sevmədiyim hər şeyin nümunəsidir. Müzilin və ya Broxun niyyətisə tamamilə fərqlidir, yəni fəlsəfəyə xidmət etmək deyil, əksinə, həmin günə qədər fəlsəfənin özününküləşdirdiyi sahəni ələ keçirməkdir. Fəlsəfənin konkret olaraq qavraya bilmədiyi, öhdəsindən yalnız romanın gəldiyi metafizik problemlər, insanın yaranmasına dair məsələlər var. Bununla yanaşı, həmin romançılar (xüsusilə Brox və Müzil) romanı üstün poetik və intellektual sintezə çevirə bilib, ona mədəniyyətdə rəqibsiz yer qazandırıblar.
Həmin yazıçılar Amerikada nisbətən az tanınıblar. Mən bu vəziyyəti həmişə intellektual qalmaqal hesab elədim. Amma əslində, Amerika romanının özünəxas ənənəsini nəzərə alsaq, bu dərki çətin olmayan estetik səhvanlama məsələsidir. Amerika roman tarixinin ilk dövrlərarası müddətini yaşamayıb. İkincisi, böyük Mərkəzi Avropalı romançılar şah əsərlərini yazdıqları dövrdə Amerikanın, Heminquey, Folkner və Dos Passosun daxil olduğu öz böyük “ulduz toplusu” vardı, həmin toplu az sonra bütün dünyanı təsiri altına alacaqdı. Lakin Amerika romanındakı estetika Müzilin estetikasına tamamilə zidd idi. Məsələn, romanın təhkiyəsinə yazıçının fikri müdaxiləsi, həmin estetikaya yeri səhv düşən intellektualizm, romanın özünə yad əlavə kimi görünür. Bir xatirəmi qeyd edim: “The New Yorker” jurnalı “Varlığın dözülməz yüngüllüyü” romanının ilk üç hissəsini dərc edəndə Nitşenin əbədi qayıdışıyla bağlı olan fəsilləri mətndən çıxarmışdı! Halbuki, mənə görə, Nitşenin əbədi qayıdışıyla əlaqədar yazdıqlarımın hər hansı bir fəlsəfi ifadə ilə əlaqəsi yox idi; bu yalnız hərəkətlərin təsvir edilməsindən və ya dialoqlardan daha az romantik olmayan (bunu demək istəyirəm, romanın mahiyyətinə verdikləri cavab eyni formada etibarlıdır) ziddiyyətlər ardıcıllığı idi.
Təsir haqqında
Həmin yazıçıların mənə təsiri başqa şeydir: mən Prustun, yaxud Coysun damı altında yox, onlarla eyni estetik dam altında oluram. Bütün heyranlığıma baxmayaraq, Heminqueyin damı altında da olmuram. Haqqında danışdığım yazıçılar bir-birlərindən təsirlənməyiblər. Hətta bir-birini də bəyənməyiblər. Brox Müzili tənqid edirdi, Müzil Broxa qarşı mərhəmətsiz davranırdı; Qombroviç Kafkanı heç sevmir, Brox və Müzil barədə söz açmırdı, yəqin ki, həmin üçü də onu heç qəbul etmirdi. Ola bilsin, onları bir araya gətirdiyimi eşitsəydilər, mənə acıqları tutardı. Bəlkə də, hiddətlənməkdə haqlı olardılar. Ola da bilsin ki, həmin ulduz toplusunu ona görə uydurmuşam ki, başımın üstündə bir dam olsun.
Slavyan dili və mədəniyyəti
Təbii ki, slavyan dillərinin birliyi mövcuddur. Lakin "Slavyan mədəniyyəti" adlanan bütövlük yoxdur. “Slavyan ədəbiyyatı” adlandırılması mümkün olan bir şey də yoxdur. Əgər kitablarıma “slavyanlıq” baxımından nəzər salınsaydı, özümü tanıya bilməzdim. Bu süni və səhv addımdır. Mərkəzi Avropa (bu, dil kimi, german-slavyan-macar arealıdır) kitablarım üçün daha məqbul məkandır. Təbii ki, əgər hər hansı romanın mənasını və dəyərini qavramaq istəyiriksə, bu həmin kontekstdə bizə o qədər də çox şey qazandıra bilməz. Mən romantik əsərin mənasını və dəyərini ortaya çıxara biləcək yeganə kontekstin Avropa romanı tarixinin kontekstində olduğunu təkrar etməkdən yorulmayacağam.
Servantesdən Folknerə uzanan keçmiş
Bu mövzuya toxunmaq vacibdir. Amma dəqiq termin tapa bilməməkdən narahatam. Əgər “Qərb romanı” desəm, deyəcəklər ki, “rus romanını unutdu” . “Dünya romanı” ifadəsini işlətsəm, haqqında danışdığım romanın tarixən Avropayla bağlı olduğunu gizləmiş olacağam. Buna görə də "Avropa romanı" deyirəm, lakin bu anlayışdan coğrafi termin kimi deyil, həm Amerikanı, həm də, məsələn, İsraili əhatə edən “mənəvi” termin kimi istifadə edirəm. “Avropa romanı” adlandırdığım Servantesdən Folknerəcən uzanan keçmişdir.
Yazıçıların cinsi yox, romanların cinsi
Yazıçıların yox, romanların cinsi olmalıdır. Bütün böyük romanlar, bütün həqiqi romanların cinsə heç bir dəxli yoxdur. Demək istədiklərim, həm qadına, həm də kişiyə xas dünyagörüşünü ifadə edir. Fiziki şəxslər kimi, yazıçıların cinsi də onların şəxsi məsələləridir.
...Qırx beş yaşına qədər Çexoslovakiyada yaşadım. Yazıçılıq karyeramın əsl mənada otuz yaşında başladığını hesab etsəniz, yaradıcılıq həyatımın əsas hissəsi Fransada keçdi və indi də burada keçir.
Romançılığım təcrübə aparan adamın etiraflarıdır. Amerikalı redaktorum Aaron Aşer bir kitabımın son hissəsindən götürülmüş sözü sərlövhə kimi təklif etmişdi: “İnsan düşünür, Allah gülür”. Razılıq vermədim. Bu gün görürəm ki, o sərlövhəni seçmək daha yaxşı olardı. Amma mövcud sərlövhənı qorumağımın səbəbi də şəxsi, demək olar, romantikdir. İyirmi yeddi yaşında olanda çox sevdiyim çex romançı Vladislav Vançura haqqında roman yazmışdım. Kitabın adı “Roman sənəti” idi. Həm xoşuma gələn, həm də çiy olan həmin kitab bir daha nəşr edilməyəcək. Buna görə də keçmiş illərin xatirəsi kimi ən azı adını qorumaq istədim.
...Otuz yaşına çatana qədər çox şey yazdım; hər şeydən artıq musiqi barədə, amma eyni zamanda şeir, hətta bir teatr pyesi də qələmə aldım. Müxtəlif janrlarda çalışır, səsimi, üslubumu və özümü axtarırdım. “Gülüşəlayiq sevgilər” toplusunun ilk hekayəsiylə (həmin hekayəni 1959-cu ildə yazmışdım) artıq "özümü tapdığıma" əmindim. Nasir olmuşdum, romançı idim, bundan başqa da bir şey deyiləm. O vaxtdan bəri estetikamda dəyişiklik-filan baş verməyib, yaradıcılığım xətti şəkildə təkamül edir.
Tərcümə etdi: Nəriman Əbdülrəhmanlı