Xəbər verdiyimiz kimi bu ilin martında Fransanın Strasburq şəhərində “Azərbaycan ədəbiyyatı antologiyası” kitabının təqdimat mərasimi keçirildi. Seçmə hekayələrdən ibarət olan kitabın Strasburq ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmasını nəzər alıb bu və ümumiyyətlə xaricdə çap olunmaq barədə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədr müavini, məşhur tərcüməçi Vilayət Hacıyevə bir neçə sual ünvanladıq. Cavabları təqdim edirik.
- Əvvəlcə, Fransanın Strasburq şəhərində çap olunan “Azərbaycan ədəbiyyatı antologiyası”nın qazandığı uğurlar münasibəti ilə sizi təbrik edirik. Antologiya ideyası necə yarandı? Niyə məhz fransız dili, niyə məhz Strasburq?
- Təşəkkür edirəm. Bu, hamımızın uğurudur, ədəbiyyatımızın uğurudur. Onu da deyim ki, ideya təzə deyil. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətindəki prioritet vəzifələrdən biri, bəlkə də birincisi - dünya ədəbiyyatının Azərbaycan dilinə keyfiyyətli tərcüməsi və nəşri ilə bərabər, milli ədəbiyyatımızın beynəlxalq aləmdə tanıdılması və təbliğidir. Mərkəz dörd il ərzində bu istiqamətdə xeyli işlər görüb. Ədəbiyyatımız müxtəlif dillərə tərcümə olunaraq, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Misir, Ukrayna, Belarus kimi ölkələrdə nəşr edilib, geniş təqdimat mərasimləri keçirilib, kitablar ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilib. Fransada işıq üzü görən bu antologiya da həmin genişmiqyaslı beynəlxalq nəşr layihələrinin davamıdır və bu iş, şübhəsiz ki, gələcəkdə də prioritet olaraq, davam etdiriləcək. O ki qaldı onun niyə məhz fransız dilində çap olunmasına, özünüz də bilirsiniz ki, ingilis, alman, fransız və ispan dilləri dünyanın aparıcı dilləri hesab olunur və dediyim kimi, bu layihə artıq ingilis və alman dillərində həyata keçirilib, bir ispan dili qalıb ki, o da yaxın zamanlarda reallaşacaq.
- Əsərlərin seçimi hansı prinsiplərlə aparılır?
- Seçim Mərkəzin Elmi Şurasının qərarına əsasən aparılır və burada heç bir subyektivlikdən söhbət gedə bilməz. Çalışırıq ki, ədəbiyyatımızın klassik dövründən bu günə kimi əsas spektrlər əhatə olunsun. Ancaq bu spektrlər müxtəlif nəsillərin bədii təxəyyül süzgəcindən keçdiyi səbəbindən rəngarəngdir və hamısını 400-500 səhifəlik kitaba yerləşdirmək mümkün deyil. Odur ki, hamının, müxtəlif dillərdə çap olunan bütün antologiyalarda yer almaması təbii qarşılanmalıdır. Burada təqdim olunan əsərlərin, necə deyərlər, tərcüməyə “gəlib-gəlməməsi”, tərcümənin uğurlu olub-olmaması, kitabın çap olunduğu ölkənin oxucusunda maraq yaradıb-yaratmaması və ən əsası, xarici naşirin əsər seçimi böyük rol oynayır. Unutmaq olmaz ki, nəşriyyatlar, xüsusilə də xarici nəşriyyatlar öz nüfuzuna daha çox önəm verir və belə olan halda bu işi zorla kiminsə boynuna qoymaq olmur. Məsələn, dəfələrlə olub ki, tərcüməsini göndərdiyimiz hekayələr nəşriyyat tərəfindən çox nəzakətlə: “Ölkə oxucusu üçün maraq kəsb etməyəcək” bildirişi ilə mündəricatdan çıxarılıb. Ancaq bütün bu çətinliklərə baxmayaraq, biz çalışırıq ki, antologiyalarda bütün nəsillər təmsil olunsun.
- Tərcümə işini necə təşkil etdiniz? Bizdə fransız dilinə çevirməyi bacaran yaxşı tərcüməçilər var demək.
- Ədəbiyyatımızın beynəlxalq aləmdə təbliği və yayılması işində ən yaralı yerimizə toxundunuz. Düzdür, xarici dillərdən ana dilimizə çevirən peşəkar tərcüməçilərimiz, az da olsa, var, ancaq təəssüf ki, Azərbaycan dilindən xarici dillərə tərcümə edənlər barədə bu sözləri hələ ki, demək olmur. Əslində, bədii tərcüməni dil daşıyıcısı, üstəlik mütləq bədii mətnlə işləmək səriştəsi olan mütəxəssis öz ana dilinə tərcümə etməlidir. Çünki burada söhbət, hər hansı dili bilməkdən, həmin dildə danışmaqdan deyil, dili, ədəbi mətni hansı səviyyədə duymaqdan gedir. Lakin oturub gözləmək də olmaz ki, nə vaxtsa bədii təxəyyülə sahib olan hansı əcnəbisə ədəbiyyatımızı öz dilinə çevirəcək. İndiki halda biz nəşriyyat vasitəsilə Fransada yaşayan azərbaycanlıların köməyindən istifadə etdik. Onlar da fransız redaktorla bu işin öhdəsindən gəldilər. Onu da deyim ki, tərcümə mətnləri hazır olandan sonra onları, dil daşıyıcıları da daxil olmaqla, bir neçə ekspertə göndərdik, müsbət rəy aldıqdan sonra kitabın çapına icazə verdik. Mərkəzin, beynəlxalq nəşr layihələri istiqamətində iş prinsipi budur.
- Kitabın təqdimat mərasiminin təşkili necə həyata keçirildi?
- Təqdimat mərasimini nəşriyyatla bir yerdə keçirdik. Bu işdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olan Fəxrəddin İsmayılovun köməyini xüsusi qeyd etmək istərdim. Şuranın rəsmi saytında təqdimat haqqında məlumat da yerləşdirilmişdi, nəşriyyat da öz tərəfindən böyük işlər görmüşdü. Təqdimatın Strasburqun mərkəzində, “Kleber” kitab evində keçirilməsi də çox şey demək idi. “Kleber” elə bir məkandır ki, dünyanın ən tanınmış yazıçı və şairlərinin, o cümlədən Nobel mükafatçılarının kitablarının təqdimatı, oxucularla görüşü burada keçirilir.
- Bu cür mütərəqqi ideyaların reallaşması üçün çoxmu vəsait tələb olunur?
- Əlbəttə. Bilirsiniz ki, tərcümə, ələlxüsus da bədii tərcümə nə qədər bahalı bir fəaliyyət sahəsidir. Avropada, eləcə də digər ölkələrdə bədii tərcümənin bir səhifəsi 30 ABŞ dollarından başlayaraq artır. Bu gün bu layihələrin yüksək səviyyədə həyata keçirilməsinin arxasında sözsüz ki, Azərbaycan dövləti, onun bu işə diqqət və qayğısı dayanır.
- Sizcə, niyə indiyədək, müstəqilliyin bu 25 ilində belə hadisə olmadı? Burda əslində o qədər də çətin bir iş yoxmuş kimi gəlir adama.
- Mən deməzdim ki, asandır. Ancaq bununla belə, istək lazımdır. İstək güclü, niyyət saf olanda hər şey etmək mümkündür. Bütün hallarda maddi vəsait heç də hər şeyi həll etmir.
- Bəzən Avropanı əlahiddə, əlçatmaz bir zona elan edənlər olur. Strasburq Universitetinin filologiya fakültəsinin dekanının kitab haqqında, kitabda gedən konkret hekayələr haqqında yüksək fikirlər söyləməsi bu mifi dağıda bildimi?
- Əslində, bu mifi özümüz yaratmışıq. Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud bunu çıxışında da qeyd etdi ki, insanlar müxtəlif dildə danışsalar da, müxtəlif dinlərə və təriqətlərə mənsub olsalar da, müxtəlif mədəniyyətləri təmsil etsələr də, bəşəri dəyərlər baxımından ağrı-acıları, nifrətləri, sevgiləri, arzu və istəkləri eynidir və həmin bu bəşəri eyniliyi, ağrı və ruh doğmalığını məhz ədəbiyyat üzə çıxarır, xalqları bir-birinə tanıdır, tolerant yanaşmaya, dözümlülüyə zəmin yaradır. Kitaba daxil edilən hekayələrimiz barədə - Mir Calalın “Dissertasiya”, İsi Məlikzadənin “Duz” və Afaq Məsudun “Dovşanın ölümü” haqqında danışan fransalı alimlər də, yazıçılar da məhz bunu ön plana çəkdilər. Deməli, özümüzün yaratmış olduğu mifi öz ədəbiyyatımızla özümüz də dağıtmalıyıq.
- Müxtəlif səbəblərdən gedib Strasburqda yaşayan azərbaycanlılar da tədbir haqqında yüksək sözlər yazdılar, sevindiklərini, qürur duyduqlarını söyləyənlər oldu.
- Sevindirici haldır ki, təqdimat mərasimində fransalı alimlərlə, yazıçılar və tənqidçilərlə bərabər, dediyiniz kimi, Strasburqda yaşayan azərbaycanlılar da iştirak edirdilər. Hiss olunurdu ki, onlar vətəndən uzaqda yaşasalar da, qəlbləri bizimlə döyünür və ədəbiyyatımız haqqında deyilən fikirləri eşidərkən sevinmələri, qürur duymaları çox təbii idi.
- Orada həmvətənlərimizin təsisçiliyi ilə fəaliyyət göstərən və sözü gedən antologiyanı çap edən “Kəpəz” nəşriyyatı ilə əməkdaşlığınız davam edəcəkmi?
- Şübhəsiz. Yeri gəlmişkən, fransızlarla birlikdə “Kəpəz” nəşriyyatının təsisçisi olan həmvətənlərimiz, doğrudan da böyük işlər görürlər. Mərkəz də bu istiqamətdə layihələri onlarla əməkdaşlıq çərçivəsində davam etdirəcək. Fransa ictimaiyyətinin bədii ədəbiyyata marağı, oxucu zövqü nəzərə alınaraq, seçilən əsərləri “Kapaz” nəşriyyatında nəşr etdirib bütün Fransaya yaymağı planlaşdırırıq.
- Bəlkə, ayrı-ayrı müəlliflərin yığcam kitablarını , nisbətən həcmi balaca olan maraqlı romanlarını çap eləmək bundan da artıq effekt verər, necə düşünürsünüz?
- Əlbəttə, ayrı-ayrı romanların tərcüməsi və nəşri daha effektlidir. Ancaq bizə belə gəlir ki, ilkin olaraq, əcnəbi oxucularda ədəbiyyatımızın ümumi mənzərəsi haqqında müəyyən təsəvvür yaradılmalıdır ki, bundan sonra tək-tək yazıçıların əsərlərini ön plana çıxara bilək. Düşünürük ki, dünya oxucusu ilk növbədə xalqın özünü, yəni ümumi ədəbiyyatını tanımalıdır, bu funksiyanı məhz antologiya həyata keçirir. Ayrı-ayrı romanlara gəlincə, Mərkəz ötən il Elçinin “Baş” romanını ərəb dilində Misirdə nəşr etdirdi, Yusif Səmədoğlunun Norveç dilinə tərcümə olunmuş “Qətl günü” romanı yaxın aylarda Norveç nəşriyyatlarından birində işıq üzü görəcək. Bu sayaq layihələr gələcəkdə digər dillərdə və ölkələrdə həyata keçiriləcək.
- Ümumən Tərcümə Mərkəzi neçə kitab çap edib bu illər ərzində?
- Mərkəz yeni statusla fəaliyyətə başladığından bu günə qədər 120-dən çox kitab nəşr edib. Bunların sırasında, beynəlxalq nəşr layihələri ilə, dünya ədəbiyyatından tərcümələrlə bərabər, Əhməd Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun, eləcə də igid qəhrəman Mehdi Hüseynzadənin həyat və fəaliyyətini işıqlandıran maarifçi nəşrlər, lüğət və sözlüklər, uşaq ədəbiyyatı və s. bu kimi müxtəlif formatlı nəşrlər də var.
- Qərbdəki ciddi nəşriyyatlar vasitəsi ilə Avropanın nüfuzlu ədəbiyyat mükafatlarına namizədlər vermək haqda düşünmürsünüz ki?
- Sözün düzü, hələ bu barədə düşünmürük. Bu, necə deyərlər, gələcəyin işidir və fəaliyyətimizin hansı səviyyədə davam edəcəyindən asılıdır. Mərkəz hələ ki, dediyiniz həmin beynəlxalq mükafatlara aparan körpüləri qurur. İndi yalnız onu deyə bilərik ki, “Kəpəz” nəşriyyatı bizim antologiyanı müxtəlif nominasiyalar üzrə mükafatlara təqdim etməyə hazırlaşır. Onlara bu işdə uğurlar diləyirik.
- Mərkəzin fəaliyyətində başqa hansı yeniliklər olacaq?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Fərmanı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Mərkəz də buna uyğun olaraq, tematik planında müəyyən dəyişikliklər edib. Yaxın zamanlarda Mərkəzin dəstəyi ilə Misirdə Nəsiminin şeirləri, qəzəlləri toplanmış kitabı ilk dəfə ərəb dilində işıq üzü görəcək. Nəsimi ili ilə bağlı digər layihələrimiz də var. Ümumiyyətlə, Mərkəzin, müasir ədəbiyyatla yanaşı, klassik ədəbiyyatımızın da beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı planları çoxdur.