Nizaminin tədqiqatçısı dostlarından donos yazırdı... – Elçinin məqaləsi

Nizaminin tədqiqatçısı dostlarından donos yazırdı... – <span style="color:red;">Elçinin məqaləsi
22 sentyabr 2017
# 13:03

Kulis.az Elçinin “Nizami və onun tədqiqatçısı haqqında bir neçə söz” məqaləsini təqdim edir.

(Oksford Universiteti tərəfindən Londonda ingilis dilində və Bakıda Azərbaycan dilində nəşr olunmuş «Böyük Azərbaycan şairi Nizami» kitabına yazılmış ön söz)

Nizami Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiyanın tarixindəki o nadir simalardan biridir ki, onun yaradıcılığına verilən qiymət və ona bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır, bu böyük hərfli Şair üçün zaman çərçivəsi də mövcud deyil və bu gün onun yazıb-yaratdığı dövrdən keçən 850 il – zaman baxımından onun daimiliyinin yalnız bir epizodudur.

Nizami Gəncəvi hər hansı ictimai formasiya təzahürlərinin və maraqlarının fövqündədir və bəşəriyyətin addımladığı siyasi-ictimai mərhələlər – feodalizm, sosializm, kapitalizm… – ona münasibətdə və onun qiymətləndirilməsində heç bir rol oynamır, çünki Nizami yaradıcılığı (beş epik poema-romandan ibarət altmış min misralıq «Xəmsə» və lirik şeirlər) öz bədii-estetik və ictimai-fəlsəfi səviyyəsinə və əhəmiyyətinə görə 850 il bundan əvvəl necə müasir və aktual idisə, bu gün də eləcə müasir və aktualdır.

Baxın, SSRİ-də qorxunc Stalin repressiyalarının davam etdiyi 1939-cu ildə Azərbaycan kommunistlərinin lideri (və faktiki olaraq Azərbaycanın sahibi!) Mir Cəfər Bağırov Nizaminin 800 illik yubileyinin keçirilməsini şəxsən İosif Stalinlə razılaşdırır və bu barədə dövlət səviyyəsində xüsusi qərar qəbul edilir – paradoksa (və sənətkarın qüdrətinə!) baxın: Stalin sistemi bir tərəfdən hər cürə zorakılığın (terrorun, repressiyanın, işgəncənin, təqibin!) dövlətləri məhvə apardığını bəyan edən Nizami ideyalarını (Nizami humanizmini!) gündəlik həyatda darmadağın edir, o biri tərəfdən isə bu ideyaların carçısının təntənəli yubileyini keçirir.

Nizami Gəncəvinin «Xəmsə»si dahi fars şairi Əbdülqasım Firdovsinin «Şahnamə»sindən təxminən iki əsr sonra yarandı və ölməz «Şahnamə»dən gələn epik ənənələri yeni bir mərhələyə qaldırdı. «Xəmsə» Şərq İntibahının təməlini qoyan mənəvi-estetik dəyərlər sırasında ən mühüm (və müəyyənedici!) yerlərdən birini tutur və bu epik poema-romanlarla bərabər, onun lirikası da bəşəri ədəbiyyatın estetik inkişafında mühüm rol oynamışdır.

Nizami Gəncəvinin əsərlərindəki coğrafi ünvanlara ötəri bir nəzər salmaq kifayətdir ki, onun yaradıcılığının ehtiva dairəsinin nə dərəcədə geniş olduğunu görəsən: antik Yunanıstan (Aleksandr Makedonskidən bəhs edən «İsgəndərnamə»), yaxud əfsanəvi hökmdar Xosrovun vətəni İran («Xosrov və Şirin»), yaxud da yeddi gözəlin təmsil etdikləri türk, yunan, slavyan, hind, Xorəzm, ərəb, Çin elləri («Yeddi gözəl»).

Bir mühüm xüsusiyyət də odur ki, bu qəhrəmanlar müxtəlif dinlərə mənsubdur və əlbəttə, bu cəhət Nizami dünyagörüşündə tolerantlığın nə dərəcədə yüksək yer tutmasının ifadəsi və göstəricisidir.

Nizami mövzularının genişliyi, məzmun dərinliyi, onun bədii-estetik qadirliyi ilə üst-üstə düşürdü. İ.V.Höte Nizami Gəncəvini «bütün zamanların və xalqların şairi» hesab edirdi. H.Heyne isə emosional bir hissiyyatla yazırdı: «Almaniyanın öz böyük şairləri var… Ancaq onlar Nizami ilə müqayisədə kimdirlər ki?»

Qədim mənbələrin verdiyi və nüfuzlu tarixçilərin, şərqşünasların da təsdiq etdikləri məlumata görə Nizami Gəncəvinin iyirmi min beyti (qırx min misra!) müharibələr, qarətlər, yanğınlar, zəlzələlər nəticəsində itib-bataraq dövrümüzə gəlib çatmayıb, ancaq bu kədərli (hətta faciəvi!) itgiyə baxmayaraq, Nizami Gəncəvi dünya ədəbiyyatşünaslığında Homerlə, Vergili ilə, Dante, Şekspir ilə, onun «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» kimi böyük məhəbbət dastnları isə dünya ədəbiyyatının «Dafnis və Xloya», «İsmin və İsminiya», «Hero və Leandr» kimi şedevrləri ilə bir sırada durur.

Nizami Gəncədə doğulmuş, bu şəhərin adını özünə təxəllüs götürmüş və bütün ömrü boyu da bu şəhərdə yaşamışdır. Böyük hökmdarların dəvətlərinə baxmayaraq, Nizami Gəncəvi heç zaman saray şairi olmamışdır və onun əsərlərindəki azadpərvərlik, görünür, onun şəxsiyyəti üçün də səciyyəvi olub – o, şəxsi azadlığını, sərbəstliyini heç vaxt saray firavanlığına dəyişməmişdir.

850 ildir ki, Nizaminin məskəni kitabxanalar, elm mərkəzləri, universitetlərdir və bu gün Oksford Universiteti kimi qədim və nüfuzlu bir təhsil və elm ocağında yaradılmış yeni mərkəzin də Nizami Gəncəvinin adını daşıması – Nizami uzunömürlüyünün xaraktetik və sanballı göstəricisidir.

Yeri düşmüşkən deyim ki, Oksford Universitetindəki bu mərkəz bilavasitə professor Nərgiz Paşayevanın təşəbbüsü ilə yaradılmışdır və onun rəhbərliyi ilə artıq ciddi fəaliyyətə başlamışdır. Yalnız elə bu faktı qeyd edim ki, məşhur şərqşünas alim, professor Y.Bertelsin «Böyük Azərbaycan şairi Nizami» kitabı ilk dəfə 1940-cı ildə Bakıda nəşr olunmuşdu və Nərgiz xanım 80 ilə yaxın bir müddətdə nəşr olunmamış bu kitabı unutqanlıq içindən çıxararaq, ingilis dilinə tərcümə etdirib, Mərkəzdə nəşrinə nail olmuşdur. Nizaminin məhz Azərbaycan şairi kimi ingilis dilli nəhəng bir auditoriyaya təqdim olunması və bu təqdimatın Oksford Universiteti ilə bağlılığı çox mühüm bir hadisədir.

De Erbel, X.Purqştal, E.Braun, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr və başqaları kimi şərqşünaslar, tarixçilər, eləcə də görkəmli Azərbaycan alimləri Həmid Araslı, Mirzağa Quluzadə, Əkbər Ağayev, Rüstəm Əliyev, Azadə Rüstəmova və başqaları Nizami yaradıcılığını dərindən tədqiq və təhlil etmişlər – oxucunun qarşısndakı bu kitabı isə, dediyim kimi, professor Yevgeni Bertels yazmışdır.

Kitabı oxucu özü oxuyacaq, ona görə də mən yalnız müəllif haqqında bir neçə söz demək istəyirəm.

1890-cı ildə həkim ailəsində anadan olmuş, üç ali təhsil almış (o, Peterburq universitetin şərqşünaslıq fakültəsindən sonra, hüquq fakültəsini, eyni vaxtda da konservatoriyanı bitirmişdi) və 66 illik dramatik, kəşməkeşli bir həyat yaşamış professor Yevgeni Eduardoviç Bertels Sovet İttifaqında, həm də əsas etibarilə repressiyalar dövründə tədqiqatlar aparmış, yazıb yaratmışdır.

Bütün həyatı kitabxanalarda, arxivlərdə keçən, 30-a qədər Qərb və Şərq dillərini bilən (!), Nizamidən başqa, Firdovsi, Cami, Nəvai və Şərq ədəbiyyatının başqa böyük nümayəndələrini tədqiq etmiş, elmi yaradıcılığı böyük diapazona malik bu alim heç bir əsas olmadan ilk dəfə 1922-ci ildə «əksinqlabçı» kimi, ikinci dəfə 1925-ci ildə «Fransa cəsusu» kimi, 1941-ci ildə – Hitler Almaniyasının SSRİ-yə hücum etdiyi qorxunc bir dövrdə isə ölümcül «alman cəsusu» ittihamı ilə həbs olunmuşdur və hər dəfə də bir neçə ay çəkən fiziki işgəncə və mənəvi terrorla dolu istintaqdan sonra azad edilmişdir.

Stalin sisteminin repressiyaları üç faciə ilə nəticələnirdi: repressiyaya məruz qalmış insan ya güllələnirdi, ya Sibirə göndərilir və orada məhv olurdu, ya da ruhən sındırılırdı və sistem professor Y.Bertelsin də şəxsiyyətinin sındırılmasına nail olmuşdu – fiziki və mənəvi əzablara dözməyən bu elm adamı KQB-yə donoslar yazmağa məcbur edilmişdi və bu donoslar da öz növbəsində, onun başqa həmkarlarının – şərqşünasların, tarixçilərin repressiyaları üçün münbit zəmin yaratmışdır.

Y.Bertelsin donosları onun qələm dostlarının faciəsinə səbəb olmuşdu və bu baxımdan onun bəraəti yoxdur, ancaq eyni zamanda, onun özünün böyük insani faciəsi – mənəvi sarsıntıların, mənəvi gecə iztirablarının yaratdığı faciə var.

Və bu gün professor Yevgeni Bertelsin donosları danosbazlıqdan daha artıq, həmin böyük insani faciədən xəbər verir və bu gün yaşayan, oxunan və öyrədən isə onun əsərləri, o cümlədən oxucunun qarşısındakı bu kitabdır.

Mən Y.Bertelsin nizamişünaslıqdakı nüfuzu barədə təsəvvür yaratmaqdan ötrü yalnız bir faktı xatırlatmaqla bu qısa yazını bitirmək istəyirəm.

Nizami Gəncəvinin portreti yox idi və onun portretini yaratmaqdan ötrü müsabiqə elan olunur. Üç böyük Azərbaycan ziyalısı (filosof Heydər Hüseynov, ədəbiyyatşünas Həmid Araslı və «Leyli və Məcnun» operasının, Nizami sözlərinə bəstələnmiş iki ölməz romansın müəllifi, bəstəkar Üzeyir Hacıbəyli) ilə birlikdə professor Y.Bertels də bu işə cəlb edilir və şairin əsərlərinin onlarda yaratdığı təəssürat nəticəsində, məhz bu dördlüyün təsəvvürü əsasında rəssam Qəzənfər Xalıqov Nizaminin bu gün bütün dünyada məşhur olan portretini yaradır.

Ancaq, əlbəttə, sənətkarın şəxsi sifət cizgilərindən asılı olmayaraq, onun əsl portreti – onun yaradıcılığıdır.

Professor Y.Bertels Nizami Gəncəvi kimi nəhəng bir varlığın mənəvi portretini yaratmaq iqtidarına malik səlahiyyətli bir alim idi.

***

Bu kitabın 1940-cı il ilk nəşri SSRİ Elmlər Akademiyası Azərbaycan filialı (o zaman bizim Akademiya hələ təsis edilməmişdi) Rəyasət Heyətinin qərarı ilə çap olunmuşdu və redaktoru Məmməd Arif idi.

Biz dövrdən gələn bir sıra sosioloji müddəaları cüzi redaktə etdik, bəzi yanlış tarixi faktlarla bağlı düzəlişlər apardıq, ancaq bütöv halda bu nəşrin də əsil redaktoru Arif müəllimdir.

# 1468 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #