“Azərbaycan” jurnalının 1981-ci il sayında yazıçı İsa Hüseynovun tarixçi-filoloq Əbülfəz Rəhimovla “Məhşər” romanı haqqında mükaliməsi çap olunub. Kulis.Az həmin mükaliməni ixtisarla təqdim edir.
Filoloq-tarixçi Əbülfəz Rəhimov:
İstedadlı nasirimiz İsa Hüseynovun tarixi mövzuya müraciət edib dahi şair Nəsiminin həyat və fəaliyyətindən bəhs edən “Nəsimi” romanını yazması, əlbəttə, təqdirəlayiqdir. Yazıçı sonralar əsər üzərində işləyərək onu daha da təkmilləşdirmiş və 1978-ci ildə “Məhşər” adı ilə çap etdirmişdir. Roman böyük sənətkara həsr olunmuş bədii əsərlər içərisində özünəməxsus yer tutur. Romanı oxuduqca məlum olur ki, yazıçı əsərini yazmaq üçün böyük zəhmət çəkmiş, müxtəlif məxəzləri, elmi-tədqiqat əsərlərini, İslam dininə aid yazıları, şairin ana dilində olan divanını oxuyub öyrənmişdir.
“Məhşər” romanı XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış Nəsiminin həyat və fəaliyyətinə aid ilk böyük həcmli bədii nəsr əsəri kimi maraq doğurmaya bilməz. Lakin, bununla belə, əsərdə tarixi gerçəkliklə uyuşmayan, bəzən onu təhrif edən, oxuduqca tarixi keçmişin hadisə və faktları haqda yanlış təsəvvür yaradan mülahizələrə də rast gəlirik. Bu, məncə, iki səbəblə bağlıdır; ya müəllif öz fikir və mülahizələrində naqis elmi-tarixi mənbələrə müraciət etmiş, ya da ümumiyyətlə tarixi faktlara kifayət qədər əhəmiyyət verməmişdir.
İsa Hüseynovun romanından gətirəcəyimiz sitatlar əsasən uzundur. Bəzən bir neçə sətri tutur. Məqalənin həcmini nəzərə alaraq biz bu böyük cümlə içərisindən lazım olan hissəni verəcək, əsas səhv məlumatı kürsivlə göstərəcək və səhifəsini qeyd edəcəyik ki, oxucu həmin sitatı romanda asanlıqla, bütöv şəkildə tapa bilsin.
“Vaxtilə ÇİNGİZ XAN NƏVƏSİ QAZAN XAN HÜLAKÜNÜN hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə Şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi...” (cəh.19, həmçinin 54, 117)
XIII əsr tarixini bilməyən oxucu belə düşünəcəkdir ki, QAZAN XAN HÜLAKÜ bir hökmdardır və həqiqətən ÇİNGİZ XANIN (1206-1227) NƏVƏSİDİR. Əslində isə HÜLAKÜ Elxanilər sülaləsinin əsasını qoymuş və hakimiyyəti 1256-1265-ci illərdə idarə etmişdir. HÜLAKÜNÜN NƏTİCƏSİ OLAN QAZAN XAN isə müsəlmanlığı qəbul edib Qazan xan Mahmud adı ilə tanınan Elxani sülaləsinə mənsub başqa bir hökmdardır. Salyan yaxınlığında öz adına Mahmudabad şəhərini saldıran bu hökmdar 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyət başında olmuşdur.
“ON İKİNCİ İMAM ƏBU MƏHƏMMƏD UBEYDULLAH ƏLMEHDİNİN “xilaskar” adlandırılması...” (səh.21 çıxarışda)
ƏBU MƏHƏMMƏD II imam HƏSƏN ƏSGƏRİNİN künyəsidir. 12-ci imam Məhəmməd Mehdinin künyəsi ƏBÜLQASİMDİR.
“Onun hakimiyyətinin ilk illərində Şamaxıda Katibi adında şair çox məşhur idi. HƏLƏ HÜŞƏNGİN ZAMANINDAN farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimi də qəsidə ilə qarşılaşmış və o vaxta qədər görünməmiş bir miqdarda ənam – MİN QIZIL DİNAR almışdı”. (səh. 27)
Katibi, Şəmsəddin Məhəmməd ibn Abdullah Torşizinin, yaxud Nişapurinin adı yox, təxəllüsüdür. Katibinin özünün yazdığı və mənbələrin göstərdiyi kimi adı Məhəmməddir. O, 16 sentyabr 1397-ci ildə anadan olmuş Baysunqur Mirzənin 20 mart 1411-ci ildə istifadəyə verilmiş Heratdakı sarayında xidmət etdikdən sonra Şamaxıya gəlmişdir. Əgər Katibinin heç olmazsa, 10-15 yaşlı Baysunqur Mirzənin sarayına gələ biləcəyini nəzərə alsaq, onun Şamaxıya gəlmə tarixini XV əsrin əvvəllərinə aid etmək olar. O, 1387-ci ildə Şamaxıda anadan olmuş Bədr Şirvani ilə məhz XV əsrin əvvəllərində, Şirvanşahların paytaxtında görüşmüş və şeirləşmişdir. Bədr Şirvaninin Katibi Torşizinin ölümü münasibətilə yazdığı maddeyi-tarixə görə və Əlişir Nəvainin qeydinə görə Astarabadda taun xəstəliyindən vaxtsız vəfat edən Katibi heç bir vaxt HÜŞƏNGİN zamanında Şamaxıda öz qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşaya bilməz və 1382-ci ildə hakimiyyət başına gələn Şeyx İbrahimi orada qəsidə ilə qarşılaya bilməzdi. Şeyx İbrahim Kitabiyə “Gül” rədifli qəsidəsinə görə 10 MİN ŞİRVAN DİNARI bağışlamışdır. İsa Hüseynov əgər Katibi əvəzinə Məzai Təbrizinin adını qeyd etsəydi, daha dəqiq olardı. Çünki bu şair həmin illərdə və uzun müddət Şamaxıda yaşamışdır.
“Hələ Əlincənin mühasirə edildiyi vaxtlar, orada qala rəisi sərdar Altuna ŞƏKİ HAKİMİ ƏHMƏD ORLAT KİMİ etiqadlı müsəlmanların da hürufi elmini tədris edir. “Ənəlhəq” dediklərini eşidəndə...” (səh.37, bu səhv başqa səhifələrdə də təkrar edilmişdir)
Müəllif burada Şəki hakimi SİDİ (yxud Seydi) ƏHMƏD ORLATLA onun atası SİDİ ORLATI QARIŞIQ SALMIŞDIR. Şəki hakimi Sidi Əli Orlatı Miranşahın 18 yaşlı oğlu Əbubəkr Əlincədə oxla vurub öldürür. Ondan sonra Şəkidə hakimiyyət başına keçmiş oğlu Sidi Əhməd Orlat həmin ilin qışında Şeyx İbrahimin yanına gəlir ki, Qarabağda qışlayan Teymurləngdən atasının əvəzində onun Şəkinin hakimi olaraq qalmasını xahiş etsin. Şirvanşah xahiş edir, Teymurləng də razı olur. Əlincə alınarkən əsir düşən, Tüymurləndin yanına gətirilən və öldürülən qalanın komendatı Sidi Əhməd Oğlşayi başqa bir şəxsdir.
“Peyğəmbər iyirmi üç il, əldə qılınc, döyüşüb fəth etdiyi yerlərdə dini zor və qılıncla qəbul etdirib. “Quran” onun zamanında mövcud deyilmiş, şahım. Ölüm ayağında peyğəmbər əlini bir TAXTA QABA uzadıb, bir kəlmə: “Quran” deyib. Məlum olub ki, iyirmi üç il ərzində vəhy zamanı kəlamlarını QURU KÜRƏK SÜMÜKLƏRİNƏ YAZDIRIB O TAXTA QABA ATIRMIŞ”. (səh.47)
23 il ərzində hissə-hissə vəhy olunan “Quran” həm katiblər tərəfindən dəri üzərində yazılmış, həm də müəyyən şəxslər tərəfindən əzbərlənmişdir. Xəlifə Əbubəkrin zamanında vəhy katiblərinin yazdıqları və “Quran”ı əzbər bilənlərin hafizələrində qalanlara əsasən “Quran” bir kitab halında toplanıb Kufi xətti ilə yazılmışdır. Sonralar Osmanın xəlifəliyi zamanı Ömər İbn Xəyyabın qızı və Məhəmmədin arvadlarından biri olmuş Həfsənin saxladığı bu nüsxə əsasında “Quran”ın bir neçə surəti çıxarılmış və müxtəlif İslam mərkəzlərinə göndərilmişdir. Həmin bu ilk nüsxələrdən biri Dəməşqdə yanğın zamanı yanmış, Bəsrədə saxlanılan üstü qan ləkəli olan (656-cı ildə Osman öldürülərkən qanı tökülmüşdü) nüsxəni isə Teymurləng oradan Səmərqəndə gətirmişdir. Hazırda bu nüsxə Daşkənddə Özbəkistan xalqlarının tarixi müzeyinin əlyazmaları fondunda xüsusi seyfdə saxlanılır. Ceyran dərisi üzərinə köçürülmüş eynilə belə bir qan ləkəli “Quran”ın Türkiyədə Topqapı sarayı kitabxanasında saxlanıldığını da yazırlar. Bütün bunları qeyd etməkdə məqsəd budur ki, ilk dəfə “Quran” vəhy olunarkən heç də QURU KÜRƏK SÜMÜKLƏRİNƏ YAZILIB TAXTA BİR QABA ATILMAMIŞDIR. Görün, nə qədər kürək sümüyü lazımdır ki, yazılışından asılı olaraq təxminən 200-300 səhifədən ibarət olan “Quran” onlara köçürülsün və bir qaba yerləşdirilsin. Xəlifə Əlinin dəri üzərinə köçürdüyü “Quran”ın da bu günə qədər qaldığını yazırlar.
İsa Hüseynovun yazdıqlarından belə nəticə çıxır ki, guya Sultan Əhməd Cəlair (1382-1410) fasilələrlə Məlhəmi, Qarabağı, Naxçıvanı, Təbrizi qarət edib İsfahana qaçır. “Odur ki, Əmir Teymur indi ordusunu İSFAHANIN DÖVRƏSİNƏ YIĞIB ŞƏHƏRİ MÜHASİRƏ EDİB, SULTAN ƏHMƏDİN TƏSLİM OLMASINI GÖZLƏYİR”. (səh.54)
Mənbələrin yazdığına görə İsfahan əhalisi Teymurləngin orda olan əsgərlərini, vergi yığanlarını öldürdüyünə görə o, 789 (1377)-ci ildə İsfahanı işğal etmiş və tarixdə misli-bərabəri çox az olan bir qırğın törətmişdir. Bu hadisələr zamanı İsfahanda hakimiyyət AL-MÜZƏFFƏR SÜLALƏSİNDƏN MÜCAHİRƏDDİN ZEYNALABDİN ƏLİNİN əlində idi. Teymurləng Al-Müzəffər sülaləsinin Şah Mənsur, Şah Yəhya, Sultan Əhməd (Sultan Əhməd Cəlair deyil) və onların oğlanlarını öldürməklə 1392-ci ildə bu sülalənin də hakimiyyətinə son qoymuşdur. Nəhayət, qeyd etmək lazımdır ki, Sultan Əhməd Cəlairin Teymurləngin hakimiyyətinin qüvvətləndiyi bir dövrdə, xüsusilə 1386-cı ildən sonra Məlhəmə gəlib oranı qarət etməsi nə mənbələrdə yazılıb, nə də ağlasığandır. Çünki bu ildən başlayaraq Teymurləng ölənə qədər, 1405-ci ildə Sultan Əhməd əsasən öz canının hayında olmuşdur.
İsa Hüseynov İsfahanın işğal olunmasını təsvir edərkən yazmışdır:
“Yürüşlərdə hökmdarın yanınca gəzib onun zəfərlərinin tarixini yazan salnaməçi ŞƏRƏFƏDDİN ŞAMİDƏN başqa bir kimsə bilmirdi ki...” (səh.56 həmçinin 285)
NİZAMƏDDİN ŞAMİ VƏ ŞƏRƏFƏDDİN ƏLİ YƏZDİ Teymurləngin həyatına, apardığı müharibələrə aid ayrı-ayrılıqda yazdıqları əsərlərini “Zəfərnamə” adlandırmışlar. Hətta Şərəfəddin Əli Yəzdi öz əsərində Nizaməddin Şaminin Teymurləngin tarixini ondan əvvəl yazdığını da qeyd etmişdir. Tarixdə Teymurləngin yanınca gəzib onun tarixini yazan ŞƏRƏFƏDDİN ŞAMİ adlı tarixçi yoxdur. İsa Hüseynov bir tarixçinin ləqəbini (Şərəfəddin), o biri tarixçinin isə nisbəsini (Şami, Təbrizdə məhəllə adıdır) götürüb birləşrməklə, tamamilə yeni bir tarixçi “ixtira” etmişdir.
İsa Hüseynov “...Abbasi xəlifələrinin zamanında”... spzlərinin üstündə işarə qoyub çıxarışda yazmışdır:
“Məhəmmədin ilk dörd xəlifəsindən Əbubəkr, Ömər, Osman və Əlidən sonra hakimiyyəti zəbt edən, qara bayrağı və qara libası ilə məşhur olan ƏN MÜRTƏCE SÜLALƏ (VIII – IX ƏSRLƏR) (səh.211)
İlk dörd xəlifədən sonra hakimiyyət ƏMƏVİLƏR sülaləsinin əlinə keçmişdir. ABBASİLƏR isə məhz bu sülalədən sonra hakimiyyət başına gəlmiş və hakimiyyəti IX əsrə qədər yox, XIII əsrin ortalarına qədər idarə etmişlər. Məlum deyildir ki, İsa Hüseynov nəyə əsasən 500 ildən artıq müddət böyük bir ərazini idarə etmiş bütün bir sülaləni ucdantutma ƏN MÜRƏCE hesab edir. Əgər bir neçə şiə imamını öldürmələrinə əsaslanırsa, bu elmi nöqteyi-nəzərdən dəqiq ola bilməz.
Dünya alimləri ümumi İslam mədəniyyətinin yüksəlməsində Abbasilərin mühüm rol oynadıqlarını qeyd etmişlər. Müəllif bəlkə də ƏMƏVİLƏRLƏ ABBASİLƏRİ qarışıq salmışdır. Yenə də ən mürtəce sülalə ifadəsi dəqiq deyildir. “MƏHƏMMƏDİN İLK DÖRD XƏLİFƏSİ” ifadəsi də məntiqcə düzgün yazılmamışdır. Çünki Məhəmməd peyğəmbərin xəlifəsi olmamışdır. Ancaq o öləndən sonra onun yerinə Əbubəkr xəlifə seçilmişdir.
İsa Hüseynov Nəsiminin:
Musa mənəm ki, (kim) həqq ilə
Daim münacat eylərəm.
Könlüm təcəlla nuridir,
Onun (anın) üçün Tur olmuşam – beytindəki Musa sözünün üstündə işarə qoyaraq çıxarışda yazmışdır:
“Bəzi məxəzlərə görə Musa (Moisey) HƏQİQƏTİ AXTARARKƏN bir dərədə od tutub yanan bir ağacın dil açıb “ƏNƏLHƏQ” dediyini eşidib, yəni yaradıcını təbiətdə görüb” (səh.251 çıxarışda).
Bəs əslində necədir? Musa arvadı ilə Mədyən şəhərindən başqa bir yerə getdikdə yolda arvadının sancısı tutur. Odları olmadığı üçün qaranlıqda qalırlar. Musa bu zaman uzaqdan işıq gəldiyini görüb arvadına deyir:
- Mən onu gördüm, indi gedib od gətirərəm.
Musa odun yanına çatdıqda görüb ki, bir ağacdan nur parlayır, qorxub qaçmaq istədikdə guya ağacdan səs gəlir ki, “Ya Musa, İNNİ ƏNƏ ALLAH” (Ya Musa, MƏN ALLAHAM”.
Heç şübhəsiz ki, İsa Hüseynov “Quran”ın 27-ci sürəsinin 6-9-cu ayələrində bu məsələ ilə əlaqədar deyilmiş “İNNİ ƏNƏ ALLAH” ifadələri ilə Həllac Mənsurun dediyi “ƏNƏLHƏQ VƏ LEYSƏ Fİ CÜBBƏTİ İLLƏLLAH” (Mən həqqəm və mənim cübbəmdə allahdan başqa heç bir şey yoxdur) ifadələrindəki “ƏNƏLHƏQQİ” qarışıq salmışdır. Həm də nəzərə almaq lazımdır ki, Musa həqiqəti yox, od axtarır.
İsa Hüseynov Nəsiminin:
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım misrasındakı “yarım” sözünün üstündə işarə qoyaraq çıxarışda yazmışdır:
“YARIM – Məhəmməd peyğəmbər HİCRƏTƏ QAÇANDA yolda ona kömək edən Əbubəkri (İLK XƏLİFƏSİNİ) “YAR” – KÖMƏKÇİ adlandırmışdı”. (səh. 199)
Şeirin məzmunundan açıq-aydın göründüyü kimi buradakı “yar” sözü sevgili mənasında, misradakı başqa sözlərə sinonim olaraq işlənmişdir. Onun köməkçi mənası ilə heç bir əlaqəsi yoxdur. Nəzərə almaq lazımdır ki, “YAR” FARS SÖZÜDÜR, MƏHƏMMƏD PEYĞƏMBƏR isə ƏRƏBDİR VƏ O FARS DİLİNİ BİLMƏMİŞDİR. Buna görə də ona “YARIM - KÖMƏKÇİM” deyə müraciət edə bilməzdi.
“HİCRƏTƏ QAÇANDA” ifadəsi də dəqiq deyildir. Çünki hicrət bir yerdən başqa yerə getmə, köçmə deməkdir.
“Məhşər” romanında getmiş bu tarixi yanılmaların əsas səbəblərindən biri yuxarıda göstərildiyi kimi, heç şübhəsiz, XIV əsrin sonu və XV əsrin əvvəllərinin tarixinin, həmçinin hürufizmin Azərbaycan tarixşünaslığında lazımınca tədqiq edilməməsidir.
Biz, İsa Hüseynovun Azərbaycanın Orta əsr tarixinə aid roman yazmasını, tariximizin az öyrənilmiş mürəkkəb bir dövrünü bədii şəkildə işıqlandırmasını alqışlayırıq. Bu qeydləri müəllifin nəzərinə çatdırmaqda məqsədimiz odur ki, yazıçı əsərin gələcək nəşrlərində həmin tarixi yanlışlıqları təshih etsin. İsa Hüseynovun istedadlı nasir kimi, buna hər cür imkanı vardır.
İsa Hüseynovun məqaləyə cavabı: Bəs, Həqiqət?
Hörmətli Əbülfəz Rəhimov yoldaş!
“Azərbaycan” jurnalı redaksiyasının təklifi ilə “Məhşər” romanına dair tənqidi qeydlərinizi oxudum. Bəri başdan deyim ki, “qarşınızda... romanın əhatə etdiyi dövrə aid onlarca tarixi mənbə və müasir elmi-tədqiqat əsərləri” olduğunu xatırlatmasaydınız belə, həmən qeydlərin peşəkar bir mütəxəssisin qeydləri olduğuna əsla şübhə etməzdim. Siz, doğurdan da, tam bir peşəkar kimi hərəkət etmiş, öz kiçik məqalənizdə hər bir iradınızı mülahizənizcə, “ən etibarlı” (?) elmi mənbələrlə əsaslandırmağa çalışmısınız. Və buna görə də təsadüfi deyildir ki, məqalənizdə hər cür dəqiqləşdirmədən yox, məhz “eli dəqiqləşdirmədən” danışır, “Məhşər”in bədii əsər – roman olduğunu unudub, ona tarixi mövzuda yazılmış dissertasiya kimi yanaşmağa cəhd edirsiniz. Nə qədər təəccüblü olsa da, hətta yaradıcılığından sitat gətirdiyiniz mütəfəkkir M.F.Axundovun klassik nümunəsi, onun, bir sənətkar kimi, tarixi yanaşma tərzi belə, sizi bu ədadan çəkindirə bilmir. (Bu barədə bir az sonra). Belə bir əda sizə, əlbəttə ki, müəyyən üstünlük verir və tərəf-müqabilinizi mübahisəyə, bir yazıçı kimi deyil, bir tarixçi kimi qoşulmağa məcbur edir. Lakin xoşbəxtlikdən tarixi, xüsusilə mənsub olduğun xalqın tarixini “ən etibarlı”, ən mötəbər elmi-tarixi mənbələrdən oxuyub öyrənmək, həm də dərindən və mükəmməl oxuyub öyrənmək fürsəti, bu gün hamımıza nəsib olan bir səadətdir və başlıcası bu TARİXİ YAŞAYAN VƏ YAŞADAN XALQ VARDIR. Özünüz deyin, tariximizin uzaq və mürəkkəb bir dövrünə müraciət edən, ulu Nəsiminin parlaq şəxsiyyətinin bədii təcəssümünü verməyə can atan bir yazıçı belə bir həqiqətə yiyələnmədən, ona arxalanmadan, axı, necə keçinə bilərdi?! Məni sizinlə dialoqa girməyə, arqumentlərinizin həm tarixi, həm də ədəbi-bədii mənada inandırıcı olmadığını nəzərinizə çatdırmağa sövq edən də elə bu həqiqətdir.
Keçək faktlara:
Doğrusu, qeydlərinizin bəziləri ilə razılaşmaya bilmərəm; Əsərdə “Çingiz xan törəməsi” əvəzində “Çingiz xan nəvəsi”, “Əli Orlat” əvəzində “Əhməd Orlat”, “Nizaməddin Şami” əvəzində “Şərəfəddin Şami”, Abbasilərin hakimiyyət illəri “VIII-XIII əsrlər” əvəzində “VIII-IX əsrlər” gedib. Təəssüf ki, belə bir obyektivlik və elmi ədalət hissi qeydlərinizin çox cüzi bir hissəsində gözlənilmişdir.
Yazırsınız: “...Hürufilərin öz təbliğat və təşviqatlarında nə kimi bir məqsəd güddükləri nə öz əsərlərində və nə də məxəzlərdə müstəqim və birbaşa qeyd olunmamışdır”.
“Nə” inkar formasından sonra cümlənin xəbərini də inkar formasında işlətməyiniz sizdəki qatı inkar əhvali-ruhiyyəsinin nədən törədiyini aydın göstərir. Nəiminin “nə kimi bir məqsəd güddüyü” əsərlərində və məxəzlərdə “müstəqim və birbaşa qeyd olunmayıbsa”, bəs harda “qeyd olunub?!” Öz əsərlərindən oxuyub öyrənməmişiksə, hardan bilirik ki, hürufilər cümlə aləmi vahid xaliq bilmişlər. Məqsədləri: sadə desək, öz ideyalarını geniş yaymaq, allah, insan, kainat haqqında köhnə təsəvvürləri dağıtmaq, xaliqlə xəlq olunmuşun birliyini sübut etmək, insanı cəhalət buxovundan, vəhşi ehtiraslar pəncəsindən qurtarıb saflaşdırmaq, kamilləşdirmək yolu ilə ədalət yaratmaq! Bu məqsəd içərisində, əlbəttə, əsas – qlobal ideyaya xidmət edən başqa məqsədlər də var ki, hamısı məhz hürufilərin öz əsərlərində və əsərlərlə əlaqədar məxəzlərdə “qeyd olunub”. Orta əsrlərdə dini ehkamlarla, istibdadla, cəhalətlə çarpışan batin filosofların, xüsusilə hürufilərin ideya və məqsədlərini məxəzlər bizə, necə deyərlər, padnos içində gətirməyib. Bununla belə, Nəsiminin “Mən cümlə aləmi kainatam” sözləri müstəqim və birbaşa deyil?!
Bilirsiniz ki, yazıçıların tarixi fakt və hadisələrlə rəftarı və ümumən tarixə münasibətləri əksər hallarda sərbəst olub, tarixi əlində “mum kimi” işlədib (A.Düma) öz fikir və ideyalarına uyğun “fiqurlar yaranan” müxtəlif əsərlərdə yaşamış hökmdarların bioqrafiyalarını birləşdirib bir hökmdara verən (Feytxtvanger), yəni tarixdən yalnız şərti material kimi istifadə edən yazıçılar olub və indi də var. Sizə, şübhəsiz, məlumdur ki, Nizamidən Şekspirə, Tolstoya qədər uca sənətkarlar tarixin kopiyasını çıxarmaqla məşğul olmayıblar. Nizaminin İsgəndəri makedoniyalı Aleksanr deyil və ola da bilməzdi: Şekspirin Maqbeti, Liri, Tolstoyun Kutuzovu, dizin gözünüzün qabağında Vaqif, Qacar, İbrahim xan, dünya ədəbiyyatında əbədiyyət qazanmış yüzlərlə, minlərlə tarixi şəxsiyyət ədəbi şəxsiyyətə çevrilib, əslində olduğundan fərqli, qabarıq xarakterlə, yenidən doğulduqları dövrlərin həyati məzmun və ideyaları ilə zənginləşmiş şəkildə yaşayırlar. Bununla yanaşı, demək lazımdır ki, tarixi xronikadan ancaq material kimi istifadə edənlər də, hətta, tarixi əlində muma çevirənlər də tarixi təhrif etmək qəsdində olmamışlar, bəlkə əksinə, təzkirəçilərin, salnaməçilərin qeyd edib keçdikləri quru faktlar, hadisələr altında gizlənən, əslərin dumanına bürünüb zülmətdə qalan hikmətləri meydana çıxarmağa, bədii vasitələrin əfsunu ilə cəsədləri canlandırmağa, zənginləşdirməyə, fani olana əbədi həyat verməyə çalışmışlar. “Tarix” deyərkən bu sənətkarlar ayrı-ayrı faktları, peyğəmbərləri yox, tarixin ümumi, bəşəri məzmununu nəzərdə tutmuşlar və ilk növbədə məhz ümumbəşəri fikir və ideyalar naminə qələm çalmışlar. Sizinlə mən məhz bu nöqtədə bir-birimizə zidd qütblərdə dayanmışıq.
Konkret danışaq:
“Məhşər”in əhatə etdiyi materialda tarixi mən Orta Asiyanın, Azərbaycanın, Yaxın Şərqin Teymurləng adı ilə möhürlənmiş ictimai-siyasi ab-havası, qorxu törətmək siyasəti ilə bəşəri humanizmin qarşı-qarşıya dayandığı bir dövrün salnaməsi kimi təsəvvür edirəm. Əgər mən əmir Teymurun yürüşlərinin dünyəvi, siyasi-ictimai mənasını, hürufiliyin öz dövrünə görə mütərəqqi rolunu, Nəsiminin şəxsiyyətini, mühitini, dünyagörüşünün məğzini, humanizmini, Şirvan ərazində, Əlincə qalası ətrafında, Azərbaycanın cənubunda xalq kütlələrinin taleyini, əsnaf, əxi icmalarının əzab-işgəncələrini və mübarizə əzmini əyri güzgüdə göstərsəydim, tarixdən törəməyən fikir və ideya ümumiləşmələrinə yol versəydim, o vaxt həqiqətən tarixi təhrif edən, bir az da kobud desək, saxtakar olardım. Siz mənə belə ittiham vermisiniz. Yuxarıda dediyim mənada tarixə dair heç bir qeyd-şərtiniz yoxdur. (Bu faktın özü sizi iradlarınızın qeyri-ciddiliyinə yaxşı bir dəlildir). Sizdə etiraz doğuran başqa şeydir. Demə, mən bilmirəm ki, Hülakü xanla Qazan xan başqa-başqa hökmdarlardır! Demə, on ikinci imam əl-Mehdinin künyəsi-ləqəbi sizin “gətirib qarşınıza qoyduğunuz “məxəz”dəki kimi yazılmayıb!.. Hülakü xan Hükalüklər sülaləsinin əsasını qoyubsa, məndən əvvəl “hülakülər”, “Qazan xan Hülakü” yazanların sayı-hesabı yoxdursa və mən də belə yazıramsa, nəyə əsasən iddia edirsiniz ki, “XIII əsrin tarixini bilməyən oxucu belə düşünəcəkdir ki, Qazan xanla Hülakü xan eyni hökmdardır?” Diqqətli və obyektiv oxucu üçün aydındır ki, Qazan xan romanda Miranşahın baxımından xatırlanır. Miranşah onu sonradan əmələ gəlmiş “Elxan” (İlxan) rütbəsi ilə yox, ulu babası saydığı Çingiz xanın nəslinə mənsub hülakülardan biri kimi, Qazan xan Hülakü kimi tanıyır, buna görə də müəllif, Miranşah obrazının psixologiyasına yad kəlmədən qaçıb, tarixşünaslıqda qəbul edilmiş “Elxani” kəlməsini işlətməyib.
Tarixi romanda tarixi faktlardan necə istifadə olunduğunu müəyyənləşdirmək üçün romanın öz materialından çıxış etmək, tarixi həqiqəti bədii həqiqətlə müqayisəli götürmək vacib şərtdir. Siz “bədii həqiqət” məfhumunu fikrinizə belə gətirmədən, yalnız və yalnız “qarşınıza qoyduğunuz mənbə və məxəzlər” əsasında hökm verirsiniz. Məsələn, görün, nə yazırsınız: “Sultan Əhməd Cəlairin Teymurləngin hakimiyyətinin qüvvətləndiyi bir dövrdə, xüsusilə 1386-cı ildən sonra Məlhəmə gəlib oranı qarət etməsi nə mənbələrdə yazılıb, nə də ağlasığandır. Çünki bu ildən başlayaraq Teymurləng ölənə qədər, 1405-ci ildə, Sultan Əhməd əsasən öz canının hayında olmuşdur”. Mənbələrdən bu da məlumdur ki, Sultan Əhməd məhz “canının hayında qaldığı” illərdə külli miqdarda xəzinəni Təbrizdə bir neçə gün hökmranlıq etməyi, orada yenə də varlanıb Bağdada qaçmağı bacarmışdı! Məlhəm kimi qalasınız, müdafiəsiz bir yerə bircə gecədə basqın edib qaçması nə üçün “ağlasığan” olmasın?! Məgər mənbələr hər bir hökmdarın hər bir addımından hökmən məlumat çatdırmalıdr ki, romançının o addımı qələmə almağı “ağlasığan” sayılsın? Və ya mənbədə oxumusunuz ki, Məhəmmədin xəlifəsi Əbubəkr onun öz vaxtında yox, ölümündən sonra xəlifə seçilib, dərhal nəticə çıxarmısınız ki, demək Əbubəkrin, həmçinin Ömərin, Osmanın və Əlinin barəsində “Məhəmmədin xəlifələri” yazmaq tarixi təhrifdir! Ortadoksal İslam, dini ehkam “Məhəmmədin xəlifələri” ifadəsini qeyri-münasib sayırsa, demək əsrlər uzunu dildə-ağızda gəzən bu ifadəni işlətməyə heç bir müəllifin ixtiyarı yoxdur?
“Quran” barədə ensiklopedik məlumatlar əsasında çıxardığınız nəticə də məni əsa qane etmir. Dini kitabın “ceyran dərisinə yazılmış”, “xüsusi seyfdə saxlanan”, “İslam mərkəzlərinə göndərilən” “üstü qan ləkəli” nüsxələri haqqında təfsilatı səliqə-sahmanla məqalənizə köçürüb yazırsınız: “Bütün bunları qeyd etməkdə məqsəd budur ki, ilk dəfə “Quran” vəhy olunarkən heç də QURU KÜRƏK SÜMÜKLƏRİNƏ YAZILIB TAXTA BİR QABA ATILMAMIŞDIR. Görün, nə qədər kürək sümüyü lazımdır ki, yazılışından asılı olaraq təxminən 200-300 səhifədən ibarət olan “Quran” onlara köçürülsün və bir qaba yerləşdirilsin”.
Qəribədir, sizi heç maraqlandırmadımı ki, görəsən, müəllif bu sümükləri hardan eşib çıxarıb? Mənə elə gəlir ki, siz “mənbə və məxəzlərə” də diqqətli deyilsiniz. Heç olmasa, şərqşünas İ.P.Petruşevskinin məşhur “İslam v İrane” kitabına diqqətlə baxsaydınız, Məhəmmədin ayrı-ayrı vaxtlarda dediyi parça-parça fikirlərin məhz sümüklərə və palma yarpaqlarına yazıldığını, yalnız sonralar, xəlifə Osmanın təşəbbüsü ilə, Tövratın, Zəburun, İncilin əsasında kitab – “Quran” tərtib olunduğunu oxuyardınız. Çox qəribədir ki, “Quran”ın vəhy zamanı deyilmədiyini, yəni allah tərəfindən göndərilmədiyini sırf tarixi faktlarda sübut edən elmi kitabların, tədqiqatların hamısını sərf-nəzər edib “qarşınıza qoyduğunuz” dini məzələrə əsaslanırsınız. Tutaq ki, belə də olar, bəs heç fərqinə varmırsınız ki, “gətirib qarşınıza qoyduğunuz mənbə və məxəzlər” dəryada damladır? Bu qoca dünyada min-min illərin sirrini gizlədən mənbə və məxəzlər də var ki, ortalığa çıxanda hələ çox təsəvvürləri alt-üst edəcək!
Ehkamlardan kənarda çoxdan məlumdur ki, “bir olan allah” təsəvvürü, allaha sitayiş Məhəmməddən əvvəl də mövcud idi, ilk məscid isə, məqalədə göstərdiyiniz hicri 622-ci ildən sonra yox, çox qədimlərdə, yəhudi peyğəmbərlər zamanında tikilib. Demək istəyirəm ki, müsəlmanlıq, sizin təsəvvür etdiyiniz şəkildə vəhydən törəməyib; elmi təfəkkür savadsız tacir Məhəmmədin din yaratmaq təşəbbüsünün hardan, necə doğulduğunu axtarır. Hətta Məhəmmədi işə - başa salan bir nəfərin adı məlumdur: Sirgiy.
“Hicrətə qaçanda” (Məhəmməd) ifadəsini dəqiq saymırsınız. Yazırsınız: “Çünki hicrət bir yerdən başqa yerə getmə, “köçmə” deməkdir”. Doğrudur, amma bu, nisbi doğruluqdur; “hicrət” ərəbcə “köçmə”yə yaxın mənada olsa da, bizim dilimizdə “hicrətə qaçmaq” işlədilir – “xaricə qaçmaq” mənasında. Məhəmməd, axı öz xoşu ilə getməyib. Ölümdən qaçıb.
“Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım” sətrindəki “yar” kəlməsinin şərhinə iradınız da məhz zahiri anlayışdan, Hürufi rəmzləri nəzərə almadığınızdan törəyir. Şeir Nəimiyə müraciətlə yazılıb, bütün sətirlər və kəlmələr, o cümlədən “yar” da rəmzdir, “köməkçim, bələdçim” mənasındadır, iddia etdiyiniz kimi “sevgilim” mənasında işlənməyib.
Qeydlərimi belə bir inamla bitirirəm ki, “Azərbaycan” jurnalının səhifələrində bizim bu açıq söhbətimiz təkcə tərəflər üçün deyil, həm də ədəbi-tarixi ictimaiyyət üçün faydalı olacaq.