Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini hər birinci gün təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevirilib və "Xəzər" jurnalında çap edilib.
Əgər Svanın mövqe çəkisini onun atasıyla eyni ölçüdən olan digər birja dəllallarının oğullarıyla müqayisə etmək lazım gəlsəydi, onun çəkisi bir qədər aşağı olardı, çünki o, aza qane olan adam idi, əntiq əşyaların və rəsmlərin aludəsiydi və indi öz kolleksiyasıyla doldurduğu, nənəmin də görmək arzusunda olduğu köhnə evdə yaşayırdı, amma bu mülk sahilyanı Orlean küçəsindəydi, böyük xalam isə orada yaşamağın layiqli olmadığını zənn edirdi. "Siz doğrudanmı bilicisiz? – deyə o, Svandan soruşurdu. – Mən bu sualı sizin maraqlarınız müqabilində verirəm, axı alverçilər sizə hər cür cızma-qaranı sırıyırlar". O, doğrudan da əmin idi ki, Svan bu barədə heç nə düşünmür, bundan əlavə də, xalam onun intellekti haqda yüksək fikirdə deyildi, çünki söhbətlərində ciddi mövzulardan qaçırdı, əvəzində bayağı işlərdən tam məlumatlı olduğunu büruzə verirdi, özü də təkcə bizi mətbəx reseptləriylə təmin edərkən hər cür xırdalıqlara varanda deyil, xalalarım onunla incəsənətdən söhbət edəndə də beləydi. Əgər onlar hansısa rəsm əsərinə heyran olub-olmamasından və fikir bildirməsindən ötrü ona dirənəndə, o, alçaldıcı bir sükutla, inadla susurdu, cavabında həmin əsərin dəqiq çəkilmə tarixini, ona nə vaxt düzəliş edilməsini və hansı muzeydə saxlanmasını söyləməklə işini bitmiş sanırdı. O, adətən bizi əyləndirmək arzusuyla hər dəfə tanışlarımızla – Kombre kimyagəriylə, bizim aşpazla, faytonçumuzla başına gələn yeni bir tarixçəni danışmaqla kifayətlənirdi. Təbii, onun söylədiyi əhvalatlar xalama gülməli gəlirdi, amma başa düşə bilmirdi ki, bu əhvalatlarda Svan nəyə görə daim gülməli rol oynayır və ya bu hal onun məzəli nəql etməsindənmi doğur, ona görə: "Cənab Svan, siz demək olar ki, əsil tipsiniz!" – deyirdi. Xalam ailəmizdə yeganə adam idi ki, kifayət qədər vulqar, qabaydı, amma kənar adamların yanında söhbət Svandan düşəndə, söz arasına söz qatırdı ki, əgər o istəsəydi Haussman bulvarında və ya Opera küçəsində yaşaya bilərdi, belə ki, atası onun üçün ya dörd, ya da beş milyon pul qoyub gedib, amma o, özünü dəliliyə vurub. Bir sözlə, bu dəlilik xalama əyləncəli görünürdü və Svan onun üçün Yeni ildə Parisə bir qutu şəkərli şabalıd gətirəndə, evdə qonaqları olduğundan, o, Svana sual vermək fürsətini qaçırmadı: "Yaxşı, cənab Svan, siz hələ də Lion yoluyla getmək lazım gəldiyində qatara gecikməkdən qorxduğunuz üçün şərab anbarlarının yanında yaşayırsız?" deyərək, eynəyinin üstündən gözünün ucuyla qonaqları çəpəki süzdü.
Ona desəydilər ki, oğul Svan, mərhum ata Svan kimi özündə "üçüncü zümrə" rütbəsini qəbul edən, Parisin fəxri notariusları və vəkilləri (halbuki Svan bu imtiyazına, görünür, etinasız yanaşırdı) cəmləşən "alilər sinfində qərarlaşıb" və ikili həyat sürür; desəydilər ki, Parisdə bizdən çıxarkən, getməmişdən öncə hamımızı əmin etdiyi kimi, evə yatmağa getmək əvəzinə tini geri burularaq, heç bir dəllalın və dəllal köməkçisinin kandarından içəri buraxılmadığı elə bir mehmanxanaya gedirdi ki, bu, böyük xalama o dərəcədə həqiqətə uyğun olmayan bir hal kimi görünürdü ki, savadlı, qiraətli qadına Aristeylə tanışlıq düşüncəsi qədər gerçəkliklə uyuşmayan bir məsələ kimi görünürdü və guya onunla söhbətdən sonra, Fetidanı düşünərək, ölülərin də gözünə görünməyən, haqqında Verqiliyin rəvayət etdiyi sualtı səltənətə enirdi və onu nəvazişlə, mehribancasına qarşılayırdılar; yaxud, müqayisə üçün böyük xalamın ağlına daha tez gəlsin deyə, Kombredə kiçik bir boşqabın içindən ona baxan bir obrazdan istifadə etsək, desək ki, xəzinəsi parıltı saçan mağaraya ancaq tək özünün girə biləcəyinə inanan Əli Baba ilə onu nahar etmək gözləyir – eynən o düşüncə qədər həqiqətdən uzaq olardı.
Bir dəfə Svan Parisdə haradasa nahar etmişdi və oradan bizə gələndə, frakda olduğuna görə üzr istəmişdi, gedəndən sonra isə, Fransuaza onun faytonçusundan eşitdiyini demişdi ki, o, "şahzadə xanımla" nahar edibmiş. "Dünyanın tən yarısının şahzadəsiylə!" – deyə böyük xalam çiyinlərini çəkərək, gözlərini toxuduğundan ayırmadan soyuqqanlı bir təbəssümlə istehza etmişdi.
Bir sözlə, böyük xalam onunla təkəbbürlə davranırdı. Hesab edirdi ki, o, bizimlə tanışlıqdan fərəhlənməlidi, buna görə də, onun yayda bizə həmişə öz bağından şaftalı və moruqla dolu səbətlə gəlməsini tamamilə təbii olaraq düzgün hesab edirdi və o hər dəfə mənə İtaliyadan şahanə rəsm əsərlərinin fotoşəkillərini də gətirirdi.
Doğmalarım ziyafət naharları üçün yüngül yemək və ananas salatı hazırlamaqdan ötrü resept gərək olanda onun arxasınca göndərirdilər, amma bu ziyafətlərə onun özünü çağırmazdılar, çünki, elə bir məşhurluğu yox idi ki, ilk dəfə bu gün evimizə toplaşan insan camesində üzə çıxaydı. Fransa kralı evinin məziyyətlərindən söz düşəndə isə, böyük xalam bəlkə də o an cibində Tvickenham məktubu olan Svana müraciət edərək deyirdi: "Heç vaxt tanıya bilməyəcəyimiz o insanlarla nə sizin, nə də mənim ümumi heç nəyimiz yoxdu, onlarsız da bir təhər keçinə bilərik, deyilmi?"; belə gecələrdə böyük xalam mahnı oxuyanda onu fortepianoda müşayiət etməyə və not dəftərini çevirməyə məcbur edərdi, çox adamların tanış olmağa yollar axtardığı bu adama qarşı, o, hansısa nadir bir əşyaya sanki dəyəri bir quruşmuş kimi kobudluq göstərən sadəlövh uşaq münasibəti bəsləyərdi. O zaman klublara daimi gələnlərin çoxu artıq Svanı tanıyırdı, böyük xalam isə, Svanlar ailəsi haqda hər şeyi bildiyini hamının canına yeritməklə və təəssürat yaratmaqla, əlbəttə, onu özü üçün qeyri-müəyyən xarakterli, yəni ayrı cür təsvir edirdi, Kembredəki bağda qapı zənginin zınqırovu iki dəfə zəif səslənəndən sonra, axşam toranlığının fonunda nənəmin müşayiətiylə gələrkən, biz onu səsindən tanıyırdıq. Əgər gündəlik yaşam xırdalıqları baxımından, ən əhəmiyyətsiz bir nəsnə kimi yanaşmış olsaydıq, özümüzdə zahirən hər kəsin görə bildiyi bir haqq-hesab dəftəri və ya bir vəsiyyətnamə görürmüş kimi bir təəssürat yaradıb, sərbəstliklə o şəxsi anlamış olardıq, amma bilirik ki, bir şəxsin sosial tərəfləri başqalarının düşüncələriylə yaradılır. Hətta, "tanışı görmək" kimi sadə bir hadisə, məlum ölçülərə görə, elə qismən intellektual bir hadisədi. Şəxsin ümumi zahiri görünüşünə uyğun özlüyümüzdə yaratdığımız bütün ideyalar, cizgilərini cızdığımız bütün təsəvvürlər, onun haqqındakı ümumi anlayışda, əlbəttə, önəmli rol oynayır. Bu təsəvvürlər yanaqların quruluşunu, burnun cizgilərini görməyə, səs çalarlarını duymağa adamı o qədər asanlıqla öyrəşdirir ki, sanki bizim bu tanışımız şəffaf bir köpüyün içindədi, hər dəfə onun üzünü görəndə, səsini eşidəndə, elə bil, barəsində olan anlayışlarımızı bir daha üzə çıxarırıq. Söz yox ki, mənim doğmalarım özləri üçün uydurub-yaratdıqları, çoxçalarlı xüsusiyyətləri kübar həyatdan doğan, burnunun tağşəkilli cizgisi gözəllik səltənəti kimi başqalarını cəlb etməyə qadir Svanı öz aralarında bölüşdürə bilmirdilər; əvəzində, doğmalarım kənddə mehriban qonşuluğumuz zamanı, hər həftə şam yeməyindən sonra, bağda və ya lomber stolu arxasında kart oynamaqla birgə keçirdikləri asudəlik saatlarının bəxş etdiyi ovqatdan cəsarətə gələn, yarıoyaq, yarıməst gözləri dumanlı və baxışları cazibəli Svanın üzünə sözlərini açıq-aydın deyə bilirdilər. Bu nəsnələrlə bizim dostun cismani qılafı o dərəcədə örtülmüşdü ki, bir növ onun valideynləri haqda xatirələrə bənzəyirdi, sanki bu Svan bitkin və canlı bir varlığa çevrilmişdi və məndə belə bir təəssürat yaranırdı ki, elə bil, bir nəfərdən ayrılaraq, ona bənzəməyən başqa bir insanın yanına gedirəm, bu zaman yaddaşımı gərərək, aqibətinə yaxşı bələd olduğum həmin Svandan birinci Svana adlayıram, yenidən onda öz gəncliyimin füsunkar qüsurlarını görürəm, yeri gəlmişkən, o həm də nə vaxtsa tanıdığım başqa insanlara daha çox oxşayır, nəinki ikinci Svana: düşünmək olar ki, bizim həyatımız bir muzeydi, orada bir dövrün bütün portretlərinin soyadları və rənglər eynilik təşkil edir və o, asudəlik əlaməti olan, uca şabalıd ağaclarının, moruq və bir qədər də əjdaha otunun qoxusu gələn birinci Svana nisbətdə ümumi çalarlara malikdi.
Amma bir dəfə, nənəm Sakre-Kerdə tanış olduğu tanınmış Buyon nəslindən olan markiz de Vilparizidən nə barədəsə bir xahiş edəndə (onunla silklər haqda təsəvvürləri uyğun gəlsə də, amma münasibət saxlamaq istəmirdi), markiz dedi: "Səhv etmirəmsə, mənim de Lom soyadlı qohumlarımın yaxın dostları olan Svanla sizin aranız yaxşıdı". Nənəm pəncərələri bağa baxan evdən heyranlıq içində qayıtdı, markiz de Vilparizi ona burada mənzil kirayələməyi məsləhət görmüşdü, eləcə də, ətəyini pilləkəndə ilişdirib cıraraq yamatdırmaq üçün yanlarına xahişə gəldiyi, həyətdə emalatxanası olan jilet dərzisinə və onun qızına məftun olmuşdu. Bu adamlar nənəmə çox mükəmməl görünmüşdülər; o, bildirirdi ki, balaca qız çox qiymətli uşaqdı, həm də o jiletçi kimi tərbiyəli, mehriban insanlara hələ rast gəlməyib. İş ondadı ki, onun fikrinə görə tərbiyəlilik heç də sosial vəziyyətdən asılı olan şey deyil. O, jiletçi dərzinin bir cavabına məftun olmuşdu və anama deyirdi: "Heç Sevinye də belə deyə bilməzdi!" Əvəzində nənəm markiz de Vilparizinin onlarda gördüyü qohumu haqda belə mülahizə yürüdürdü: "Ah, qızım, o, çox adidi!"
Markiz de Vilparizinin Svan haqda dediyi söz onu böyük xalamın gözündə qaldırmadı, əksinə, markiz de Vilparizinin özünü alçaltdı. Belə məlum oldu ki, nənəmizə istinadən markiz de Vilpariziyə bəslədiyimiz xətir-hörmət, ona öz ləyaqətini bizim gözümüzdən salmamaq öhdəliyi verirdi, amma o, bunu bacarmadı və bizim gözümüzdən düşdü, çünki, Svanın həyatı haqda bilsə də, öz qohumlarına onunla dostluq edib ülfət bağlamağa icazə verirmişdi. "Necə? O, Svanı tanıyır? Hələ sən inandırırsan ki, onun marşal Mak-Maqonla qohumluğu var!" Svanın səfeh bir cəmiyyətə – az qala əxlaqsız bir cəmiyyətə məxsus bir qadınla evlənməsi və onu bizə təqdim etməyə cəhd göstərməməsi, get-gedə az da olsa yalqız qalmağa davam etməsi, onun tanışlıqları barədə doğmalarımın fikirlərini möhkəmləndirmişdi, sanki onlara naməlum bir mühit haqda mükalimə yürütməyə imkan vermişdi, çünki onlar düşünürdülər ki, o, bu qadını daim hərləndiyi həmin o yerdəncə tapmışdır.
Davamı var