Ayxan Ayvaz
Lyosanın “Ədəbiyyatsız dünya necə olardı” essesində dəhşətli bir fikir var: “İnsan bədbəxt olmaq və bütövləşmək üçün ədəbiyyata sığınır”.
Biz dünyanın xilas olacağı kimi romantik xəyallara dalıb özümüzü oda-közə vururuq, başqaları isə yer kürəsini yekə qarına bənzədib yeyib-içib kef etməklə məşğuldur.
Amma ədəbiyyatın bütövləşdirmək funksiyası da var. Lyosa həmin essesində deyir ki, azad insanların yetişməyində ədəbiyyat xüsusi rol oynayır. Biz oxuduqlarımızla mutlu oluruq, real həyata qayıdanda xəyal qırıqlığına uğrayırıq. Amma kitablar bizə xoşbəxtliyə gedəcək yolun xəritəsini də vermiş olur.
Qismətin tərcüməsində çapdan çıxan “Ədəbiyyatsız dünya” kitabının təqdimatında da bu haqda düşünürdüm.
Və gördüm ki, əsl ədəbiyyat adamlarının sayı azdır. Barmaqla sayılacaq qədər az.
Amma o təqdimatda elə böyük işıq topaları vardı ki…
Fəxri Uğurlu, Cavanşir Yusifli, Seyfəddin Hüseynli, Səlim Babullaoğlu, Rasim Qaraca, Cəlil Cavanşir…
Hər biri 1000 insana dəyən gözəl insanlar.
Rasim Qaraca yenə həmişəki kimi şux görkəmi ilə üzündə təbəssüm ədəbiyyatın necə vacib olduğundan danışırdı.
Qismətin tərcümə etdiyi kitabda kimlər yox idi? Ağır artilleriyalar! Lyosa, Orxan Pamuk, Suzan Sontaq, İtalo Kalvino, Zadi Smit, Mo Yan, Marsel Prust, Jan Pol Sartr, Karlos Fuentes, Nabokov…
Nabokov demişkən… Bu il Qismət onun rus ədəbiyyatından mühazirələrini də tərcümə edib kitab çıxartmış, həmin bu Gənc Tamaşaçılar Teatrında təqdimatını keçirmişdi.
Onda da az idik.
Amma bu azlıq bayaq da dediyim kimi böyük çoxluğu ifadə edir. Bir izdihama bərabər azlıqdır bu.
Zarafat eləmirəm.
Elə səbəbkarın özünü götürək.
O, mənim üçün əvəzsiz adamdır. Bəzən ədəbiyyatımızın dünyaya çıxması ümidi gözlərimdə gəmi tək batanda Qismət yadıma düşüb və rahatlanmışam. Sizi əmin edirəm: dünyanın istənilən yerinə getsək və Qisməti qabağa versək, hamı qapısını üzümüzə açacaq. Çünki dəqiq bilirəm: Qismət dünyanın hər yerində intellekti ilə seçiləcək və ordakı heç kimdən geri qalmayacaq. Biz bu mənada çox şanslıyıq. Qismət bizim öləziyən ümidlərimizin üstünə işıq saçan projektordur. Onun yanımızda olmağı məni sevindirir. Çünki Qismət bu yolda həqiqətən də əzablara qatlaşır. Çiynini hamımızdan qabaq o irəli verir. Və buna görə də Qisməti çox istəyirəm. Onun pozitivliyi hamımızın ümid yeridir. Bilirəm ki, mənə əlindən gələn dəstəyi edəcək, istiqamət verəcək, hansı kitabları oxumağın vacib olduğunu deyəcək.
Təqdimatda da Qismət haqda bu cür xoş ifadələr səsləndi. Və bunlar elə-belə, gəlişi gözəl sözlər deyildi, həqiqətin türklər demiş, “ta kendisi” idi.
Səlim Babulloğlu esselər toplusunun gələcəkdə də çap olunmasını dilədi. Bu dəfə isə Azərbaycan müəlliflərinin ədəbiyyat haqda esseləri olmaq şərti ilə. Hamı bunu təbəssümlə qarşıladı.
İki ağır artilleriya – Fəxri Uğurlu və Cavanşir Yusifli kitabın ətrafında yaranmış dünyadan qopub qıraqda durmuşdular. Yaxınlaşıb görüşdüm. Cavanşir müəllim gülümsədi:
- Deyəsən, reportajlıq şey axtarırsan…
Gülüşmə düşdü. Bu gülüşmə kənardan eşidilən intellektual söhbətlərə dəyib qayıtdı.
Yadımdan çıxmışdı az qala. Azad Yaşar da ordaydı və səlis nitqi ilə maraqlı bir çıxış da elədi. Təəssüf ki, mənlə şəkil çəkdirmək istəyən xanıma görə çıxışa qulaq asa bilmədim. Şöhrətin ziyanlı tərəfləri bu olsa gərək.
Sonra nə oldusa, yadıma düşür. Əsas hissə. Kitabların alınıb imzalanması. Qismət Lyosanın, Pamukun, Kalvinonun əvəzindən imzalar atırdı.
Hə, gəldik çıxdıq yazımızın ürəyinə. Bütün ədəbiyyatçılar əsgər sayaq bir sıraya düzüldük. Foto çəkiləcəkdi.
- Kim özünü istedadlı hesab edir, gəlsin. – dedim.
Gördüm ki, Cəlil Cavanşir qaçaraq gəldi. Sonra da Şərif Ağayar uzaqdan göründü, tədbirin sonuna çatmışdı.
Qismət:
- Heç olmasa özünü şəklə yetirdin. – dedi.
Baqaş bir səs də eşidildi:
- Çox sanballı şəkil olacaq bu!
Şərif Ağayardan cavab:
- Xüsusilə mən gələndən sonra!
Gülüşmə
Vəssalam, hamı hazır. Obyektivə gülümsədik. Müasir Azərbaycan ədəbiyyatının fotosu.
- Cəlil, az qalmışdı, şəklə düşmürdün.
- Sən deyən kimi özümü çatdırdım.
Hikmət Orhun Qazaxdan gəlib çıxmışdı, amma özünü şəklə çatdıra bilmədi. Bəlkə də çatdırdı, xəbərimiz yox.
Təqdimatın sonrakı kadrları: əlimə fotoaparat alıb bir-bir adamları çəkdim. Bu fotolar elə-belə fotolar deyildi. Tarixi fotolar olacaqdı. Ona görə ciddi şəkildə işə girişmişdim.
O şəkillərə düşmək üçün gələcəkdə nə qədər adam xəyallar quracaq. Lyosanın tərzi ilə desək, o xəyalların küçələrində kədərlə gəzişəcəklər. Bir də hardan tapacaqsınız Şəhriyar Del Geranili, Qismətli, Fəxri Uğurlulu, Cavanşir Yusiflili, Şərif Ağayarlı, Mirmehdili şəkilləri?
Elm sahəsindən ədəbiyyat təqdimatına gələn Yalçın İslamzadəni gördüm. Tez onun da şəklini çəkdim. Oğlu da özünə yaman oxşayırdı. Dedim, indi Təkamülə inandım. Gülümsündü. Sonra mənə dedi ki, gedək Banunun – qızı – şəklini çək. Gözəl-göyçək, günəşin parçası bir qız əlində “Ədəbiyyatsız dünya” tutub mənə gülümsündü.
Mən Qismətin tərcümə etdiyi "Ədəbiyyatsız dünya" kitabını çantama qoyanda bir anlıq düşündüm:
"Ədəbiyyat çox, çox böyük təsəllidir. Ədəbiyyat olmasa dünya təsəllisiz qalardı."