Kulis yazıçı Zahid Sarıtorpağın “Azərbaycan” jurnalının bu ilin 1-ci sayında çap olunan “Kül” romanının müzakirəsini təqdim edir.
Əlisəmid Kür
- Zahid Sarıtorpağın “Kül” romanı məni sözün həqiqi mənasında silkələdi. Romanın əvvəlində “külü üfürsək altından köz çıxar” deyimini xatırladım, sonda yanılmadığımı gördüm. Mən o fikirdəyəm ki, əsərin qayəsi “piyada” oxucuya hesablanmayıb. Buradakı sadə obrazların nağılvari hadisəçilik arxasında gizlənən surətləri olduqca önəmli, qlobal məsələlərə köklənib. Yazıçı obraz bolluğu arxasında öz mübhəm niyyətini gizləməyi ustalıqla bacarıb. Buradan da əsərin çoxqatlılığı meydana gəlib. Onun niyyəti bir aysberq kimi bu obrazlar dəryasını yara-yara öz oxucusunu aparıb “gündoğanın buz qatına çırpmaqdı”, çünki əsər boyu sabah açılmır. Əsəri oxuyanda bir daha əmin olursan ki, bütün dövrlərin insanlarının nicatı sevgidədi. Eləcə də, 21-ci əsri, bu əsrin bədbəxt bəndələrini ancaq və ancaq sevgi xilas edə bilər, başqa heç nə! Bəs bu sevgi varmı? Yoxdursa, bəs müasirlərimiz nəyə köklənib yaşayır? Hansı ictimai-siyasi quruluşda yaşamaqlarından asılı olmayaraq, necə faciəli və nə qədər də gülünc ömür yiyələridi bu insanlar! Elə buna görə də yazıçı əsərdə insanları sevgi naminə komadan ayılmağa səsləyir. Yoxsa dəyəri suda boğulmuş bir milçək həyatına bərabər insan ömrünün heç bir mənası olmadığını bildirir. Söylədiklərini sübuta yetirmək üçün nə qədər fantaziyasına güc verirsə, o qədər də elmi mənbələrə söykəkli ibarələrdən istifadə edir. Özü də zərgər dəqiqliyi ilə. Məsələn, Avropa alimlərinin son vaxtlar aeromüşahidələr nəticəsində dəqiq sübut etdikləri bir faktı yazıçı romanında obrazlardan birinin diliylə səsləndirir: “Sən bilirsən də... inək ya üzünü Şimala tutub otlayır, ya da Cənuba. Yəni, belə demək mümkünsə, bizim də mal-qara kimi, heç vaxt Qərblə, Şərqlə işimiz yoxdu... Mal kimi üzümüzü ya Şimala, ya da Cənuba sarı çevirib tıxışdıranda doyur qarnımız, başqa cür rahatlıq tapmırıq... Qəribə məxluğuq çünki...” Eləcə də insan hüceyrələrindəki xromosomların iyirmi birinci cütündə baş verən anomaliya ilə iyirmi birinci əsrin eybəcərlikləri arasında oxşarlıq, daha doğrusu, belə bir ilahi bənzərliyin dəqiq müşahidəsindən oxucuya ötürülən bədii mesajlar... – bunlar hər yazıçıya nəsib olmayan bədii tapıntılardı. Əsərin dili də irəli sürülən problem qədər önəmli və zəngindi. Sözü xəlbirdən keçirmək bacarığı Zahiddə çox güclüdür. Onun oxuyub böyük zövq aldığım əvvəlki romanı “Dərdin sarı çəpkəni”ndə olduğu kimi burada da söz sahilə atılmış balıq kimi diridi... “Kül” romanı son on ildə oxuduğum ən mükəmməl əsərlərdən biridir.
Nəriman Əbdülrəhmanlı
- Etiraf eləyirəm, qəbul elədiyim şairin nəsr yazması, yaxud, nasirin nəzmə keçməsi həmişə məndə qəribə narahatlıq doğurub. Ola bilsin, o qələm adamının uğursuz nəsr, ya da nəzm əsəri ortaya çıxaracağından, bununla da haqqında formalaşmış təsəvvürlərimi insafsızcasına dağıdacağından ehtiyatlanmışam. Bədbəxtlikdən müstəqillik dövrümüzdə bu az qala yaradıcılıq normasına çevrilib, əksər qələm adamlarının şair, yoxsa nasir olduqlarını ayırd eləmək çətindi. Bir neçə il əvvəl eyni ədəbi nəslə mənsub olduğum Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanını da (“Əlifba bayramında qətl” romanını təəssüf ki, oxumamışam) əvvəlki bu hisslərlə oxumuşdum, xoşbəxtlikdən narahatlığım dərhal sovuşmuşdu: əmin olmuşdum ki, əsərdə nağıl elədiyi əhvalat nəzmə şəkə bilmədiyi daha böyük ağrılardı, Zahid o yaşantıları ancaq nəsrlə, həm də qələminə xəyanət eləmədən o səviyyədə qələmə ala bilərdi.
Yenicə oxuduğum “Kül” romanı də məndə eyni hissləri doğurdu. Zahid üslub seçməyi, süjet xəttini axıracan rəvan tərzdə aparmağı, obrazları fərdiləşdirməyi bacarır. Dilin qatlarına enmək onun daha bir xarakterik cizgisidir. Baxmayaraq ki, bu məsələdə bəzən ifrata varır, dialektizmləri (məsələn, lötür-lötür, lötürləmək, gögeyin, tarcıx, igəşmək və s.) həddən artıq gen-bol işlədir, oxucuların o deyimləri anlayıb-anlamayacağı barədə düşünmür.
Məncə, Zahid Sarıtorpaq bu romanını da xüsusiləşdirmə axarında qurub; hər hadisəni, hər hərəkəti, hər sözü o qədər xüsusuləşdirir, fərdiləşdirir, xırdalayır ki, oxucuların gözləri qarşısında ağlagəlməz mozaik panno yaranır. Şəxsən mən nəsrdə ümumiləşdirməyə daha çox meylli olduğuma görə, bu cür üslubu çətin sinirirəm, amma bu üslubun da yaşamaq haqqı olduğunu qəbul eləyirəm.
Şübhəsiz, romanın yaşanmış, müəllifin təkcə ömründən yox, həm də içindən keçmiş həyat təcrübəsinə əsaslandığı bütün müsbət məziyyətlərinin məhz burdan qaynaqlandığı açıq-aşkar duyulur. O təcrübə qəhrəmanın saçlarını kül rənginə boyayır, özünə alxışı da bu olur: külün mübarək, başım, külün mübarək! Bu məhz dünyanı dərk eləməyin etirafıdı.
Buna da əminəm ki, Zahid Sarıtorpaq “Kül” romanını yazmaya bilməzdi. Ola bilsin, sonrakı illərdə daha bir roman üzə çıxaracaq, çünki hələ illərlə yığılmış ehtiyatını tamam tükətmədiyi hiss olunur.
Nəsri poetik nəfəsini daha da dolğunlaşdırdığına görə, Zahin Sarıtorpağı yalnız alqışlamaq olar.
Səxavət Sahil
- Zahid Sarıtorpaqğın “Kül” romanında əvvəl “Dərdin sarı çəpkəni” və “Əlifba bayramında qətl” romanlarını oxumuşam. “Kül” digər iki romandan forma və estetkasına görə fərqlənir.
Müəllifin hadisələr əsasında qurduğu, real və mistik süjetlərdən istifadə edərək yazdığı “Kül” sosial-məişət problemləri ilə insan düşüncəsinin harmoniyasıdır.
Ümumilikdə roman xoşuma gəldi, ən əsası isə odur ki, ənənəvi romanlardan fərqlənir. Yəni uzunçuluq və məxsusi hekayəçilik yoxdur. Eyni zamanda təsvirin az olması, situasiyanın daha dolğun verilməsi romanın “işini” yüngülləşdirir.
Romanda bəyənmədiyim nüansları qeyd eləsəm yəqin müəllif narazı qalmaz.
Hesab edirəm ki, mətnin təhkiyəsində axıcılıq olsa da, bənzətmələrə hər addımbaşı rast gəlinməsi fikrimcə o qədər də uğurlu deyil. Xüsusən də, bir cümlədə iki bənzətmə oxunuşa xələl gətirir.
Şifahi nitq əsasında qurulan mətnlərdə bənzətmələrin çoxluğundansa sadəliyi daha təbii görünür.
Digər tərəfdən romana daxil edilən hekayə-sujetlər ümumi ansamblı zədələyir. Yəni aşırı görünən hekayə-sujetlər olmadan da roman romanlığında qalır.
Mənim üçün komaya düşən insanın surətinin yaradılması maraqlı idi, xüsusən də həmin səhnələri maraqla oxudum. Lakin 16 il komadakı insanın obrazı mənə real gəlmədi. Baxmayaraq ki, romanda mistik və real süjetlər bir-biri ilə çox gözəl uzlaşır. Qəhrəmanın komada olduğu illər ərzində düşüncələrindən başqa, onu necə saxlanılması, qidalandırılması, paltarının dəyişdirilməsi və s xırda detallar öz əksini tapmayıb. Yazdığım xırda tənqidlər romana heç də xələl gətirmir, bu mənim subyektiv fikrimdi.
“Kül” özlüyündə ciddi və sosial-içtimai roman kimi öz qiymətini almalıdır. Xüsusən də ədəbi tənqidin əsərə biganə qalması insafsızlıqdır.
Şərif Ağayar
- Mənim üçün nəsrin bir neçə mərhələsi var. Birincisi, cümləni sərrast qura bilmək, ikincisi, bu cümlələrdən mətn yarada bilmək, üçüncüsü, mətni fərqli, orijinal və maraqlı bir strukturda təqdim etmək...
Birinci və ikinci mərhələni bənna, üçüncü mərhələni memar işi ilə müqayisə etmək olar.
Onu da deyim ki, bənnalıq olmadan, memarlıq bir işə yaramaz, yalnız kağız üzərində çertyoj səviyyəsində qalar.
Zahid Sarıtorpaq istər şair, istərsə də nasir kimi bənnalığı – mətn işini çox yaxşı bacarır. “Dərdin sarı çəpkəni” və “Kül” romanları da bu qənaətimizi dərinləşdirir.
O, dillə işləyə bilir, sözdən onun ətrini çıxarmağı bacarır. Bu hər yazarın işi deyil.
Hətta bəzən bənnalıqdan adlayıb nəqqaş dəqiqliyi ilə bəzək-düzəklər vurur ki, adam əməlli-başlı feyziyab olur.
Ancaq memar işində dostumdan o qədər də razı deyiləm. İllah da “Kül” romanında.
Mənə görə mətninə heç bir ciddi iradım olmadığı əsərin mahiyyətindəki ən böyük qüsur həddindən çox adam adının çəkilməsi, onlar haqqında əhəmiyyəti oldu-olmadı məlumat verilməsi və əhvalat danışılmasıdır. Bu həcmdə əsər üçün bu qədər adam və əhvalat ifrat dərəcədə çox görünür. Bəzən bəlli lətifələr müəllif dili ilə təkrar nəql olunur və mənə görə, süjetin ümumi məqsədinə xidmət etmir. Əksinə, oxucunun ideyanı rahat izləməsinə mane olur.
“Kül” müəllifinin üstün məziyyətlərdən biri semiotika ilə işləməyi bacarmaqdır. Söhbət “kül” sözünün daşıdığı çoxsaylı məna ilə oynamaqla yanaşı, 21-ci əsr və 21-ci xromosom üzərindəki gəzişmələrdən gedir. Sözlər və rəqəmlər bir neçə məna verərək rəmzə çevrilə bilir. Zahid bəy həm də birxətli və birqatlı süjetdən qaçmağa çalışır ki, bu da çağdaş nəsrin çox vacib amillərindəndir.
Bütün təqdir və tənqid qeydlərimlə yanaşı deməliyəm ki, “Dərdin sarı çəpkəni” də, “Kül” də müzakirəyə, təhlilə ehtiyacı olan dəyərli nümunələrdir və bu mətnlərin yazılması şəxsən məni bir qələm adamı olaraq sevindirir.
Təbrik edirəm və daha böyük uğurlar gözləyirəm!