Kulis.az professor Asif Hacılının tərcüməsində və təqdimatında görkəmli rus yazıçısı İlya Erenburqun “İnsanlar, illər, həyat” kitabından hissələri yayımlayır.
Əvvəlki hissələr: Hitlerin zəhləsi gedən yazıçı
O, skeptik ədəbi Peterburqu ələ sala bilmişdi. Birdən-birə hardansa istedadlı gənc şairə Çerubina de Qabriak peyda oldu. Şerləri «Apollon»da dərc olunmağa başladı. Onu heç kim görməmişdi, jurnalın redaktoru S.K.Makovskiyə məktublar yazırdı, redaktor ona vurulmuşdu. Çerubina məlumat verirdi ki, mənşəcə ispandır və katolik monastırında tərbiyə alıb. Çeburinanın şerlərini Bryusov tərifləmişdi. Bütün akmeist şairlər onunla görüşmək arzusundaydılar. Hərdənbir Makovskiyə zəng edirdi, melodik səsi var idi. Heç kimin ağlına gəlmirdi ki, Çerubina de Qabriak adlı adam yoxdur. Heç kimin tanımadığı istedadlı şairə Y.İ.Dmitriyeva var. Şerləri o yazır, Voloşin isə Peterburq şairlərini dolamağa kömək edirdi. Çerubinaya Qumilyov da vurulmuşdu, Maks isə əylənirdi. Qəzəblənmiş Qumilyov Voloşini duelə çağırır. Maks danışırdı ki, gülləni havaya atıb, ancaq bəxti gətirməyib, qaloşunun birini qarda itirib…
***
Voloşin nələr uydurmurdu! Hər dəfə yeni rəvayətlə gəlirdi. Banandan zəhləsi gedirdi, çünki Adəm və Həvvanı qəhr edən alma deyil, – bunu guya hansısa Avstraliya alimi müəyyənləşdirib, – banan imiş…Vaxtilə İudanın aldığı otuz gümüşdən birini Sen küçəsindəki antikvardan tapmışdı… Tələb etmirdi ki, ona inansınlar, sadəcə maraqlı oyun oynayırdı…
***
Müxtəlif adamlarla görüşür, hamı ilə dil tapırdı; A.V.Lunaçarskiyə sübut edirdi ki, kubizm sənaye şəhərinin inkişafı ilə bağlıdır, bu tək bədii yox, həm də sosial hadisədir; ən ifrat cərəyanları alqışlayırdı – futuristləri, luçistləri, kubistləri, suprematistləri… Onu heç vaxt kefli, aşiq, doğrudan da qəzəblənmiş görməmişdim. Həmişə kimisə çəkib ədəbi mühitə çıxarır, sərgilərin açılmasına yardım edir, rus jurnallarına gənc fransız müəlliflərini təqdim edir, fransızlara sübut edirdi ki, onlar yeni rus şairlərinin tərcümələri lə tanış olmalıdırlar… Onun evində çoxlu tanış və yarı tanış adamlar sığınacaq tapırdı, həyatda çoxuna kömək etmişdi…
…Əvvəl Voloşinə ehtiramla, şagird təcrübəli ustadına yanaşdığı kimi yanaşırdım. Sonra onun poeziyasına soyudum; estetika haqda məqalələri mənə sirk fokusları kimi görünməyə başladı: mən həqiqət axtarırdım, o isə uşaq oyunları oynayırdı, bu, acığıma gəlirdi…
***
… O, inqilabı nə vəsf edir, nə də lənətləyirdi. Çox şeyi dərkə çalışırdı… Rus tarixinə və öz düşüncələrinə qərq olmuşdu. İnqilabı anlaya bilmədi, ancaq özünə verdiyi suallarda ona xas olmayan ciddilik var idi.
Şair Mandelştamı ağlar həbs etmişdilər… Voloşin Feodosiyaya gələrək ağ kəşfiyyat rəisinin qəbuluna düşür və ona deyir: «İşinizin xüsusiyyətinə görə siz rus poeziyası haqqında məlumatlı olmağa borclu deyilsiniz. Mən gəlmişəm sizə deyəm ki, həbs etdiyiniz Osip Mandelştam – böyük şairdir». O, Mandelştama da, mənə də Vrangel Krımından çıxmağa kömək etdi. Bunu ona görə etmirdi ki, inqilabi ideyaları qəbul edib, xeyir, ancaq o, cəsarətli adam idi, poeziyanı sevirdi, Rusiyanı sevirdi – xaricə nə qədər çağırsalar da Koktebeldə qaldı…
***
Hərdən özümdən soruşuram, həyatının yarısını əcaib uşaq oyunları oynamış Voloşin nədən sınaq illərində bir çox həmyaşıd yazıçılardan daha ağıllı, yetkin, insani oldu? Bəlkə ona görə ki, təbiətən fəaliyyət deyil, müşahidə üçün yaranıbmış… Ətrafda sakitlik olanda Voloşin başqaları deyil, daha çox özü üçün misteriya və farslar oynayırdı. Əsrin faciəsi başlayanda – 1914-cü ildə isə Voloşin nə səhnəyə can atdı, nə yad mətnə replika qoşmağa cəhd etdi. O, oyunbazlığı qurtardı və əvvəl görmədiklərini və bilmədiklərini dərkə çalışdı. Onun haqqında xatirələr kimini güldürür, kimini riqqətə gətirir, ancaq heç vaxt alçaltmır, bu isə az deyil…
***
…Gerçəklikdən uzaqlaşmaq istəyən şair və rəssamların məskən saldıqları fil sümüyündən qəsr obrazı geniş yayılıb. Bu qəsrdə mən heç vaxt olmamışam və mövcudluğundan da xəbərim yoxdur. Şair V.İ.İvanovun yaşadığı, gənc Aleksey Tolstoyun gedib-gəldiyi «qəsr»də (doğrusu, çardaqda) da olmamışam…
Biz yüz nəfər idik, cəmiyyətə nifrət edən şairlər və rəssamlar; fransızlar, ruslar, ispanlar, italyanlar və digərləri; hamımız hədsiz kasıb, pis geyimli, ac. Ancaq yeni, əsil sənət yaratmaq istəyində inadkar. Biz boğanaq, alaqaranlıq kafedə yaşayırdıq, bu, fil sümüyündən qəsrə qətiyyən oxşamırdı…
Mayakovski turistlərin seyr etdiyi «Rotonda»nı görmüşdü, təmir olunmuş, genişləndirilmiş, rənglənmiş qədim abidəni, bərbad, üfunətli kafeni yox. Bura turistlər gələr və bələdçini dinləyərdilər: «Bu masanın arxasında adətən Giyom Apolliner və Pikasso əyləşərdi… O biri küncdə Modilyani kafedəki müştəriləri çəkər və rəsmləri bir badə konyaka verərmiş…»
…İndi turistləri də aparmaq olmur: «Rotonda» nın yerində kinoteatr tikilib. Bəzən kinostudiyada butafor «Rotonda» bərpa olunur: «bohemanın son nümayəndələri»nin gur və mübhəm həyatı haqqında filmlər çəkilir. Filmlər çox bekar alınır, ona görə yox ki, qəhrəmanlar prototiplərini xatırlatmır, ona görə ki, film yaradıcıları «Rotonda» müştərilərini ilhamlandıran fikir və hissləri aça bilmir…
***
Kafe yüzlərlə başqalarına bənzəyirdi. Sink kürsüdə arabaçılar, taksi sürücüləri, qulluqçular kofe və ya aperitiv içirdilər. Arxada siqaret tüstüsü hopmuş qaranlıq otaq var idi, on-on iki masa. Axşam bu otaq dolurdu; qışqırıqdan qulaq tutulurdu: rəngkarlıq haqda mübahisə edir, küsür, barışırdılar; kimsə keflənir, onu bayıra çıxarırdılar. Gecə ikidə «Rotonda» bir saatlıq bağlanırdı; özlərni abırlı apardıqda kafenin sahibi daimi müştərilərə bir saatlıq boş otaqda oturmağa icazə verirdi – bu, polis qaydalarının pozulması idi; üçdə kafe açılırdı və ürək açmayan söhbətlər davam edirdi.
Kafenin sahibi Libion təsəvvür edə bilməzdi ki, adı rəngkarlıq tarixinə düşəcək. O, ürəyiaçıq kök ticarətçi idi, kiçik kafe almışdı və təsadüfən «Rotonda» müxtəlif dilli qəribə adamların, sonradan bəzilərinin məşhurlaşdığı şair və rəssamların baş qərargahına çevrildi. Adi orta burjua olan Libion əvvəllər öz əcaib müştərilərinə tərs baxırdı, deyəsən bizi anarxist hesab edirdi. Sonra bizə alışdı, hətta sevdi. Kimsə ona demişdi ki, bəziləri rəngkarlıqdan varlanıb: qəpik-quruşa heç kimin tanımadığı rəssamların rəsmlərini alıb iyirmi il sonra çox baha satıb. Belə qazanc ideyası Libionu cəlb etmirdi; bir dəfə mənə demişdi ki, qumarı sevmir, şəkil almaq lotereyadır; min rəssamdan biri adam içinə çıxsa böyük şeydir. İçkilərdən qazanmağa üstünlük verirdi…. Libion «Rotonda» nın yaxınlığında yaşayırdı; meşan mənzili vardı: qırmızı pərdələr, divarda qəşəng peyzaj. Heç vaxt evindən Modilyani və ya Sutinin şəkillərini asmazdı, allah eləməsin! Müştərilərinə bağlanmışdı, ancaq onların əsərlərinə yox…
***
«Rotonda»da həyatımda böyük rol oynamış insanlarla rastlaşdım… Biz teatra az gedirdik, yalnız ona görə yox ki, pulumuz yox idi – bizim özümüz uzun, qarışıq bir pyes oynayırdıq; bilmirəm bunu necə adlandırım – fars, faciə və ya sirk səhnəsi; bəlkə də Mayakovskinin yaratdığı ad daha çox uyğun gəlir – «misteriya-buff»…
***
Zahirən «Rotonda» çox cazibədar idi: xalqların çulğaşması, aclıq, mübahisələr, səfillik. Məhz bu cazibədarlıq kino sənətçilərini cəlb edir… İlk növbədə tiplərin, dillərin əlvanlığı heyrətləndirirdi – beynəlxalq sərginin pavilyonuna, dünya konqresinin hazırlıq məşqlərinə bənzəyirdi. Bir çox adları unutmuşam, bəzilərini xatırlayıram; bir qismi məşhurlaşdı, digərləri unuduldu. Heç də tam olmayan siyahı budur: fransız şairləri Giyom Apolliner, Maks Jakob, Blez Sandrar, Kokto, Salmon, rəssamlar Leje, Vlamink, Andre Lot, Metsenje, Qlez, Karno, Rame, Şantal, tənqidci Eli For; ispan Pikasso, Xuan Qris, Mariya Blanşar, jurnalist Kornus Braqa; italyan Modilyani, Severini; meksikalı Diyeqo Rivera, Sarraqa; rus rəssamları Şaqal, Sutin, Larionov, Qonçarova, Şterenberq, Kremen, Feder, Fotinski, Marevna, İzdebski, Dilevski, heykəltaraşlar Arxipenko, Sadkin, Meşaninov, İndenbaum, Orlova; polyak Kislinq, Markussi, Qottlib, Zak, heykəltaraşlar Dunikovski, Lipşis; yapon Fujita və Kavaşima; norveçli rəssam Per Kroq; daniyalı heykəltaraşlar Yakobsen və Fişer; bolqar Paskin…
***
Müştərilərin zahiri də hali olmayanları təəccübləndirməliydi. Heç kim, məsələn, Modilyaninin nə geyindiyini dəqiq təsvir edə bilməzdi; yaxşı əyyamlarda o, açıq məxmərdən gödəkçə geyərdi, boynunda qırmızı fulya; uzun müddət içəndə, kasıbçılıqda, naxoşlayanda isə parlaq əskilərə bürünərdi. Yapon rəssamı Fujita nimdaş kimonoda gəzərdi. Diyeqo Rivera bəzəkli Meksika çəliyini silkələyərdi. Onun rəfiqəsi rəssam Marevna alabəzək geyinməyi xoşlayardı, səsi zil və cır idi. Şair Maks Jakob Parisin o başında yaşayırdı – Monmartda; gündüz çağı axşam kostyumunda gələrdi… Başında lələklər olan hindu öz şəkillərini göstərərdi. Zənci Ayşa göyümtül-qara cod saçlı iri başını dala verib bərk qəhqəhə çəkər, alaqaranlıqda dişlərini ağardardı. Heykəltaraş Sadkin iş paltarında iri, qəzəbli Daniya doqunun müşayiəti ilə gələrdi…
***
Yadımdadır, bir dəfə David Petroviç Şterenberq «Rotonda»ya A.V.Lunaçarskini gətirmişdi. Onunla bir masa arxasında oturmuşduq. Lunaçarski Steynlenin rəsmlərini tərifləyirdi, deyirdi ki, Frans Ştuk düşgün, ancaq istedadlı rəssamdır. Mən razılaşmırdım. Steynlen mənə əhəmiyyətsiz, Ştuk isə zay və zövqsüz dekadent görünürdü, ancaq Anatoli Vasilyeviçlə mənə rahat idi: özümü Moskvada hiss edirdim. O getdikdən sonra Libion mənə dedi: «Fikirləşmirdim ki, sənin ədəbli tanışların var. Bu cənab sənin yerlindir? O, sənə ayağa qalxmağa kömək edə bilər…»
«Rotonda»nın müştərilərinin görkəmindən danışanda deməliyəm ki, mən də başqalarından geri qalmırdım. Hələ «Klozeri de Lilya» dövründə mən yöndəmsiz görünürdüm. S.İ.Tolstaya xatırlayır ki, Aleksey Nikolayeviç açıqcaya mənim soyadım əvəzinə «Au monseieur mal coiffe» - «Pis daranmış cənaba» yazaraq kafeyə göndərib və açıqcanı məhz mənə veriblər. «Rotonda»da isə lap düşmüşdüm…
***
«Rotonda»nın daimi müştəriləri kənarda tanınmırdı. Ancaq Pikassonu artıq tanıyır, arabir onun haqqında qəzetlər yazırdı; Libiona demişdilər ki, Pablonun rəsmlərini «Rus knyazı Şuken» (Şukin) alır və o, ehtiramla salamlaşırdı: «Cünaydın, cənab Pikasso!».
Pablo Monmartrda yaşayırdı, sonra Monparnasa köçdü, «Rotonda» yaxınlığında emalatxana kirayələmişdi. Onu heç vaxt sərxoş görməmişdim. Cavan oğlana oxşayırdı, dəcəlliyi sevirdi. Bir dəfə Diyeqo ilə gəlib dedi ki, Giyom Apollinerin pəncərəsi altında serenada oxuyublar: «Mere de Guillaume Apollinarie». Tərcümədə «Apollinerin anası» deməkdir, ancaq fransızca elə də ədəbli çıxmır…
***
«Rotonda»dakı həyat əslində yeknəsəq idi; hərdənbir neçə gün haqqında danışılan hadisələr baş verirdi. Kislinq və Qottlib duelə çıxmışdılar, sekundantların biri Diyeqo idi; duel haqqında jurnalistlər duyuq düşdü və bütün qəzetlər bir neçə gün «Rotonda» ilə məşğul oldu…
***
…Bununla belə «Rotonda» priton yox, kafe idi; şəkil qalereyalarının sahibləri orada rəssamlarla görüş təyin edirdi, irlandlar ingilislərdən necə can qurtarmağı müzakirə edirdilər, şahmatçılar uzun partiyalar oynayırdı…
1914-cü ilin axırlarında İtaliyadan Parisə Modilyaninin qardaşı – sosialist, parlament deputatı gəlmişdi… Deyirdilər ki, qardaşını divanə vəziyyətdə görüb çox kədərlənmişdi və bunu pis tanışlıqlarla, «Rotond»a ilə bağlamışdı…
Ancaq «Rotonda» heç kimin ruhi tarazlığını poza bilməzdi, o, sadəcə olaraq ruhi tarazlığı pozulmuş insanları cəlb edirdi. Jurnalistlər bizim nədən danışdığımızı bilmirdi; hərdən davaları, sərxoşluğu, intiharları təsvir edirdilər. «Rotonda»nın pis adı yayılırdı…
***
«Rotonda» haqqında danışır və istər-istəməz gülməli epizodları xatırlayıram; ancaq hər şey daha kədərli və ciddi idi. Modilyani axşamlar poçt kağızlarında çəkərdi, bəzən iyirmi şəkil birdən. Ancaq o, buna görə Modilyani olmadı. Biz «Rotonda»da yox, soyuq emalatxanalarda, çardaqlarda, mehmanxana adlanan çirkli yataqlarda işləyirdik. «Rotonda»ya ona görə gəlirdik ki, bizi bir-birimizə çəkirdi. Bizi qalmaqallar cəlb etmirdi; biz hətta cəsarətli estetik ideyalardan da ilhamlanmırdıq; sadəcə bir-birimizi cəlb edirdik: bizi ümumi uğursuzluq, talesizlik hissi doğmalaşdırırdı…
«Rotonda»da müəyyən cərəyanın təəssübkeşləri, növbəti «izm»in təbliğatçıları yığılmırdı; Riveranın aludə olduğu quru, solğun kubizmlə Modilyaninin lirik rəsmləri, Leje və Sutin arasında müştərək heç nə yox idi. Sonradan sənətşünaslar «Paris məktəbi» yarlıkını uydurdular; əslində dəhşətli həyat məktəbi demək doğru olardı, bunu biz Parisdə keçdik…
İmpressionistlərin, sonradan Sezannın inqilabı rəngkarlıqla məhdudlaşırdı. Mane həyatda qiyamçı yox, sakit insan idi. Sezann yalnız təbiəti, kətanı, rəngləri görürdü… Rəssamların və onlarla bağlı şairlərin Birinci dünya müharibəsindən əvvəlki qiyamı başqa səciyyəli idi, yalnız estetik qanunlara deyil, yaşadığımız cəmiyyətə qarşı idi. «Rotonda» avaraxananı yox, başqalarının hiss etmədiyi təkanların qeyd olunduğu seysmik stansiyanı xatırladırdı. Ümumən, fransız polisi «Rotonda»nı ictimai asayişə təhlükə sayanda elə də yanılmırdı…
***
Mən sürüdən ayrılmış quzuya oxşayırdım: Rusiyadan gedəndə heç on səkkiz yaşım da yox idi. Gözübağlı kimi hər şeyi öyrənmək istəyirdim, hamıdan soruşurdum ki, nə baş verir, yalnız bir cavab eşidirdim: «Bunu heç kim anlamır…» Mən uzun söhbətlərə cəhd edirdim: Rusiyanın missiyası, Qərbin çürüməsi, Dostoyevski haqqında, ancaq insanlar başqa şeylə məşğul idi: onlar danışmırdılar, söyürdülər, lənətləyirdilər – kimsə bolşevikləri, kimsə Kerenskini, kimsə inqilabı…
***
Çinizelli sirkinə mitinqə getdim. Adam çox idi, ancaq ilk andan başa düşdüm ki, nitqlər hamını yorub: ilk ayların şövqü tükənib… Təsadüfi adamlar danışırdı. Saçı ağarmış xanım isbat edirdi ki, inqilabı esperanto xilas edəcək, ona qulaq asmırdılar. Sonra anarxist çıxış edərək söyləyirdi ki, elə bu saat dövləti ləğv etmək lazımdır; hamı ona qışqırırdı; cavabında camaatı fitə basdı – səhnədən onu yerə saldılar. Eleqant geyimli gənc yalvarırdı ki, Rusiyanı kayzerə verməyək. İki əsgər onun üstünə düşdü ki, «sən, köpək oğlu, səngərdə olubsanmı?…»
***
…Məktublaşdığım şairləri tapmağa çalışırdım, heç biri şəhərdə yox idi, deyirdilər ki, «bağda» və ya «Krım»dadırlar…
«Birjovka»da məsləhət gördülər ki, «Vyana» restoranına gedim – axşamlar ora şairlər və rəssamlar yığışır. Elə fikirləşdim ki, «Vyana» «Rotonda» kimi bir şeydir. Ancaq masalar arxasında ara adamları, zabitlər, alverçilər oturmuşdu…
… Paris emiqratnlarından biri mənə dedi ki, «Bura sənin üçün «Rotonda» deyil, cəbhəyə get». Cavab verdim ki, məni orduya götürmürlər. Qəzəblə gülümsədi: «Deməli, sən bolşeviksən? Səni ifşa edəcəyəm…»
…Hamı inandırırdı ki, yaxınlarda kimsə hərəkət edəcək; bəziləri deyirdi ki, Kornilov, digərləri – bolşeviklər. Anladım ki, heç nə başa düşə bilmirəm və Moskvaya getdim.
***
Tver küçəsində qırmızı məxmər divanları olan «Bom» kafesi var idi; orada kofe və pirojna verirdilər. Bura yazıçılar gəlirdi; V.Q.Lidinlə tanış oldum; o, çəhrayı və çox səliqəli idi; atlar, tövlələr, Buninin sənətkarlığı haqqında danışırdı.
B.K.Zaysev pravoslav mərasimlərinin gözəlliyindən və novella haqqında riqqətlə danışırdı. V.F.Xodaseviç hamıdan sancaraq danışırdı və eyni zamanda gənc qızın axşamlar yuxusu gəldiyi kimi, onun da ölməyi gəldiyi haqqında zərif şerlər yazırdı…
A.N.Tolstoy acıqla qəlyanını tüstülədir və mənə deyirdi: «Zibildir! Heç nə başa düşmək olmur. Hamının başı xarab olub…»
***
Aleksandr Nikolayeviç əmin edirdi ki, mən Meksikalı katorqaçıya oxşayıram. Arbatdakı kafeyə girdim, nəsə yazmağa başladım; qız yaxınlaşıb hirslə boş stəkanı götürdü və dedi: «Bura sizin üçün universitet deyil…» Mən rus məişətini yadırğamışdım və tez-tez gülməli görünürdüm. Mənə elə gəlirdi ki, məhz buna görə hadisələrin mahiyyətindən baş aça bilmirəm. Ancaq Aleksey Nikolayeviç heç də özünü məndən az itirməmişdi. Bu yaxınlarda Blokun gündəliklərini, Korolenkonun məktublarını, Qorkinin məqalələrini oxudum; həmin dövrdə hamısı qəbul edir, razılaşır, etiraz edirdilər… Belə görünür ki, «meksikalı katorqaçı» işdə adi rus ziyalısı imiş… Bunu günahımı yumaq üçün və ya özümü təmizə çıxarmaq üçün demirəm; 1917-1918-ci illərdəki vəziyyətimi izah etmək istəyirəm…
***
… A.N.Tolstoy 1917-ci ilin yayındakı söhbətləri belə xatırlayırdı: «Batacağıq ya yox? Rusiya olacaq ya olmayacaq, ziyalıları doğrayacaqlar, yoxsa sağ qalacağıq?»…
Təsadüfən moskvalı tanışlarımda 1917-1918-ci illərin qeyd dəftərim qalıb. Qeydlər o qədər lakonikdir ki, bəzən onları aça bilmirəm, ancaq bəzi sətirlər bir çox şeyi xatırlamağa kömək etdi. V.Y.Bryusovla ilk görüşüm haqqında da yazmışam.
Bu, Tolstoyun haqqında yazdığı həmin yayda baş vermişdi. Valeri Yakovleviçlə görüş bir neçə saat çəkdi. Mənə Ariadna haqqında yeni yazdığı şerini oxudu, mübahisə etdik. Söhbətin bu hissəsini ümumiləşdirsək, 1917-ci ilin avqustu üçün kifayət qədər gözlənilməzdir:
1. Doğrudanmı Tezey Ariadnanı kimsəsiz adada qoyduqda vicdan əzabı çəkib?
2. Hansı yazılış düzdür: «Tezey», yoxsa «Fessey»?
3. Müasir şairin Tezey haqqında yazması lazımdırmı?
Fikirləşmək olar ki, öz dünyasını gerçəkliyə qarşı qoyan Bryusov estet, formalist, əbədi dekadentdir.
Bu səhvdir; Oktyabr inqilabından sonra, onun həmyaşıdları və daha gənc nəslin şairləri (o cümlədən mən) çaşqınlıqda olanda, vurnuxanda, çox şeyə ağlayanda, çox şeydən qəzəblənəndə, Bryusov artıq sovet müəssisələrində işləyirdi. Mənimlə Tezey haqqında ona görə danışırdı ki, poeziyanın həyatiliyinə inanır və öz işinə hörmət edirdi. Ömrü boyu kitablarla yaşayıb – başqalarının və özünün. Cavanlığında etiraf edib ki, «romanlara axmaq həssaslığı var, halbuki həyati hadisələrə qətiyyən yoxdur»…
… Əməksevərliyi, enerjisi hamını heyrətləndirirdi. Haqqında danışdığım ilk görüşümüzdə mənim, dediyi kimi, poetik işə «məsuliyyətsiz» münasibətimə qızğın etiraz etmişdi: «İlhamın nə dəxli var? Mən hər səhər şer yazıram. İstədim, ya istəmədim, masa arxasında oturub yazıram. Hətta şer alınmasa da, yeni qafiyə tapıram, çətin ölçüdə məşq edirəm. Bu da qaralamalar»…
Əla təşkilatçı idi… Nəşriyyatlar təşkil edir, jurnallar yaradır, şerşünaslıqdan əsərlər yazır, latın müəlliflərini tərcümə edir, avtoritetlərlə mübahisə edir, gənclərə öyüd verir; bircə şeydən çəkinirdi – zəmanəsindən geri qalmaqdan.
***
Moskvada 1918-ci ildə «Şairlər kafesi»ni xatırlayıram. Ora poeziyaya az aidiyyatı olan adamlar gəlirdi – alverçilər, xanımlar, özlərini «futurist» adlandıran gənc oğlanlar. Bir dəfə Valeri Yakovleviç elan etdi ki, müştərilərin dediyi mövzularda tersinlərlə improvizə edəcək. O, elə bil ki, nə ofisiantların «iki kofe, iki!» qışqırığını, nə içkili matrosların gülüşünü eşidirdi. Ciddi, təntənəli halda şer oxuyurdu; deklomasiya etdikdə qəribə səsi olurdu – iti, qırıq.
Şer deyəndə başını arxaya verirdi. Elə bil ki, ram edirdi, ancaq sirk şirlərini yox, sözləri. Ya Kleopatra, ya masa arxasındakı xanım, ya da gələcəyin şəffaf şəhərləri haqqında tersinlər yaradırdı.
Hər şeyə ciddi yanaşırdı; onun erotik şerləri Afrodita xanədanına yol bələdçisinə oxşayırdı. Mistik ruhlu şairlərlə əhatə olunmuşdu, münəccimliyi öyrənir, inkub və sukkubların bütün xüsusiyyətlərini, caduları, orta əsrlər cadu-pitilərini bilirdi.
Futuristlər peyda olduqda Balmont sadəlöhvcəsinə onu taxtdan endirməməyi xahiş etmişdi. Bryusov özü onları devirməyə çalışırdı; «Futuristlər axşam» şerini yazmışdı…
Ancaq futuristlər onu özünkü saymadı. Onların şüarlarından biri belə idi: «Bryusovun qara frakından kağız zirehi çıxarmaq».
Valeri Yakovleviç Fransadan «elmi poeziyanı» icad etmiş, çox az adamın tanıdığı şair Rene Gili tapmışdı. Rene Gilin mülahizələrini Bryusov bəyənirdi: Valeri Yakovleviç çoxdan ali təhsilli sehrbaz, maq-akademik olmaq istəyirdi.
O, Puşkini öyrəndi, anaqor, zevqm, proleps, sillens haqqında yazırdı. Hesablamışdı ki, «Yevgeni Onegin»in üçüncü fəslində qafiyələrin yetmiş üç faizi vurğudan əvəlki səslərin ahəngi ilə seçilir, dördüncü fəsildə isə yalnız əlli dörd faizi. Bryusov «Misir gecələri»ni tamamlamağa, «Bürünc atlı»nın yeni variantını yazmağa cəhd etmişdi; onun bu yazılarını bir daha oxumaq olmur. Bəziləri Bryusovu haqsız olaraq zövqsüzlükdə günahlandırırdılar: bu cəhət bütün simvolistlərə xasdır – yəqin onların zövqü belə olub. Təəccüblü deyilmi, onların demək olar hamısı İqor Severyaninin bizə zövqsüzlük nümunəsi kimi görünən poezlərinə heyran olmuşdu?!
***
İndi mən simvolistlərin poeziyası haqqında düşünürəm. Bu, çox yaxşı bir hadisə idi; böyük şair Aleksandr Blok meydana çıxdı; rus şeri sanki azad oldu. Ancaq Bryusovun gündəlikləri, Balmontun səfər oçerkləri və ya Blokla Andrey Belıyın yazışması ilə müqayisədə nəinki Çexovun, hətta onun sönük satellitlərinin məktubları mənə insani cəhətdən neçə də anlaşıqlıdır!
***
İnqilabı Bryusov əqli sayəsində qəbul etdi: sabahkı günü gördü. Artıq əllini haqlamışda. Kitabxanaların qorunmasına, poeziyanın yayılmasına çalışırdı, xeyirxah və vacib işlər görürdü. Eybəcər alman sözü var – «kulturtreger», mənaca Bryusovun inqilaba qədərki və sonrakı fəaliyyətinə tam uyğun gəlir. Mən köhnəsayaq sözə üstünlük verirəm: Bryusov maarifçi idi. İnanırdı ki, inqilab hər şeyi köklü şəkildə dəyişəcək, sosialist mədəniyyəti kapitalist mədəniyyətindən xristian Roması Avqust Romasından fərqlənən qədər dərindən seçiləcək. O, yeniliyə də şair kimi yanaşmaq istəyirdi, ancaq köhnə dünya ilə çox bağlı idi. İnqilab haqqında şerləri mifoloji obrazlarla doludur, onlarda simvolistlərin tanış lüğəti var…
***
1954-cü ilin payızında əlli bir yaşında vəfat etdi. Mən Parisdə idim; Bryusovun xatirə gecəsini təşkil etdik. İnsan öləndə onu yeni cür görürsən – bütün vücudu ilə. Bryusovun indi də canlı görünən əla şerləri var. Bəlkə də onun beşiyi başında ənənəvi pəri olmayıb, ancaq o, hətta əgər şair doğulmamışdısa da, şair olmuşdu. O, onlarla gənc şairə kömək etmişdi, sonradan onlar onu ittiham, inkar edir, yerə endirirdilər. Gənc Sovet Rusiyasına bu yorulmaz konstruktor, selektor bir çox məddahlardan daha çox lazım idi.
***
Yenə də Paris illərini xatırlamaya bilmirəm. Valeri Yakovleviç məni dəstəklədi; hətta onun iradları da mənə yaşamağa kömək etdi.
İlk görüşümüzdə Bryusov Nadya Lvovna haqqında danışmışdı – yarası sağalmamışdı. Bəlkə də bu vaxt Nadyanın Bryusovun çal saçları haqda ölümqabağı son şerini xatırlamışdım, ancaq Valeri Yakovleviç mənə çox qoca görünmüşdü və yazmışdım ki, «Saçı ağ, çox qocadır» (o vaxt qırx dörd yaşı vardı). Bir də yazmışdım: «Həyat onun üçün ikinci plandadır» - bəlkə bu vaxt Nadya haqqında, bəlkə də inqilab barədə düşünmüşdüm, ancaq yəqin ki, onun bu sözləri xatirimdə olub: «Həyatda hər şey nəğməli şerlər üçün vasitədir»…
Ardı var…