“Əli və Nino”nun müəllifini axtara-axtara roman yazdım
Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Nəriman Əbdülrəhmanlının “Qurban” romanı haqda danışdıqlarını təqdim edir.
Yusif Vəzir Çəmənzəminlinin “Qurban Səid” imzasıyla “Əli və Nino” adlı roman qələmə aldığı barədə ilk dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində yazıçının oğlu mərhum Fikrət Vəzirovdan eşitmişdim. Əsər Mirzə Xəzərin tərcüməsilə Azərbaycan türkcəsində “Azərbaycan” jurnalında çap olunandan sonra Yusif Vəzirin müəlliflik hüququnun təsbit edilməsi üçün birgə fəaliyyət göstərməyə başladıq. Tez-tez görüşür, araşdırmalar nəticəsində əldə elədiyimiz faktları bölüşür, romanın mətnilə yazıçının digər əsərlərini tutuşdurur, üslub və lüğət tərkibini öyrənirdik. Bir müddət sonra Azərbaycan Yazıçılar Birliyində əsərin müəllifliyilə bağlı geniş müzakirə təşkil elədik. Nüfuzlu ədəbiyyatşünasların, tənqidçilərin, dilçilərin və nasirlərin qatıldığı geniş müzakirədə yekdilliklə bu fikrə gəlindi ki, “Qurban Səid” Yusif Vəzirin çoxsaylı imzalarından biridir və roman onun qələmindən çıxıb.
Amma məsələ bununla bitmədi, əslində, vəziyyət get-gedə daha dolaşıq və mürəkkəb şəkil almağa başladı. Romanı 1937-ci ildə Vyanda alman dilində çap eləmiş nəşriyyatın sahibi Ernst Talın qızı Lilinin əsərlərin (“Qızılbuynuzlu qız” romanı sonra üzə çıxacaqdı) “iyirminci illərin ortalarında qafqazlı görkəmi olan bir yazıçı tərəfindən təqdim edildiyi” barədə şəhadətinə baxmayaraq, Elfrida Ehrenfelsin, Lev Nussimbaumun, Məhəmməd Əsəd bəyin, hətta, Qriqol Robakidzenin müəllif ola biləcəkləri barədə iddialar irəli sürülməyə başladı. Elə o vaxtdan da “Əli və Nino”nun taleyilə ciddi maraqlanmağa, araşdırmalar aparmağa, həqiqəti üzə çıxarmaq üçün ipucları tapmağa çalışdım. Bu məsələdə mənə Fikrət Vəzirovla yanaşı möhtərəm alimlərimiz akademik Kamal Talıbzadə və professor Pənah Xəlilovun böyük köməyi dəydi.
Həmin illərdə romanın motivləri üzrə ikiseriyalı bədii filmin ssenarisini də yazdım. Ssenari 1993-cü ildə Dövlət Yanacaq Komitəsinin sponsorluğu ilə çəkiləcəkdi, amma həmin məqamda baş verən hərbi-siyasi hadisələr ideyanın gerçəkləşməsinə imkan vermədi. 1998-ci ildə tanınmış gürcü rejissoru Keti Dolidze ssenarinin mövcudluğundan xəbər tutub məni Tbilisiyə dəvət elədi və “Qafqaz evi” təşkilatının xəttilə ssenarini ekranlaşdırmaq arzusunda olduğunu bildirdi. Təəssüf ki, maliyyə çətinlikləri üzündən həmin ideya da baş tutmadı. 2000-ci illərdə Bakıda sənədli film çəkən Azərbaycan əsilli Hollivud rejissoru Con (Cahangir) Qaffari ssenariylə maraqlandı, ideyanı Hollivudda gerçəkləşdirmək arzusunda olduğunu bildirdi. Bununla belə, əsərin ekran taleyi yenə uğursuzluğa düçar oldu. Bir neçə il əvvəl İsveç televiziyasında çalışan rejissor Rahim Sadıqbəyli eyni arzunu gündəmə gətirdi, hətta, filmin maliyyə xərcləri də müəyyənləşdirildi, amma bu dəfə də işlər axıra çatdırılmadı.
Bu illər ərzində mən təbii ki, romanın taleyilə bağlı araşdırmalarımı davam etdirirdim. Yusif Vəzirin Əlyazmalar İnstitutundakı fondunda, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Tarix Arxivində, Ədəbiyyat Muzeyində, Tarix Muzeyində Yusif Vəzirin bioqrafiyasına, XIX əsrin sonu - XX əsrin əvvəllərinə dair sənədləri öyrənirdim. Versiyamı təsdiqləməyə kömək edəcək hər bir fakt məndən ötrü qiymətliydi. İmkan tapıb Yusif Vəzirin yaşadığı Kiyev və Simferopol şəhərlərində oldum, onun həbsdə olduğu Qorki (indiki Nijni Novqorod) vilayəti Daxili İşlər İdarəsinə sorğu məktubu göndərdim. 2009-cu ildə İstanbulda olanda Yusif Vəzirin izini axtardım, onun arxivini tapmağa çalışdım. Romanın taleyi və müəlliflik məsələsilə bağlı bütün araşdırmaları, xüsusilə Betti Bleyer, Həsən Quliyev, Zeydulla Ağayev, Çərkəz Qurbanlın, Tom Pays, Nuridə Atəşi... və onlarla başqalarının tədqiqatlarını diqqətlə oxudum.
Təxminən 20 illik hazırlıqdan sonra roman ətrafında baş verən hadisələrin bütöv bir əsərə bəs edəcəyi qənaətinə gəlib “Qurban” romanını qələmə aldım. O vaxt müəyyən iş yerim olmadığından yetərincə vaxtım vardı, romanı təxminən iki ay yarıma bitirdim.