Köpəklər şəfalı otları tanımır, amma onları səhvsiz qəbul edir...
Çox güman ki, Kolumbiyalı Markes "Bir şəhərin tarixi” əsərini oxuyub və "Yüz ilin tənhalığı” da məhz ordan qaynaqlanıb.
Nəşr işlərimlə əlaqədar böyük övladımla birgə Kiyevdən keçərək Krıma gedirdim. Köhnə dostlarım yaşayan ərazidə - Kiyev ətrafında, metro stansiyasının yanında köhnə bukinist dükanı var. İçərisində dolaşarkən özünü az qala qarətçi kimi hiss edirsən. Burada satılan kitabların xarakteri və qiymət həddi isə Ukrayna intelligensiyasının həqiqi yeknəsəq həyatı haqqında hər hansı müxalifətdən daha dolğun bəhs edir. Əsasən inqilabaqədərki məlumat kitabçaları, Duma protokolları, qalın jurnallar və peşəkarlardan başqa heç kimə gərək olmayan nadir əşyalarla bərabər Sovet kitablarının da nümayiş olunduğu bu "qayığa" həm də seçilmiş əsərlər daxil idi. Birdən Nikolay Qrinkoya (Sovet kino və teatr aktyoru, "Buratinonun sərgüzəştləri” filmində Papa Karlo rolunun ifaçısı, 1920-1989 – X.N.) oxşayan arıq qocanın 10 qrivenə satdığı Saltıkov -Şedrinin 10 cildliyini gördüm.
Əminəm ki, sövdələşsəydim onu 5 qrivenə də ala bilərdim. Uşaqlıq illərimin kitabxanasını xatırladım... Səhifələrinə gözəl illüstrasiyalar çəkilmiş rus klassikası topluları... Orta səviyyəli intelligentin fəxri... Allah eləməmiş bircə cild yoxa çıxaydı! 90-cı illərin əvvəlində pullarla bərabər kitablar da birdən-birə qiymətdən düşərək tullantıya çevrildi. Zaman dəyişmələri arasında təsəlli duymaq xüsusiyyəti bir çoxlarına çətin başa gəldi - kommunistlərdən sonra liberallar hücuma məruz qaldı. Ən şiddətli ifşalar edən Qoqol yeni doğulan kapitalizmin romantiki oldu, Lev Tolstoy aristokratların müğənnisi, Dostoyevski hakimiyyət üzvü, Ostrovski proqressiv ticarətin hamisi olduğu halda Saltıkov-Şedrin isə tamamilə yoxa çıxdı. Məlum oldu ki, o, hər kəsdən daha artıq kommunistdir - məktəb və hətta universitet proqramından çıxarıldı, hazırda nadir hallarda nəşr olunur. İndi bacarırsansa onun adından namuslu satirik damğasını və ya rus fobiyasına meylliliyi təmizlə. Düşünürəm ki, rus klassikləri arasında yeganə yazıçıdır ki, 10 cildlik seçilmiş əsərlərini hətta Kiyevdə də bu gün 50 rubla - 5 qrivenə əldə etmək olar. Bütün bunları başa düşən Şedrin bir kənarda "sakitcə dayanaraq" şübhəli, yeni və təzə görünüşə malik olacaq - aydındır ki, bu açıq-qəhvəyi qızılı "qəlibə salınmış" "həqiqi” toplunu heç zaman açıb oxuyan olmayıb. Müəllif özünün rus ədəbiyyatında layiq olmayan təvazökar vəziyyətini geri addımlarla daşımağa öyrəşib. Səbr edək. Axı bütün ədəbiyyat tariximizdə bu qədər təvazökar ambisiyaları olan və əməyinə tənqidi münasibət bəsləyən yazıçı tapmaq çətindi. O, gənclərin zövqünə özünütənqid mövqeyi ilə cavab verirdi: "mən sanki saniyələri çəkən rəssamam..." Tolstoyla rəqabət aparmayan Şedrin, özünü Dostoyevski ilə müqayisə etmir, öz romanlarını oçerk adlandırır və çox çətin ki, ölümqabağı şöhrət onu ciddidən məyus edirdi. Əksinə, əsərlərinin öz aktuallığını itirməməsi səbəbindən qorxu keçirirdi.
Qısacası o, mənə o qədər zavallı təsiri bağışladı ki, mən anlaşılmaz vəziyyətdə dərhal 10 cildliyin hamısını aldım, onları üzərində sevimli "Pervak” (araq) reklamı olan 2 möhkəm paketə yerləşdirdim və elə bu görünüşdə də, əslində, bu topludan başqa heç nə oxumadığım Krıma apardım. Toplu sanki mətnin şərhlərlə nəhəng "mübarizəsinin" ürək parçalayan mənzərəsi idi. Nə Lermontova, nə Buninə Sovet təfsirçilərindən heç nə çatmadı. Hətta bircə giriş məqaləsi də şagirdləri Saltıkov-Şedrindən uzaqlaşdırmağa qadir idi, hər sözü aydınlaşdırmaq üçün yazılan qeydlər isə əksinə olduqca acınacaqlı mövzudur.
Böyük rus satirikini bir həftə ərzində oxuduqdan sonra mən hər şeylə maraqlanan qızımın və onun hər sitata ürəkdən gülən dostlarının əhatəsində anladım ki, yazıçını "xilas etmək" lazımdır. Zənn edirəm ki, bu gün ən mühüm, ən lazımlı və dəqiq rus klassiki olan Saltıkov-Şedrin öz dövrünün nəhəng müasirlərindən daha radikalca yaşamışdır. Bir də zənn edirəm ki, xəstəliyi səbəbindən artıq neçə dəfə çaş-baş qalan intelligent şüuru üçün Şedrin yeganə məlhəmdir və ondan başqa heç kim bizə bugünkü gerçək vəziyyətimizi izah edə bilməz. Amma onu oxumaq lazımdır.
Amma ondan elə bir obraz yaratmışdılar ki... Adı qeyd olunmayan qadın şairələrdən biri başqalarından fərqli olaraq açıq şəkildə etiraf edir: "Mən onun hələ əsərlərini oxumamış, fotoşəklini gördüm və əbədi sarsıldım. Necə kədərli, əsəbi və tələbkar baxışları vardı... Onun əsərlərinin heç biri sonralar məndə bu portret qədər dərin iz buraxmadı”. Sovet ədəbiyyatı da Şedrini məhz bu cür qadınsayağı izah edirdi- gecə-gündüz var-gəl edən və ağrıdan qışqıran əbədi dərdli adam obrazı... Təbii haldır, insanda ürək yerinə olan məhz ikinci qaraciyərdir. Əsəbi, ehtiraslı, ittihamla dolu - o, Rusiyanı həm sevir, həm də daha çox nifrət edir və acı sözlər sanki qələmindən səpələnirdi!
Şəxsi həyatı yox idi, təkcə jurnalistika. Saltıkov-Şedrinin bir məsələdə də bəxti gətirməyib - o, demək olar ki, heç zaman yanılmırdı. Sədaqətli şagirdi Mixail Uspenski (Rus yazıçısı, jurnalist, 1950-2014 – X.N.) bir dəfə onun 70-ci illərdəki kitab seçmə prinsipi haqqında danışdı. Hərgah ön sözdə müəllif yanılması haqqında qeyd olunmuşdu, amma bu tamam başqa məsələdi. Sovet ədəbiyyatşünaslığı nöqteyi-nəzərindən Şedrin tamamilə haqlı idi. Ahıl yaşlarına qədər fabrik proletariatının həyatından bixəbər olan Şedrin sağlamlıq problemlərinə görə qəbul etməli olduğu "Peşoxonyanın Patriarxal həyatı”nı özü üçün ideallaşdırırdı... Lakin elə həmin anda (əlbəttə ki, qəfildən) sanki yuxudan ayıldı və hər şeyə nifrət etməyə başladı. Nifrət ona əsəb gərginliyi yaşadırdı, bu səbəbdən də o, qeyri-patriarx olduğu illərə qayıtdı - onda dünyadakı hər şeyə qarşı yaranan əsəb xroniki hala keçdi, xırdaca səs belə ona fiziki əzab verirdi... Ölümündən az əvvəl aralarında V.İ.Leninin böyük qardaşının da olduğu Peterburq tələbələrini qəbul etmək bədbəxtliyini yaşayıb - bu inadkar, fanatik cavan, qocanın əlini üzün müddət sıxdı və bununla onu xeyli qorxutdu. Yevgeni Yevtuşenko bu hadisə haqqında çox təsirli şeir yazmışdı: "Belə sıxmayın əlimi, ağrıdır, qocayam axı”. Şedrin əvəzində güldü, amma güləcək halda deyildi. Doğrudan da gülməli heç nə yox idi.
Qəribədir ki, bu günə kimi heç kəsin ağlına bu fikir gəlməyib: Kolumbiyalı Markes çox güman ki, "Bir şəhərin tarixi”ni oxuyub və məhz ondan "təsirlənərək” "Yüz ilin tənhalığı”nı yaradıb. Hətta o özü yüz il sonra da bu ideyaya sahib olsaydı, erotik, mistik və folklor koloritinə görə əsər rus ədəbiyyatına aid olmalı idi, ələlxüsus da Saltıkov-Şedrinə. Ağlasığmaz olan odur ki, əsərin ortaya çıxması "tarixi”ni heç kəs başa düşmədi, növbəti nəsil isə zamanını parodiyalara ayırmağa üstünlük verdi. Bir sözlə Markesin bütün mətnarxası mənaları başa düşülən vətənində də "Yüz ilin tənhalığı”nı satirik əsər hesab edirlər: iki səhifəlik Şedrin eposu əlbəttə ki, sosial satirayla müqayisə oluna bilməz. Ümumiyyətlə isə, məsələ bunda deyil. Rus həyatının bütün milli arxetiplərini - varyaqları (Orta əsrlərdə Baltik dənizi zonasında yaşayan bir xalqdır. Bizansda və Kiyev Knyazlığında muzdlu döyüşçü olaraq xidmət göstərən varyaqlar bunun yanı sıra ticarətlə məşğul olurdular – X.N.), qarışıqlıq, aclıq, yanğın, islahatlar, reaksiya meyli (həvəs, qabiliyyət) geniş şəkildə özündə birləşdirən nəhəng epopeya yarandı. Nahaq yerə şərhlər üçün kilometrlərlə kağız istifadə olunub-hərfi izahı ilə Şedrin bu və ya başqa ("Ac şəhər” alleqoriyası kimi) əsərlərinin hətta başlıqları da ən çox oğurlanan yazıçıdır. Sovet şərhçiləri çaşqınlıq içərisində qalırdı: burada birbaşa analogiya yoxdur. İctimaiyyəti məlumatlandırsan belə. Axmaq gənc Pisaryov (Dmitri İvanoçiç Pisaryov 1840-1868, Rus publisisti, ədəbi tənqidçi, inqilabçı demokrat – X.N.) "Ağ yumorun gülləri” məqaləsində həmin bu sirli fantasmaqoriyaya (fantastik təqdimat – X.N.) münasibət bildirdi. O, orda məhz elə üzbəüz allüziyalara (açıq şəkildə mədəniyyətdə və ya ictimai fikirdə oturuşmuş ədəbi, tarixi, əfsanəvi və ya siyasi fakta işarə və ya oxşatma. Həmin faktın danışıq dilində yaxşı tanınması da əsas şərtlərdən sayılır –X.N.) rast gəlmədi-praktik mənası olmadan isə daha o nə satiradı? O, Şedrinin təmsil yox, xalq eposu yazdığından tamamilə xəbərsizdi.
"Bir şəhərin tarixi” əsəri amma və ancaq satira deyildi, bu bütün Rusiya tarixi mövzusunda və milli mifologiyada homersayağı fantaziya idi. Burda ağlagəlməz məqam çox azdı. "İnsan öz komasına gələndə onun azacıq işıqlandığını görür, bütün çuxurlardan arıq, alovlu ilanlar çıxır və anlayır ki, onu dumanlı şəkildə təhdid edən, onun bütün həyatından keçib gedən hər şeyin sonu elə budur. Nə etməli? Hansı tədbir görməliyik? Özünə deməlisən ki, keçmiş bitib və hansısa yeni həyat başlamaq üzrədir; bu yoldan həvəslə müdafiə olunardın, amma vəziyyətdən qaçmaq mümkün deyil. Çünki o özbaşına gələcək və "sabahkı gün” adlanacaq.” Hardan da başlasan bu kədərli aforizm Qlupovların yanğınının ortasında genişlənmiş və elə bircə anda bütün rus metaforasını əhatə edən alov birbaşa Şedrin fantasmaqoriyasına işarə edirdi - qarşımızda milli apokalipsis var, hər şeyin sonu haqda peyğəmbərlik edirik və bu son qaçılmaz cəza kimi hər şeyə görə birdəfəlik başlayır. Markesin qəhrəmanı Melkiadesin perqamentlərini oxuyub bitirdikdən sonra burulğana düşür, Şedrində sirli "O" (Ovçarov bu gözəl, amma səthi ekran işini belə adlandırmışdı) - tufanlı yağış səbəbindən zənglər öz-özünə vurmağa başlayır... Tarix öz məcrasını dəyişdi. "Zira, yüz illik tənhalığa məhkum olan insan nəsillərinə, dünyaya ikinci dəfə gəlmək qismət deyilmiş” - finaldakı bu cümlə hər şeyi aydınlaşdırır; lakin bu yerdə Şedrin "tənhalıq” əvəzinə "sabitlik” deyərdi. "Tarixdə, həqiqətən də, insan düşüncəsinin heyrət içərisində dayandığı uğursuzluq baş verir. Həyatın axını sanki öz təbii axarını saxlayır və eyni yerdə fırlanan, öz ətrafına səpələnərək solğun köpüklə örtülən şəlalə yaranır... ümumi inkişafın fasiləsi də budur”, bu açıq sitat həmin "Tarix”dən həm Qlupova, həm də Makondaya diaqnoz qoydu. Bu bir neçə illik tarixi uğursuzluqda hər şey məhv olur. Markes və Şedrin onları yüzə çatdırdılar. Günün günorta çağı daxili düşmənlə savaşda gözlənilmədən zülmətin qurbanına çevrilir və bir-birini döyürlər: ümumi fikrə əsasən şəhər rəisinin özgə arvadı ilə əlaqəsi nəticəsində, quraqlıq yetişir; bu təkcə xeyirxahların deqradasiyası deyil, həm də ilk ağılsızların azca cazibədar fərsizliyi Uqryum-Burçeyevin aqressiv səfehliyinə keçir - rus tarixində Şedrinin təcrid olunduğu hərtərəfli süjetidir. Lakin onun əsərləri ehtiraslı nifrət və ümumiyyətlə, nifrətlə nəfəs almır. Bu, Markesin sanki öz Makondo və ya İsgəndər qəsəbələrinə nifrət etməsidir. Bu ifşa deyil, saqadır (Saqa Orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir – X.N.) - az qala ibadət kimi... iliyə işləyən... Eposun qatı qarışıqlı, iyli, fasiləsiz qıcqıran xəmiri; burada qan da, ciyər də, göz yaşları da, toz da, öd, şər və bütün bunlar birlikdə son dərəcə yığcam tarixi hadisələrdi: ancaq vətənə qarşı heyrətamiz hisslər və ən əziz sevgilinin sayəsində bu cür əsər doğula bilər. Deməyə də qorxursan ki, Şedrin Qlupov şəhərini sevir! Və o nə qədər Qlupovun fəaliyyətsizliyinə, bayağılığına, cəfəngiyatına nifrət etsə də, bu şəhərdə xalqı sevən, xurafata əməl edən peyğəmbər-dərviş yaşayır. Həqiqətpərəstlər və rəssamlar və ən əsası məhz bədnam Qlupov, Uqryum Burçeevin utopiyasını məhv etdi və ona var olmaq imkanı vermədi. Utopiya odur ki, səhər açılan kimi izdiham tikintidəki işinə yol alır, gecə isə onlara bir parça qara çörək və duz verilir - bütün bunlar təhlükəli dərəcədə dəqiqliklə, "Tarix” yazıldıqdan əlli il sonra həyata keçdi, amma rus mədəsində o da çürüdü, ardınca son tənəzzülü baş verdi və tarixi bitdi.
Bundan başqa "Bir şəhərin tarixi”ndə məhz Qlupov şəhərinin özünü qoruması qanununa zidd bələdiyyə başçısı hər hansı səhvlərinə baxmayaraq rus tarixinin demək olar ki, əsas vektoru əldə olunub. Qlupov şəhəri qarmaqarışıq imperiya kimidir, daxilində peyğəmbərlər, rəssam və ya qanun keşikçisi gizlənə bilər; bu görünüşdə şəhərdə yorulmadan özünü bələdiyyə başçısı kimi təqdim edən şəxs isə ancaq prosesin katalizatoru ola bilər, prosesin özünü dəyişmək isə onun əlində deyil. İmperiya öz-özünə inkişaf etmək və bütöv qalmaq üçün daha çox "ağlını itirməli” və müasir sivilizasiyadan uzaq dayanmalıdır; imperiya kədərlə başlayıb uqryum-burçeyevlə bitir və sonda iflasa uğrayır. Maarifçilik tökülən qanlar bahasına başa gəlir, maarifin ləğv edilməsi nəticəsində də qan tökülür. İllər ötdükcə məlum olur ki, məsələ maarifçilikdə deyil – o, onsuz da şəraitə uyğunlaşır. Periodik tökülən qanların zəruriliyi, sanki xəstənin qan aldırandan sonra bir müddət rahat nəfəs alması kimidir. Lakin harda ki, mütərəqqi inkişaf yoxdur, əksinə, tarixi boşluqlar, yüz ilin tənhalığı var - orada tarix tez və ya gec öz axınını saxlayır.
Bu boşluq hardandır və ümumiyyətlə o, niyə yaranmışdır? Şedrin hesab edirdi ki, (və həmişə də bunu təkrarlayırdı) milli anormallığın səbəbi ümumi ictimai fikrin yoxluğudur. Rus həyatının əsas əlaməti ona həmin bu əngəl şəklində təqdim olundu, bütün disskussiyalar sonda bizi məcbur etdi ki, özümüzünkülərin kökünü kəsək. Bizsə rus ictimai həyatı haqqındakı bircə suala belə cavab tapmadan necə yaşayırıq, görəsən? Bu haqda məhz "Xalama məktular”da ətraflı yazılıb - zəif, avam, ağlağan rus intillegentləri, ələlxüsus da "ölkədə heç kim yoxdur məktub yazmağa". Bizdə bircə əşya belə öz adı ilə adlandırılmırsa, hansı ictimai həyatdan, ədəbiyyatdan danışmaq olar?
"Qolovlyov”ların bütün həyatı yuxuda keçir. Ümidin yaranması üçün bircə dəfə gözlərini açıb bu müəmmanı aradan qaldırmaq kifayətdir. Bununla hətta hansısa sistem dəyərləri də güclənəcək... Şedrin dəfələrlə bütün qüsurlardan ən qorxulusu olan saxtakarlığın əleyhinə çıxdı. O, rusların əbədi çaşqın düşüncəli olması, bacarıqsızlığı və hər şeyi səmimi qəlbdən etiraf etməsini saxtakarlıq adlandırırdı. Hər kəsin üzündə sanki Arina Petrovnanın ("Cənab Qolovlyovlar” romanında obraz – X.N.) ölüm yatağında fəzaya baxarkən yarandığı ifadə donub qaldı, "sanki o, nəyi isə anlamağa çalışır və bacarmırdı.” Şedrin də yuxarıda haqqında danışılan fotoşəkildə bu cür baxır, əsəb və ya kədərlə yox... Daha doğrusu əsəb və kədərlə. Onlar rus mütləqiyyətinə müraciət etmirdi, əksinə rus anormallığı hər kəsi əhatə edən yuxuya, dumana bürüyürdü. Ancaq əsl səfeh sübut etməyə çalışa bilərdi ki, guya Şedrin insan əməyini sevirdi və xilası da əməkdə görürdü. Bu haqda Şalamova (Varlam Tixonoviç Şalamov, Sovet şairi və nasir, 1907-1982) qədər "Qolovlyovlar”da hər şey deyilib - fiziki əməyi insan lənəti adlandıran Şalamov: "Ah! Əmək həyatda böyük işdir! Lakin onunla ancaq hansısa anadangəlmə günahın lənəti onları buna məhkum edən güclü adamlar birləşir. Əmək ancaq onları qorxutmur". Əmək daxilində lənətli suallara cavab axtarmaq gülməli olardı: orda ən yaxşı halda huşunu itirmə, ən pis halda keyləşmə, bayaq dediyim yuxu, müəmmalar, qara bulud, yüz illik tənhalıq tapmaq olar.
Bir çoxları üçün tapmacadır: Şedrin bu cür qorxulu "Qolovlyovlar”ı yazdığı haldı, necə olur ki, "Poşexonyeli qoca”nı (Poşexonye — Rusiya Federasiyasında yerləşən şəhər. Yaroslavl vilayətinə daxildir –X.N.) dərc edir? Burda müəyyən təzadlar var, axı "qoca” - demək olar dolğun, rahat həyat, cazibədar tiplərlə dolu avtobioqrafik əsərdi! Elə məsələ də cənab Qolovlyovlar kimi bundadır ki, bütün qəhrəmanlar çox yaxşı adamlardı; Arina Petrovna anadı, içki dükgünü Stepka da, susqun Paşka da, əldən-ələ keçən yetimlər də, oyunda uduzan Petenka da... Onlar hamısı, əlbəttə, vicdanlı yaramazlardır (əsasən də uduzmuş Petenka), amma müəllif hamısını səmimi qəlbdən sevir, hətta... Duşka üçün də onun dünyasında şans var! Şedrinin faciəsi də bunda idi ki, o, Rusiyanı həqiqətən sevirdi, Qlupovu sevdiyi kimi, və onun "Mən Rusiyanı cani-dildən sevirəm” etirafı saysız tədqiqatçılar tərəfindən bayağılaşan, sıxışdırılan heç də boş vətənpərvər bəyannamə deyildi. Rus ədəbiyyatında bu cür hadisələr bəs deyincədir. Hətta mən düşünürəm ki, bütün rus klassiklərindən təkcə Şedrin Rusiyanın savadına, dürüstlüyünü iddia edə bilirdi - savad əlbəttə ki, bir tərəfdən məcburidir, onu da gəncliyində ilk iki povestin "ardınca" Vyatkaya (Vyatka - Bu gün Rusiyanın Kirov vilayətində yerləşən Kirov şəhəri – X.N.) göndərmişdilər; həmin zaman o, sərhəddən kənara ilk dəfə idi çıxırdı. dövlət qulluğunu saxlaya bildi 40 yaşdan sonra. Russoist (Fransız yazıçı və filosof Jan Jak Russonun baxışlarının əhatə olunduğu sistem – X.N.) bir çox müasirləri qəribə, qeyri-rus sərhədinin hüdudları xaricində adlandırdığı Tolstoyun fonunda, Qərb fikirli Turgenyevin fonunda, əsasən Rusiyada və Peterburqla işbirliyi olan Dostoyevskinin katorqadakılarla 4 illik ünsiyyətini nəzərə almasaq, Şedrin həqiqi rusdur və bütün rus ədəbiyyatında köklü və təbii "hadisə”dir.
Qərb onun xoşuna gəlmədi, slavyanşünaslıq daha çox iyrəndirirdi – elə məşhur "şalvarlı-şalvarsız oğlan” dialoqunda da bütün ədəbsizliyə rəğmən özünü olduqca ləyaqətli təqdim etdi. Saltıkov-Şedrin səmimi idi, əsəbi, az qala bayağı vətənpərvər, Rusiyanı bütün yaraları ilə (ən əsası da yaraları ilə) sevən və vətəni bütün eybəcərlikləri ilə lənətləmək həddinə çatmışdı, bəlkə də lənətləyirdi... lakin yadelli kimi yox. Onun rus satiriklərindən əsas fərqi də bundadır. O, heç vaxt ana vətən haqqında - "görünüşcə həyasız xaladır” fikrində olmadı; Rusiyanın zəif tərəfi olan hərbi və siyasi məğlubiyyətləri onu ümidsizliyə düçar edirdi.
Və onun bütün əzabları da (onun həqiqətən əhəmiyyətli və əzəmətli nəsrinin keyfiyyəti qədər) ona görə baş verirdi ki, o, burada yad deyildi.
Nəticədə, isə həm Nekrasov, həm də Şedrin az qala Oktyabr inqilabının günahkarı hesab olundular.
Bu iki həqiqi vətənpərvər və islaholunmaz intelligentləri dövlət və liberal yalanlarına bərabər nifrət edən rus azadlıq cərəyanından uzaqlaşdırmaq zamanıdır. Lenin o qədər adamı sevib ki. Hitler isə hətta Von Vaqneri də sevirdi.
Saltıkov-Şedrin çox yaxşı başa düşürdü ki, rus liberalizmi gülməli və zəifdir - onun "Karas-idealist" nağılı əksər hallarda etirafa bənzəyir. Onu da başa düşürdü ki, xalqa ümid etmək doğru deyil: onun "Konyaqa" nağılı xalq özünüdərkinin perspektivləri haqqında suala yetərincə skeptik cavabdır. Ən əsası - o, əməlli-başlı anlayırdı ki, Rusiya hansısa manyakcasına məntiqliliyi ilə öz təbiəti, məqsədi və şəxsi vəziyyəti haqdakı birbaşa söhbətlərdən qaçır: O, nə ilə desən əylənməyə hazırdır, təki özünə diqqət yetirməsin, çünki elə şeylər görə bilərdi ki... - nitqi quruyardı! Porfiriy Qolovlyov bir dəfə nəzər saldı və həmin anda da vəfat etdi. Əgər Şedrin, həqiqətən də ,Qoqolun tələbəsi olsaydı, ondan bircə onu mənimsəyərdi ki, mütləq boşluğun önündəki faciəni Rusiyanın daxilində hiss etmək olar. Prinsiplərin, ruhun, vicdanın, məqsəd və düşüncələrin əvəzindəki "İtgin düşən vicdan” nağılında, "Qurudulan çapaq balığı" hekayəsindəki kimi, daxildə heç nə qalmayıb . Və o, bundan olduqca razıdır.
Və bütün rus inqilabının başlanğıcında (sovet filoloqları Şedrinin ölüm ilində gənc Lenin artıq "Kapital”ı və ya heç olmasa "Monrepo sığınacağı”nı öyrənməsini fəxarətlə yazırdılar) özünü fəda etməklə, narkotiklə, qara buludla əsas məqsəddən yayınma kimi təqdim olunurdu; amma onun müraciət etdiyi həmin sosial şüar isə "sağ qalmaq” ideyası idi.
Elə buna görə Mixail Yevqrafoviç Saltıkov-Şedrin Nekrasovun və Dostoyevskinin ölümündən sonra, Tolstoyun yaradıcılıq böhranı, Çexovun günəmuzd gəncliyi dövründə rus ədəbiyyatını təklikdə öz çiyinləri üzərində daşıyarkən ikrah və sevgi arasındakı ziddiyyətləri aradan qaldırmaq iqtidarında olmayaraq taqətdən düşdü və 1889-cu ildə öldü.
Şübhəsiz ki, o, rus inqilabının sonuncu nəhəngi kimi Rusiyanı həqiqətən səbəbsiz yerə sevirdi. Tolstoy dövlətə heç vaxt da böyük əhəmiyyət vermirdi. Çexov bu gün haqqındakı söhbət zamanı hər hansı lirikadan cidd-cəhdlə qaçaraq gələcək haqqındakı söhbətləri ilə seçilirdi. Digərləri isə melonxolik tərzdə müxtəlif dərəcəli etibarlılığa malik idi. Yeganə olaraq Blok ad-sanlı nəsli və tərbiyəsi sayəsində nəsə hiss edirdi və o da baş çıxarmaq gücündə olmadan vəfat etdi.
Hardasa yaşamaq və uğurla fəaliyyət göstərmək üçün o yeri sevməlisən. O yerin haqqında yaxşı yaza bilmək üçün mütləq sevməlisən... amma bu zaman, yaşaya bilməyəcəksiz. Və hər kəs doğulduğu andan öz seçimini edir.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül, Kaspi qəzeti