Kulis.Az şair, AYB-nin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu ilə müsahibəni təqdim edir.
- İlk növbədə yeni şeir kitabınızın təqdimatı ilə bağlı təbrik edirik. Niyə “İlyas Göçmənin şəkil dəftəri”?
- Çünki kitaba daxil edilmiş 40 şeir ki, var Türkiyənin görkəmli fotoqrafı İlyas Göçmənin 40 fotosuna həsr edilib. Ona görə qərara gəldim belə adlandırım.
- Ədəbiyyatımızdakı son durum sizi qane edirmi?
- Sual bir qədər konkretlik istəyir. Son durum deyəndə nəyi nəzərdə tutursuz, bəlkə bir qədər dəqiqləşdirək?
- Son 15-20 ili nəzərdə tuturam.
- Müstəqillik illəri dövrü Azərbaycan ədəbiyyatı tarixinin ən işıqlı dövrüdür. Azərbaycan ədəbiyyatı, xüsusən poeziyası XX əsrdə iki dəfə köklü şəkildə dəyişib. Bu, 30-cu illərdə - Mikayıl Müşfiq, Rəsul Rza, Səməd Vurğun kimi şairlər və onların nəsildaşlarının dövründə. Daha sonra 60-ci illərdə. Sonra isə bizim dövrümüz gəlir. 90-cı illər. Bu dövrdə köklü dəyişiklər və illüziyaların dağıldığı dövrdür.
- Sadaladığınız dövrlərdən daha çox hansından bəhrələnirsiz?
- Şair və yazıçılar məncə konkret hansısa dövrlərdən bəhrələnmir. Konkret mətnlərdən bəhrələnir. Mən bütün yaxşı mətnlərdən öyrənməyə çalışmışam.
- Bəs gənc yazıçılardan kimləri oxuyursuz?
- Mən hamını oxuyuram. Məsələn, Qisməti, Fəridi, Aqşin Evrəni, Elvin Paşanı, Azəri, Seymur Sunu, Fuad Cəfərlini, Elşən Mehdini, Rəşad Nağını… Təsadüfən, kiminsə adını unuda bilərəm, gərək bağışlasınlar. Maraqlı şairlər çoxdur, ümidsiz olmağa dəyməz. Yaxşı istedadlı, ədəbiyyat naminə çalışan gənclər var.
- Tərcüməçi və şair. Özünüzü daha çox hansı ampluada görürsüz?
- Gəlin sizə bir sual verim. (Stolun üstündəki fincanı göstərir) Bilirsiz buna rusca nə deyirlər? “Çaşka”. Sizcə o indi fincandır, ya “çaşka”dır? Və yaxud “cup”, hansıdır? Yəni, ruslar başqa, ingilislər başqa cür adlandırır. Görürsüz, nə qədər adı var. Məsələn biz aşiq oluruq, iztirab keçiririk. Sizcə iztirab dilimiz hansı dildədir? Əlbəttə ki, dili yoxdur, eyni hissi fransız, da ingilis də keçirir. Əslində böyük mənada şairlik və ədəbiyyatla məşğul olmaq heç bir dilə aid olmayan hissləri, duyğuları, hadisələri öz dilinə köçürməkdir. Deməyim odur ki, birinci növbədə şair və yazıçılar da tərcüməçidirlər, heç bir dilə aid olmayan mətləbləri öz ana dilinə tərcümə edən adamlardır. Tərcüməçilər bu mənada eyni şeyi ikinci əldən edən adamlardır. Ona görə mən həm şair kimi tərcüməçiyəm, həm də tərcüməçi kimi şairəm.
- Deyəsən bəstəkarlar sizin şeirlərinizə müraciət etmir?
- Edirlər. Polşada bir bəstəkar şeirlərimə simfonik əsər yazıb.
- Hansı şeirinizə?
- “Gecə barında” şeirimə. (Şeirin ilk iki misrasını deyir). Sonra, gənc bəstəkarlardan Tahir var, o, çox istedadlıdır. Yeri gəlmişkən, “Cavan bəstəkar dostlarım üçün blüz” adlı şeirim var, Tahirin də aid olduğu gənc bəstəkarlarımıza ithaf etmişəm. Tahir “Gitara üçün nəğmə” şeirimə mahnı bəstələmişdi. Sadəcə mən o adam deyiləm ki, düşüm o mahnının ifa olunması, oranjiman olunması üçün çalışım. Tahir də cavan oğlandır, o imkanları görünür yoxdur, həm də yəqin ki, özü-özünə sual verir ki, “niyə mən onu etməliyəm?”. Bəli, yəni müraciətlər olur. Amma mahnı, nəğmə üçün sözlər bu ayrı janrdır. Məndə gündə iki yüz dənə mahnı sözü yaza bilərəm. Amma bunu etmərəm, çünki mahnı sözü yazmaq çox asan bir şeydir. Bu, bir balaca peşəkarlıq, heca, qafiyə, takt, bitdi... Bu isə“xaltura”olar.
- Bəs necə oldu Polşadakı bəstəkar sizin şeirinizə simfoniya yazdı?
- Mənim Polşada kitabım çıxıb, ordakı mətbu orqanlarda - “Odra”da və digər mətbuat orqanlarında şeirlərim çap olunub, görünür, xoşuna gəlib. Mənə təklif etdi bu barədə, mən də etiraz etmədim. Ümumiyyətlə çox istisna hallarda şeirə musiqi yazılmasının tərəfdarıyam. Bu məsələyə laqeydəm. Amma istəsəm, dostlarım arasında böyük bəstəkarlar var, onlara məxsusi yazıb təqdim edə bilərəm. Amma mən bununla məşğul olmuram, çünki bu, mənim işim deyil. Təklif olarsa, baxarıq, amma bu ədəbiyyat üçün vacib məqam deyil.
- Bəs hansı şeiriniz sizi oxucuya tanıtdırdı, sizə uğur qazandırdı?
- Mən onu bilmirəm axı. Bircə onu bilirəm ki, 1997-ci ildən başlayaraq yazdım, bir qrup şeirlər oldu ki, onlar çap olundu və müəyyən çevrələrdə bəyənildi?
- Hansı çevrələrdə?
- Ədəbi, peşəkar çevrələrdə. “Absurd”, “Atama”, “Oğlumla söhbət”, bayaq adını çəkdiyim “Gecə barı” şeiri və sair.
- Yeni kitabınızın təqdimatından sonra gənc yazar Kəramət Böyükçöl sizə köşə həsr etdi. Xeyli istehzalı və tənqidi fikirlər olan köşəsində bildirib ki, “Səlim Babullaoğlu hər şeyi bacarır, bircə şeir yazmaqdan başqa”. Sizcə bu qərəz idi, yoxsa... ?
- Növbəti sual nədir bəs?
- Növbəti sual bundan sonra gələcək.
- Bu suala axırda cavab verəcəm.
- Yaxşı, bəs haqqınızda bu cür düşünən daha hansısa gənc yazar varmı?
- Mən adamlar və oxucularım arasında sorğu aparmıram. Bu, mənim işim deyil. Bu gün elə bir dövrdür ki, yaxşı da, pis də düşünən öz fikrini ən pis halda facebookda paylaşır. Ümumiyyətlə mən o yaşdayam ki, ədəbiyyatdır, ədəbiyyat deyilmi, istedaddır, istedad deyilmi və sairə bu kimi məsələlər mənə çox gülməli gəlir. Bu işlər profan fəaliyyətidir.
- Bu günlərdə şair-publisist Murad Köhnəqala yenidən AYB-yə bərpa olundu. Bu məsələyə mövqeyinizi bilmək istərdik.
- Düzü desəm, bu prosesi izləmirəm. Əvvəla, son günlərdə mənim başım tədbirlərə qarışdı, qonaqlarım var idi. Mən bilən o yazıçı Anarla görüşmüşdü, aralarında da xoş söhbət olmuşdu. İndi orda nə baş vermişdi, o təfərrüatları bilmirəm, təəssüf ki, izləmirəm. Ümumiyyətlə AYB-dən çıxmış və yenidən qayıtmış, hətta yenidən çıxıb, geri dönməyi istəyən xeyli sayda adamlar var.
- Burdan bir sual ortaya çıxır, sizcə yazıçı Anar və AYB-yə qarşı olanlar Anara məğlub oldularmı?
- Anlamadım.
- (Sualımı yenidən təkrar verirəm)
- Bilirsiz, bura güləş zalı deyil ki, gəlib Anara məğlub olsunlar və yaxud səni yıxsınlar. Bura Yazıçılar Birliyidir, qurumdur. Kimsə istəyir, bura üzv olur, kimsə özünü burda “naqolay” hiss edir, hesab edirsə ki, AYB ona mane olur, gedir. Belə hesab edən adamlar çıxıb gedirlər. Amma mən hesab edirəm ki, daxilən azad adamlar hər yerdə azaddırlar - AYB-də də, Prezident Aparatında da, həbsxanada da. Qaldı Anara, yel qayadan heç nə aparmır.
- Bu günlərdə fars yazıçısı Mustafa Məsturun təmtəraqlı kitab təqdimatını keçirdiz.
- Təmtəraqlı deyəndə, Milli Elmlər Akademiyasının kitabxanasında, 60-70 nəfər oxucunun iştirakı ilə imza mərasimi keçirdik. Mən bütün ölkələrdə harda olmuşamsa, orada təqdimatlarda iştirak etmişəm və bunu təmtəraqlı hesab etmirəm, əksinə, bizdə oxucuların sayının az olduğuna görə sönük hesab edirəm.
- Maraqlıdır, fars yazıçısından əvvəl Güney Azərbaycandan olan yazıçıların Bakıda kitab təqdimatı keçirməsinə dəstək olmusuz?
- Onda mən sizə başqa sual verim. Siz niyə, adı nə idi onun, o köşə yazanın...?
- Kəramət Böyükçöl.
- Niyə onun yazısını verməzdən əvvəl mənimlə müsahibə etməmisiz?
- Sizin də mövqeyinizi almağa çalışdıq, amma danışmaq istəmədiniz.
- Yox, siz pisliyi tirajlayıb sorğu almaq istəyirdiz, bu, başqa şeydir. O nə sualdır, ki, niyə güney azərbaycanlı... Ümumiyyətlə, yazıçının dili varmı? Yaxşı yazıçı istər fars, türk, indoneziyalı olsun, nə fərqi var, əsas odur ki, yaxşı əsər yazsın. Məgər onun əsəri insanlara düşünməyi, yaxşı şeyləri aşılayırsa, insanlıq, millətlər əleyhinə bir şey yoxdursa, niyə hesab edirsiniz məhz Güney Azərbaycandan kimsə olmalıdır? İndi bir gündə 10 yazıçının kitab təqdimatınımı etməliyik? Ümumiyyətlə, isə AYB-də Güney ədəbiyyatı komissiyası var və onlar bu işlərlə məşğuldurlar. Mən Bədii Tərcümə Mərkəzinin sədriyəm, o ədəbiyyatla məşğulam ki, həmin ədəbiyyat tərcümə olunur. Güney ədəbiyyatı isə azərbaycancadır.
- Sovet dövründə şair və yazıçıların kifayət qədər özlərini qane edən qazancı, maddi durumları var idi. Amma indi xüsusən də gənc yazıçıların yaşayış durumları qənaətbəxş deyil. Səbəb nədir - onları özlərini kifayət qədər təqdim və ya təbliğ edə bilmirlər, yoxsa... ?
- Sual mənə aid deyil. Mənim 44 yaşım var, kirayədə da yaşamışam, sıxıntı da görmüşəm və indi də zəngin yaşamıram. Sadəcə həmişə işləmişəm. 1990-cı ildən 97-ci ilədək peşəkar jurnalistika ilə məşğul olmuşam. Sonra isə tərcümələr, redaktələr etmişəm, elə olub ki, 3 saat yatmışam, yəni, həmişə işləmişəm. Elə olub ki, masadan ayrılmadan 18 saat fasiləsiz işləmişəm. İndi də asan deyil, bir neçə işlə məşğul olmalısan ki, ailən, qarşısında məsuliyyət daşıdığın adamlar qarşısında öhdəliyini yerinə yetirə biləsən. Hesab edirəm ki, mənə asan deyil, amma şikayət etmirəm. Sadəcə işləmək lazımdır. Heç vaxt onu düşünmürəm ki, mən şeir yazım ki, yaxşı yaşayım. Əlbəttə ki, arzu ediləndir ki, sənin kitabın alınır.
- Kitablarınız satılırmı?
- Mənim kitablarım ümumiyyətlə böyük tirajla çap olunmur və mən kitabla dolanmıram. Tutaq ki, 500 tirajla kitabı satdıq. Qiyməti olsun 6 manat. Bu da edir 3 min manat. Bunun vergisini, filan məsələləri çıxanda ortada 2 min manat pul qalır. Şeir kitabını isə ildə bir dənə belə çap edə bilməzsən. Bu detektiv roman deyil ki, iki aya birini yazasan. Odur ki, mən soruşuram, insan həmin pulla yaşaya bilərmi?
- Müşahidələriniz sizə nə deyir, daha çox hansı təbəqədən olan insanlar sizin kitablara maraq göstərir?
- Mənim oxucularım arasında 70-50, 20-19 yaşı olanı da var.
- Şeirlərinizin əsas məzmunu nədən ibarət olur?
- Seirləriniz əsasən hansı məzmun kəsb edir kimi suallar köhnəlib və doğru deyil. Yalnız bir şey bilirəm: şairin mərkəzində insan durur. Və şeir ya olur, ya olmur.
- İlham da gəlir?
- Mən ümumiyyətlə ilham, ilham pərisi anlayışını qəbul etmirəm. Bir dəfə zarafatla demişdim ki, hər şeir üçün bir ilham pərisi, yaxud bir ilhami-rizvan olsaydı, onda şairlərin şahlar kimi hərəmxanası olardı.
- Yəni, bu günə qədər ilhamla şeir yazan şairləri qəbul etmirsiz...
- Əksəriyyət nə dediyini bilmir. Mən nədən bəhs edildiyini anlayıram, amma düzgün ifadə olunmadığı qənaətindəyəm.
- Poeziyada bu gün bayağı ifadələr, söyüş və təhqirlər kütləvi hal almağa başlayıb. Buna münasibətiniz?
- Çox pisdir. Mən arqonun əleyhinəyəm. Şeir qəzəbli olanda belə estetik ustalığı ilə ifadə olunmalıdır. Şeir fotoqrafiya deyil ki, çəkdin, bitdi. Şeir sirli bir şeydir.
- Dünya, o cümlədən türk ədəbiyyatında da bu cür hallar artan tendensiyadadır.
- XX-ci əsr türk ədəbiyyatını, xüsusən poeziyasını kifayət qədər oxumuşam və bir çox müasir şairlərlə də şəxsən tanışam. Məgər onların hamısı yaxşıdır? Əsla. Mənim şeir anlayışım başqadır.
- Qayıdaq sonda cavab vermək istədiyiniz, Kəramət Böyükçölün sizin haqqında yazdığı köşəyə.
-Qiymətli yük aparan dəvə karvanı və it haqqında sevdiyim atalar sözünü son vaxtlar tez-tez xatırlayıram.
musavat.com
Xalidə Gəray