Kulis.Az tənqidçi İradə Musayevanən “Romanşünaslar, romançılar, roman oxucuları…” mqaləsini təqdim edir.
Dünya və Azərbaycan ədəbi-estetik düşüncəsində çağdaş mədəniyyət, ədəbiyyat və onun ən çox müzakirə olunan janrı – roman haqqında qənaətlər, konkret rəylər, təsəvvürlər birmənalı şəkildə izah olunmur. Xüsusilə Azərbaycan kimi keçməkeçli, ictimai-siyasi-tarixi qalmaqallar burulğanında yüz dəfə ölüb-dirilən, bölünən, dağılan, yenidən qurulan bir məmləkətin ziddiyyətlər içərisində haqq yolunu müəyyənləşdirmək istəyən insanının düşüncəsində... Bu təbiidir. Bu gün Azərbaycanda ədəbi-bədii, mədəni-estetik, sosial-siyasi, intellektual və ümumilikdə, bütün bunlarla bağlı ictimailəşdirilmiş şüur modelinin ifadəçiləri kimlərdir? “Oktyabryat”, “pioner”, “komsomol” ulduz və qalstuklarını hələ də sinələrində hiss edən, onun andını isə hələ də ürəklərində mənasız yerə yaşadan “sovet qəlibindən” heç cürə çıxa bilməyən alimlərmi, yoxsa, Qərb, Avropa həyatını görməyib onun inikasını mətbuatdan və müxtəlif informasiya mənbələrindən mənimsəməyə cəhd edən, yeniliyə can atan etirazçı ədəbi gənclikmi?
Sovet ideoloji düşüncə qəlibindən qurtula bilməyən, amma hər vəchlə yenilik, modern nəzəriyyə və estetika ilə həmfikir olduğunu sübut etmək üçün məqalə və monoqrafiyalarında ara-sıra (artıq get-gedə mütəmadi) modern adlara, fikir, nəzəriyyə və sitatlara yer ayıran ədəbiyyatşünaslarımız çox zaman oxucunun onu bu halında görmədiyini zənn edir. Ona görə də kürsüyə söykənib arxayınca mühazirə oxyur... Məsələn, tutaq ki, U.Ekonun, R.Bartın və ya P.Austerin roman janrı ilə bağlı yeni dünya və yeni insan xarakteri ilə səsləşən nəzəriyyələrindən sitat gətirib ardınca XIX əsrin II yarısında və XX əsrin 30-cu illərində Azərbaycan həyatına və ideoloji-siyasi-ictimai düşüncəsinə xidmət edən romanlardan danışır: “İbrahimbəyin səyahətnaməsi”, “Kəmalüddövlə məktubları”, “Qılınc və qələm” və s . Çünki bu romanşünaslar öz oxucularından bir növ “arxayındır”. O bilir ki, onun oxucusunun 99 faizi həm P.Austeri, həm də “İbrahimbəyin səyahətnaməsi”ni oxumayıb. Oxucusunun nəzəri biliyinə “güvənən” bu romanşünaslar bayağı, məişət əhvalatlarından bəhs edən irihəcmli bir “boşboğazlığa” “roman” deməkdən də çəkinmir. Hətta nəinki çəkinmir, həmin mənasız mətnləri təhlil edəndə bu termini (roman) “fəlsəfi”, “postmodern”, “tarixi-psixoloji” “ əxlaqi-pedoqoji” və s bu kimi epitetlərlə bəzəyir
Biz romanşünaslar-romançılar və roman oxucuları – üçbucağında heç bir tərəfi günahlandırmaq fikrində deyilik. Əslində, hər iki tərəfə sözü, mühakimə və mübahisə materialını ortadakı səbəbkar-romançı idxal edir. Ancaq bu da mübahisəlidir. Lap məlum “toyuq , yoxsa, yumurta” –məsələsi kimi... Bəlkə yaxşı, tələbkar, geniş erudisiyaya sahib, intellektli, mütaliəli, klassik və müasir həm dünya, həm də Azərbaycan ədəbiyyatına bələd oxucu olsa onun tələbi və istəyi, imtinası və etirazı yaxşı romanların meydana gəlməsinə səbəb olar və bu romanların da profesional, usta nəzəriyyəçiləri yetişər? Bəlkə də əksinə, Azərbaycan və dünya ədəbiyyatını, onun nəzəri-estetik konsepsiyasını, tarixini bilən və onları müqayisəli, analitik və konseptual təhlillər, tədqiqlər əsasında öyrənən, tətbiq edən, ciddi və obyektiv ədəbiyyatşünaslar kifayət qədər olmadığı üçündür ki, bu gün romançı və onun oxucusu arasında ruhi-mənəvi və intellektual əlaqə itib. Bu səbəbdən onlar bir-birini başa düşmək, anlamaq, qəbul və inkar etmək, bir-birini yadda saxlamaq, unutmamaq kimi psixoloji ünsiyyətdən məhrum olub. Bəzən elə onilliklər olur ki, ədəbiyyat keyfiyyətsiz məhsul istehsal edən, alıcısı olmayan ayaqqabı fabriki kimi işləyir. Onun sahibi, modelyer və dizayneri isə reklam şəkillərində öz, həyatda isə ingilis ayaqqabılarında gəzir. Necə ki biz məsələn, zövq və intellekt üçün özümüz Amerika və Yapon romanlarını oxuyub camaata “kolxoz romanları”nı təbliğ edirik... Bu saxtakarlığı isə “milli”, “xəlqi” ifadələri ilə ört-basdır edib, etiraz edənə “nihillist”, “inkarçı” aqressiyası ilə hücum edir, Dədə Qorqudun sazı, Beyrəyin qılıncı, Qaraca Çobanın dəyənəyi ilə “milli”, “türki” olmağın fəlsəfəsini anladırıq. Siz repressiya dövrünün sənədlərini vərəqləyin, orda bu ittihamlar (inkarçı, nihillist) hər səhifədə “qışqırır”...
Mən Azərbaycan romanının niyə dünya romanşünaslığında yer tuta bilməməsinin səbəbini araşdırıramsa , necə sırf “milli”, “türki” olub qala bilərəm. Bu gün roman janrının intibahı Qərb ədəbiyyatında baş verir. Yəqin ki, Orxan Pamukun da adını çəkmək olmaz. Axı o da sırf “milli”, “türki” nəzəriyyənin qulu olmayıb, nə olsun ki, türk oğlu türkdür...
Hələ də milləti, xalqı sevən, onun ədəbiyyatının, mədəniyyətinin inkişafı naminə, acı da olsa, həqiqəti deyənlərin sözünün mahiyyəti ilə problemi ört – basdır edib onu “milli”, “məhəlli”, az qala “ailəvi” məkanda “dəfn etmək” təşəbbüsündən əl çəkməyənlərin sözünün mahiyyətini fərqləndirmiriksə, bu mövzuda polemika saxta xarakterli olacaq...
Bu düşüncəli ədəbiyyatşünaslarda (hədəfi konkretləşdirsək, romanşünaslarda) bir özəl xüsusiyyət də var: diqqətini cəlb etmək istədiyi sosial nüfuzlu müəlliflərlə həmin “inkarçı”nı zorla, süni qarşılaşdırma metodlarından istifadə edərək “ düşmənləşdirmək!” Nəticədə, “İnkarçı” heç bir yazısında adını, soyadını belə çəkmədiyi müəlliflərlə üz-üzə dayanmalı olur. Hətta oturduğu yerdə Z.Marağayi, M.F.Axundov, İ.Şıxlı, İ.Hüseynov və başqa onlarla belə böyük Azərbaycan ədiblərinə böhtan atırmış kimi səciyyələndirilir. Sonda isə mütləq ümumiləşdirici, ümumxalq qəzəbinə hədəf etmək üçün həmin bu “milli” söhbətini qabartmaq... Özlərini “romanşünaslığın atası” kimi aparan nəzəriyyəçilərimiz əslində səmimi və milli, xəlqi düşüncəli olmadıqları üçün ağa qara, qaraya ağ deməklə öz milli oxucusunun zövqünü korlayır, onun yaxşı roman oxucusu və ya romanların yaxşı oxucusu olmaq şansını əlindən alır. Azərbaycan romanşünaslığında tədqiqatların böyük əksəriyyəti müxtəlif imzalarla nəşr olunsa da, çox zaman eyni müəllif əqidəsinin qənaətlərini özündə cəmləyir. Hətta elə dissertasiyalar var ki bu mövzu ilə bağlı, onun opponent rəyinin, kitab variantına “ön söz” ün və təbii ki dissertasiyanın –hamısının müəllifi bir adamdırmı? – deyə, təəccüblənməli oluruq... Bu müəlliflərin intonasiyasında sanki "Roman sahəsi mənim nəzarətimdədir və heç bir problem yoxdur, sakitlikdir” – iddiası açıqca sezilir... Belə məqamda yenə oxucu faktının üzərində dayanmalı oluruq. Oxucu bitərəf olmalıdır, amma, əsla, laqeyid yox! Bəs bizim bu ədalətli, səmimi, təmənnasız oxucumuz hardadır?
Elə bir zamanda yaşayırıq ki, elmi-texniki tərəqqi və bu texniki “tərəqqi”nin “oyuncaqları” (avtomobillər, insan əməyinin yaradıcılıq estetikasını əlindən alan köməkçi əşyalar - paltaryuyan, qabyuyan, çörəkbişirən və s.) ardınca sürətlə qaçan, çox hallarda sürünən insanların ruhuna, mənəvi-intellektual düşüncəsinə yol tapmaq üsulları artıq sanki bir müharibə strategiyası, planı xarakteri daşıyır.
Mixail Lifşits “Karl Marks və müasir mədəniyyət” məqaləsində yazırdı ki, texnikanın qələbələri sanki mənəvi geriləmə bahasına satın alınıb. Bizim bütün ixtiralarımız və tərəqqimiz ona gətirib çıxarır ki, maddi qüvvələr intellektual həyat qazanır, öz intellektual xüsusiyyətlərindən məhrum insan həyatı isə sadə maddi qüvvə səviyyəsinə tənəzzül edilir. İqtisadiyyatın qeyri-bərabər, fəlakətli inkişafının yaratdığı daimi həyəcan, gözəgörünməz şəkildə milyonlarla insanın taleyini idarə edən inhisarların ağır istismarı, müasir şəhərin xaosu qarşısındakı əzablı qorxu – bütün bunlar hər bir şəxsin həyatında ayrılıqda öz əksini tapır və cəmiyyəti, kütləvi psixozlara səbəb ola biləcək mənəvi qızdırmaya yoluxdurur. Öz taleyinə təsir etmək imkanından məhrum insan hətta tox firavanlıqda da özünə rahatlıq tapmır və cinayətkarlığın, narkomaniyanın, əyyaşlığın artımı onun üçün təsəlliyə, şəxsi özfəaliyyətin əvəzləyicisinə çevrilir. Reklamın parıltısı ilə işıqlanmış, cinsi kaprizlərdən abstrakt incəsənətə qədər bütün heyrətamiz əcaibliklər, bu yeni Vavilon, debli həyatın bağıran mənasızlığı, kütlə üçün məstedici xəyal – hamısı eyni mənbədən qaynaqlanır, adı isə: aldadılmış gözləntilərdir. Kapitalizm boğulmuş azadlıq hissinin istismarını daha geniş şəkildə, işgüzar bünövrəyə qoya bildi və bundan yalnız özü üçün ictimai fayda deyil, həm də pul əldə etdi. Özlüyündə bu vasitə əvvəlki tarixi dövrlərin hökmüran siniflərinə məlum idi...
Lakin kim düşünə bilərdi ki, reaktiv təyyarələr dövrü bu keçmişin xəyalətlərinin canlanması üçün ən əlverişli dövr olacaq? Qarşımızda danılmaz bir fakt dayanır – minillik yuxudan təzəcə oyanmış insan şüuruna qaranlıq güclərin hücumu...
Bəli, bu dramatik çaşqınlıq bizdə-Azərbaycanda da eyni ssenari ilə yaşanır. Mədəniyyətşünaslar, ədəbiyyatşünaslar, bir sözlə, ruhşünaslar artıq beyini və fiziki-mənəvi gücü kapital ovuna səfərbər olunmuş insanın hansı tərəfində dayanacağını, onun ruhi - ilahi aləminə necə daxil olacağını və onun metodologiyasını düşünməkdən usanıb. Mədəniyyətə və elmə biganəlik mühitində, bəzəkli dəmirlərdən və bədən rahatlığına xidmət edən əşyalardan gözü doymuş insanların cəmiyyətində (məsələn, alman cəmiyyətində) bu “şünasların” işi – cəmiyyəti ilə mədəniyyət və mənəviyyat haqqında söhbət, müzakirə, mübahisə etmək və digər bu yönümlü məsələlərin həlli asan olur. Ancaq gözü hələ də əşyalar sərgisində heyrətlə bərəlmiş insanları səsləmək, onlara kitab, qəzet, jurnal uzatmaq “yersiz təklif” assosiasiyası yaradır. Və aydındır ki, belə - sanki yalnız maddi kütlədən ibarət olan, maddiləşmiş, əşyalaşmış, ruhu, hissiyyatı bərkiyib daşlaşmış insanların cəmiyyətində söz, fikir, kitab və bu kitabların “şünaslarının” nəzəriyyələri havadan asılı qalmış olur. Mənəvi yaradıcılıq sahibləri maddi istehsal ağalığının kölgəsində sürünməkdə davam edir. Və belə bir zamanın, belə bir mühitin, cəmiyyətin insanının roman oxucusu statusundakı mövqeyi, demək olar ki, artıq bəllidir. Bu oxucu ona uzadılmış kitabda itirdiyi “mövcudluğunun” anatomiyasını, xarakter və fəlsəfəsini deyil, onu ovundurmaq, əyləndirmək yollarını axtaracaq. O da aydındır ki, roman mətninə belə yüngül münasibət bəsləyən oxucu onun nəzəriyyə və ictimai əhəmiyyəti ilə heç maraqlanmaz...
Nəticədə isə, məsələn, romanla bağlı mübahisə və müzakirələrdə oxucu sadəcə ən yaxşı halda izləyici rolunda olur.
Əgər bütün inkişaflar yalnız məkana - daşa, divara, rəngli işıqlara, atəşfəşanlıqlara hesablanarsa, insan amili, onun mənəvi-intellektual tərəqqisi hündür binaların kölgəsində yoxolma prosesinin qurbanına çevriləcək. Təkcə Azərbaycanın yox, həm də azərbaycanlıların inkişafı, millət, xalq və nəhayət bəşər övladı kimi aliləşməsi ideyası uğrunda çalışmaq gərəkdir. Sanki bu gün memarlar, mühəndislər ədəbiyyat adamlarından daha çox yaradıcıdırlar və daha fəaldırlar...
Ədəbiyyatsız cəmiyyətlərdə cinayətlər çoxalar, ədalət, haqq arxa plana keçər, dəyərlər itər, ləyaqət, mənəvi yüksəliş tənəzzülə məruz qalar, insanlar harda haqlı, harda haqsız olduqlarının fərqinə varmadan yaşamağa “girişərlər”... Oğrular bağırar, barmaq silkələyər, hökm oxuyar, doğrular susar, utanar, gizlənərlər... Belə cəmiyyətlərdə yaşamaq əzab olar təbii ki...
Ç.Abdullayev yazır ki, nə vaxta qədər ki kitabxanalar boş qalacaq, bu cəmiyyət zorlanan qıza pis baxacaq, onu qınayacaq qədər cılız olacaq. Düşünün, qız yolda getdiyi yerdə basırlar maşına zorlayıb atırlar meşəyə və bizim cəmiyyətin əksər nümayəndələri qızı zorlayanların haqqında yox, qızın niyə o yolla getməsi haqqında danışır. Görün biz hansı dövrdə yaşayırıq, görün kimlərlə yaşayırıq...
Lakin oxuculuq “sənətindəki” problem yalnız bizdə deyil, artıq bütün dünyada bununla bağlı həyəcanlı söhbətlər gedir. Məsələn, Mario Varqas Lyosa “Romansız dünya” essesində yazır: “Kitab yarmarkalarında, ya da kitab evlərində başıma tez-tez eyni şey gəlir: mədəni bir adam yaxınlaşıb arvadı, qızı, ya da anası üçün məndən imza istəyir, sonra deyir: “O, kitab oxumağı çox sevir, ədəbiyyatdan ötrü ürəyi gedir”. Mən də o saat soruşuram: “Bəs siz? Siz necə, kitab oxumağı sevirsinizmi?” Cavab çox vaxt eyni cür olur: “Əlbəttə, kitab oxumağı çox sevirəm, amma başımı qaşımağa vaxtım yoxdur”. Bu izahatı o qədər çox eşitmişəm ki. Başa düşürəm, minlərlə bu cür adamın görüləsi çox önəmli işləri, həyatda o qədər yükü və məsuliyyəti var ki, dəyərli zamanlarını saatlarla roman, şeir, ya da esse oxumağa sərf edə bilmirlər. Geniş yayılmış düşüncəyə görə, ədəbiyyatsız da keçinmək olar; ədəbiyyatın həssaslığımızı, mədəniyyətimizi artıran müqəddəs və faydalı bir fəaliyyət olması mübahisə doğurmur, amma bu, yalnız boş vaxtı olanların gözə aldığı əyləncə, süslənib-püslənəcəyi bəzəkdir. İdman eləmək, kinoya getmək, briç, ya da şahmat oynamaq kimi bir şeydir bu, yəni, həmin geniş yayılmış düşüncənin tərəfdarları üçün həyat mübarizəsinin təxirəsalınmaz qayğıları və öhdəlikləri qarşısında seçim etmək lazım olanda, ədəbiyyatı heç düşünmədən nəzərə almamaq olar. Belə görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub”.
“Qadın işi olub” o mənada yox ki, qadının oxuması aşağılayıcı sitatistikadır, V.Lyosa göstərmək istəyir ki, ədəbiyyat oxumaq artıq sanki boş vaxtı olan evdar qadınların əyləncə işidir.
Əvvəlki məqalələrdə də vurğulamışdıq ki, dünya ədəbiyyatı kimi dünya oxucusu da bəşəri xarakterli olur. O, din, irq, rəng, dil ayrı-seçkiliyinin əleyhinədir. O, insanı dünya, zaman və mühitlə, cəmiyyət münasibətləri ilə əlaqədə götürür. O oxucu özünü - hələ tam sona qədər kəşf edə bilmədiyi özünü, xislətini, dünyadakı oxşar taleli həmcinslərini axtarır. Fərqi yoxdur, o ingilis də ola bilər, rus, fransız, azərbaycanlı və başqa millətin nümayəndəsi də... Təbii ki, məsələn, romanlarda ingilisin ingilisliyini, azərbaycanlının azərbaycanlığını danmaqla bəşəri olmaq olmaz. Bizim yazarların ənənəvi milli obraz yaratma spesifikasındakı təsvirlər nə qədər milli olsa da (“İri qara gözlü, ucu sivri burunlu, qarabəniz girdə sifətli, almacıq sümüklər, filan “ ) alman oxucusu “iri qara gözləri” olan bu qızın yaşantı və hisslərini, düşüncə və əzablarını varlığında hiss etməyəcəksə, deməli insan olaraq bəşəriyyət ilə bizim qohumluğumuz tutmayacaq. Anna Karenina rusdur, amma onun vaqeələrinin sızıltı və zövqü bütün millətlərdən olan qadınlara eyni dərəcədə doğmadır. Düşünürsən: mən Anna Karenina kimi yaşamamışam, amma niyə onu bu qədər yaxından tanıyıram və onu başa düşürəm, anlayıram. Hətta qatarın altına düşəndəki halını da bədənimdə hiss edirəm, sümüklərinin xırçıltısını eşidirəm... Məlum olur ki, bütün qadınların içində həmişə bir Annası olurmuş. Amma biz onu ya güzlədirmişik, ya susdururmuşuq, ya da alçaldıb içimizdən qovurmuşuq. L.Tolstoy bu qadınla bizim doğmalığımızı sübut etdi. Özü də tam milli cizgiləri, rus psixologiyası və rus xisləti spesifikasını saxlayaraq. Annanı son nəfəsinədək, qatarın altına salanadək içində qovdu, sahildən-sahilə atdı, onu özü ilə vuruşdurdu, üsyana qaldırdı. Oxucu üçün Annanın mənəvi-ruhi təlatümləri sanki bir inqilab, mübarizə meydanının xaosu assosasiyası yaradır. Həyat yoldaşı, sevgili, ana, övlad, dost-rəfiqə, cəmiyyətin elit təbəqəsinə mənsub olan bir xanım mövqelərində Anna kimdir? O özünü ifadə edəcək qədər cəsarətli, mübariz və daha heç bir müqavimətə gücü çatmadığı üçün cismini qatarın altına sürüyüb salacaq qədər zəifdir... Bir qadın obrazının içində onlarla qadın xislətinin cizgiləri elə təbii və ustalıqla işlənib ki, nə qədər ki bəşəriyyətdə cins kateqoriyasında qadın və kişi qütbləri mövcuddur, tarix Anna Karenina adlı bir qadının varlığını unutmayacaq. Dahilik də bundadır...
Bizim ədəbiyyatın “Maya bacısı”, “Güllü nənəsi”, “Sara bibisi” niyə həmişə mətbəx, məişət, ən yaxşı halda qayğıkeş ana, sədaqətli həyat yoldaşı, qabaqcıl, zərbəçi işçi (mənfi planda isə bunların əksi) və s bu kimi üzdə olan, görünən səhnələrdə təsvir olunur? Çünki bu qadınların L.Tolstoyu yoxdur...
Xəbər lentlərində hər gün onlarla intihar hadisəsinin məlumatını alırıq. Mətbuatı “şok xəbər” kimi “bəzəyən”, jurnalislərin “işinə yarayan” bu ölümlər niyə təkcə mətbuat və məhkəmə məsələsi kimi qalmaqdadır? Yazıçılarımız isə mövzu axtarır və həyatımızın “rəngsizliyindən” şikayətlənir. Halbuki elə bu “rəngsizliyin” rənglərini tapmaq lazımdır. Aydındır ki, hər intihar edən qadın Anna Karenina olmayacaq. Amma niyə, məsələn, intihar edən azərbaycanlı kişi E.Hemenquey, intihar edən azərbaycanlı qadın isə Anna Karenina ola bilmir?-deyə bir sualın cavabını romançılarımız bədii-psixoloji aspektdən işləsə çağdaş Azərbaycan həyatının problemini reallaşdıran bir roman qazanmış olacayıq. Və ən azından müqyisə etdiyimiz bu ölümlər, intiharlar arasındakı fərqin sosioloji, fəlsəfi mahiyyəti açılacaq. Faciə də bundadır : bizim ədəbiyyatımız öz insanından çox uzaqlaşıb . Bəs niyə bu məsələdə “milli” ola bilmirlər? Bu məqaləni yazdığım zaman internetdə (facebookda) gözüm bir xəbərə sataşdı. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalaova yazıb ki, evden qaçan qadınlar coxalıb... özü də regionlardan... Bu azərbaycanlı qadınların “milli qaçışı” niyə çağdaş Azərbaycan romanının probleminə çevrilməyib? Daha doğruusu, onların sadəcə qaçışı yox, qaçışlarının sosial-psixoloji, mənəvi-əxlaqi səbəblərinin bədii ifadəsi... Bu gedişlər cəhalətin, əxlaqsızlığın, ailəyə, qohum-əqrabaya hörmətsizliyin, nifrətin ifadəsidir, ya intibahın, inkişafın, gender nəzəriyyəsinin tətbiqindən doğan cəsarətin, azadlığın, özünüifadənin? Axı hər şeyi cəmiyyət qınağına və məhkəmələrə buraxmaq olmaz, bir ədəbiyyat adlı güzgü də var ki bu dünyada, min illərdir insanın davranış və düşüncələri, həyat fəlsəfəsi, əxlaq, ədəb, azadlıq və üsyan, etiraz ruhu haqqında ən doğru sözü o deyib həmişə...
Bizim ədəbiyyat niyə öz insanına sahib çıxmır, onun mənəvi tənəzzülünü, daxili “çevrilmə”lərini ifadə etməkdə gücsüzdür? Məsələn, it əzabı çəkmiş insanın daxilən, ruhən də “it” xisləti qazanması faciəsini İsrail yazıçısı Yoram Kaniuk “Adamın dirilməsi” romanında bəlkə F.Kafkadan da kəskin boyalarla ifadə edir. Ailəsi ilə birgə ölüm düşərgəsinə salınan, tanınmış kloun Adam Stein bu düşərgədən diri çıxmaq üçün it həyatının əzablarını dadmaq məcburiyyətində qalır. Ölümə -qaz kameralarına aparılan insanları “it rolunda” çıxış edərək əyləndirir. Həmin rolu o hətta ailə üzvləri ölümə aparılanda da oynayır. Bu dəhşətli sınaqdan Adam Stein yeni psixologiya, yeni çalarlı instiktlərlə, ruhi xəstə kimi çıxır. Ölüm düşərgəsində gördüklərinin travması onun içindəki insanı məhv edir. Və maraqlıdır ki, bu daxildəki “insan” məhz insanların əli ilə tar-mar edilir. O, normal hesab edilən adamlarla ünsiyyətdən qaçır və inanır ki, onun müalicə olunduğu dəlixanada it var, durmadan onu axtarır. Hissiyyatı onu aldatmır. Məlum olur ki, orada vaxtilə zirzəmidə it kimi zəncirlənib saxlanılmış başqa bir adam da var. Yeni bir “çevrilmə”nin anatomiyası roman oxucusunu sarsıdır. Müəllif insan kimi fiziki-bioloji görüntünün( insan cildinin) içində heyvanlaşma prosesinin baş vermə səbəb və nəticə mexanizminin tarixini, fəlsəfəsini qoyur ortaya...
Şiddət və vəhşiliklər, müharibələr, terror və mənəvi-psixoloji təcavüzlər insanı dəyişdirir. “20 yanvar”, “Xocalı” faciələrini, yandırılmış evləri, meşələrdə donub ölmüş körpələri kim görüb? Körpə uşaqların qışqıra-qışqıra böyük borulara doldurulub məhv edildiyinin şahidi kimlər olub? Və daha pisi-mənəvi-psixoloji təzyiqlərin sarsıntısı... Bütün bunlar və bundan da betər zərbələr insanı təkcə qəhrəman, mübariz eləmirmiş sən demə. Həyata, zamanın gərdişinə qarşı müqavimət gücünmüz artsa da, içimizdəki insanın siması, çeşidi, obrazı deqradasiyaya uğrayır, məhv edilirmiş... Bəlkə bugünkü, yuxarıda dediyimiz kimi, xəbər lentlərindəki qırmızı başlıqlı “yandırıldı”, “başı kəsildi” və s bu kimi saysız-hesabsız qara xəbərlərin psixoloji çözümü burdan qaynaqlanır.
Bizim dəyişən xislətimizin bədii rəsmini kim çəkəcək, içimizdə ölən insanların bioqrafiyasını kim yazacaq? Bütün bunları kim romanlaşdıracaq? Biz romançılarımızdan içimizdə ölmüş insanın - fərqi yoxdur, ya bir erməni, ya bir “milli” məmur, ya da bir sevdiyimiz, inandığımız doğma adamın xəyanətindən, satqınlığından zərbə alaraq ölmüş insanın romanını istəyirik. Onda oxucu ilə romançı arasındakı ünsiyyətə bəlkə romanşünas müdaxiləsinə heç ehtiyac olmayacaq?
Səmimi olun, ədəbiyyat müəllimləri! Ədəbiyyatın nəzəri qanunlarını təhrif edib onu məhkəmə hökmünə çevirərək , ədəbiyyatla cəmiyyət, oxucu arasında uçurumu dərinləşdirməyin...
“İnsanları, önhökmün, irqçiliyin, dini, ya da siyasi fanatizmin və özündən başqa hər şeyi dışlayan milliyətçiliyin axmaqlıqlarına qarşı, bütün böyük ədəbi əsərlərdə qarşımıza çıxan böyük həqiqətdən – insanların bərabər olması həqiqətindən yaxşı heç nə qoruya bilməz . Oxumayan, ədəbiyyata yaxın durmayan cəmiyyətlər qaba və ibtidai dilləri ucbatından dəhşətli ünsiyyət problemləri olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum xalqa çevrilir. Eyni şey fərdlər üçün də keçərlidir. Qəti oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə yetərli deyil”.(V.Lyosa)
Bəli, sağır, lal-kar, cahil toplm olmamağın yeganə yolu oxumaqdır. Elmli, ədəbli, ədəbiyyatlı cəmiyyətlərdə insanlar bir-birinə nə dediklərinin mənasını başa düşər, anladıqlarından anladar, V.Lyosa demiş “çox danışıb az şey deyənlərdən olmaz”...