Teatrlara “müdir” lazım deyil

Teatrlara “müdir” lazım deyil
5 mart 2019
# 12:43

Ramilə Qurbanlı

Azərbaycan teatrının tarixi, ənənələri, bağ belə, bostan belə deməyəcəm, birbaşa mətləbə keçəcəm. İllər uzunu bu sözlər o qədər deyilib ki, hər dəfə təkrar olunması adamda ürəkbulanma effekti yaradır. Həm də əgər bugünkü reallıq o tarixi ənənələri özündə ehtiva etmirsə, ardı deyilsə, ürəkbulanma bir az da arta bilər.

90-cı illərdə bütün həyatımızda, o cümlədən mədəniyyətdə yaranan boşluqdan sonra teatr səhnəsində hazırlanan tamaşaların heç biri nə tamaşaçını teatra qaytarmağa, nə də teatrı canlandırmağa nail ola bildi. Bunun səbəbi bir tərəfdən teatrların özü idisə, digər tərəfdən cəmiyyətdəki aşınmalar idi.

İndi illər keçib, vəziyyət fərqlidir, həyatımızda canlanma var, müstəqillik yerini möhkəmlədir və yerindən laxlayan nə vardısa hamısı oturuşur öz yerinə. Teatrlarda bu baş vermir, nə isə yerində deyil, elə laxlayıb ki, yeri də xarab olub, həmin yeri dəyişmək lazımdır. Dolayısı ilə teatrın, mədəniyyətin həyatımızdakı yeri yenilənməlidir. Bax, bunu etmək teatrların əlindədir. Teatrlar özləri tamaşaçının həyatındakı yerini bərpa edib, bərkitməlidir.

Teatr azad sənətdir. İstər asılqandan başlasın, istər dramaturgiyadan, teatr azad olmalıdır. Ona rəhbərlik edən şəxsi özü seçməlidir, öz içindən, nüfuzu, istedadı və bu günün nəbzini tuta bilən yaradıcı insanı bir pillə qaldırmalıdır yuxarı və deməlidir ki, get irəli, əlində də işıq olsun ki, arxanca gələ bilək, bizi getdiyin yola inandır, bizi də dinlə.

Özünü sevən, sözünü “Quran” ayəsi hesab edən adam yaradıcı insanları bir araya gətirib ortaya yaxşı sənət qoya bilməz, mümkün deyil. Sənət bir şəxsin diktəsinin deyil, yaradıcı insanların fantaziya və fikirlərinin cəmindən yaranır. Teatra dəstək ona bu azadlığı, yaradıcı mühiti bəxş etməkdir. Qalanı ardınca öz-özünə formalaşacaq, tamaşaçı teatra qayıdacaq, çünki səhnədəki yaradıcılıq eşqi, sənət yanğısı, yaradanın özünə inamı və tamaşaçıya sevgisi buna rəvac verəcək.

Bu gün tamaşaçı səhnədəkinin sönüklüyündən teatrdan qaçaq düşüb. Mən səhnədən enerji almıram, qarşılıqlı mübadilə yoxdur, onlar sönük oynadıqları üçün mən teatrdan sönüb çıxıram.

İlkin addımlar var, sənət adamı diqqət gördü, sevgi duydu, qiymət verildi ona, teatra vəsait ayrıldı. Xub, di bu fürsətdən istifadə edin və işi kökündən yenidən qurun, həm də zamanın tələblərinə uyğun. Anlayaraq qurun ki, sovet dövründə yaşamırıq, istənilən istehsalçı məhsulunu bazara çıxarmalıdır, sata bilməlidir, yoxsa məhvə məhkumdur. Teatr sənət, mədəni məhsul istehsal edir, onun alıcısı olmalıdır, teatr bu alıcını özü cəlb etməyi bacarmalıdır, yoxsa nə qədər dövlət qayğısı, vəsait olur-olsun, bir gün kəsiləcək və teatr yenə məhvə sürüklənəcək. Dövlət başçısı daha bir təkan verdi, onu ya kül edib, bir neçə il sonrakı ölümünüzə fərman verəcəksiniz, ya da bacarıqla istifadə edib sabahınızın bünövrəsini qoyacaqsınız. Hökumətin yardımlarından nə qədər sui-istifadə edib, əllərinizi yanınıza salıb yetim kimi pay umacaqsınız? Bir az tərpənin, hərəkət edin, ətrafınıza baxın, təcrübə qazanın, “Allahdan buyruq ağzıma quyruq”la teatr, mədəniyyət, sənət olmur.

Azərbaycan Prezidentinin 2009-cu il 18 may tarixli “Azərbaycan teatrı 2009-2019-cu illərdə” dövlət proqramının müddəaları həyata keçirilsəydi, bu gün teatrların inkişafından danışırdıq. Keçmiş olsun deyək, amma heç olmasa, bu dəfə əlinizdəki fürsətdən düzgün istifadə edib tamaşaçını-alıcını teatra, mədəniyyətə qaytarın, mənim həyatımdakı yerinizi bərpa edin, lütfən, bunu tamaşaçı da çox istəyir. Dövlət başçısının teatra ayırdığı vəsait, verdiyi şans, sizə yastığınızın bir üzünü digər üzünə çevirib yatmağa deyil, oyanmağa, qalxmağa, silkinib yaşamağa siqnal olsun.

Elə bu gün başlayın, həm də prodüser məktəbi yaratmaqdan, büdcə və yardım pulunu xərcləyən “rəhbər”, “müdir” yox, uğurlu, qazanc gətirməyi bacaran menecer institutu yaratmaqdan…

# 3559 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #